Müəllimlər tədris prosesində yalnız dərs öyrətmir, eyni zamanda şagirdlərin dünyagörüşünü və xarakterini formalaşdırırlar. Buna görə də müəllimlərlə səmərəli ünsiyyət qurmaq həm şagird, həm də valideynlər üçün təhsil mühitini sağlam və faydalı etmək baxımından vacibdir. Araşdırmalara görə, bu mühitdə işlədilən bəzi ifadələr müəllimlərdə narahatlıq yaradır. Onların fikrincə, belə ifadələr yalnız ünsiyyəti çətinləşdirmir, həmçinin tədrisin keyfiyyətinə də mənfi təsir göstərir.
“Education week” (“Təhsil həftəsi”) təşkilatı sosial mediada sorğu keçirərək müəllimlərdən şagirdlərindən eşitmək istəmədikləri bəhanə xarakterli ifadələri paylaşmağı xahiş edib. Sorğuya Facebook və LinkedIn platformalarında böyük maraq göstərilib, 360-dan çox şərhdə müəllimlər öz təkliflərini bölüşüblər. Onlar şagirdlərdən dərslərini yerinə yetirməmək üçün tez-tez gətirdikləri bəhanələri sadalayıblar. Bu ifadələrin bir neçəsi xüsusilə diqqət çəkir və müəllimlərin ən çox narazı qaldıqları bəhanələr kimi önə çıxır:
“Bu, bizə lazım deyil”
Təhsilalanların və ya valideynlərin bu ifadəni istifadə etməsi müəllimlərin gördükləri işin dəyərini aşağı salır. Hər bir dərs planı, metodika və ya fəaliyyət müəyyən məqsədə xidmət edir. Belə ifadələr müəllimlərin zəhmətinə kifayət qədər dəyər verilmədiyini göstərir.
“Qiymət üçün oxuyuram”
Araşdırmalar göstərir ki, yalnız qiymət almaq üçün dərs oxuyan şagirdlərin bilik əldə etməsi və şəxsi inkişafı zəifləyir. Bu yanaşma təhsili qiymət almağa yönəlmiş bir proses kimi görür və onların motivasiyasını azaldır. Müəllimlər üçün əsas məqsəd yalnız qiymət deyil, şagirdlərə bilik və bacarıqları dərindən öyrətmək olmalıdır.
“Niyə bu qədər çox iş yükləyirsiniz?”
Bu ifadə şagirdlər tərəfindən müəllimlərin işinə tənqid kimi qəbul edilə bilər. Müəllimlər iş yüklərini tədris proqramı və kurikulumun tələblərinə əsaslanaraq planlaşdırırlar.
“Ev tapşırığını evdə unutmuşam”
Bu ifadə şagirdin öz məsuliyyətini yerinə yetirməməsi və dərsə hazırlıqsız gəlməsi kimi qiymətləndirilir. Belə bəhanələr şagirdlərin təhsilə ciddi yanaşmadığını və öz məsuliyyətlərini yetərincə dərk etmədiyini göstərir. Bunun səbəbi diqqətsizlik, tələskənlik və ya sadəcə proqramın sıxlığı ilə əlaqəli ola bilər.
“Bu dərslərdən gələcəkdə harada istifadə edəcəyəm ki?”
Şagirdlərdən tez-tez eşidilən bu ifadə müəllimlərin zəhmətinə hörmətsizlik kimi qəbul edilə bilər. Təhsil yalnız praktiki biliklərə deyil, həm də tənqidi düşüncə bacarıqlarının və şəxsiyyətin formalaşmasına istiqamətlənmiş prosesdir. Belə ifadələr təhsilin dəyərinin dərk edilmədiyini göstərir.
“Biz bunu internetdən də öyrənə bilərik”
Texnologiyanın inkişafı informasiya əldə etməyi asanlaşdırsa da, müəllimin tədrisdə rolu təkcə informasiya verməkdən ibarət deyil. Müəllimlər eyni zamanda təhsilalanlara yön göstərir, məzmunu düzgün izah edir və düşünməyə sövq edirlər. İnternetdə mövcud olan məlumatlar müəllimin verdiyi metodik yanaşmanı əvəz edə bilməz.
“Bu, sizin işinizdir”
Valideynlərdən, bəzən də şagirdlərdən gələn bu cümlə müəllimlər üçün ən məyusedici yanaşmalardan sayılır. Təhsil yalnız müəllimlərin məsuliyyəti deyil; bu, şagird, valideyn və təhsil sisteminin əməkdaşlığı ilə həyata keçirilən prosesdir.
“Qaydaları başa düşmədim”
Bu cür bəhanələr, adətən, şagirdlər tapşırıqlara və ya dərsə ciddi yanaşmadıqda eşidilir. Qaydaları başa düşməmək, düzgün izah almamaq və ya sadəcə diqqətsizlik üzündən ortaya çıxa bilər. Müəllimlər bu cür hallarla qarşılaşdıqda şagirdə əlavə izahatlar və təlimatlar verməli, məsuliyyətlərini anlamaq və gələcəkdə bu cür bəhanələrdən çəkinmək üçün onlara kömək etməlidir.
“Xəstə idim, ona görə çatdıra bilmədim”
Bu da şagirdlərin öz öhdəliklərini yerinə yetirməmək üçün istifadə etdikləri ifadələrdən biridir. Əlbəttə, xəstəlik başa düşülən bir səbəbdir, amma çox vaxt bu bəhanə şagirdlərin vaxtı düzgün idarə etməməsi və ya səmərəsiz istifadə etməsi ilə əlaqədar olur. Müəllimlər bu kimi hallarda şagirdin həqiqi səbəblərini dəyərləndirməli, eyni zamanda, ona məsuliyyətli davranışlar aşılamalıdırlar. Xəstəlik heç də daimi bəhanə olmamalı və şagirdlər dərslərini vaxtında tamamlamalıdır.
“Çox ev tapşırığı yazdırırsınız”
Tədris proqramına uyğun ev tapşırıqları dərsin mənimsənilməsini möhkəmləndirmək üçün tərtib olunur. Bu tip iradlar müəllimlərin tədris planlarına müdaxilə cəhdi kimi görünə bilər. Halbuki tapşırıqların məntiqini dərk edərək qarşılıqlı müzakirələr aparmaq daha faydalı olar.
“Ailə problemlərim vardı, ona görə dərsə vaxt ayıra bilmədim”
Bu cür bəhanələr təhsil və şəxsi həyat arasındakı balansın qurulmadığını və şagirdin təhsilə fokuslanmaqda çətinlik çəkdiyini əks etdirir. Müəllimlər üçün belə ifadələr problem yarada bilər, çünki dərs zamanı şagirdin şəxsi məsələləri təhsilin keyfiyyətinə və öyrənmə prosesinə mənfi təsir göstərə bilər. Şagirdlərə bu cür çətinlikləri idarə etməyi öyrətmək və eyni zamanda təhsilə ciddi yanaşmalarını aşılamaq vacibdir.
Göründüyü kimi, dünyanın harasında yaşamasından asılı olmayaraq, uşaqların dərs yükündən yayınmaq üçün gətirdiyi bəhanələr oxşardır. Bu bəhanələrin təkrarlanıb getdikcə gündəlik davranış halına çevrilməməsi üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür. Onlar övladlarının ev tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etməklə işini yekunlaşdırmamalı, eyni zamanda onlara müəllim əməyinin qiymətləndirilməsini də öyrətməlidir.
Mənbə: "Azərbaycan məktəbi" jurnalı
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)