
Son bir həftədədir ki, "78 yaşlı nənə tələbə oldu" adlı başlıqlar ölkə mediasını bəzəyir. Hər kəsdə bu nənə kimdir, bu qərara necə gəlib kimi suallar yaranır. Elə bunu nəzərə alaraq, tələbə nənəni yaxından tanımaq və tanıtmaq üçün "Azərbaycan müəllimi" olaraq Ordubada yola düşürük.
78 yaşlı Hicrət Yusifova bu il Ordubad Peşə Liseyinin "Xalçaçı" ixtisasına qəbul olub. O peşə təhsili alacaq. Biz ora çatanda hər kəs kimi o da dərsdə idi. Tələbə yoldaşları ilə birlikdə gənc müəllimə diqqətlə qulaq asır, balaca dəftərinə qeydlər edirdi.
Sakitcə dərsin bitməsini gözləyirik. Hicrət nənənin o qədər nurlu siması var ki, oxumaq həvəsinin nədən qaynaqlandığını söhbət etməmişdən anlamaq olur. Pozitiv, enerjili, gülərüz və mehriban.

Dərs bitəndən sonra istehsalat otağına keçirik. Əlinə xalça toxumaq üçün bıçağı alır və başlayır toxumağa. Həvəslə və bir o qədər də sevgi ilə edir işini. Bilinir ki, dərsə təzə başlasa da, əvvəldən xalça toxumağı bacarır.
"Hicrət Yusifova 19 noyabr 1946-cı ildə Ordubad şəhərində anadan olub. Onun 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. 25 il Ordubad ipək kombinatında çalışıb", – bunu bizə özü deyir. Əlavə edir ki, oxumağın, öyrənməyin yaşı yoxdur. Elə bu əzmlə də tələbə adını qazanıb.
Hicrət Yusifova 1953-cü ildə Məhəmməd Tağı Sidqi adına 1 nömrəli tam orta məktəbə gedib. 8-ci sinfi bitirdikdən sonra, 16 yaşında ipək fabrikində işə başlayıb və bir il sonra ailə həyatı qurub. Təhsili yarımçıq qalsa da, hər zaman yenidən oxumaq və orta məktəbi bitirmək arzusunda olub: "Gecə məktəbində oxuyaraq yoldaşımla birlikdə attestat aldıq. 25 il Ordubad ipək fabrikində çalışdım. Elə orada toxuculuq işləri ilə tanış oldum və xalçaçılığa marağım yarandı. Fasilə zamanı parçalar toxuyur, öyrənirdim. Bu sənət bizə həm də qədimdən miras qalmış ənənədir”.
Deyir ki, uşaqlıqdan xalça toxumağa marağı olub: "Atamın, anamın və nənəmin evində gözəl xalçalar vardı, onlara heyranlıqla baxardım və düşünürdüm ki, kaş ki mən də toxuya bilərdim".

Bu arzusunun isə artıq reallaşacağı vaxt çatıb: "Telefonda gördüm ki, Ordubadda xalçaçılıq kursu açılacaq, dərhal müraciət etdim. Düşünürdüm ki, yaşımın çoxluğuna görə məni peşə məktəbinə qəbul etməzlər, amma elə olmadı. İlk dəfə sinfə daxil olanda bir az həyəcanlandım, çünki qrup yoldaşlarım məndən xeyli gənc idi. Amma bu mənim üçün maraqlı bir təcrübə oldu”.
Bəs qonum-qonşusu, qohumları bu xəbəri necə qarşılayıb? "Mənfi də, müsbət də qarşılayanlar oldu. Bəziləri təəccüblə qarşılasa da, sosial şəbəkələrdə yazılan müsbət rəylər məni daha da ruhlandırdı", – deyə o deyir. Peşə məktəbi bitəndə və sərbəst şəkildə xalça toxumağa başlayanda ilk toxuyacağı xalçaya Ordubadın adını vermək istəyir. Deyir o qədər mənzərəli yerlər var, istəyir ki, bu gözəllik xalçaya həkk olunsun, gələcək nəsillərə yadigar qalsın.

"Oxumaq, öyrənmək heç bir yaşda gec deyil, həvəs və maraq varsa, hər zaman oxumaq olar" fikrindədir. Ona görə də oxumaq həvəsi olanlara tövsiyəsi var: “Xalçaçılıq çox gözəl sənətdir. Xüsusilə gənclər gəlsin oxusun, öyrənsinlər. Peyğəmbərimizin də dediyi kimi: “Beşikdən qəbir evinə qədər oxuyun”. O qədər həzin və duyğulu söhbət edir ki, insan söhbəti bitirmək istəmir. Amma onun da növbəti dərsi və öyrənmək istədikləri var.
Sağollaşıb xoş təəssüratlarla Ordubaddan ayrılırıq. Yəqin ki, yenidən görüşəcəyik, ilk toxuduğu xalça hazır olanda...
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər