Bütün xəbərlər
6 may, 14:15

Eskizlər vasitəsilə öyrənmək (learning through sketching) əl ilə çəkilən şəkil, diaqram, qrafik və sxemlərin istifadəsinə əsaslanan pedaqoji yanaşmadır. Bu üsul həm yaradıcı, həm də analitik düşüncə bacarıqlarını gücləndirmək üçün effektiv sayılır.

“Edutopia” saytında bu mövzuya həsr olunan məqalədə göstərilir ki, yanaşmanın məqsədi təhsilalanlara çəkməyi deyil, görməyi öyrətməkdir. Bu, elmi reallığı dəqiqliklə müşahidə etmək və müşahidə olunanları mümkün qədər aydın şəkildə izah etmək prosesidir.

Gözlərimiz və beynimiz bir şeyə baxarkən bir cür, eskiz çəkərkən başqa cür görür. Əşyalara baxarkən gözlərimiz sürətlə hərəkət edir və ən vacib xüsusiyyətləri axtarır. Beynimiz bu görüntüləri tam emal etmir. Beləliklə, təsvirin təfərrüatlarının 80 faizini biz bir saniyədə görürük, digər 20 faizini görmək üçün isə beyinə 10-15 dəqiqə və ya daha çox vaxt lazım ola bilər.

Təbii ki, müəllimlər təhsilalanlardan bir əşyaya və ya təsvirə 10 dəqiqə baxmağı tələb edə bilməz. Ancaq onlara nəyinsə eskizini çəkməyi və gördüklərini şüurlu şəkildə ifadə etməyi tapşıra bilər. Tapşırıqlardan biri hansısa bitkinin inkişaf mərhələlərinin eskizlərini çəkmək və bunun əsasında flip kitab (flip kitablarda hər səhifədə bir-birindən çox az fərqlənən şəkillər olur və sürətlə çevrildikdə animasiya effekti yaranır) hazırlamaq ola bilər. Bir sıra eskizlərdən hazırlanan flip kitab təkcə obyektin deyil, təhsilalanın da bacarıqlarını dəyişdiyini göstərə bilər.

Düzgün eskiz çəkməyin bir neçə qaydası var:

1. Sadəlik prinsipinə əməl etmək

Eskizlər incəsənət əsəri deyil, ideyanı tez və aydın ifadə etmək vasitəsidir.

– Detallara yox, əsas forma və məntiqi əlaqələrə diqqət yetirilməlidir.

– Məsələn, insan fiquru üçün dairə (baş) və xətlər (əllər, ayaqlar) kifayət edir.

2. Simvollar və işarələrdən istifadə

Müəyyən anlayışları göstərmək üçün tanınan simvol – emojilərdən istifadə etmək lazımdır: ürək (emosiyalar), lampa (ideya), oxlar (səbəb-nəticə və ya istiqamət).

– Bu vizual kodların təkrar istifadəsi məlumatın yaddaşda möhkəmlənməsinə təsir edir.

3. Etiketlər və qısa yazılar

Eskizi müşayiət edən açar sözlər və ya qısa cümlələr onun məzmununu daha aydın izah edir. Yazılar qısa, aydın və konkret olmalıdır.

4. Məkan və istiqamətdən düzgün istifadə

Eskizdə elementlərin yerləşməsi mövzunu daha asan anlamağa kömək edir (məsələn: səbəblər solda, nəticə sağda verilir).

– İdeyalar arasında əlaqələri ox və ya xətlərlə göstərmək lazımdır.

5. Rəng və vurğulardan ehtiyatla istifadə etmək

Əsas ideyaları vurğulamaq üçün rəngdən və ya qalın xətlərdən istifadə etmək olar.

– Ancaq çox rəngli və qarışıq eskizlər diqqəti yayındıra bilər.

6. Təkrar və təkmilləşdirmə

Eskizi birinci dəfədən mükəmməl çəkməyə çalışmaq lazım deyil.

– Sınaq-yanılma üsulu ilə eskizləri düzəldərək öyrənmək daha təsirli olur.

7. Öz vizual üslubunu yarat

Öz simvollarını, yazı tərzini və yanaşma metodunu müəyyən etmək daha yaxşıdır.

– Əsas məqsəd – öyrəndiklərini vizual olaraq yadda saxlamaq və başqasına izah edə bilməkdir.

Tədqiqatlar göstərir ki, eskizlər vasitəsilə öyrənilən vizual məlumatlar yazılı və şifahi məlumatlardan daha uzun müddət qalır. Eskizlər mövzunu strukturlaşdırmağa və daha yaxşı anlamağa kömək etməklə yanaşı, mürəkkəb informasiyanı sadələşdirmək və əlaqələri göstərmək üçün güclü vasitədir. Məsələn, xəritələr, səbəb-nəticə diaqramları və proses sxemləri öyrənilən mövzu arasında əlaqələri aydın şəkildə göstərir.

Eskizlərlə öyrənməyin üstünlükləri:

1. Kreativliyi və fəal öyrənmək effektini artırır - təhsilalan eskiz hazırlayarkən sadəcə məlumatı qəbul etmir, onu aktiv şəkildə emal edir, bu da daha dərin öyrənmə ilə nəticələnir.

2. İştirakçılığı artırır - təhsilalan öz eskizlərini başqaları ilə paylaşaraq müxtəlif baxış bucaqları qazanır və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir.

Stanford Universitetinin tədqiqatçısı Barbara Tverskiyə görə,

– eskizlər sadəcə vizual yaddaşa kömək etmir, həm də düşünmək və problem həll etmək prosesini dəstəkləyir. O iddia edir ki, eskizlər koqnitiv proseslərin təşkili və başa düşülməsi üçün güclü alətdir.

“Psychological Science” jurnalı da eskiz və əl ilə edilən qeydlərin dərin öyrənməni stimullaşdırdığını bildirir:

– Şagirdlərin elmi anlayışları mənimsəməsində eskizlər böyük rol oynayır.

– Tədqiqat göstərir ki, şagirdlər bir anlayışı vizual şəkildə təqdim etməyə çalışarkən onu daha yaxşı başa düşürlər.

– Rəsmlə ifadə konseptual qavramanı dərinləşdirir.

– Əl ilə (xüsusilə şəkilli və ya sxematik) qeyd aparan təhsilalanlar kompüterdə qeyd aparanlara nisbətən məlumatı daha yaxşı yadda saxlayırlar. Səbəbi odur ki, əl ilə işləyərkən təhsilalan informasiyanı “kopyalamır”, onu emal edir – bu isə anlayışı dərindən mənimsəməyə yardım edir.

– Beyin həm verbal, həm də vizual informasiyanı ayrı-ayrı kodlarla eyni vaxtda emal edir. Əgər eyni məlumat həm söz, həm də eskizlə verilsə, bu, yaddaşda iki fərqli “iz” buraxır və məlumatın “geri çağırılmasını” asanlaşdırır.

ABŞ və Avropada bəzi məktəblər “Sketch-to-Learn” və ya “Visual Thinking Strategies” kimi proqramlar tətbiq edirlər. Bu proqramlar göstərir ki, eskizlərdən istifadə oxu bacarığı yüksək olmayan şagirdlər üçün çox faydalıdır. Proqram STEM fənlərində də anlayışların qavranmasını asanlaşdırır. Eskizlər vasitəsilə öyrənmə xüsusilə fizika, biologiya, coğrafiya və başqa sahələrdə geniş tətbiq olunur.

Eskizlər vasitəsilə öyrənmə ilə bağlı aparılan elmi araşdırmalar bu metodun effektivliyini sübut edib:

– Yaddasaxlama qabiliyyətini artırır;

– Analitik və yaradıcı düşüncəni gücləndirir;

– Aktiv və reflektiv öyrənməni stimullaşdırır;

– Müxtəlif öyrənmə tiplərinə (vizual, kinestetik və s.) uyğundur.

Bütün bu göstəricilər onu deməyə əsas verir ki, eskizlər vasitəsilə öyrənmə müasir təhsil mühitində həm fərdi, həm də kollektiv şəkildə tətbiq oluna bilən güclü və çoxşaxəli öyrənmə strategiyasıdır. Bu üsul təhsilalanların dərsi mənimsəmə səviyyəsini artırmaqla yanaşı, onların öyrənməyə marağını da əhəmiyyətli dərəcədə yüksəldir. 

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.