
Azərbaycan təhsil istiqamətində inamla addımlamağa davam edir. Elm və Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir. Artıq Azərbaycan təhsil istiqamətində regionun inkişaf etmiş ölkələrindən hesab olunur. Buna misal olaraq, Azərbaycanda təhsil almaq həvəsi ilə gələn əcnəbi tələbələrin ilbəil artmasını nümunə vermək olar. Artıq 11000 ətrafında xarici tələbə Azərbaycan universitetlərinə maraq göstərməkdədir. Dövlət başçısının xarici ölkə səfərlərində ikili əməkdaşlıq istiqamətlərindən biri də məhz təhsil sahəsidir. Bu da dövlətin təhsilə olan diqqətini və münasibətini əks etdirir.
Xüsusilə də dövlətimizdə zərif nəslin nümayəndələrinin təhsilinə verilən diqqət və qayğı getdikcə artmaqdadır. Qız uşaqlarının ali təhsilə olan marağının istiqamətdə bir çox layihələr həyata keçirilir. Əvvəllər regionlarda və kənd məktəblərində qızların təhsilə olan marağının azlığı, valideynlərin bu istiqamətdə müəyyən əngəllər çıxardığı müşahidə olunurdusa, son illərdə bu kimi mənfi düşüncələr azalmağa doğru getməkdədir. Artıq rayonlardan olan ailələr də qız övladlarının ali təhsilə istiqamətləndirir və qızların ali təhsilli olması üçün müvafiq addımları atır. Biz bunun nümunəsini ali məktəblərə son illərdə keçirilən qəbul imtahanlarının nəticələrindən müşahidə edə bilərik. Region abituriyentlərinin yüksək bal toplaması, xüsusilə də qızların çoxluq təşkil etməsi sevindirici haldır. Xüsusilə son iki ilin buraxılış imtahanında 300 ən çox bal toplayan abituriyentlər içərisində qızların üstünlük təşkil etdiyi müşahidə olunur. Bu da ictimaiyyət tərəfindən sevinclə qarşılanır.
Qızların ali məktəblərə maraq dairəsinin artırılmasında dövlətin xüsusi xidmətləri danılmazdır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə təqdiredici layihələrinin də təsiri qaçılmazdır. Qız tələbələri üçün nəzərdə tutulan təşviqedici müxtəlif təqaüd proqramları məhz onlarda həvəsin artmasına və ixtisasının kamil mütəxəssisi olmasına xüsusi töhfə verir.
Bunlardan Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilən “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramında 2024-cü il üçün aztəminatlı ailələrdən və həssas qruplardan olan tələbə qızlardan 181 nəfər 200 manat məbləğində təqaüd alırdı.
“Zərif mühəndislər” təqaüd proqramı Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tərəfindən həyata keçirilir. Layihənin məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, mühəndislik sahəsində peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər təqaüd almaqla yanaşı, təcrübə və təlim proqramlarından yararlanmaqdır.
“Parla” təqaüd və inkişaf proqramı çərçivəsində Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə tələbə qızlar üçün elan etdiyi təqaüd proqramıdır ki, 2024-cü ildə 50 qız tələbəyə 200 manat məbləğində təqaüd verilib. Onlardan 5-i şəhid ailəsidir. Qeyd edək ki, həmin tələbələrdən 4-ü “NEQSOL Holding” və şirkətlərində işlə təmin olunub. 2025-ci il yanvar ayından “Parla” təqaüd və inkişaf proqramı çərçivəsində iştirakçıların sayı 86 olacaq.
Müxtəlif layihələrdə qız tələbələrinin aktiv iştrakı onlarda təhsilə olan marağın getdikcə artmasını göstərməkdədir. Prezident təqaüdü alanlar içində qız tələbələrin çoxluq təşkil etməsi, yüksək bal ilə qəbulun aparıldığı tibb, hüquq kimi ixtisaslarda qızların çoxluğu sevindirici haldır. Bu kimi nüansların vacibliyi və qızların ali təhsilə yiyələnməsi istiqamətində aparılan dövlət siyasəti möhkəm ailə bağlarının formalaşmasına xidmət edir. Bu kimi layihələri Elm və Təhsil Nazirliyinin digər dövlət və özəl təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi qızların erkən evliliyinin qarşısını almaqda xüsusi rol oynayır.
Ramin Nurəliyev
Təhsil eksperti
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər