
Bu dəfə yolumuzu Qarabağ Universitetinin yataqxanasına saldıq. Tələbələrin ixtiyarına verilən 7 mənzil tipli binadan ibarət olan yataqxanada 1700 tələbə yaşayacaq. 312 otaq ən müasir avadanlıqlarla təmin olunub. Tələbə yataqxanasına yaxınlaşanda ilk eşitdiyim gənclərin “Tələbəlik həyatımız yataqxanadan başlayacaq” cümləsi oldu. Həmin fikrin sahiblərini tapmaq elə də çətin olmadı.
Bu qızlarla söhbətzamanı məlum olur ki, onlar bu il Qarabağ Universitetinə qəbul olublar. Şəhla Şükürlü “İngilis dili müəllimliyi”, Xədicə Manaflı isə “Biologiya” ixtisasını seçib. Qızlar yataqxanada hər cür şərait olduğunu bildirirlər: “Uşaqlıqda bu şəhər haqqında valideynlərimizdən eşitdiklərimizdən də gözəl mənzərə ilə qarşılaşdıq. Yataqxanamızın universitetə yaxın olması da bizi sevindirir, lap bir addımlığımızdadır”.

Fatimə Abışova “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”ni seçib. Nigar Abışova isə “İngilis dili müəllimliyi” ixtisasına yiyələnəcək. Gənclər Qarabağ Universitetində təhsil almağın ən böyük arzuları olduqlarını söyləyirlər: “Bir vaxtlar bu universitetdə oxuyan qohumlarımız, tanışlarımız tələbəlik illərində təəssüratlarından danışanda kövrəlirdilər. Şükürlər olsun ki, artıq Qarabağ azaddır. Və biz də artıq Qarabağ Universitetində təhsil alırıq. Bu hissləri yaşamaq olduqca qürurvericidir”.
Ayxan Allahverdiyev də Qarabağ Universitetinin “Coğrafiya” ixtisasına bu il qəbul olunlardandır. Söhbətimiz zamanı bildirir ki, ona verilən otaqdan razıdır: “Otağımız geniş və işıqlıdır, ən müasir mebellərlə, avadanlıqlarla təmin olunub. Oxumaq üçün hər bir şərait var. Biz də öz növbəmizdə səliqə-sahmana rioayət etməliyik”.

Ayxan deyir ki, yataqxanada yerləşmək hər bir tələbə üçün maddi baxımından olduqca əlverişlidir. Yataqxananın universitetə yaxın olması isə vaxta qənaət baxımından çox gözəldir. Digər həmsöhbətimiz Tunay İsgəndərov isə universitetin Tibb fakültəsində təhsil alır. O, sayılıb-seçilən həkimlərdən biri olmaq istəyir.

Biz orda olduğumuz müddətdə yataqxanaya köç hələ davam edirdi. Tələbələrin hər biri növbə ilə otaqlarının açarlarını alaraq əşyalarını yerləşdirirlər. Sonra otaq yoldaşları ilə tanışlıq başlayır. Zarafat deyil, ən azı 4 il bu gənclər bir-biri ilə ünsiyyətdə olacaq, acılı-şirinli günlərini birlikdə paylaşaraq tələbəliyin ən gözəl çağlarını yaşayacaqlar…
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər