Bütün xəbərlər
23 sentyabr, 12:40

Çin Xalq Respublikasının təhsil naziri və SDG4 Ali Səviyyəli İdarəetmə Komitəsinin üzvü Hual Jinpeng “Modernləşməni dəstəkləmək və gücləndirmək üçün təhsilin inkişafına üstünlük verilməsi” adlı məqaləsində ölkəsinin DİM 4 hədəflərinə nail olunması üzrə səylərindən, bu sahədə əldə olunmuş təcrübə və yeni perspektiv vəzifələrdən bəhs edir.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin “təhsil bəşəriyyətin bu günü və gələcəyi üçün həlledici əhəmiyyətə malikdir” fikrinə əsaslanan nazir qeyd edir ki, Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsi üçün cəmi beş il vaxt qaldığı bir dövrdə, bu günədək əldə olunan irəliləyişlərin qiymətləndirilməsi və post-2030 dövrü üçün qlobal təhsil yol xəritəsinin hazırlanması zəruridir.

2015-ci ildən sonra təhsildə baş verən irəliləyişlərə baxış 

Nazir qeyd edir ki, son on ildə Çin “Təhsil 2030” Gündəliyini öz milli təşəbbüslərinə inteqrasiya edərək təhsilin modernləşdirilməsini və ölkəni lider  təhsil dövləti kimi qurmağı hədəfləyib. Bu strateji kurs birbaşa Prezident Si Cinpin tərəfindən nəzarətə götürülüb. Bütün cəmiyyətin iştirakı ilə həyata keçirilən ümumi rəhbərlik və sahələrarası koordinasiya mexanizmləri sayəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.

Birincisi, biz qanunlara əsaslanan təhsil idarəçiliyinə sadiqik və strateji planlaşdırmanı gücləndiririk. Çin təhsilin inkişafı və islahatı üçün möhkəm qanunvericilik təminatı yaradan hərtərəfli hüquqi çərçivə qurub. Son on ildə təhsilə dövlət büdcəsindən ayrılan vəsait ÜDM-in 4%-dən çoxunu təşkil edib. Bütün növ məktəblərdə tədris və öyrənmə şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. “Çində Təhsilin Modernləşdirilməsi 2035”, iki “Beşillik plan”lar və 2024-cü ildə yayımlanan “Çini aparıcı təhsil ölkəsinə çevirmə planının əsas konturları (2024–2035)” sənədləri hazırlanıb və icra olunmağa başlanılıb. Həmçinin 2025–2027-ci illəri əhatə edən Üçillik Fəaliyyət Planı da hazırda fəal şəkildə həyata keçirilir.

İkincisi, biz istedadlar yetişdirməsini əsas götürür və islahatlara önəm veririk. Əsas məqsədi “təhsil vasitəsilə əxlaq və istedad yetişdirmək” olan Çin təhsili mənəvi, intellektual, fiziki, estetik və əmək tərbiyəsini bir araya gətirən bütöv bir yanaşmanı mənimsəyib və hərtərəfli təhsil islahatlarını inkişaf etdirib. Kurikulumlar və dərsliklər sistemli şəkildə təkmilləşdirilib, təhsilə investisiyalar artırılıb. Nəticədə, demək olar ki, bütün müəllimlər peşəkar tələblərə cavab verir, müəllim hazırlığı ölkə üzrə tam əhatə olunub. İbtidai və orta məktəb şagirdlərinin təxminən 80%-i əsas fənlərdə – oxu (Çin dili), riyaziyyat və təbiət elmləri üzrə kifayət qədər yüksək nəticə göstərir. Şagirdlər kompleks inkişaf nümayiş etdirir, onların ekoloji düşüncəsi artıb və onlarda “bəşəriyyətin ortaq gələcəyi olan bir cəmiyyət” qurmaq anlayışı güclənib.

Üçüncüsü, biz bərabərliyi əsas prinsip kimi götürür və inklüziv təhsili təşviq edirik. Təhsil yoxsulluğun azaldılması ilə strateji şəkildə əlaqələndirilib. Hədəfli dəstək proqramları sayəsində mütləq yoxsulluq aradan qaldırılıb, 9 illik icbari təhsildə şagirdlərin təhsildən yayınması əhəmiyyətli dərəcədə azalıb. İcbari təhsilin pulsuz təqdim olunmasına əlavə olaraq, birillik pulsuz məktəbəqədər təhsil siyasəti də tətbiq olunub və məktəbəqədər təhsilin ümumi əhatə faizi 92%-ə çatıb. Fiziki məhdudiyyətli şagirdlər üçün təhsildə inklüzivlik üç əsas istiqamət üzrə təmin olunub: ümumi siniflərdə təhsil, ixtisaslaşmış məktəblər və evdə təhsil xidmətləri. Orta təhsilin ümumi əhatəlilik faizi 92%-dir. Təhsildə gender bərabərliyi bütün səviyyələrdə təmin olunub.

Dördüncüsü, biz xidmət yönümlü prinsipi rəhbər tutur və təhsili sənaye və elmlə inteqrasiya edirik. Təhsil və sosial-iqtisadi inkişaf bir-birini qarşılıqlı şəkildə gücləndirir. Çin milli inkişaf strategiyaları və ictimai ehtiyaclara uyğun olaraq ali və peşə təhsilini inkişaf etdirib. Məktəblər, müəssisələr və elmi-tədqiqat institutları arasında əməkdaşlıq vasitəsilə istedadların hazırlanması gücləndirilib. Ali təhsilin ümumi əhatə faizi 60.8%-ə çatıb. İllik məzun sayı 10 milyonu keçib, onların 50%-dən çoxu elmi, texniki, kənd təsərrüfatı və tibb sahələrində ixtisaslaşıb. Peşə təhsili müəssisələri müasir istehsalat və xidmət sahələrində çalışan yeni işçilərin 70%-dən çoxunu hazırlayır. Yeni iş qüvvəsinin orta təhsil müddəti 14.3 ilə çatıb, ölkə üzrə savadsızlıq faizi 2.67%-ə enib.

Beşincisi, biz gələcəyə yönəlmiş yanaşmanı əsas götürür və rəqəmsallaşmadan istifadə edərək yeni təhsil modelləri yaradırıq. Milli rəqəmsal təhsil strategiyasına uyğun olaraq, ölkə üzrə bütün məktəblər rəqəmsal tədris vasitələri ilə təmin olunub və 100% internetə çıxış əldə edilib. “Çinin Ağıllı Təhsil” adlı ictimai xidmət platforması bütün təhsil səviyyələrini əhatə edən keyfiyyətli resursları bir araya gətirərək 200-dən çox ölkə və bölgədə təxminən 170 milyon təhsilalan üçün rəqəmsal təhsil məkanı rolunu oynayır. Bu transformasiya əyalət və şəhər bölgələrindəki şagirdlər üçün eyni dərslərə çıxışı təmin edir, müəllimlər arasında əməkdaşlığı asanlaşdırır və bir çox inzibati və tədris tapşırıqlarının mobil cihazlarla həyata keçirilməsinə imkan verir. Rəqəmsallaşma təhsil ekosistemini kökündən dəyişib və tədris metodlarında çoxsaylı innovativ modelləri təşviq edib.

Altıncısı, biz açıqlıq prinsipinə sadiq qalır və beynəlxalq təhsil əməkdaşlığını dərinləşdiririk. Çin UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirib. Dünya Rəqəmsal Təhsil Konfransı kimi yeni əməkdaşlıq platformaları yaradılıb. UNESCO-nun Qızlar və Qadınlar üçün Təhsil Mükafatı və Konfutsi Savadlılıq Mükafatı kimi təşəbbüslər dəstəklənib. Çin həmçinin UNESCO ilə birlikdə “Böyük Çin Səddi Təqaüdü”, “Çin Etimad Fondu” və “STEM Təhsili Fondu”nu idarə edərək inkişaf etməkdə olan ölkələrə dəstək göstərir”.

2030-cu ildən sonrakı dünyada təhsilə doğru

Nazir qeyd edir ki, bu gün dünya dərin qeyri-müəyyənliklər və mürəkkəb çağırışlarla qarşı-qarşıyadır. Bəşəriyyət sülhə can atır, ölkələr inkişafa ehtiyac duyur, insanlar isə xoşbəxtlik və rifah axtarır, bu səbəbdən təhsil daha mühüm rol oynamalıdır. Süni intellektin hərəkətə gətirdiyi texnoloji və sənaye transformasiyası insan cəmiyyətini ağıllı dövrə aparır. Bu isə təhsilin mahiyyəti üzərində daha dərin düşünməyi, onun dəyər və rolunun yenidən qiymətləndirilməsini zəruri edir ki, yeni nəsillər uyğunlaşa, inkişaf edə və cəmiyyət üçün yeni dəyərlər yarada bilsinlər. Bu, eyni zamanda süni intellekt sahəsində yeni bərabərsizliklərin qarşısını almaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini bir daha ön plana çıxarır. 

“Çini aparıcı təhsil ölkəsinə çevirmə planının əsas konturları (2024–2035)” sənədi post-2030 dövrü üçün təhsil sahəsində irəliyə baxan planların reallaşdırılmasına start verib.

“Məqsədimiz təhsil sahəsində hərtərəfli modernləşməyə nail olmaqdır. Bu modernləşmə aşağıdakılardan ibarət olacaq:

• ölkənin siyasi təməlini və əsas dəyərlərini möhkəmləndirən siyasi-fəlsəfi təhsil sistemi,
• ədalətli və yüksək keyfiyyətli baza təhsil sistemi,
• müstəqil və dünya səviyyəli ali təhsil sistemi,
• sənaye ilə sıx inteqrasiya olunmuş peşə təhsili sistemi,
• hər kəs üçün əlçatan və inklüziv davamlı təhsil sistemi,
• elmi və texnoloji innovasiyaları dəstəkləyən güclü sistem,
• yüksək keyfiyyətli müəllimlər yetişdirən peşəkar inkişaf sistemi və
• beynəlxalq təcrübə və qarşılıqlı öyrənməni təşviq edən açıq və əməkdaşlığa əsaslanan system”.

Post-2030 dövrü üçün qlobal təhsil gündəliyi
 
Təhsil naziri bütün dünyada təhsil sistemləri üçün aktual əhəmiyyət kəsb edən post-2030 dövrü üçün qlobal təhsil gündəliyi üzrə təkliflərini verib: 

Birincisi, inklüziv, ədalətli və yüksək keyfiyyətli təhsilə ümumi çıxışın təşviq edilməsinə davam etməliyik. Bu, hər bir təhsilalanın əsas ictimai təhsil xidmətlərindən faydalana bilməsini təmin etmək üçün inklüziv və ədalətli məktəbəqədər, ibtidai və orta təhsilə çıxışın təmin edilməsini nəzərdə tutur.

İkincisi, gələcəyin ağıllı təhsilinin inkişafını sürətləndirməliyik. Rəqəmsal texnologiyalar və süni intellektin təhsilə tam inteqrasiyası ilə biz gələcəyin öyrənmə mühitlərini formalaşdıra, fərdiləşdirilmiş təhsil və ömürboyu təhsil imkanlarını genişləndirə və hər bir təhsilalanın davamlı inkişafını və hərtərəfli böyüməsini daha yaxşı dəstəkləyə bilərik.

Üçüncüsü, təhsildə elm, texnologiya və humanitar fənlərin inteqrasiyasını gücləndirməliyik. Şagirdlərin öyrənmək, dərk etmək, düşünmək, işləmək, yenilik etmək, birlikdə yaşamaq və mədəniyyətlərarası ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün kompetensiyaya əsaslanan və problem yönümlü tədris təşviq olunmalıdır.

Dördüncüsü, biz açıq və əməkdaşlığa əsaslanan qlobal təhsil çərçivəsini qəbul etməliyik. Dünyada təhsil imkanlarını zənginləşdirmək üçün beynəlxalq təhsil mübadilələrinin miqyası genişləndirilməlidir. Çoxtərəfliliyi əsas götürərək, ən az inkişaf etmiş ölkələrə daha səmərəli təhsil dəstəyi göstərmək üçün qlobal əməkdaşlıq daha da dərinləşdirilməlidir. Çin bu sahədə – müəllim hazırlığı, rəqəmsal və süni intellekt sahəsində təhsil, eləcə də peşə təhsili üzrə öz imkanları çərçivəsində dəstək verməyə hazırdır. Biz bütün tərəflərlə birlikdə daha parlaq bir gələcək qurmaq üçün əməkdaşlığa ümid edirik!”.

Şərhlər

Xəbər lenti

23 sentyabr, 17:14

ADPU-da yeni oxu zalı yaradılıb

23 sentyabr, 17:05

SABAH məzunu Avropanın nüfuzlu universitetlərinin birgə doktorantura proqramına qəbul olub

23 sentyabr, 16:39

TİF və TKTA 103 DP qalibinin IELTS imtahan xərcini qarşılayıb

23 sentyabr, 16:27

Müəllimlərin sertifikasiya müsahibəsinin keçiriləcəyi vaxt açıqlanıb

23 sentyabr, 16:22

Corc Vaşinqton Universitetinin professoru ADNSU tələbələrinə seminar keçib

23 sentyabr, 15:34

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

23 sentyabr, 15:23

Yumşaq bacarıqları möhkəmləndirmək yolları

23 sentyabr, 14:45

Bağçalara müdir vəzifəsinə işə qəbulun nəticələri AÇIQLANDI

23 sentyabr, 14:25

Laborant vəzifəsinə işə qəbul elan olunur

23 sentyabr, 14:08

78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur” – Ordubaddan REPORTAJ

23 sentyabr, 13:04

DİM ictimaiyyət üçün açıq görüşlərə start verir

23 sentyabr, 12:51

Region universitetlərinin kitabxanalarında vəziyyət necədir?

23 sentyabr, 12:49

ADNSU-da mikromobillik vasitələrinin təhlükəsiz istifadəsi sessiyası keçirilib

23 sentyabr, 12:32

Yataqxanadan başlayan tələbəlik həyatı – REPORTAJ

23 sentyabr, 12:26

Azərbaycan İdman Akademiyasında yenilənən cüdo zalı istifadəyə verilib

23 sentyabr, 11:39

“Əlaçı” oyununun 22-ci mövsümünün seçim turu keçirilib

23 sentyabr, 11:26

Kitabxana müdiri vakansiyası üzrə qeydiyyat başlayıb

23 sentyabr, 11:18

Sektor müdiri: Layihə real həyatda faydalı olmalıdır, gözəl görünməsi kifayət deyil

23 sentyabr, 11:13

Daha çox bu bölgələrdə çalışan müəllimlər qrant qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.