Bütün xəbərlər
15 aprel, 13:31

Məktəbdə hər bir fənnin öz yeri və əhəmiyyəti olsa da, fiziki tərbiyə şagirdlərin sağlamlığının qorunmasında, əzmkarlıq, nizam-intizam, komanda ruhu kimi mühüm keyfiyyətlərin formalaşmasında xüsusi rol oynayır. 

“Azərbaycan müəllimi”nin budəfəki qonağı Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Murad Zeynalovdur.

Pedaqoji təcrübəsinin az olmasına baxmayaraq peşəsinə böyük sevgi ilə yanaşan gənc müəllimlə həm fiziki tərbiyə dərslərinin əhəmiyyəti, həm də təhsil müəssisəsində yaradılan şərait və şagirdlərlə qurulan münasibətlər barədə söhbətləşdik.

2025-ci ildə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təltif edilən müəllimlərdən olan Murad Nəriman oğlu Zeynalov 1997-ci il martın 12-də Cəlilabad şəhərində anadan olub. Orta təhsilini Cəlilabad şəhər 8 nömrəli tam orta məktəbdə alıb, daha sonra  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasın bitirib.

2021-ci ildə MİQ imtahanlarında iştirak edərək maksimum 60 baldan 50 bal toplayıb və Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb. Bu dövrdə Murad müəllimin yaratdığı şagirdlərdən ibarət futbol komandası minifutbolda I və III yerləri qazanıb. Yaratdığı həndbol komandası iki dəfə I yeri tutub. 2022-ci ildə Azərbaycan Həndbol Federasiyasının təşkil etdiyi region məşqçilərinin seminarında iştirak edən Murad müəllim məşqçilik sertifikatı ilə təltif olunub. Həndbol komandası 2023 və 2024-cü illərdə zona yarışlarının qalibi olaraq respublika finalına vəsiqə qazanıb. Final mərhələsində uğur qazana bilməyən komanda üzvləri ruhdan düşməyiblər və bu il də zona yarışlarında uğur qazanaraq iyun ayında keçiriləcək finalda qalib olmaq üçün əzmi ilə məşq edirlər. Onu da əlavə edək ki, həndbol komandası 2024-cü ildə 28 May Müstəqillik Gününə həsr olunmuş Lənkəran-Astara Regionu üzrə keçirilən spartakiadanın da qalibi olub.

“Şagirdlərimin uğurları məni daha çox ruhlandırır və böyük motivasiya verir”

Murad müəllim, müasir dövrdə uşaqların fiziki aktivliyi sizi qane edirmi?

– Kifayət qədər qane edir. Uşaqlar daha enerjili və çılğın olurlar. Biz də fiziki tərbiyə dərsində bu enerjini daha səmərəli şəkildə istifadə edib onların inkişafına yönəldirik. Amma bəzən olur ki, siniflərdə bir neçə uşaq digərlərindən fiziki aktivliyinə görə fərqlənir. Fiziki tərbiyə dərsi elə bunun üçündür. Həmin uşaqlarda fiziki inkişaf bu dərslərdə daha da artır.

– Fiziki tərbiyə dərslərinin şagirdlərin inkişafında rolu nədən ibarətdir?

– Fiziki tərbiyə şagirdlərdə fiziki inkişafı təmin edir, sağlamlığı möhkəmləndirir, iş qabiliyyətini artırır. Onlar fiziki cəhətdən daha möhkəm və sağlam olurlar. Eyni zamanda, fiziki tərbiyə şagirdlərdə vətənpərvərlik ruhunu artırır.

– Dərslərinizdə hansı üsul və metodlardan istifadə edirsiniz?
-Əsasən oyun və yarış üsulundan istifadə edirəm. Beləcə dərs uşaqlar üçün həm əyləncəli və maraqlı keçir, eyni zamanda dərsin mövzusuna uyğun olaraq məqsədə çatmış oluruq.

– İştirak etdiyiniz məktəbdaxili və ya məktəbdənkənar idman yarışları barədə nələri deyərdiniz? 

– Məktəb daxilində hər il bir neçə idman növü üzrə yarışlar təşkil edirik. Bunlara futbol, voleybol, basketbol, həndbol, atletika, qol güləşini və s. misal göstərmək olar. Eyni zamanda, hər il 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar müxtəlif idman tədbirləri keçirilir. Məktəb daxilində keçirilən yarışlara şagirdlərimiz böyük həvəslə qatılırlar. Bu yarışlarda qalib gəlmiş şagirdlərimiz məktəbimizi məktəbdənkənar yarışlarda təmsil edirlər. Məktəbdənkənar yarışlarda da şagirdlərimiz uğurlu çıxışlar edirlər. Buna futbol, voleybol və həndbol yarışlarında əldə etdiyimiz uğurlarımızı misal göstərə bilərəm. Amma şübhəsiz məktəbimiz ən çox həndbol idman növündə əldə etdiyi uğurları ilə tanınır. Komandamızda müxtəlif yaş qruplarından 30-a yaxın şagird iştirak edir. Biz dəfələrlə məktəblər arasında keçirilən yarışların qalibi olmuşuq. 

Şagirdlərinizin qazandığı uğurlar sizi necə motivasiya edir?

– Təbii ki, şagirdlərimin uğurları məni daha çox ruhlandırır və böyük motivasiya verir. Biz, daim çalışırıq, uşaqların inkişafı, uğur qazanmaları üçün əlimdən gələni edirəm. Çəkdiyim əziyyətin bəhrəsin görəndə bu məni daha da sevindirir.

– Özünüz hansısa idman növü ilə peşəkar şəkildə məşğul olmusunuzmu?

– Mən kiçik yaşlarımdan yunan-Roma güləş növü ilə məşğul olmuşam. Elə idmana marağım buradan yaranıb. Bir neçə dəfə rayon və zona birinciliklərinin qalibi və mükafatçısı olmuşam. Respublika birinciliyində 3-cü yerə layiq görülmüşəm.

“Təhsil və idman bərabər şəkildə irəliləməlidir”

– Fiziki tərbiyənin təkcə bədən deyil, psixoloji sağlamlığa da təsiri barədə nə deyə bilərsiniz?

– Fiziki tərbiyənin psixoloji sağlamlığa təsiri danılmazdır. Belə ki, fiziki tərbiyə şagirdlərdə stresin azalmasına, əhvali-ruhiyyənin yaxşılaşmasına, özünə inam və özünə dəyər hissinin artmasına, sosial əlaqələrin güclənməsinə təsir edir.

– Sizcə, şagirdin fiziki inkişafında valideynlərin rolu nə dərəcədə əhəmiyyətlidir? 

– Uşaqların fiziki inkişafında valideynlərin rolu böyükdür. İndi uşaqlar daha çox telefon və kompüter arxasında oturaq həyat tərzi keçirirlər. Bunun üzərində valideynlərin ciddi nəzarəti olmalıdır. Uşaqları boş vaxtlarından səmərəli istifadə etmək üçün onları idmana yönəltmək lazımdır. Bunun üçün isə valideynlər övladlarına motivasiya verərək onların idmana olan marağını artırmağa çalışmalıdırlar. Valideynlər özləri də fiziki aktivlikləri ilə övladlarına örnək ola bilərlər.

– Ümumiyyətlə, valideynlərlə əməkdaşlığınız necə qurulub? Onların idman və sağlam həyat tərzi ilə bağlı maraqları nə yerdədir?

– Şagirdləri fiziki tərbiyə dərslərinə cəlb etmək üçün qismən valideynlərin dəstəyindən istifadə edirəm. Onlarla “Whatsapp” qrupları üzərindən əməkdaşlıq edirəm. Bəzən elə şagirdlər olur ki, dərslərdən yayınır, çox az hallarda fiziki tərbiyə dərslərində iştirak edirlər. Bu zaman həmin şagirdlərin valideynləri ilə əməkdaşlıq edib onların dəstəyi ilə uşaqları dərsə cəlb edirik. Hazırda, bizim cəmiyyətdə insanların əksəriyyəti idmanı ikinci planda görür. Amma mənim fikirimcə, bu, belə olmamalıdır. İlk növbədə, sağlam bədən və sağlam düşüncə lazımdır; təhsil və idman bərabər şəkildə irəliləməlidir. Valideynlərin də içərisində, təəssüf ki, fiziki tərbiyə dərsinə ciddi yanaşmayanlar var. Amma mən bacardığım qədər belə valideynlərlə sıx əlaqə saxlayıb onlara bu fənnin, idmanın əhəmiyyətini aşılamağa çalışıram.

– Şagirdlərlə münasibətdə hansı prinsiplərə önəm verirsiniz?

– Şagirdlərimə qarşı bərabərlik prinsipinə önəm verirəm. Hər şagirdə qarşı bərabər münasibət göstərirəm, fərdi yanaşıram. Hər bir şagirdin fiziki səviyyəsi və bacarığı fərqlidir. Fiziki cəhətdən zəif olan uşaqlara əlavə diqqət, güclü olan uşaqlara isə inkişafetdirici tapşırıqlar verirəm.

“Müəllim-şagird-valideyn bir komanda kimi işləməlidir”

– Uğurlu nəticələr əldə etmək üçün müəllim, şagird və valideyn arasında necə bir əməkdaşlıq olmalıdır?

– Fiziki tərbiyə fənnində uğurlu nəticə əldə etmək üçün müəllim, şagird və valideyn arasında davamlı əməkdaşlıq vacibdir. Müəllim şagirdlərin idmana marağını, qabiliyyətini və iştirak səviyyəsini valideynlərlə paylaşmalıdır. Valideynlər evdə uşaqları aktiv həyat tərzinə təşviq etməlidir. Müəllim şagirdlərlə motivasiyaedici münasibət qurmalıdır. Onların fərdi imkanlarına uyğun dərslər keçməlidir. Bu, şagirdin dərsə marağını artırır. Məktəbdə keçirilən idman tədbirlərində, yarışlarda həm valideynlər, həm də şagirdlər iştirak etməlidir. Bu, ailə-məktəb əlaqələrini gücləndirir. Uğurlu nəticələrə çatmaq üçün bu üç tərəf – müəllim-şagird-valideyn bir komanda kimi işləməli, bir-birini dinləməli və dəstəkləməlidir. Belə olduqda şagirdin fiziki və mənəvi inkişafı təmin olunur.

– İdman dərsləri üçün məktəbin maddi-texniki bazası sizi qane edirmi?

– Fiziki tərbiyə dərslərini keçmək üçün məktəbimizin maddi-texniki bazası yüksək səviyyədədir. Məktəbimiz 4 ildir ki, fəaliyyət göstərir. Geniş idman zalımız var. Məktəbin həyətində mini-stadion var. Bütün inventarlarla təmin olunub. Bu da səmərəli dərs keçməyimə zəmin yaradır.

Dərsləri daha maraqlı və effektiv keçmək üçün hansı yeniliklər edirsiniz?

– Şagirdlərin marağını çəkmək üçün dərslərə müxtəlif oyunlar, estafet yarışları və komanda fəaliyyətləri əlavə edirəm. Mümkün olduqca dərsləri açıq havada keçirəm. Bu şagirdlərdə marağa səbəb olur, həm də motivasiyalarını artırır.

Sizcə, uşaqların fiziki passivliyi ilə mübarizə aparmaq üçün hansı tədbirlər görülməlidir?

– Uşaqlarda fiziki passivlik bu gün məktəblərdə və ümumiyyətlə cəmiyyətdə ciddi bir problemdir. Fiziki passivliklə mübarizə aparmaq üçün bir sıra tədbirlər görmək olar. Fiziki tərbiyə dərslərinin sayını artıraraq və dərsləri daha praktik keçərək, məktəb daxilində sadə idman güşələri quraraq və s. Məsələn, minibasketbol səbətləri, tullanma zolaqları və s. yaradaraq, uşaqları məktəbdən əlavə idman klublarına yazdıraraq... Məncə, bu tədbirləri görsək, nəticə effektiv olar.

Rəqəmsal texnologiyaların (telefon, kompüter) uşaqların fiziki inkişafına təsiri barədə nə düşünürsünüz?

– Telefon və kompüter zəmanəmizin xəstəliyidir. İndi uşaqların bir çoxu bu texnologiyadan səmərəli istifadə etmirlər və həddindən artıq çox məşğul olurlar. Bu da uşaqların, ilk növbədə, psixologiyasına təsir göstərir. Fiziki inkişafa olan təsirinə gəldikdə isə uşaqlar uzun müddət ekran qarşısında hərəkətsiz qaldıqda onların fiziki fəallıq səviyyəsi azalır. Bu isə piylənmə, əzələ zəifliyi, duruş problemləri kimi xəstəliklərin yaranmasına gətirib çıxarır, əzələ və sümük inkişafını ləngidir.

“Daha sağlam, fiziki hazırlıqlı, vətənpərvər gənclər”

– Gələcək üçün hansı planlarınız və arzularınız var?

– Planlarım və arzularım ilk gündən eynidir. Qarşıma məqsəd qoymuşam ki, bacardığım qədər daha çox uşağı, yeniyetmə və gəncləri idmana cəlb edim. Onları idman vasitəsilə pis vərdişlərdən uzaq tutum və daha sağlam, fiziki hazırlıqlı, vətənpərvər gənclər yetişdirim. İşlədiyim ilk gündən bəri cəmiyyətə idmanın əhəmiyyətini çatdırmağa çalışıram. Sağlam gələcəyimizin olması üçün əlimdən gələni edirəm və edəcəyəm də. Gələcəkdə planlaşdırıram ki, böyüklərdən ibarət həndbol komandası qurum və Azərbaycan çempionatında iştirak edək. Bunun üçün maddi vəsait də lazımdır. Bu, həm də mənim arzumdur.

Murad müəllimlə söhbətimizdən bir daha aydın olur ki, fiziki tərbiyə fənni təkcə bədən sağlamlığını deyil, eyni zamanda şagirdlərdə mənəvi kamillik, məsuliyyət və sağlam həyat tərzi formalaşdıran vacib bir sahədir. Müasir dövrdə uşaqların aktiv həyat tərzinə cəlb olunması üçün müəllimlərin peşəkar yanaşması, valideynlərlə düzgün əməkdaşlıq və məktəbin maddi-texniki imkanları mühüm rol oynayır. Ölkəmizin Murad müəllim kimi gənc, perspektivli və yüksək motivasiyalı fədakar pedaqoqları sayəsində təhsil sistemimiz sağlam və möhkəm gələcək üçün zəmin yaradır.

1 /5

Şərhlər

Xəbər lenti

17 aprel, 19:28

Şagirdlərinin 90 faizi repetitor yanına getmədən yüksək bal topladı

17 aprel, 19:05

ATU-da zərərli vərdişlər ilə bağlı maarifləndirici tədbir keçirilib

17 aprel, 18:10

Azərbaycan və Çin universitetləri ilkə imza atdı 

17 aprel, 17:49

Azərbaycan İƏT-in ali təhsil üzrə ekspert görüşündə təmsil olunub

17 aprel, 17:30

“İmtahan suallarını asanlıqla yazdım” – Region birincisi

17 aprel, 17:24

Naxçıvanın 2 şagirdi buraxılış imtahanında 300 bal topladı

17 aprel, 17:13

“Balımı öyrənəndə bütün əziyyətlərim gözümün önündən keçdi” – Bakı məktəblisi

17 aprel, 16:59

“Sosial şəbəkələrə çox vaxt ayırmamaq lazımdır” -  Ən yüksək bal toplayan məktəbli

17 aprel, 16:52

300 bal toplayan şagird: Ən böyük arzum cərrah olmaqdır

17 aprel, 16:50

“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd

17 aprel, 16:19

Məqsədim həkim kimi ölkəmə xidmət etməkdir  – Region birincisi

17 aprel, 16:00

Qərbi Azərbaycan məktəbləri: Bala Məzrə məktəbinin təhsil tarixi – ARAŞDIRMA

17 aprel, 15:46

Beş paytaxt məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

17 aprel, 15:45

“Uşaqların tələbi həyatın tələbidir” – QƏZETİN ARXİVİNDƏN

17 aprel, 15:40

ADA Universiteti “Sərhədsiz riyaziyyatçılar” üçün qeydiyyata başlayıb

17 aprel, 15:30

Azərbaycan Tibb Universiteti tədris planlarını yeniləyəcək

17 aprel, 15:25

Azərbaycanda tanınmış İT proqramları üzrə tədrisə başlanılıb

17 aprel, 14:33

Buraxılış imtahanı ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

17 aprel, 14:30

11 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

17 aprel, 14:28

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandıSİYAHI 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.