COP29 çərçivəsində “İqlim fəaliyyəti üçün qızların səlahiyyətləndirilməsi” mövzusunda tədbir keçirilib
Bu gün COP29 çərçivəsində “İqlim fəaliyyəti üçün qızların səlahiyyətləndirilməsi” mövzusunda tədbir keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə ICESCO-nun Təhsil sektorunun üzvü, Qambiya Respublikasının ümumi və orta təhsil naziri Haddy Jatou Sey, ICESCO-nun təhsil üzrə eksperti Vaqas Afridi, Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə, Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam və başqa rəsmilər iştirak ediblər.
Çıxışçılar iqlim problemlərinin həlli istiqamətində fəaliyyətlərin artırılması üçün qızların səlahiyyətləndirilməsinin əhəmiyyətini vurğulayıb, müxtəlif ölkələrdə bu mövzu ilə bağlı həyata keçirilən layihələr haqqında məlumat veriblər.
Tədbirdə çıxış edən Leyla Xəlilova Rzazadə qeyd edib ki, “2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində gender bərabərliyini və keyfiyyətli təhsilə çıxışı təşviq edir. “Gender bərabərliyi haqqında” qanun isə ayrı-seçkiliyin aradan qaldırılmasını və bərabər imkanların təmin edilməsini hədəfləyir:
“STEAM sahələrində qızların iştirakını artırmaq məqsədilə müxtəlif təşəbbüslər və beynəlxalq əməkdaşlıqlar həyata keçirilib. Bu layihələrlə qızlara resurslar, mentorluq və dəstək təqdim edərək ənənəvi maneələri aradan qaldırmağa çalışırıq”.
O, kənd və icma mərkəzli təşəbbüslər barədə məlumat verərək əlavə edib ki, icma əsaslı təhsil layihələri, mobil resurslar və təlim mərkəzləri vasitəsilə kənd yerlərində yaşayan qızlar üçün sosial və iqtisadi maneələr aradan qaldırılır. Məqsəd şəhər-kənd fərqini azaltmaq və hər bir qıza keyfiyyətli təhsil imkanı yaratmaqdır.
Nazirlik rəsmisi, həmçinin erkən nikahların qarşısını almaq və təhsildə gender stereotiplərini aradan qaldırmaq məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq edildiyini vurgulayıb:
“Müəllimlər üçün gender həssaslığı istiqamətləri üzrə təlimlər keçirilir, dərsliklər isə daha inklüziv şəkildə yenidən hazırlanır. Azərbaycan COP29 çərçivəsində PISA proqramına iqlim və ətraf mühit savadlılığı qiymətləndirilməsini əlavə etmək təşəbbüsünü irəli sürüb. Bu, gənclərin iqlim dəyişikliklərinə hazır olmasına və qızların bu sahədə bilik və bacarıqlarının artırılmasına yönəlib”.
Tədbirin məqsədi qızların iqlim fəallığı sahəsindəki rolunu gücləndirmək və onları bu sahədə daha fəal iştirak etməyə təşviq etmək olub. Panel müzakirələrində iştirakçılar təcrübələrini bölüşüb və iqlim dəyişiklikləri ilə mübarizəyə dair müasir yanaşmalar barədə müzakirələr aparıblar.
Qeyd edək ki, tədbir qızların iqlim fəallığı sahəsindəki rolunu gücləndirmək və onları bu sahədə daha fəal iştirak etməyə təşviq etmək məqsədi daşıyıb. Panel müzakirələrində iştirakçılar təcrübələrini bölüşüb və iqlim dəyişiklikləri ilə mübarizəyə dair müasir yanaşmalar barədə müzakirələr aparılıb.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)