
Azərbaycanın hər bölgəsində elə gənclər yetişir ki, onların uğurları yalnız ailələrinin deyil, bütün cəmiyyətin sevincinə çevrilir.
“Azərbaycan müəllimi” olaraq biz də bu gəncləri tanıtmağı, onların uğurlarını oxucularımıza çatdırmağı özümüzə borc bilirik. Çünki belə gənclər ölkənin gələcəyinin işıqlı yolunu inşa edənlərdir. Bu dəfə sizə iki parlaq gənci, Astara rayonunun Kakalos kəndindən olan Zəka Əliyevi və Yusif Məmmədovu təqdim edirik. Onların hər ikisi də böyük zəhmət və əzm nəticəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünya səviyyəli universitetlərdə təhsil almaq hüququ qazanıblar. Gənclərin öz dili ilə eşitdiyimiz hekayələri həm də bütün məktəblilər üçün motivasiya mənbəyidir. Onlarla söhbətləşərkən adam bir daha inanır ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.
“Bu mühit mənə sadəlik, zəhmətkeşlik və dürüstlük kimi dəyərlər qazandırıb”
Zəka Əliyev Dövlət Proqramı (DP) çərçivəsində bu tədris ilində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Mançester Universitetində “Qabaqcıl idarəetmə və sistem mühəndisliyi” (Advanced Control and Systems Engineering) ixtisası üzrə magistratura təhsili alacaq. 2003-cü ildə Astaranın Kakalos kəndində anadan olan Zəka ümumi orta təhsilini elə doğulduğu kəndin Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbində, 10–11-ci sinifləri isə Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyində başa vurub. 2020-ci ildə 612 balla Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olaraq “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə bakalavr təhsilinə başlayıb və bu pilləni uğurla başa vurub.

Zəka söhbətimizə uşaqlığını xatırlamaqla başlayır: “Uşaqlığım Kakalos kəndində keçib və bu mühit mənə sadəlik, zəhmətkeşlik və dürüstlük kimi dəyərlər qazandırıb. Kənd həyatı mənə hər şeyin zəhmət hesabına qazanıldığını öyrədib. Məktəb illərində isə mənə ən böyük dəstəyi riyaziyyat müəllimim verib, o məni daim həvəsləndirirdi və uğurlarıma inandırırdı”.
Hələ məktəb illərindən akademik nailiyyətləri ilə seçilən Zəka ilk dəfə 9-cu sinifdə riyaziyyat fənni üzrə keçirilən Respublika fənn olimpiadasında (RFO) bürünc medal qazanıb. 10-cu sinifdə isə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən “İstedadların hazırlığı laboratoriyası” layihəsində bürünc medal qazanıb. 11-ci sinifdə RFO-da yenidən iştirak edərək gümüş medal əldə edib. Elmi və texnoloji yarışlarda da fəallıq göstərən gənc mühəndis “TEKNOFEST–2023”də “Zəngəzur” komandasının kapitanı olaraq final mərhələsində iştirak edib, həmçinin “Minahack” hakatonunda IV yeri qazanıb. Zəkanın ingilis dilinin beynəlxalq standartlaşdırma testi olan IELTS imtahanından nəticəsi 7.5-dir. Bu uğurlar ona həm ardıcıl fəaliyyətinin gücünü göstərib, həm də daha böyük hədəflərə çata biləcəyinə inam yaradıb.
Zəka universitet həyatının onun üçün böyük məktəb olduğunu deyir: “Bakı Ali Neft Məktəbində təhsil almaq mənim üçün həm akademik, həm də şəxsi inkişaf baxımından çox faydalı oldu. Burada həm nəzəri bilik qazandım, həm də müxtəlif layihələr üzərində işləyərək praktiki təcrübə əldə etdim”.
O, TEKNOFEST və hakatonlardan da çox şey öyrənib: “TEKNOFEST finalına çıxmaq bizim komandanın zəhmətinin bəhrəsi idi. Bu mənim üçün həm qürur, həm də böyük bir motivasiya oldu. TEKNOFEST təcrübəsi bizə innovativ düşünmə, komanda işi və real problemlərə texnoloji həll tapma bacarığı qazandırdı. Hakatonlarda iştirak isə mənə vaxt idarəetmə, komandada işləmə və qısa zamanda kreativ yanaşma bacarıqları qazandırdı. Bu bacarıqlar indi də layihələrimdə kömək edir”.

“Ən böyük motivasiyam öz potensialımı sübut etmək idi”
Yusiflə söhbətimizə başlayarkən DP qalibi olması xəbərini böyük sevinclə qarşıladığını deyir: “Uzun müddət çəkdiyim əziyyətin bəhrəsini görmək mənim üçün böyük sevinc və qürur idi. DP-nin qalibi olaraq Bilkent kimi nüfuzlu universitetə qəbul almaq həm məsuliyyət, həm də gələcək üçün motivasiya verdi. Xəbəri dərhal valideynlərimlə paylaşdım və bu anı həyatımın ən yaddaqalan xatirələrindən biri hesab edirəm”.
Yusif də uğurları ilə həmkəndlisi Zəkadan geri qalmır. C.Cabbarlı adına Kakalos kənd tam orta məktəbini fərqlənmə attestatı ilə bitirən Yusif Əhmədzadə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində qızıl medal qazanıb və bu il keçirilən qəbul imtahanında 682 bal toplayaraq yüksək nəticə göstərib. O, DP qalibi olaraq Türkiyənin nüfuzlu Bilkent Universitetində “Kompüter mühəndisliyi” ixtisası (ingilis dilində) üzrə bakalavr təhsili alacaq.
Qəbul imtahanında yüksək bal toplamaq, IELTS imtahanından 8.0/9.0, SAT qəbul imtahanından 1500/1600, ABŞ və digər ölkələrdə universitet səviyyəli fənləri, eləcə də riyaziyyat biliklərini inkişaf etdirmək istəyən tələbələr üçün keçirilən AP Calculus imtahanından isə 5/5 nəticə əldə etmək Yusif üçün o qədər də asan olmayıb. Eyni anda bir neçə imtahana hazırlaşmaq böyük səbir və intizam tələb edir. Yusif buna görə də planlı şəkildə hazırlaşdığını deyir: “Hər gecə yatmazdan əvvəl sabah hazırlaşacağım fənlər üçün saatı qeyd edirdim, müəyyən aralıqlarla öyrəndiklərimi öz notlarımla təkrarlayırdım, müəllimlərimin məsləhətlərindən maksimum istifadə edirdim. Ən böyük motivasiyam isə çəkilən zəhməti boşa çıxarmamaq və öz potensialımı sübut etmək idi”.
Maraqlar, seçimlər və gələcək planlar...
Hər iki gənc karyerasını Azərbaycanda qurmağı planlayır.
Yusif ixtisas seçimində uşaq yaşlarından bəslədiyi marağa söykənib: “Kompüter mühəndisliyi seçməyimin əsas səbəbi uşaqlıqdan texnologiyaya marağımın olmasıdır. Sonradan proqramlaşdırma ilə tanış olduqca bu sahənin həm yaradıcı, həm də gələcək baxımından geniş imkanlar açdığını gördüm. Eyni zamanda bu ixtisasa yaxın olan riyaziyyat, fizika və informatika da həmişə ən çox sevdiyim fənlər olub. Gələcək planım Bilkentdə yaxşı təhsil alıb həm elmi, həm də praktiki biliklər toplamaqdır. Karyeramı texnologiya və mühəndislik sahəsində qurmaq istəyirəm. Əlavə olaraq təhsilimi daha yuxarı pillələr üzrə davam etməyi də istisna etmirəm. Təməl hədəfim təhsilimi başa vurandan sonra Azərbaycana qayıdıb burada əldə etdiyim bilikləri ölkəmin inkişafına yönəltməkdir”.
Zəka da gələcək planlarını konkret görür: “Mançester Universiteti mənim sahəm üzrə dünyanın ən qabaqcıl universitetlərindən biridir. Təhsil alacağım ixtisas isə mənim maraqlarıma tam uyğun gəlir və inanıram ki, mənə həm elmi, həm də praktiki biliklər qazandıracaq. Təhsildən sonra Azərbaycanda ağıllı sistemlər və avtomatlaşdırma ilə bağlı layihələr həyata keçirmək istəyirəm. Məqsədim ölkədə texnologiyanın gündəlik həyata inteqrasiyasına töhfə verməkdir”.
Hər iki gəncin uğurunda ailələrinin və müəllimlərinin rolu böyükdür. Daim bu gənclərin yanında olaraq onlara güvənib, çətinliklə üzləşərkən ümidlərini itirməməklərinin əsas səbəbkarı olublar. Doğru istiqamətə yönəldib, daim motivasiya veriblər. Hər iki gəncin digər gənclərə mesajı da oxşardır.
Zəka gənclərə belə səslənir: “Məncə, uğur üçün motivasiya, zəhmət və düzgün seçimlər bir-birini tamamlayır. Motivasiya zəhmətə, zəhmət nəticəyə, düzgün seçimlər isə bu səylərin doğru istiqamətə yönəlməsinə səbəb olur. Gənclərə məsləhətim odur ki, məqsədlərinə bağlı olsunlar və heç vaxt yarıda dayanmasınlar. Daim öyrənməyə açıq olmaq çox vacibdir”.
Yusif isə əlavə edir: “Ən böyük məsləhətim öz güclü və zəif tərəflərinizi düzgün tanıyıb hazırlığınızı ona uyğun qurmaqdır. Mənim üçün ən effektiv üsul planlı çalışmaq, hər gün kiçik addımlarla irəliləmək oldu. Özünü çox yükləmədən davamlı çalışmaq, həm də motivasiyanı daim saxlamaq uğurun açarıdır. Harada oxumasından asılı olmayaraq, istənilən şagird böyük uğurlar qazana bilər. İnamlı olmaq, çalışmaq və daim öyrənməyə açıq qalmaq əsasdır. Kəndlərdə imkanlar məhdud olsa da, internet və digər resurslardan istifadə etməklə çox şey öyrənmək mümkündür. Mənim fikrimcə, həvəs və əzm imkanların məhdudiyyətini aşa bilir”.
Bu iki gəncin hekayəsi göstərir ki, harada doğulmağımız fərq etməz, böyük məqsədlər və ardıcıl zəhmət insanı uzaqlara aparır. Zəka və Yusif kimi gənclər Azərbaycanın gələcəyinə ümid yaradır və bütün məktəblilər üçün nümunədir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər