Təcrübələr göstərir ki, həyatda uğur qazanmaq üçün lazım olan əsas şərtlərdən biri inkişaf yönümlü düşüncə tərzinə malik olmaqdır. Bir necə il əvvəl müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə respublika birincisi olan gənc müəllim Könül Tağızadə də bu uğuru ilə kifayətlənməyib. Pedaqoji fəaliyyətə başlaşdıqdan sonra tədris etdiyi istiqamət üzrə biliklərin sürətlə yeniləndiyini nəzərə alaraq, özünü daim təkmilləşdirir. Ən böyük uğurunun isə şagirdlərinin nailiyyəti olduğunu düşünür.
“Azərbaycan müəllimi” qəzetinin müsahibi Abşeron rayonunun innovativ informatika müəllimi Könül Tağızadədir.
- Könül xanım, sosial şəbəkələrdə sizin maraqlı paylaşımlarınıza rast gəlirik. Sizinlə ilk tanışlığımız da sosial şəbəkə üzərindən olub. Kifayət qədər fəal, işini sevən müəllimsiniz. İstərdik, özünüz barədə oxucularımıza məlumat verəsiniz.
- Təşəkkür edirəm. Mən - Tağızadə Könül Təhmiraz qızı 17 yanvar 1991-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuşam. 2007-ci ildə Hikmət Rəşidov adına Vəndam 2 saylı tam orta məktəbini bitirmişəm. Elə həmin il Azərbaycan Müəllimlər İnstitutunun “Riyaziyyat və informatika” ixtisasına qəbul, 2011-ci ildə isə məzun olmuşam. 2011-2014-cü illərdə Qəbələ rayonu Vəndam 1 nömrəli tam orta məktəbində riyaziyyat və informatika müəllimi olaraq fəaliyyət göstərmişəm. 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsində “İnformatikanın tədrisi metodikası və metodologiyası” ixtisasına qəbul olub, 2020-ci ildə magistr dərəcəsi almışam. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edib maksimal 60 baldan 55 bal toplayaraq respublika birincisi adını qazanmışam. Bakı şəhəri Yasamal rayonu 308 saylı tam orta məktəbə informatika müəllimi olaraq işə qəbul olunub 2023-cü ilə qədər orada fəaliyyət göstərmişəm. 2023-cü ildən yaşayış yerinin uzaq olması ilə əlaqədar müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edərək iş yerimi Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbə dəyişdim. 2024-cü ildən peşə təmayüllü siniflərdə qrup rəhbərləri üçün keçirilən müsabiqədə iştirak edib uğur qazandım. Hazırda 5 nömrəli tam orta məktəbdə informatika (Rəqəmsal bacarıqlar) fənnini tədris edirəm və peşə təmayüllü siniflərin qrup rəhbəriyəm. Bundan əlavə, Azərbaycan Gənc Müəllimlər Assosiyasiyasının regional koordinatorların seçimi üçün təşkil etdiyi imtahanda uğur qazanaraq Abşeron rayonu üzrə regional koordinator və Azərbaycan Gənc İnformatika Müəllimləri Birliyinin sədr müavini təyin olunmuşam. Pedaqoji fəaliyyətimdə dəfələrlə məktəb rəhbərliyi tərəfindən məktəbin ictimai işlərində fəal iştirakıma görə təltif olunmuşam. Bir çox yerli və beynəlxalq təlimlərdə iştirak edərək sertifikatlara layiq görülmüşəm. Bir müəllim olaraq ən böyük nailiyyətim isə şagirdlərimin uğurlarıdır. Çoxlu sayda şagirdlərim İKT ilə bağlı müxtəlif müsabiqələrdə iştirak edərək yüksək yerlər tutub. Dünyanın nüfuzlu ölkələrində İT üzrə təhsil alan saysız şagirdlərim var.
- Şagirdlər müxtəlif fənnləri fərqli səbəblərdən sevirlər. Günümüzdə uşaqların informasiya texnologiyalarına marağı böyükdür. İnformatika müəllimi fənninin daha maraqlı tədrisi üçün nə etməlidir?
- İKT müəllimi şagirdlərin real dünya problemlərini həll etməsi üçün informatika biliklərinin tətbiqinə yol açan layihələr təklif edə bilər. Məsələn, sadə proqramların yazılması, robot texnologiyası ilə işləmək və ya oyunlar yaratmaq şagirdlərin marağını artırır. Proqramlaşdırma dillərini öyrədərkən şagirdləri yarışmalara və komanda işlərinə cəlb edə bilərlər. Bundan əlavə, ən vacib məsələ motivasiyadır. İT sahəsində uğur qazanmış insanların həyat hekayələrini və layihələrini şagirdlərə təqdim edərək onlara ilham verə, şagirdlərə öz hədəflərini təyin etmələrinə kömək edə bilərlər.
- İnformatika dərslərinin tədrisini necə qurursunuz? Hansı yeni texnologiyalardan istifadə edirsiniz?
- Dərsləri nəzəri və praktiki hissələrə bölürəm. Nəzəri hissədə şagirdlərə proqramlaşdırma və texnologiya haqqında əsas bilikləri öyrədirəm, praktiki hissədə isə bu bilikləri real layihələrdə tətbiq etməyə imkan yaradıram. Şagirdləri real dünya problemləri ilə üzləşdirirəm və onları bu problemləri həll etmək üçün informatika biliklərini tətbiq etməyə təşviq edirəm. Komanda işini təşviq edərək, şagirdləri birlikdə layihələr üzərində işləməyə həvəsləndirirəm. Bu, onlara həm sosial bacarıqlar, həm də texniki biliklər qazandırır. Proqramlaşdırma yarışları və oyunlar təşkil edirəm. Məsələn, “Kahoot! Quiz”lər dərs interaktivliyi üçün əla vasitədir. Şagirdləri yaradıcılığa təşviq etmək və onların biliyini yoxlamaq üçün “Kahoot” istifadə edirəm. “Scratch” gənc proqramçılar üçün yaradıcı və interaktiv mühitdə oyunlar və animasiyalar yaratmağa imkan verir. Proqramlaşdırma dili kimi “Pyton” dilindən daha çox faydalanıram, çünki bu dil sadə sintaksisə malikdir və yeni başlayanlar üçün idealdır. Həmçinin onlayn resurslardan, məsələn, “Oxuyan.az”dan istifadə edirəm. Bu platforma müxtəlif təhsil səviyyələri üçün onlayn imtahanlar, testlər, viktorinalar və müsabiqələr təklif edir. “Oxuyan.az” vasitəsilə müəllimlər, şagirdlər və təşkilatlar onlayn qiymətləndirmələr yarada və iştirak edə bilərlər.
- İşlədiyiniz məktəb haqqında nə deyə bilərsiniz? Məktəbinizin informasiya texnologiyaları və internetlə təminatından razısınız?
- Bu məktəb yeni tikilmiş və təmirli ümumi təhsil müəssisəsidir, ümumilikdə 1420 şagirdi var. Məktəbin informasiya texnologiyaları və internet təminatı əladır. Məktəbimizdə İKT ilə bağlı bir çox layihələr həyata keçirilir. Məsələn, “Cerebry”, "Rəqəmsal bacarıqlar" və "Peşə təmayüllü siniflər" layihələri mövcuddur. Həmin siniflərin qrup rəhbəri mənəm. Bu sahədə iki sinif var və hər sinif iki qrupa bölünərək dörd ixtisas üzrə təhsil alır: “İKT qrafik dizayner”, “İKT kompüter operatoru”, “aşpaz köməkçisi” və “qənnadçı köməkçisi”. Məktəbimizin direktoru Faiq Xosrovlu yeniliklərə açıqdır və məktəbin müasir texnologiyalarla təmin edilməsinə böyük əhəmiyyət verir. Onun rəhbərliyi altında məktəb ən son texnologiyalardan istifadə edərək, şagirdlərin rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyir.
- Məktəbdə şagirdlərin internetdə təhlükəsizliyi necə təmin olunur?
- Məktəbimiz təhlükəsiz və şifrələnmiş vayfay şəbəkələri ilə təmin olunub. Həmçinin cihazların və proqram təminatlarının təhlükəsizlik yeniliklərini müntəzəm yeniləyirik. Şagirdləri internet resurslarına daxil olarkən öz şəxsi hesablarına güclü və unikal şifrələr istifadə etməyə təşviq edirik və şifrələrin müntəzəm olaraq dəyişdirilməsini tövsiyə edirik. Şagirdlərə şəxsi məlumatlarını, məsələn, adlarını, ünvanlarını və telefon nömrələrini internetdə paylaşmamağı öyrədirik.
- İnformatika dərslikləri sizi qane edir? Ümumiyyətlə, şagirdlər informatika dərsliklərindən istifadə edirmi?
- Hazırda informatika dərslikləri məni qane edir. Lakin nəzərə almaq lazımdır ki, informatika fənni daim inkişaf edir və dəyişir. Dərsliklər də bu dəyişikliklərə uyğun olaraq yenilənməlidir. Məktəbimizdə şagirdlər “Rəqəmsal bacarıqlar” platformasında elektron dərsliklərdən istifadə edirlər.
- İnkişaf etmək üçün hər zaman inkişafda olmaq lazımdır. Bəs, siz özünüzü necə təkmilləşdirirsiniz?
- “İnkişaf etmək üçün hər zaman inkişafda olmaq lazımdır” - mən də bu prinsipi əsas götürərək, özümü inkişaf etdirməyə çalışıram. Məsələn, müxtəlif onlayn platformalarda informatika üzrə keçirilən yeni kurslar və təlimlərdə iştirak edərək bilik və bacarıqlarımı təkmilləşdirirəm. İnformatika sahəsindəki yenilikləri və texnologiyaları yaxından izləyirəm. Süni intellekt, maşın öyrənməsi, digər sahələrdəki yeniliklər haqqında mütəmadi olaraq məlumat toplayıram və öyrənirəm. İnformatika ilə bağlı yerli və beynəlxalq seminarlara, konfranslara və vebinarlara qatılaraq, bu sahədəki son yeniliklər və tədqiqatlar haqqında məlumat əldə edirəm. Belə tədbirlərdə mütəxəssislərlə tanış olur və təcrübə mübadiləsi aparıram. Şagirdlərin, valideynlərin dərslər haqqında fikirlərini nəzərə alıram. Bu üsullarla davamlı olaraq özümü inkişaf etdirirəm və daha yaxşı bir informatika müəllimi olmağa çalışıram.
- Yetərincə nailiyyətləri olan müəllim kimi gələcək hədəfiniz, arzunuz nədir?
- Gələcək hədəflərim və arzularım informatika sahəsində daha çox bilik və bacarıq qazanmaq, şagirdlərimə daha yaxşı təhsil vermək və onların uğurlarına töhfə verməkdir. Gələcəkdə daha çox texnologiya və innovasiya ilə dərslərimi zənginləşdirmək və şagirdlərimin rəqəmsal bacarıqlarını inkişaf etdirmək istəyirəm. Mənim arzum informatika sahəsindəki yenilikləri və ən son texnologiyaları şagirdlərimə öyrədərək onları gələcəyin texnoloji liderləri kimi yetişdirməkdir. Eyni zamanda, şəxsi və peşəkar inkişafımı davam etdirərək daha da təkmilləşmiş mütəxəssis olmaq istəyirəm.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)