
Tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, tibb sahəsində elmi tədqiqatlar aparacaq və regionda əhalinin sağlamlığının qorunmasında iştirak edəcək Qarabağ Universitetinin Klinikası növbəti tədris ilindən fəaliyyətə başlayacaq.
Klinikanın baş direktoru Samir Babayev “Azərbaycan müəllimi”nə müsahibəsində hazırlıqlardan, klinikanın qurulması prosesindən danışıb.
“Türkiyədən, Almaniyadan olan professor heyətimiz, müəllimlərimiz fəaliyyət göstərəcək”
- Qarabağ Universitetinin Klinikası fəaliyyətə hazırdırmı?
- Hazırıq. Bu günlərdə Qarabağ Universitetinin Tibb və sağlamlıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olacaq komanda üçün təlimlərə start verilib. Tədris proqramları, qiymətləndirmə modellərini əhatə edən təlimlərdə Qarabağ Universitetində tibb təhsili verəcək 40-dan çox müəllimimiz iştirak edir. Onların arasında tibb təhsili mütəxəssisləri, tibdə təməl fənn müəllimləri və peşəkar həkimlər, “tibb bacısı/tibb qardaşı” ixtisası üzrə dərs deyəcək peşəkarlar var. Müəllim heyətimiz fərqli təcrübələrə sahibdirlər. Həm gənc peşəkarlarımız, həm də Türkiyədən, Almaniyadan olan professor heyətimiz, müəllimlərimiz fəaliyyət göstərəcək. Azərbaycan, Türkiyə və Avropadan olan həmin peşəkarlarla keçirilən təlimdə dərs vəsaitlərini, imtahan modellərini müzakirə edirik. Kurikulum üzrə müzakirələrimiz yekunlaşır, cədvəllərimizi də bu təlimlərdə qərarlaşdıracağıq. Təlimlər 3 həftə davam edəcək və avqust ayının sonunda tam heyətlə Qarabağa köçəcəyik.
- Komandanızı artıq formalaşdırdığınızdan danışdınız. Bu komandada görmək istədiyiniz başqa kimlərsə var, kimi dəvət etmək istəyərdiniz?
- Əlbəttə. Günlərimin böyük hissəsi komandamıza dəvət etdiyimiz həkimlər, tibb bacısı, tibb qardaşları ilə həm onlayn, həm canlı görüşlərdə keçir. Bakalavriatdan sonra magistraturanı, doktoranturanı da bitirmiş tibb bacısı\tibb qardaşı müəllimi ola biləcək şəxslərin sayı çox deyil. Ölkədə təxminən 10 nəfərə yaxın belə şəxs ola, ya olmaya. Odur ki, bu ixtisas üzrə xaricdən dəvət edə biləcəyimiz müəllim axtarışındayıq. Bu baxımdan vurğuladım ki, komandamız həm Azərbaycandan, həm də xaricdən dəvət olunan mütəxəssislərdən təşkil olunacaq. Biz komandamızı 3 sütunda görürük. Birinci sütunda Azərbaycanda təhsil almış, karyerasının ortasında olan peşəkarlardır. İstəyirik ki, universiteti yeni bitirən gənc də olmasın, tezliklə yaşı ilə əlaqədar təqaüdə çıxacaq insan da olmasın.
-Karyerasının zirvəsini Qarabağ Universitetinin Klinikasında görsün deyirsiniz?
-Bəli, istəyirik ki, karyerasında zirvəni bizdə görsünlər. Onlara dəstək olacaq xaricdən dəvət etdiyimiz mütəxəssislər quruculuq işində kömək göstərəcək, mentorluq edəcəklər. Üçüncü sütunu isə ölkəmizdə yetişmiş, karyerada ölkəmizdə yüksəlmiş peşəkarlar təşkil edəcək ki, onlar Qarabağa gəlib-gedəcək. Bəzi boşluqlarımızı məhz onlarla dolduracağımızı düşünürük.

“Qarabağ Universitetinin Klinikasında elmi fəaliyyətimi tədqiqat yönündə genişləndirmək niyyətindəyəm”
- Qarabağ Universitetinə xaricdən gələn mütəxəssislərdən biri də sizsiniz. Niyə burdasınız, sizi Amerikadan Qarabağa hansı məqsəd gətirib?
- Bəli, 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində tibb təhsili almışam. 2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində rezidentura üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramı üzrə təhsilimi davam etdirmişəm. 20 ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışmışam.
Çoxsaylı elmi əsərlərin müəllifiyəm. Və bir gün fərqinə vardım ki, Amerikada gördüyüm işləri təhsildə bu səviyyəyə çatan hər kəs görə bilir. Fərqli bir iş görmək, daha çox insanın həyatına toxunmaq lazımdır. Mənim də həkim və müəllim olaraq belə bir imkanım var, bunu niyə öz ölkəmdə etməyim? İkinci bir məsələ, Qarabağ müharibəsindən və antiterror əməliyyatlarından çox təsirləndim. Çünki artıq Qarabağın nə vaxtsa bizə qayıdacağına olan inamımı itirirdim. Qarabağda gəzməyə imkanımızın olmayacağını düşündüyüm bir vaxtda birdən-birə Qarabağda işləmək imkanı olduğunu gördüm. Odur ki, heç tərəddüd etmədən Azərbaycana gəldim. Artıq 1 ildir ki, həm Qarabağ Universitetinin Klinikasını, həm də Qarabağ Universitetinin Tibb və sağlamlıq Fakültəsini qurmaq üçün Azərbaycana qayıtmışam. Burada tələbə, həkim, tibb bacısı, tibb qardaşı yetişdirmək imkanım var və bu qərarı verərkən həm də qəhrəman Azərbaycan əsgərindən, bu torpaqlar uğrunda canından keçən oğullardan ilhamlandım. Bundan sonrakı mərhələdə Qarabağ Universitetinin Klinikasında elmi fəaliyyətimi tədqiqat yönündə genişləndirmək və reproduktiv sağlamlıq sahəsində bilik və təcrübəmi bölüşmək niyyətindəyəm. İnanıram ki, bu sahədə ölkəmizdə aparıcı tibbi və akademik mühitin formalaşmasına töhfə verəcəyəm. Bu, mənim həm də vətəndaşlıq missiyamdır.

“İnteqrativ tədris proqramı həyata keçiriləcək”
-Güclü komanda formalaşdırılıb və dediyinizə görə, tədris proqramlarına da komanda şəklində qərar vermisiniz. Proqramlarınızın fərqi, üstünlüyü nə olacaq?
- Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində inteqrativ tədris proqramı həyata keçiriləcək. Bu proqram dünyada nadir universitetlərdə tədris edilir. “İnterprofessional education” (IPE) adlanan bu proqram iki ixtisasın bir arada öyrədilməsini ehtiva edir. “Tibb bacısı\tibb qardaşı”, “Tibb” ixtisası üzrə yetişdirəcəyimiz tələbələrimiz bərabər dərs keçəcək, bərabər öyrənəcəklər. Bu da onlara imkan yaradacaq ki, bir komanda olaraq işləməyi tələbəlikdən öyrənsinlər. Düşünürəm ki, səhiyyə sistemimizin problemlərindən biri də budur. Səhiyyəmizdə müşahidə olunan bu problemin yaratdığı boşluğu məhz Qarabağ Universitetinin Klinikasında yetişdirdiyimiz kadrlarla dolduracağımıza inanırıq. Təbii ki, “Tibb bacısı/tibb qardaşı” ixtisası ilə həkim ixtisaslarını təhsil alanlar axıra qədər bir yerdə, bir sinifdə davam etdirə bilməzlər. Tutaq ki, həkimlər üçün müalicə və diaqnostika tərəfi daha vacib olduğu üçün həmin ixtisaslarda əsasən bu istiqamətdə tədrisə üstünlük veriləcək. “Tibb bacısı\tibb qardaşı” ixtisası üzrə hazırlanan kadrlarımızda isə xəstəyə qulluq istiqaməti əsas təşkil edəcək. Bu səbəbdən II kursdan dərslər qismən ayrılacaq, buna baxmayaraq, tələbələrimizin bir yerdə vaxt keçirmələri, komanda kimi formalaşmaları üçün yuxarı kurslarda da birgə öyrənmə prosesini təmin edəcəyik.
“Xəstə həkimin, ya da ona xidmət edən tibb bacısının yanından çıxandan sonra özünü yaxşı hiss eləmirsə, demək, o həkim və ya tibb bacısı, tibb qardaşı uğursuzdur”
-Qarabağ Universitetində tibb təhsili almağın hansısa başqa özəlliyi olacaqmı?
- Həkimlik, tibb bacısı, tibb qardaşı peşələri, sadəcə elm deyil. Düşüncəmiz bundan ibarətdir ki, xəstə həkimin, ya da ona xidmət edən tibb bacısının yanından çıxandan sonra özünü yaxşı hiss eləmirsə, demək, o həkim və ya tibb bacısı, tibb qardaşı uğursuzdur. Bu peşələr düzgün resept yazmaq, yaxud düzgün prosedura yerinə yetirməklə məhdudlaşmır, onların əsasını ünsiyyət, empatiya qurmaq təşkil edir. Səhiyyə işçisi olmağın azı yarısı yaxşı insan olmaqdır. Tələbələrimiz fakültəmizə 16-17 yaşından gələcəyi üçün onları düzgün inkişaf etdirmək, hərtərəfli yetişdirmək üçün incəsənət vacibdir. Biz də tələbələrimizin bu istiqamətdə bacarıqlarını da inkişaf etdirəcəyik. Bunun üçün də Qarabağ Universitetinin imkanlarından istifadə edəcəyik. Bildiyiniz kimi, Qarabağ Universitetinin 7 fakültəsindən biri də İncəsənətdir. Ona görə də hər bir tələbəmizin qarşısında mütləq seçməli olduğu bir incəsənət növü olacaq. Seçmək məcburiyyət olsa da, məşğul olacağı növlərə özləri qərar verəcəklər. İstər musiqi, istər rəsmi seçə bilərlər. Yaxud dizayn, aktyorluq, rəqs və başqa istənilən incəsənət növü ilə həftədə bir neçə saat məşğul olmaq onların şəxsiyyət kimi formalaşmalarında rol oynayacaq.
“Təcrübəyə əsaslanan tədris prosesi təşkil edəcəyik”
- Müəllimlər seçilib, tədris proqramları müəyyənləşdirilib, hətta məşğuliyyətlərinə belə qərar verilib. Bəs tələbələr necə? Söhbət neçə nəfər tələbədən gedir? 2 ixtisas üzrə bu il neçə nəfərin qəbulu planlaşdırılıb?
- Tələbə sayı 100 nəfərlə məhdudlaşır: onların 70-ı “Tibb” ixtisası, əvvəlki adı ilə desək, “Müalicə işi” üzrə, 30 nəfər isə “Tibb bacıs\Tibb qardaşı” ixtisası üzrə təhsil alacaq. “Tibb bacısı/tibb qardaşı” bakalavriat səviyyəsində tədris olunacaq. Azərbaycan Tibb Universiteti də bakalavriat səviyyəsində tibb bacısı, tibb qardaşı hazırlayır. Düşünürəm ki, bu bakalavriat proqramı gənclərimiz üçün fərqli imkanlar açacaq. Hazırda orta ixtisas təhsili müəssisələrində yetişən peşəkar tibb bacısı, tibb qardaşı tələbələrimiz var, lakin onların akademik həyatlarını davam etdirmək imkanları olmur. Yaxud idarəçilikdə təmsil oluna bilmirlər. Bakalavriat səviyyəsində təhsil alanlar isə sonradan təhsillərini magistraturada davam etdirir, daha sonra universitetdə müəllim kimi fəaliyyət göstərirlər. Nəinki akademik həyatlarını davam etdirmək, həmçinin xəstəxanaların idarəetməsinə cəlb olunub, karyerada sürətlə irəliləmək imkanı qazanırlar.
-Bəs sonrakı illərdə tələbə sayını artıracaqsınız, yoxsa bu say məqsədyönlü nəzərdə tutulub?
- Daha çox məqsədyönlüdür. Biz Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində təcrübəyə əsaslanan tədris prosesi təşkil edəcəyik. Sırf bu səbəbdən fakültəyə plan yeri azdır. Burada fənlərin inteqrasiya olunmuş şəkildə tədrisindən söhbət gedir. Məsələn, “Ürək-damar sistemi” mövzusunu tələbələrimiz tam şəkildə öyrənəcək. Sistemin anatomiyası, fiziologiyası və farmakalogiyasını bir arada tədris ediləcək və bu, tələbələrə fənlərarası əlaqələri daha asan qurmağa, mövzuları daha yaxşı mənimsəməyə kömək edəcək. Əvvəllər tibb təhsilində, tutaq ki, anatomiyanın tədrisinə bir il və ya bir il yarım ayrılırdısa, indi artıq bu yanaşmadan imtina edilir. Bu, bizim fərqləndiyimiz əsas xüsusiyyətlərdən biri olacaq.
- Tələbələrimiz insanı, onun orqanizmini və xəstəliklərini necə, hansı şəraitdə öyrənəcəklər? İlk gündən Qarabağ Universitetinin Klinikasında bunun üçün zəruri şərait olacaq?
- Qarabağ Universitetinin Klinikası deyəndə böyük bir klinika sistemindən söhbət gedir. Təxminən 200 çarpayılıq klinika, yanında tədris binası fəaliyyət göstərəcək. Tədris binası ilə klinika bir-birinə yaxın yerləşib. Tələbələrimizin birinci kursdan etibarən klinikada olma imkanları olacaq və bu imkan tədris proqramımızın bir hissəsidir.
İkincisi, bizim çox müasir 500 kvadratmetrlik Simulyasiya mərkəzimiz var. Burada ən müasir avadanlıqlarla peşəkar komanda işləyəcək. Tələbələr birinci kursdan başlayaraq qan alma, iynə vurma, ürək masajı kimi ilkin bacarıqları öyrənəcəklər. Tədricən isə daha mürəkkəb prosedurları da mənimsəmək imkanları olacaq. Prosedurları birbaşa xəstə üzərində deyil, xüsusi maketlər üzərində öyrənəcək, sonra xəstələr üzərində tətbiq edəcəklər.

Tələbələr ikinci kursdan başlayaraq xəstələrlə birbaşa təmas quracaqlar
- Maraqlıdır, tələbələriniz ilk xəstələrini nə vaxt görəcəklər?
-Tələbələrimiz ilk kursdan klinikada olsa da, ilkin bacarıqları Simulyasiya mərkəzində xüsusi maketlər üzərində öyrənəcəklər. Bizim təhsil modelimiz icma ilə erkən təmasların olduğu icma-əsaslı təhsilə (Community-Based Education, CBE) əsaslanır. Daha mürəkkəb prosedurlara hazır olduqdan sonra, yəni ikinci kursdan başlayaraq, tələbələr xəstələrlə birbaşa təmas quracaqlar.
- Belə başa düşdüm ki, ölkə səhiyyəsinin və tibb təhsilinin problemlərini araşdırmısınız, boşluqları müəyyənləşdirmisiniz və fəaliyyətinizi bu istiqamətdə qurmağı planlaşdırmısınız…
- Elədir. Azərbaycandan 19 yaşımda ayrılsam da, 21 il ölkədə yaşamasam da, ailəmdə həkim çoxdur, atam, anam, bacım bu peşənin sahibidirlər, ətrafımda tibb təhsilində müşahidə olunan boşluqlardan xəbəri olan insanlar çoxdur. Eyni zamanda, fakültəmizin qurulmasında 60 nəfərdən ibarət Məsləhətçi Şura iştirak edir. Almaniya, Niderland Krallığı, Türkiyə, Amerikadan olan tibb təhsili mütəxəssislərindən ibarət Şura ilə məsləhətləşirik. Fakültəmizdə tətbiq ediləcək tədris proqramları, kurikulumu onlarla birlikdə hazırlayırıq. İndidən dünya standartlarına uyğun kurikulum qururuq ki, gələcəkdə beynəlxalq akkreditasiyanı əldə edək. İlk məzunumuz olan kimi diplomumuz dünyada tanınsın. İlk məzunumuz “Tibb bacısı\tibb qardaşı” ixtisası üzrə 4 il sonra olacaq. Amma biz o vaxta qədər gözləməyəcəyik, artıq proqramlarımızdan başlayaraq bu prosesə hazırlıq mərhələsinə başlamışıq. Məsləhət Şurasının kurikulum hazırlayan heyətinin tərkibində də fərqli akkreditasiya qurumlarının liderləri yer alıb. Onlar bizə bu istiqamətdə necə bir yol izləməli olduğumuzu göstərirlər.
“Qarabağ Universitetinin özünün mütləq Ailə Sağlamlıq Mərkəzi olacaq”
- Ali təhsil müəssisələrinə qəbul imtahanlarına ixtisas seçimi ərəfəsində qəbul imtahanlarında ən yüksək bal toplayanlara nə vəd edirsiniz ki, sizi seçsinlər?
- Hazırda iki istiqamətdə iş gedir. Birincisi, proqramın dizaynıdır. 70 nəfər “Tibb”, 30 nəfər tibb bacısı/tibb qardaşı ixtisasları üzrə qruplar təşkil ediləcək. Bu say o deməkdir ki, təcrübə əsasında öyrənən kiçik qruplarda tədris həyata keçirəcəyik. Yəni yaxşı həkim, yaxşı tibb bacısı, ya da tibb qardaşı olmaq istəyənlər üçün Qarabağ Universiteti ən yaxşı seçimdir.
İkincisi, tələbələrimiz təcrübəsini Ailə Sağlamlıq mərkəzlərində icma ilə bərabər keçəcəklər. Bu, tələbələrimizin müstəqil həkim kimi yetişməsinə imkan yaradacaq. Onlar Ailə Sağlamlıq mərkəzlərində təcrübəli həkimin nəzarəti altında müstəqil işləyəcəklər. Təbii ki, bizim fərqli bölümləri olan öz xəstəxanamız var, orada onlar kifayət qədər təcrübə qazanacaqlar. Amma ASM təcrübəsi, ilkin səhiyyə xidmətinin parçası olmaq tələbələrimizin praktik imkanını artıracaq. Qarabağ Universitetinin özünün mütləq Ailə Sağlamlıq Mərkəzi olacaq və burada həm ilkin, həm də ikinci, üçüncü səviyyəli səhiyyə xidmətləri göstəriləcək. Amma Qarabağda – Bərdə, Ağdam, Laçın, Zəngilanda, bir sözlə Xankəndi və onun ətrafındakı ərazidə tibbi xidmət göstərən bütün Ailə Sağlamlıq mərkəzlərini tələbələrimizin təcrübə keçəcəyi yer kimi görürük. Bu yolla həm icmaya töhfə verəcəklər, həm də əla öyrənmək imkanlarından istifadə edəcəklər. Biz onları həmin mərkəzlərə tam hazırlıqlı göndərəcəyik. Simulyasiya mərkəzində öyrənəcək, öz xəstəxanamızda mütəxəssislərimizin nəzarəti altında öyrəndiklərini tətbiq etdikdən sonra ASM-lərdə işləyib orada həkimlərə kömək edəcəklər.
Ən önəmlisi, Qarabağ Universitetini ona görə seçsinlər ki, burada tarixdə ilk olmaq şansları olacaq. Təbii ki, ölkəmizdə tibb təhsili almaq istəyən yeniyetmə və gənclərin seçim imkanı çoxdur, amma Qarabağ Universitetini seçməklə burada tibb təhsili alan ilk tələbə, ilk məzunları olacaqlar. İlk olmaq isə tarixin yeni səhifəsini yazmaq deməkdir. Bu o deməkdir ki, Qarabağ Universitetini seçən həm də ilk məzun olacaq. İlk məzun olmaq isə ənənənə formalaşdıranlardan bir olmaq deməkdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər