Bütün xəbərlər
11 avqust, 17:48

İnklüzivlik nədir?

(Əvvəli qəzetin ötən sayında)

Orijinal metodika lazımdırmı?

Hər hansı məzmunun yaradılması həm də onun özünəməxsus metodikasının olmasını tələb edir. Təhsil təcrübələrində özünü göstərən bu həqiqət bəzən istisnaları ilə də fərqlənir. Bəs bu, inklüziv təhsildə necə baş verir?

İnklüziv təhsil ciddi sosial məsələ kimi, həm də xüsusi pedaqoji hadisədir. Onun özünəməxsus əlamətlərinin olması uzun zamanlar ona ümumi pedaqoji prosesdən kənar kontekstdə baxılması ilə nəticələnmişdir. Bu isə fiziki inkişafında problemi olan uşaqların sosiallaşmasına mənfi təsir göstərmiş, onun ümumi pedaqoji kontekstdə inkişafını ləngitmişdir. Bu gün isə yeni yanaşmalar inklüziv təhsilə ümumilikdə təhsilin ayrılmaz bir hissəsi kimi baxmaqla onu inkişaf etdirmək və cəmiyyətin sosiallaşması faktoruna çevirmək bir vəzifə kimi qarşıda durur. Belə olduğu tərzdə onun metodikasının necə olması sualı meydana çıxır: onun orijinal metodikası olmalıdırmı? Yoxsa mövcud yanaşmalar kifayət edir, onlardan yaradıcı şəkildə istifadə etmək lazımdır. 

Hər iki fikir kifayət qədər əhəmiyyətli olması ilə diqqəti cəlb edir. İlk növbədə, nəzərə almaq lazımdır  ki, hər bir metodika müasir trendlərin qarşılığında mobil yenilənə bilməsi ilə fərqlənir. Bu, onun müəyyən stabil məzmuna malik olması ilə yanaşı, dinamik xarakter daşımasından irəli gəlir. Hər zaman yeniliklərə rəğmən çeviklik nümayiş etdirir. Lakin bu, onun yenidən təşkil olunması, hazırlanması kimi anlaşılmır. Belə bir  prosesin bütün dövrlərdə olduğu müşahidə edilir. 

İkinci ilə yeni nəzəri metodoloji əsas daşıyan və bu günün inklüziv təhsil parametrlərinə cavab verən metodikanın yaradılmasıdır. Dünyada humanist prinsiplər əsasında belə metodikaların yaradılmasına maraq göstərilməkdədir. Hələ də təhsilin bütün parametrlərdə əlçatan olmasını təmin etmək üçün məzmunundan tutmuş təşkilinə, metodologiyasına qədər hər bir sahəsində bir əminlik, razılıq yaradan elementlərin olması iddia edilir. Təhsilin maraqlılıq və rahatlıq üzərində qurulması çətinlik buzunu əridir, onu uşaqların sanki əyləncə və istirahət yerinə çevirir. Heç şübhəsiz, bu, inklüziv təhsil üçün daha çox xarakterik hal kimi başa düşülür və dəyərləndirilir. 

Bütün bunları ümumiləşdirməklə onu demək olar ki, inklüziv təhsilin metodikasının yaradılması onun inkişafında əsaslı bir addım olacaq və aşağıdakı keyfiyyətlər baxımından əhəmiyyətliliyi ilə maraq doğuracaqdır. 

1. Nəzəriyyədən praktikaya keçid üçün platforma rolunu oynayacaqdır.

2. Etik və demokratik prinsipləri ehtiva etməklə daha humanist xarakter alacaqdır.

3. İnteraktivliyi ilə şagirdlərin fəallığını təmin edəcəkdir.

4. İnklüziv məktəbə doğru addımlar: BSU-nun təcrübəsi.

İnklüziv təhsil yaş, fiziki qabiliyyət, sosial və intellektual fərqlərindən asılı olmadan bütün tələbə, şagird və başqalarının birgə təhsil aldığı mühit deməkdir. Bu mühitin yaradılması, ilk növbədə, inklüzivliyin təhsil müəssisələrinə doğru addımlarını təmin etməyi, onlara inteqrasiya olunmağı tələb edir. Ona görə də bu məsələ ölkəmizdə dövlətin prioritet istiqamətlərindən biri kimi qəbul edilmiş və xüsusilə inklüziv təhsilin inkişafı baxımından qarşıya ciddi vəzifələr qoymuşdur. Artıq bu kontekstdə ali təhsil müəssisələri xeyli iş görmüşdür. Xüsusilə Bakı Slavyan Universiteti (BSU) son illərdə bu sahədə ardıcıl, sistemli və strateji yanaşmalarla çıxış edərək inklüziv təhsil dəyərlərinin ali məktəb mühitində yayılmasına, təcrübə və bilik mübadiləsinə, eləcə də regionlara inteqrasiya olunmasına töhfələr vermişdir.

İnklüziv təhsil anlayışının universitetlərdə təkcə fiziki əlçatanlıqla deyil, eyni zamanda sosial və psixoloji mühitin inklüzivliyilə də bağlı olduğu nəzərə alınsa, BSU-nun bu istiqamətdə fəaliyyəti çoxşaxəli və mərhələli inkişaf xarakteri daşıya bilər. Universitet 2022-ci ildən etibarən autizm spektr pozuntusu olan şəxslərə, eləcə də digər xüsusi təhsil ehtiyaclı tələbələrə yönəlmiş “Aylıq inklüziv müzakirə platforması”nı yaratmaqla, ali təhsil sistemində tələbə mərkəzli və ehtiyaclara uyğunlaşan bir yanaşma tətbiq etmişdir. Bu platforma BSU-da həm pedaqoji heyət, həm də tələbələr arasında inklüzivlik üzrə maarifləndirici və davamlı müzakirələrin aparılmasına şərait yaratmışdır.

2023-cü ildə universitet inklüziv təhsilin regionlarda da təşviqi üçün daha genişmiqyaslı fəaliyyətə keçmişdir. Belə ki, BSU Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə Astara, Biləsuvar, Şamaxı və Şəmkir şəhərlərində inklüziv təhsil mövzusunda genişmiqyaslı təlimlər təşkil etmişdir. Bu təlimlərə ümumilikdə 400-dən çox müəllim, məktəb psixoloqu və direktor qatılmışdır. Təlimlər praktiki məşğələlərlə müşayiət olunaraq, iştirakçılarda inklüziv metodların tətbiqi bacarıqlarının inkişafına yönəlmişdir. 

2025-ci ildə isə BSU-nun bu sahədəki fəaliyyətinin zirvə nöqtəsi kimi “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” adlı III Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Bu konfrans artıq üçüncü dəfə təşkil olunmaqla BSU-nun inklüziv təhsil üzrə beynəlxalq əməkdaşlıq platformasını sistemli şəkildə inkişaf etdirdiyini təsdiqləmişdir. Konfransın məqsədi yalnız nəzəri biliklərin təqdimatı deyil, eyni zamanda praktik həll yollarının müzakirəsi və inklüziv cəmiyyət modelinin formalaşdırılmasına xidmət edən biliklərin paylaşımı olmuşdur. Konfransa yerli ali təhsil müəssisələri ilə yanaşı, bir sıra xarici ölkələrdən də təhsil mütəxəssisləri qatılmış, bu isə tədbirə beynəlxalq status qazandırmışdır.

BSU 2025-ci ildən etibarən “İnklüziv həftə” adlı dövri tədbirlər silsiləsinə də start vermişdir. Bu tədbirlər hər ay fərqli mövzu üzrə inklüziv təhsil mühitinin formalaşması, inklüziv dəyərlərin geniş ictimaiyyətə çatdırılması və tələbələrin aktiv iştirakı ilə keçirilir. Bu silsilə tədbirlər həm inklüzivlik sahəsində ictimai şüurun artırılmasına, həm də universitet mühitində əlverişli sosial münasibətlərin qurulmasına mühüm töhfə verir.

BSU-nun inklüziv təhsilə verdiyi töhfələr bununla məhdudlaşmır. Universitet müxtəlif ali təhsil müəssisələri ilə - Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Gəncə Dövlət Universiteti (GDU), Naxçıvan Dövlət Universiteti (NDU) və digər qurumlarla əməkdaşlıq edərək inklüzivlik sahəsində ortaq layihələr həyata keçirmişdir. Bu əməkdaşlıqlar çərçivəsində həm birgə elmi tədqiqatlar aparılmış, həm də tələbə və müəllim heyətinin qarşılıqlı iştirakı ilə təlimlər, konfranslar və seminarlar təşkil olunmuşdur. Bu inteqrativ yanaşma, ali təhsil mühitində inklüzivlik konsepsiyasının yalnız BSU-da deyil, digər universitetlərdə də tətbiqini stimullaşdırmışdır.

Nəticə etibarilə, BSU-nun 2022-2025-ci illər ərzində inklüziv təhsil istiqamətində həyata keçirdiyi tədbirlər, təşkil etdiyi beynəlxalq konfranslar, regionlarda təşkil olunan təlimlər və ali məktəblərarası əməkdaşlıqlar Azərbaycan ali təhsil sistemində inklüziv yanaşmaların genişlənməsində aparıcı rol oynadığını göstərir. Universitetin bu sahəyə strateji və məqsədyönlü yanaşması, eyni zamanda, inklüzivliyin yalnız təhsil müstəvisində deyil, ümumilikdə cəmiyyətin sosial strukturunda da tətbiqinə yönəlməsi onu inklüziv təhsil liderlərindən birinə çevirir. Gələcəkdə bu istiqamətdə davamlı fəaliyyətin göstərilməsi, həm milli, həm də beynəlxalq səviyyədə BSU-nun nüfuzunu daha da möhkəmləndirəcəkdir.

İnklüziv təhsilin üfüqləri

İnklüziv təhsil müasir dünyada insan hüquqları, bərabərlik və sosial ədalət prinsiplərinə əsaslanan təhsil modelidir. Bu yanaşma hər bir uşağın, eyni təhsil mühitində, ayrı-seçkilik olmadan öyrənmək hüququnu tanıyır və təmin edir. İnklüzivlik anlayışı təkcə fiziki məhdudiyyətli uşaqları deyil, dil maneələri, sosial-mədəni fərqliliklər, psixoloji və davranış xüsusiyyətləri olan şagirdləri də əhatə edir. Bu baxımdan, inklüziv təhsilin üfüqləri genişdir və yalnız məktəb divarları ilə məhdudlaşmır. O, bütöv bir cəmiyyətin dəyişməsini, daha humanist və ədalətli strukturların qurulmasını tələb edir.

İnklüziv təhsilin əsas məqsədi müxtəlifliyi məhdudiyyət kimi yox, resurs kimi qəbul etməkdir. Bu yanaşma fərqliliklərə uyğunlaşma bacarığı olan təhsil mühitinin qurulmasını, müəllimlərin fərdi yanaşma ilə işləməsini və bütün şagirdlərin təhsil prosesinə aktiv şəkildə cəlb olunmasını nəzərdə tutur. Müasir inklüziv məktəb modeli diferensial tədris, kooperativ öyrənmə, çevik qiymətləndirmə və davamlı psixoloji dəstəklə müşayiət olunur. Bu isə öz növbəsində müəllimlərin və məktəb kollektivinin yeni bilik və bacarıqlarla təchiz olunmasını zəruri edir.

İnklüziv təhsilin inkişafında texnologiyanın rolu da mühüm əhəmiyyət daşıyır. Assistiv (köməkçi) texnologiyalar (məsələn, oxuyan proqramlar, danışan cihazlar, braille ekranlar, habelə virtual sinif platformaları) fiziki və ya idrak məhdudiyyətli uşaqların dərslərdə iştirakını asanlaşdırır. Rəqəmsal resursların adaptasiyası, audiovizual materialların istifadəsi və interaktiv öyrənmə imkanları şagirdlər arasında fərqləri komplektləşdirmək baxımından əvəzsizdir.

Bu sahədə qarşıya çıxan əsas çağırışlardan biri də cəmiyyətin inklüziv mədəniyyətə yetərincə hazır olmamasıdır. Bəzi hallarda ailələr və ya pedaqoqlar inklüzivlik ideyasını dəstəkləsə də, praktikada onu reallaşdırmaq üçün kifayət qədər vaxt ayırmırlar. Bu isə onu göstərir ki, inklüziv təhsilin gələcək üfüqləri yalnız təhsil sahəsində deyil, sosial münasibətlər, qanunvericilik, ictimai rəy və media mühitində də dəyişikliklərin aparılmasını tələb edir. Çünki inklüziv cəmiyyətin formalaşması inklüziv təhsil vasitəsilə başlayır, cəmiyyətin bütün üzvlərinin bu prosesə cəlb olunması yolu ilə davam edir.

Gələcəkdə inklüziv təhsilin üfüqləri daha da genişlənəcəkdir. Bunun üçün üç əsas istiqamət müəyyən oluna bilər. Birincisi, inklüziv təhsil üzrə müəllim hazırlığının sistemli və dərinləşdirilmiş şəkildə təşkili. İkincisi, inklüziv infrastrukturun - fiziki mühitin, təlim resurslarının və texnologiyaların gücləndirilməsi. Üçüncüsü isə inklüziv düşüncə tərzinin bütün cəmiyyətə aşılanması. Bu üç istiqamət üzrə strateji addımlar atıldıqca, inklüziv təhsil yalnız fərqliliyin tanınması deyil, eyni zamanda, cəmiyyətin inkişafının mühüm dayağına çevriləcək.

İnklüziv müəllim hazırlığında zəruri məqamlar

Müasir dövrdə təhsilin demokratikləşdirilməsi və bütün uşaqların bərabər təhsil imkanlarına çıxışının təmin olunması inklüziv təhsil konsepsiyasını ön plana çıxarır. İnklüziv təhsil şəraitində fiziki, psixoloji, intellektual və sosial fərqləri olan bütün uşaqlar ümumi təhsil mühitində birlikdə təhsil alırlar. Bu məqsədin həyata keçirilməsi üçün isə müəllimlərin hazırlıq səviyyəsi əsas şərtlərdən biri hesab edilir. İnklüziv müəllim hazırlığı sadəcə fənn bilikləri ilə kifayətlənmir, eyni zamanda pedaqoji yanaşma, sosial-emosional bacarıqlar, fərdi yanaşma və etik dəyərlər baxımından da kompleks şəkildə həyata keçirilir.

İnklüziv müəllim hazırlığında ilk və ən vacib məqam müəllimin inklüziv təhsil fəlsəfəsini dərk etməsidir. Bu fəlsəfə hər bir şagirdin öyrənmək hüququna sahib olduğunu və fərqlərin öyrənməyə maneə yox, əksinə, tədris prosesini zənginləşdirən amil olduğunu qəbul etməyi tələb edir. Müəllimlər bu yanaşmanı mənimsədikdə, onlar fərqli öyrənmə ehtiyaclarını nəzərə alaraq dərsi planlaşdırmağı və müxtəlif strategiyalarla tədris prosesini fərdiləşdirməyi də daha asanlıqla bacarırlar.

İkinci mühüm məqam müəllimin pedaqoji bacarıqlarıdır. İnklüziv mühitdə çalışan müəllimlər diferensial tədris metodları, kooperativ öyrənmə, layihə əsaslı tədris və qiymətləndirmədə çevik yanaşmalardan istifadə etməlidirlər. Eyni zamanda müəllimlər bədən dili, jest-mimika, vizual vasitələr və texnoloji alətlərdən istifadə edərək kommunikasiya prosesini şagirdlərin fərdi ehtiyaclarına uyğunlaşdırmalıdırlar.

Digər vacib aspekt müəllimin psixoloji hazırlığıdır. İnklüziv mühitdə işləmək müəllimdən yüksək səbir, empati, tolerantlıq və stresə davamlılıq tələb edir. Müəllimlər xüsusi təhsil ehtiyacı olan uşaqlarla işləyərkən onların emosional və davranış çətinliklərinə düzgün yanaşmağı da bacarmalıdırlar. Bu sahədə müəllimlərin bacarıqlarıının davamlı inkişaf etdirməsinə psixoloji dəstək və təlimlər çox köməklik göstərə bilər.

Eyni zamanda inklüziv təhsil mühitində komanda işi və əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Müəllimlər psixoloqlar, loqopedlər, valideynlər və digər mütəxəssislərlə qarşılıqlı əməkdaşlıq quraraq hər bir şagirdin inkişafına dəstək olmalıdırlar. Bu əməkdaşlıq sistemli yanaşmanı təmin edər və müəllimin şagirdlə bağlı qərarlarında daha dəqiq və uyğun addımlar atmasına imkan yarada bilər.

Son olaraq, müəllimin özünüinkişaf və davamlı peşəkar inkişaf motivasiyası da inklüziv müəllim hazırlığında nəzərə alınmalı olan əsas məsələlərdəndir. Təlimlər, seminarlar, təcrübə mübadiləsi proqramları vasitəsilə müəllimlər yeni bilik və bacarıqlar qazanaraq daha effektiv fəaliyyət göstərə bilirlər. Dövlət və qeyri-hökumət təşkilatlarının bu istiqamətdə dəstək verməsi müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərir.

İnklüziv müəllim hazırlığı çoxşaxəli və strateji yanaşma tələb edən bir prosesdir. Bu sahədə uğur əldə etmək üçün təhsilverənlər yalnız akademik və metodik hazırlıqla kifayətlənməməli, eyni zamanda sosial-emosional bacarıqlar, əməkdaşlıq mədəniyyəti və etik dəyərlər baxımından da formalaşdırılmalıdır. Çünki inklüziv cəmiyyətin bünövrəsi inklüziv müəllimlə başlayır.

 

Ənvər ABBASOV,

Bakı Slavyan Universitetində rektorun məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

1 /1

Şərhlər

Xəbər lenti

11 avqust, 17:20

DP çərçivəsində ilk dəfə mədəniyyət və incəsənət üzrə xaricdə təhsil imkanı yaradılıb

11 avqust, 17:07

Müəllimlər üçün metodik vəsait

11 avqust, 16:49

“Bizim üçün müəllimlik sadəcə peşə deyil, bir missiyadır”

11 avqust, 16:04

Lənkəranda Peşə Təhsil Mərkəzi arıçılıqla bağlı innovativ layihəyə dəstək oldu

11 avqust, 15:08

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb

11 avqust, 15:05

Yeni tədris ilində neçə məktəb istifadəyə veriləcək? 

11 avqust, 14:48

NDU-da tələbələr ayda 800 manatadək təqaüd ala bilirlər

11 avqust, 13:58

“Ən gərgin müsabiqə vəziyyəti bu qrupdadır” DİM sədri müraciət etdi 

11 avqust, 13:43

Türkiyədə yeni ali təhsil proqramlarının tətbiqinə başlanılır

11 avqust, 13:36

I qrupun keçid ballarında dəyişikliklər olacaq

11 avqust, 13:03

Sabahın hava proqnozu açıqlanıb

11 avqust, 12:58

MÜTDA məktəbli forması ilə bağlı açıqlama yayıb

11 avqust, 12:54

Bu il 285 nəfərə fəlsəfə doktoru dərəcəsi verilib

11 avqust, 12:46

28 mindən çox abituriyent dövlət sifarişli yerə qəbul olacaq

11 avqust, 12:34

II qrupun bəzi ixtisaslarında keçid balları enə bilər

11 avqust, 12:27

Rus bölməsi üzrə tələbə qəbulu dayandırılıb? – RƏSMİ CAVAB

11 avqust, 12:06

III qrupa sənəd verən 6 min abituriyent ali məktəbə qəbul olmayacaq

11 avqust, 11:57

Məleykə Abbaszadə: Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır

11 avqust, 10:54

Geomaqnit qasırğası gözlənilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.