
Sumqayıtda yerləşən Qubadlı rayon Mahrəzlı kənd məktəbinin binasındayıq. Qarşımda enerjili, gülərüz bir xanım dayanıb. Ara-bir gəlib keçən, təngənəfəs şəkildə salam verən şagirdlərinə baxıb gülümsəyir. "Nərgiz müəllim, necəsiniz?" - deyən şagirdinə elə doğmalıqla cavab verir ki, bu uşağın əlaçı olduğunu düşünürəm. Axı məktəbdə əlaçı şagirdlər müəllimlərin göz bəbəyi olur! Dərs başlamazdan əvvəl müsahibim Nərgiz xanımla bir az söhbət edirik.
"Azərbaycan müəllimi" 12 ildir ki, kənd məktəbində fəaliyyət göstərən Nərgiz Xəlillli ilə bağlı yazını təqdim edir.
Söhbətimizdən öncə onun haqqında qısa məlumat verək. Nərgiz Xəlilli 1989-cu ildə Qubadlıda anadan olub. Təəssüflər olsun ki, o dövrdə yaranmış vəziyyətlə əlaqədar 1993-cü ildə ailəsi doğma torpaqlarını tərk etmək məcburiyyətində qalaraq Sumqayıt şəhərində məskunlaşıb. Elə təhsilini də buradakı 33 nömrəli tam orta və Qubadlı rayon Qara İlyasov adına 1 nömrəli tam orta məktədə alır.
.jpeg)
Bakı Dövlət Universitetində filologiya ixtisası üzrə bakalavr, Sumqayıt Dövlət Universitetində magistr təhsili alıb. 2012-ci ildən Qubadlı rayon Mahrızlı kənd tam orta məktəbində müəllim kimi işləyir. Fəaliyyəti dövründə məktəbin 9-11-ci sinif şagirdləri Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə Azərbaycan dili və ədəbiyyat fənnindən 100% nəticə göstəriblər. Bir neçə dəfə Elm və Təhsil Nazirliyi tərəfindən “Fəxri fərman”la təltif edilib, "Örnək müəllim" müsabiqəsinin qalibi olub. 2024-cü ildə müəllimlərin sertifikasiya imtanında 51 bal toplayıb.
Müəllimin uğuru şagirdidir
Söhbətə övladının arzusu ilə başlayı: "Qızım da jurnalist olmaq istəyir. Onun təhsil alması, dünyagörüşünün formalaşması üçün əlimdən gələni edirəm. Elə mənim özümə də ailəm, ən çox da atam və müəllimim dəstək olub..."
“Üzərindən illər keçsə də, onun yaddaşında, xatirində qalan müəllimi kimdir? Ona necə dəstək olub ki?” kimi suallarımı ünvanlamadan Nərgiz xanım davam edir:
"Maddi çətinliyimiz vardı: məcburi köçkün həyatı, müəyyən çətinliklər, qayğılar… Hazırlıqlara davam edə bilməyəcəyimi müəllimə bildirdim. Bağdagül müəllim (gözləri yaşarır, gizlətməyə çalışır, axı dərsə girəcək bir azdan) qəti şəkildə etirazını bildirdi. Hazırlığa davam etməmdə israrı, mənə maddi və mənəvi köməyi hər zaman yaddaşımda xoş bir xatirə kimi iz saldı. Bu gün mənim də şagirdlərimə övladım kimi doğmalıq göstərməyimdə rol oynadı".

"Müəllimin uğuru şagirdidir" cümləsi Nərgiz xanımın da leksikonunda özünəməxsus yerdədir. Bir az əvvəldən, ilk fəaliyyət dövründən danışır:
“Yenicə universiteti bitirmişdim. Dahilərdən sitatlar gətirməyi çox sevirdim. Dərsimdə bunu tətbiq etmək istədim. İçəri girdim, Rumidən danışdım. Uşaqlardan biri “yenə başladı” deyəndə pərt oldum. Sanki auditoriya ilə məktəbi səhv salmışdım. Əslində, o sözü deyən uşaq ən sevimli şagirdlərimdən birinə çevrildi, daha sonra Polis Akademiyasının tələbəsi oldu”.
“Şagirdə" 2" qiyməti yazmaq elə öz əməyini qiymətləndirməkdir”
Hey gülərək adını çəkdiyi şagirdlərini görməyi mən də səbirsizliklə gözləyirəm.
Zəng vurulur. Sinfə keçirik. Üz ifadələrindən dərsə hazırlıqlı gələn və gəlməyənləri seçmək olur. Amma müəllimin bayaqdan bəri dilindən düşməyən Renatı da axtarıram. Çox səlis dərs danışacağını, suallara cavab verib əyləşəcəyini gözləyirəm. "Kim dərsə hazırdır?" sualına əlləri qalxmayan bir-iki şagird var. "Renat, bu gün də hazır deyilsən?" çalışqan şagirdə veriləcək sual deyildi. Nərgiz müəllimdən soruşuram ki, bayaqdan haqqında danışdığınız şagirdlər hazırlıqsız gəlib axı! Gülür.
"Bəli, hər dərsə hazırlıqlı gəlirlər deyə bilmərəm. Şərt deyil ki, mühəndis, ya memar olsunlar. Mən onlara, onların parlaq gələcəyinə inanıram. Bu şagirdlər sabahın əsgərləri, Vətən qoruyucularıdırlar. Şagirdə "2" qiyməti yazmaq elə öz əməyini qiymətləndirməkdir. Təkcə elm öyrətməklə iş bitmir. Bəzən onlara ana, bəzən bacı, bəzən sirdaş olmaq lazımdır. Qısası, anlamadığımız, anlamaq istəmədiyimiz şagird var. Pis şagird yoxdur".
.jpeg)
“Evimdəki bədii ədəbiyyatlardan hədiyyə verirəm”
Uşaqlar bir-bir dərslərini danışıb əyləşirlər. Müsahibim ev tapşırığı vermədiyini deyir: "Testi, çalışmanı sinifdə edirik".
Arada səs-küy gəlir. Pıçapıçla danışan uşaqlar özlərini gizlətmək istəsələr də, alınmır.
"Sinif otağında səs-küy yoxdursa, demək ki, orada dərs yoxdur. Dərs müzakirəli, diskussiyalı olmalıdır, şagird qıraqda qalmamalıdır. Onların düşüncələri, fikirləri qarşılıqlı şəkildə inkişaf etdirilməlidir. Düzdür, o qədər texniki imkanlar yoxdur ki, dərsləri daha yaddaqalan edək. Bacardığım qədər onları əyani yolla öyrətməyə çalışıram. Məsələn, hansısa əsəri keçəndə onun filmi, yaxud animasiyası varsa, uşaqlara izlədirəm. Uşaqları milli kinolarımıza baxmağa aparıram, birlikdə teatrlara da gedirik. Təbii ki, bütün bunlar valideynlərin icazəsi ilə həyata keçirilir. Bəzi vaxtlar yarışlar da təşkil edir, qaliblərə evimdəki bədii ədəbiyyatlardan hədiyyə verirəm".
Müəllim zəngdən sonra uşaqların “bülleten”ə yazdığı cavabları oxuyacağını deyir. Görəsən nə bülletendir bu?
Öyrənirəm ki, Nərgiz müəllim kiçik bir sual kitabçası hazırlayır. Şagirdlər oradakı sualların doğru cavabını qeyd etməlidirlər. Bu, hər ay təkrarlanır. Bəzən burada şagirdlərin özünün müəllimə ünvanladığı suallar da yer alır.

“Uşaqlar üçün sərhəd qoymaq doğru deyil”
Dərs boyu şagirdlərə diqqətini və sevgini eyni bölmək, onlarla nəvazişlə davranmaq məsuliyyət tələb edən işdir. Ancaq Nərgiz xanım bunu sevə-sevə etdiyini deyir.
"Onlar üçün sərhəd qoymaq doğru deyil. Danışmalı, sözlərini deməlidirlər ki, tanıyaq. Elə şagirdlər var ki, davamlı diqqətdə saxlanılmalıdır. Belə deyək, bu gün deyilən yalanlar sabahın oğurluqlarının təməlini qoyur".
Zəng vurulur. Müəllim otaqdan çıxarkən buradakı bir çox şagirdlərin digərləri kimi ingilis dili, cərrah, tarixçi və görkəmli ziyalılar olacağını deyir. Necə ki, indi öz qızının müəllimi də vaxtilə dərs dediyi şagirdidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər