Bütün xəbərlər
15 aprel, 13:12

BMT-nin Uşaq Hüquqları Konvensiyası (1989) hər bir uşağın təhsil hüququnu onların şəxsi inkişafı, layiqli həyat tərzi və cəmiyyətə töhfə verməsi üçün əsas sayıb. Təhsil hüququ həm də Dayanıqlı İnkişaf Məqsədlərinin əsas tələblərindəndir: “2030-cu ilədək hamı üçün ədalətli, inklüziv və keyfiyyətli təhsil təmin edilməlidir”.

Bununla belə UNICEF və UNESCO-nun 2023-cü il üzrə statistikasına görə:

– Dünyada 244 milyon uşaq və yeniyetmə məktəbə ardıcıl getmir. Bu, əsasən, aşağı və orta gəlirli ölkələrdə müşahidə olunur.

– 60 milyondan çox ibtidai məktəb yaşlı uşaq isə təhsildən tamamilə kənardadır.

UNICEF, UNESCO, Dünya Bankı kimi təşkilatlar “Təhsilə yeni baxış” (Reimagine Education) və “Təhsilsiz uşaq qalmasın” kimi proqramlarla həmin ölkələrin hökumətlərini dəstəkləyirlər.

Dünyada problemin həllinə fərqli yanaşaraq məktəblərin təkcə bina, partalar, dərslik və başqa avadanlıqlardan ibarət olmadığını dərk edənlər sayəsində qeyri-adi məktəblər yaranıb. Bu yazıda həm qəribə, həm də heyrətamiz binası ilə diqqəti cəlb edən məktəblər haqqında söhbət açacağıq.

1. Qayıq məktəblər (Banqladeş)

Banqladeşin kənd yerlərində uşaqların, xüsusən də qızların təhsil almaq imkanı olduqca məhduddur. Ənənəyə görə, burada məktəbə ilk olaraq oğlanlar göndərilir. Qızlar isə yalnız məktəb evə yaxın olduqda təhsil ala bilərlər. Çox vaxt ən yaxın məktəbin kilometrlərlə uzaqda olması qızların təhsilini qeyri-mümkün edir. İqlim dəyişikliyi sayəsində yaranan daşqınlara görə bölgədə uşaqlar aylarla məktəbə gedə bilmirlər.

Qeyri-hökumət təşkilatı “Şidhulain” problemin həllinə olduqca yaradıcı yanaşıb. “Uşaqlar məktəbə gedə bilmirlərsə, məktəb onlara doğru gəlməlidir” ideyasını həyata keçirib üzən məktəblər tikiblər.

Bu qayıq məktəblərin hər biri kompüter, internet və kiçik kitabxana ilə təchiz olunub. Qayıqlarda enerji günəş panelləri vasitəsilə təmin edilir. Məktəblər hətta daşqınlar zamanı belə normal fəaliyyət göstərir.

2. “Qatar platforması məktəbləri” (Hindistan)

Hindistanlı müəllim İnderjit Xurana hər gün qatarla işə gedərkən stansiyalarda günlərini dilənməklə keçirən onlarla uşaqla təmasda olurmuş. O bunun kütləvi problem olduğunu bildiyindən “məktəbi ən çox məktəbdən kənarda qalanlara yaxınlaşdırmaq” üçün xüsusi proqram hazırlayıb.

Xurananın stansiyalarda yaratdığı “qatar platforması məktəbləri”nin məqsədi yaradıcı ab-havanı, bilik və bacarıqları təmin etməklə uşaqları öz icmalarına töhfə verməyə sövq etməkdir.

3. Mağara məktəb (Çin)

Çinin Quancjou əyalətinin Miao kəndində yerləşən ibtidai məktəbin qəribə tərəfi o idi ki, o, dağın içində külək, yağış və zəlzələlər nəticəsində oyulmuş nəhəng bir mağarada yerləşirdi. Quancjou Çinin ən yoxsul əyalətlərindəndir. Səhralaşma və quraqlıq, su və ərzaq çatışmazlığı bölgə əhalisinin həyatını çətinləşdirib. Normal yaşamaq üçün şəraitin olmadığı bölgədə təhsil resurslarının çatışmazlığı adi hal idi. Hökumətdən heç bir dəstək almayan Miao sakinləri tikinti üçün resursları olmadığından, mağarada ibtidai məktəb açmağa qərar vermişdilər. 1984-cü ildə açılan Mid-Cave ibtidai məktəbində 8 müəllim 186 şagirdə dərs keçirdi. Lakin yerli sakinlərin bu həll yolu Pekindəki məmurların xoşuna gəlməyib. 2011-ci ildə hökumət "Çinin mağara adamları cəmiyyəti olmadığını" əsas gətirib məktəbin bağlanmasına qərar verib.

4. Köçəri məktəb (Sibir, Rusiya)

Cənub-Şərqi Sibirdə yaşayan Evenk adlı köçəri qrup öz həyat tərzini qoruyub saxlamağa çalışır. Şimal maralı otarmaq, ovçuluq və balıqçılıq evenklərin ənənəvi məşğuliyyətidir. Lakin keçmişə bağlılıq uşaqların ardıcıl təhsil almasına imkan vermirdi.

1960-cı illərin sonlarından bölgənin rəhbərliyi Evenk uşaqların öz ailələrindən və köçəri həyatdan uzaqda dövlət internat məktəblərinə getməsini tələb edirdi. Buna isə həmişə əməl etmək olmurdu.

2006-cı ildə fransız etnoloqu Alexandra Lavrillier Evenk uşaqlarına öz ata-baba ənənələrini qoruyaraq müasir təhsil almaq şansı verən köçəri məktəb ideyası ilə çıxış etdi. Onun “rəsmi eksperimental məktəb statusu” alan layihəsi evenklərə öz irsini qorumağa kömək edir.

5. “Gəlin qızlar” məktəbi (Keniya)

Təsəvvür edirsinizmi, bir qız dünyaya gəlib nəfəsini almamış atasından da yaşlı birinin “gələcək həyat yoldaşı” elan edilir. Körpənin gələcəyi və azadlığı bir neçə baş mal-qaraya satılır. Keniyanın Maasai qəbiləsindəki körpə qızlar dünyaya bu şəkildə gəlir.

Naninqoy qızlar ibtidai məktəbi 1999-cu ildə evlənmək üçün "bron edilən" yetkinlik yaşına çatmayan qızları xilas etmək üçün açılıb. Bu məktəb-layihənin əhəmiyyəti ondadır ki, qızların məktəbə buraxılması üçün onların atasına “başlıq” (mal-qara və başqa hədiyyələr şəklində) təqdim edilir. Məktəb o qızları ailələrindən alaraq onları internat məktəbində oxumağa və yaşamağa göndərir.

Yarandığı gündən bəri Naninqoy internat məktəb proqramı üzərində çalışan Margery Kabuyanın sayəsində hazırda internatda 350-yə yaxın şagird oxuyur.

6. Təkərli məktəb (Pakistan)

1993-cü ildə Kəraçi şəhərindəki qeyri-hökumət təşkilatı avtobus alaraq səyyar məktəb kimi istifadə etməyə başlayıb. Fondun məqsədi Kəraçi liman şəhərinin gecəqondu bölgələrində uşaqlara təhsil verməkdir. Skamyalar, yazı masaları və yazı lövhəsi ilə təchiz olunan avtobus şəhərin müxtəlif yerlərində hər biri iki saat olmaqla dörd növbədə 160 uşağa təhsil verir.

7. Pulsuz məktəb (Bruklin)

Onilliklər əvvəl ən parlaq dövrünü yaşamış "pulsuz məktəblər" təhsilalanların məcburi deyil, istədikləri zaman öyrənmələrinin vacibliyini vurğulayır. Bu yanaşma standartlaşdırılmış testlərdən, həddən çox ev tapşırıqlarından, məktəb kurikulumlarından bezmiş bəzi valideynlər və şagirdlər tərəfindən maraqla qarşılanıb.

Bruklin pulsuz məktəbinin dərs "cədvəl"inə aşağıdakılar daxildir: şahmat, debat, qorxu filmlərinin çəkilişi, Ninja Tısbağaları üçün mağaraların yaradılması və s.

Bu məktəbdə şagirdlər qiymət almır, ev tapşırığı və testlər yoxdur. İstədikləri zaman dərsə gedirlər. Məktəb demokratik ruhda idarə olunur.

8. Yaşıl damlı incəsənət məktəbi (Sinqapur)

Dünyanın ən heyrətamiz məktəblərindən biri Sinqapur Nanyang Texnologiya Universitetinin İncəsənət, Dizayn və Media Məktəbinin yaşıl damlı binasıdır.

38 milyon dollara başa gələn məktəbin rəsmi açılışı 2009-cu ilin aprelində olub. Mürəkkəb dizayn və memarlığın simvolu kimi qəbul edilən məktəb haqqında məlumat müxtəlif beynəlxalq dizayn nəşrlərində yer alıb.

Uzaqdan baxdıqda oranın 5 mərtəbəli bina olduğunu söyləmək çətindir. Məktəb damının yaşıl bitkilərlə örtülməsi istilik izolyasiyasına, binanın içərisində temperaturun sabit qalmasına, enerji sərfiyyatının azalmasına kömək edir. Damın yaşıl örtüyü yağış sularının axınını tənzimləyir və daşqın riskini azaldır. Bu dam tələbələr üçün görüş yeri kimi də istifadə olunur.

9. Kitabsız məktəb (ABŞ)

Qərbi Filadelfiyada yerləşən gələcəyin məktəbi təhsilalanlardan kitab tələb etmir. Bunun əvəzinə onlar yalnız kompüterdən istifadə edirlər. Hər sinifdə ağıllı lövhələr var. Məktəbdəki rəqəmsal şkaflar şəxsiyyət vəsiqəsinə bağlı flaş kart ilə açılır.

Məktəbdə adi dərs günü səhər saat 9-dan 16-dək davam edir. Təhsil alanların riyaziyyat və oxu üzrə balları olduqca yüksəkdir.

Odur ki, “təhsili harada olsa, kimdən olsa, almaq” devizi hər zaman aktualdır.

“Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

17 aprel, 19:28

Şagirdlərinin 90 faizi repetitor yanına getmədən yüksək bal topladı

17 aprel, 19:05

ATU-da zərərli vərdişlər ilə bağlı maarifləndirici tədbir keçirilib

17 aprel, 18:10

Azərbaycan və Çin universitetləri ilkə imza atdı 

17 aprel, 17:49

Azərbaycan İƏT-in ali təhsil üzrə ekspert görüşündə təmsil olunub

17 aprel, 17:30

“İmtahan suallarını asanlıqla yazdım” – Region birincisi

17 aprel, 17:24

Naxçıvanın 2 şagirdi buraxılış imtahanında 300 bal topladı

17 aprel, 17:13

“Balımı öyrənəndə bütün əziyyətlərim gözümün önündən keçdi” – Bakı məktəblisi

17 aprel, 16:59

“Sosial şəbəkələrə çox vaxt ayırmamaq lazımdır” -  Ən yüksək bal toplayan məktəbli

17 aprel, 16:52

300 bal toplayan şagird: Ən böyük arzum cərrah olmaqdır

17 aprel, 16:50

“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd

17 aprel, 16:19

Məqsədim həkim kimi ölkəmə xidmət etməkdir  – Region birincisi

17 aprel, 16:00

Qərbi Azərbaycan məktəbləri: Bala Məzrə məktəbinin təhsil tarixi – ARAŞDIRMA

17 aprel, 15:46

Beş paytaxt məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

17 aprel, 15:45

“Uşaqların tələbi həyatın tələbidir” – QƏZETİN ARXİVİNDƏN

17 aprel, 15:40

ADA Universiteti “Sərhədsiz riyaziyyatçılar” üçün qeydiyyata başlayıb

17 aprel, 15:30

Azərbaycan Tibb Universiteti tədris planlarını yeniləyəcək

17 aprel, 15:25

Azərbaycanda tanınmış İT proqramları üzrə tədrisə başlanılıb

17 aprel, 14:33

Buraxılış imtahanı ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

17 aprel, 14:30

11 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

17 aprel, 14:28

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandıSİYAHI 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.