
Azərbaycana ev sahibliyi etdiyi III MDB Oyunlarında qızıl medal qazandıran qaliblərdən biri də Əli Əliyevdir.
“Azərbaycan müəllimi” Əlinin uğur hekayəsini bölüşür.
Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10 “ç” sinfinin şagirdi Əli Əliyev hekayəsini böyük təvazökarlıqla, eyni zamanda coşqu ilə danışır:
“Bu turniri qazanmaq mənim üçün çox önəmli idi, çünki öz vətənimdə çıxış edirdim. Bu hissi sözlə ifadə etmək olmur. Çox böyük qürur hissi keçirdim. Çox sevincliyəm ki, Azərbaycan himnini bütün arenaya dinlətdim!”.

Əli boksla uşaqlıqdan maraqlanıb. Yarışda Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi adından çıxış edib. İlk addımlarını məşqçi Şahbaz Məmmədovun rəhbərliyi altında atıb. Hazırkı məşqçisi isə Bəhruz İbrahimovdur. Gənc idmançı həmçinin milli komandanın tanınmış məşqçiləri Vaqif Kazımov, Ağası Məmmədov və Teymur Məmmədovun da rəhbərliyi altında çalışır. Əli III MDB Oyunlarına güclü hazırlaşdığını deyir: “3-cü MDB Oyunlarına görə bizi, yəni yığma komandanı sentyabrın 9-da Şamaxıya fiziki hazırlıq üçün dəvət etdilər. Orada 7 gün fiziki hazırlıq keçdik, sonra Bakıya qayıdıb stabil məşqlərə başladıq. Gündə iki dəfə məşq edirdik və bu doğrudan da çox çətin idi. Amma bu çətin günlərdə valideynlərim mənə dəstək oldular”.
Final döyüşündə tacikistanlı idmançı ilə üz-üzə gəlib: “Döyüş çətin keçdi, amma çox şükür ki, qalib gəldim və Azərbaycan bayrağını kürsünün ən zirvəsinə qaldırdım. Ən ağır döyüşüm yarımfinalda oldu — Qazaxıstandan olan rəqiblə qarşılaşmışdım”.

İdmanla dərs arasında tarazlıq saxlamağın asan olmadığını deyən Əli bu məsuliyyətin fərqindədir: “Çalışıram ki, dərslərimi axsatmayım. Gələcəkdə peşəkar idmançı olmaq istəyirəm. Yaxşı idmançılar gücünü yarışda sınayır, çöldə yox. Nə qədər sadə olsan, bir o qədər ucalarsan”.
Qızıl medal Əlinin idmanda ilk böyük nailiyyəti deyil, amma onun üçün ən dəyərlisidir. Çünki bu dəfə arenada yalnız özünü deyil, Azərbaycanı təmsil edib. Söhbətimizdə boksçunun səsi hələ də qürurla səslənirdi: “Azərbaycan himni çalınanda bütün arenada hamı ayağa qalxdı. O an başa düşdüm ki, zəhmətimə dəyərmiş!”.
Onun qarşıda daha böyük hədəfləri var: “Əsas məqsədim iki ay sonra Almaniyada keçiriləcək Avropa birinciliyində çempion olmaqdır”.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər