Şagirdlərimə ekoloji maarifləndirməni praktik yollarla öyrədirəm – Ucarın ibtidai sinif müəllimi
Zümrüd Süleymanova Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin məzunudur. 2017-ci ildən Ucar rayonunun T. Cavadov adına Yuxarı Şilyan kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. Göyçayda yaşamasına baxmayaraq, 7 ildir ki, hər gün 120 km məsafə qət edərək kənd məktəbinə gedib-gəlir.
– Zümrüd müəllim, hər gün uzun yol qət etməklə məktəbə gedib-gəlmək sizin üçün çətin deyil?
– Əlbəttə, asan deyil. Lakin şagirdlərimin gülüşü və irəliləyişləri mənə bütün bu çətinlikləri unutdurur. Mənim üçün təhsil fədakarlıq deməkdir və bu məsafələr şagirdlərimin gələcəyi üçün dəyərli addımdır. Təhsilə olan sevgim və onlara verdiyim dəstək məni bu yolda motivasiya edir.
– Şagirdlərinizə hansı formada fərdi yanaşma tətbiq edirsiniz?
– Hər bir şagirdin özünəməxsus öyrənmə tərzi və potensialı var. Mən onların fərdi xüsusiyyətlərini nəzərə almağa çalışıram. Bəzi şagirdlər vizual öyrənməyi daha yaxşı mənimsəyir, bəziləri isə praktiki yanaşmalara üstünlük verir. Ona görə də dərslərimi müxtəlif metodlarla keçirəm ki, hər kəsin diqqətini çəkim və onların maraqlarına uyğun şəkildə öyrənməni təmin edim. Fərdi yanaşma mənim üçün vacibdir, çünki hər bir şagirdin xüsusi qayğıya və fərdi diqqətə ehtiyacı var.
– Müasir tədris metodlarından istifadə edirsiniz? Şagirdlərin marağını artırmaq üçün hansı yanaşmalardan istifadə edirsiniz?
– Bəli, müasir tədris metodları mənim üçün çox vacibdir. Şagirdlərin marağını artırmaq üçün interaktiv vasitələrdən istifadə edirəm. Məsələn, layihə əsaslı öyrənmə, qrup işləri, debatlar və əyləncəli oyunlarla dərslərimi daha maraqlı edirəm. Həmçinin təcrübə əsaslı yanaşmalardan istifadə edərək şagirdlərin dərs materialını daha yaxşı mənimsəməsinə kömək edirəm. Onlar üçün dərsləri sadəcə nəzəriyyə ilə məhdudlaşdırmıram, əksinə, öyrəndiklərini praktik olaraq tətbiq edə bilmələri üçün imkanlar yaradıram.
– Təhsil müəssisələri ekoloji maarifləndirilmənin aparılması üçün ən yaxşı məkan sayılır. Şagirdlərinizə ekoloji maarifləndirməni necə çatdırırsınız?
– Şagirdlərimə ekoloji mövzuda bilik vermək mənim üçün bir məsuliyyətdir. Onlara ekoloji maarifləndirməni praktik yollarla öyrədirəm. Məsələn, biz dərsdə ekoloji layihələr hazırlayırıq, məktəb ərazisində ağac əkmə aksiyaları keçiririk. Onlara ətraf mühitin qorunmasının nə qədər önəmli olduğunu və hər birimizin bu prosesdə iştirak etməli olduğunu göstərməyə çalışıram. Bu, onların gələcəkdə daha məsuliyyətli və ekoloji məlumatlı vətəndaş kimi yetişməsinə kömək edir.
– Şagirdlərinizdə vətənpərvərlik hisslərini gücləndirmək üçün hansı tədbirlər keçirirsiniz?
– Müxtəlif tədbirlər, məsələn, şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri, milli bayramlarla bağlı xüsusi dərslər təşkil edirəm. Şagirdlərimizə tariximizi və mədəniyyətimizi sevdirərək, onların milli dəyərlərimizi qorumağa və inkişaf etdirməyə olan marağını artırmağa çalışıram. Bu tədbirlər şagirdlərimin vətənə olan sevgisini daha da gücləndirir və onlar özlərini bu cəmiyyətin dəyərli üzvləri kimi hiss edirlər.
– Şagirdin potensialını kəşf etmək və onu irəli aparmaq üçün necə yanaşma tətbiq edirsiniz?
– Hər bir şagirdin özündə böyük potensial daşıdığına inanıram və bu potensialı kəşf etmək üçün onları daim müşahidə edirəm, maraq sahələrini, güclü tərəflərini müəyyənləşdirib, bu sahələr üzrə dəstək olmağa çalışıram. Dərslərimdə onların maraqlarını nəzərə alaraq, fərdi tapşırıqlar verirəm və özlərini inkişaf etdirmələri üçün müxtəlif resurslar təklif edirəm. Hər bir şagirdimin sevincini görmək, onların inkişafına şahid olmaq mənim üçün ən böyük mükafatdır.
Xoşbəxtəm ki, müəlliməm, öz ömrümdən kiçik ürəklərə nur, sevinc paylayıram. Çəkdiyim zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərimin xoş sədasını aldıqca, ürəyim qürurla dolur. Həqiqətən də müəllimlik dünyada ən müqəddəs və ən şərəfli peşədir.
Zümrüd Süleymanovanın göstərdiyi fədakarlıq şagirdləri üçün güclü motivasiya mənbəyidir. Onlar müəllimlərinin hər gün uzun yollar qət edərək məktəbə gəldiyini gördükcə bu fədakarlığın dəyərini anlayır və təhsilə daha böyük bir hədəf kimi baxırlar. Zümrüd müəllim kimi müəllimlərin fədakarlığı şagirdlərin uğurlu gələcək qurmasına və bu yolda əzmlə irəliləməsinə səbəb olur.
1 /6
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)