Bütün xəbərlər
29 sentyabr, 16:22

Müasir dövrdə təhsilin keyfiyyəti ölkələrin sosial-iqtisadi inkişafında həlledici rol oynayan əsas strateji sahələrdən biri hesab olunur. Keyfiyyətli təhsil yalnız şagirdlərin bilik və bacarıqlarının inkişafı ilə məhdudlaşmır, həm də onların cəmiyyətə fəal, məsuliyyətli və yaradıcı fərdlər kimi inteqrasiyasını təmin edən mühüm amildir. Bu baxımdan, ümumi təhsil pilləsində təhsilin keyfiyyətinə nəzarət mexanizmlərinin səmərəliliyi, ilk növbədə, şagird nailiyyətlərinin obyektiv şəkildə qiymətləndirilməsi ilə sıx bağlıdır. Şagirdlərin bilik, bacarıq və səriştələrinin ölçülməsi, təlim prosesinin keyfiyyətinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi üçün əsas vasitə kimi çıxış edir. 

Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə nəzarət tədris prosesinin ən vacib elementlərindən biridir, çünki istifadə olunan tədris vasitələrinin və metodlarının səmərəliliyini qiymətləndirməyə, müvafiq təhlillər əsasında mümkün çatışmazlıqları müəyyən etməyə imkan verir. Bundan əlavə, nəzarət şagirdlərin öz bilik səviyyələrini təkmilləşdirməyə stimul verir və onlarda yüksək nəticələr əldə etmək istəyi yaradır. 

Bu mənada ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə nəzarət kortəbii şəkildə deyil, məqsədyönlü, planlı və sistemli yanaşma əsasında həyata keçirilməlidir. Bu nəzarət prosesi yalnız ümumi müşahidələrlə məhdudlaşmamalı, konkret fəaliyyət planına əsaslanmalı və əvvəlcədən hazırlanmış elmi-metodiki yanaşmalara söykənməlidir. Xüsusilə, şagirdlərin bilik və bacarıqlarının monitorinqi üçün təlim tapşırıqlarının məqsədəmüvafiq, məzmun və forma baxımından standartlara uyğun şəkildə hazırlanması son dərəcə vacibdir. Bu tapşırıqlar şagird nailiyyətlərini obyektiv şəkildə qiymətləndirməyə imkan verməli və nəticələr üzrə təlimin səmərəliliyi barədə dəqiq məlumat təqdim etməlidir. 

Bu baxımdan, təhsilin keyfiyyətinə nəzarət prosesinin vahid yanaşma və alqoritm əsasında təşkili zəruridir. Belə bir alqoritm həm qiymətləndirmə meyarlarını, həm də istifadə olunan metod və vasitələri sistemləşdirərək, məktəbdaxili keyfiyyət təminatı sisteminin səmərəliliyini artırmağa xidmət edir. Bu həm də müəllimlərin və məktəb rəhbərlərinin təlimin nəticələrinə əsaslanan qərar qəbul etməsini asanlaşdırır, təlim prosesinin təkmilləşdirilməsinə şərait yaradır və ümumilikdə təhsildə şəffaflığı və hesabatlılığı gücləndirir. 

Son illərdə təhsildə keyfiyyətə nəzarət və onun idarə olunmasının təşkili ilə bağlı məsələlər ölkəmizdə intensiv şəkildə araşdırılıb və bu sahədə müxtəlif yanaşmalar, modellər və tətbiq mexanizmləri təklif olunub. A.O.Mehrabovun tədqiqatlarında əsas diqqət keyfiyyətin ölçülməsi, qiymətləndirilməsi, idarəetmə proseslərinə inteqrasiyası və davamlı inkişafın təmin olunmasına yönəlir. Bununla yanaşı, alim tərəfindən mövcud problemlərin aradan qaldırılması və daha səmərəli keyfiyyət təminatı sistemlərinin formalaşdırılması istiqamətində sanballı elmi əsaslı tövsiyələr hazırlanıb (Cabbarov, 2015). 

Bu yanaşma bəzi tədqiqatçıların təhsilin keyfiyyətini birbaşa öyrənənlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi ilə əlaqələndirməsi fikrini dəstəkləyir. Çünkitəlim nəticələrinin obyektiv şəkildə qiymətləndirilməsi keyfiyyətin idarə olunan, ölçülə və inkişaf etdirilə bilən bir prosesə çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Təhsildə keyfiyyət dəyişikliyinə nail olmaq üçün bir çox çağırışlar da mövcuddur. İlk növbədə, təhsilin keyfiyyətinin qiymətləndirilməsi və biliyin ölçülməsi istiqamətində ciddi islahatlara ehtiyac vardır... Müasir dövrün tələblərinə cavab verən və müxtəlif illər üzrə təhsildə keyfiyyət dəyişikliklərini düzgün müqayisə etmək imkanı yaradan yeni mexanizmlərin tətbiqi qarşıda duran ən mühüm vəzifələrdən biridir... Qiymətləndirmə yalnız hansısa faktları sadəcə qeydə almaqdan ibarət olmayıb, mahiyyətcə şagirdlərin yaradıcılıq, düşünmə, yazı, oxu, şifahi nitq, vətəndaşlıq, ictimai məsuliyyət və bu kimi digər keyfiyyətlərinin müəyyənləşdirilməsinə xidmət etməlidir” (Mehrabov, 2007).

Bütün bu tədqiqatlar göstərir ki, təhsildə keyfiyyətin təminatı yalnız idarəetmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə deyil, həm də təlimin əsas komponentlərinin, xüsusilə də şagird nailiyyətlərinin ölçülməsi mexanizmlərinin inkişafı ilə sıx bağlıdır. Bu kontekstdə şagirdlərin bilik və bacarıqlarının monitorinqi təlim prosesinin mühüm elementidir. Tədris fəaliyyətinə nəzarəti düzgün quran müəllim təhsilin məqsədlərinə çatmaq üçün şagirdlərin biliyini aydın və obyektiv qiymətləndirmək, həm özlərinin, həm də şagirdlərin səhvləri üzərində işləmək imkanına malikdir. Bu zaman şagirdlərin idrak qabiliyyətlərinin inkişafı və müstəqil işlərinin aktivləşməsi üçün müsbət şərait yaradılır. Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə nəzarətin düzgün qurulması müəllimə sinifdə təklif olunan materialın şagirdlər tərəfindən mənimsənilmə səviyyəsini düzgün qiymətləndirməyə, həmçinin onların işini təhlil etməyə imkan verir. 

Təhsil sosial əhəmiyyətli nemət olan və insanın, ailənin, cəmiyyətin və dövlətin maraqları naminə həyata keçirilən vahid məqsədyönlü təlim-tərbiyə prosesi, habelə əldə edilmiş bilik, bacarıq və dəyərlər sisteminin məcmusu, şagirdlərin bilik, bacarıq və səriştələrə yiyələnməsi, fəaliyyətdə təcrübə qazanması, bacarıqların inkişaf etdirilməsi, biliklərin gündəlik həyatda tətbiqi təcrübəsinin qazanılması və şagirdlərdə bütün həyatı boyu təhsil almağa motivasiyanın formalaşdırılması istiqamətində məqsədyönlü bir prosesdir. 

Təhsilin keyfiyyəti dövlət təhsil standartlarının (kurikulumun) tələblərinə cavab verən, təhsil fəaliyyəti və şagird hazırlığının bütün əsas aspektlərini əhatə edən hərtərəfli göstəricidir. O həmçinin dövlət təhsil standartlarında (kurikulumda) planlaşdırılmış nəticələrə nə dərəcədə nail olunduğunu da əks etdirir. Təhsilin keyfiyyətinə bu cür hərtərəfli yanaşma, onun yalnız ümumi prinsiplərlə deyil, eyni zamanda konkret ölçülə bilən nəticələrlə, xüsusilə də şagird nailiyyətləri ilə müəyyənləşdirilməsini zəruri edir. Bu baxımdan, təhsilin keyfiyyət göstəricilərindən biri kimi şagirdlərin bilik və bacarıqlarının monitorinqi xüsusi əhəmiyyət kəsb edir. Monitorinqin əsas məqsədi şagirdlərin əldə etdikləri təlim nailiyyətlərini, mövcud boşluqları və səhvləri müəyyənləşdirməklə yanaşı, biliklərin dərinləşdirilməsi, praktik bacarıq və vərdişlərin inkişaf etdirilməsi yollarını müəyyən etməkdir. Monitorinq prosesi həm də şagirdləri təlimə daha fəal şəkildə cəlb etmək, onlarda öyrənməyə qarşı motivasiyanı artırmaq və davamlı inkişaf üçün əlverişli şərait yaratmaq məqsədi daşıyır. Bu məqsədin reallaşdırılması isə bir neçə əsas istiqamət üzrə aparılır (Cabbarov, 2015): 

Birincisi, monitorinqin məqsədi tədris materialının şagirdlər tərəfindən mənimsənilmə səviyyəsinin müəyyən edilməsidir. Bu, dövlət təhsil standartlarında (kurikulumda) nəzərdə tutulmuş bilik, bacarıq və səriştələrin hansı dərəcədə mənimsənildiyini obyektiv şəkildə qiymətləndirməyə imkan verir və nəticə etibarilə tədris prosesinin keyfiyyətinə dair konkret göstəricilər təqdim edir. 

İkincisi, monitorinq təkcə biliyin ölçülməsi ilə məhdudlaşmır, eyni zamanda şagirdlərdə qarşılıqlı nəzarət, özünüqiymətləndirmə və özünüidarəetmə bacarıqlarının formalaşdırılmasına xidmət edir. Bu, şagirdlərin təkcə öyrənən kimi deyil, həm də öyrənmə prosesində fəal iştirak edən subyekt kimi yetişməsinə şərait yaradır. 

Üçüncüsü, monitorinq prosesi şagirdlərdə yerinə yetirdikləri işə qarşı məsuliyyətli münasibət, təşəbbüskarlıq və cavabdehlik kimi mühüm şəxsi keyfiyyətlərin formalaşdırılmasına dəstək verir. Şagirdlər nəzarəti müəllimin sadəcə qiymət vermə aləti kimi deyil, onların bilik və bacarıqlarının obyektiv əsaslarla qiymətləndirildiyi, təkmilləşmə və inkişaf üçün imkanlar təqdim edən konstruktiv bir proses kimi qəbul etməlidirlər. Bu zaman onlar öyrəndiklərinin müəllimin subyektiv yanaşmasından deyil, təlimin real tələblərindən qaynaqlandığına əmin olur və bu da onların təlimə olan inamını və motivasiyasını artırır. 

Beləliklə, təhsilin keyfiyyətinə nəzarət təkcə diaqnostik bir vasitə deyil, həm də təlimin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin şəxsiyyətinin inkişafı və təhsil prosesinə daha dərin inteqrasiyası baxımından mühüm funksiyaya malikdir. 

Belə nəticəyə gəlmək olar ki, müəllimlərə tədris materialının şagirdlər tərəfindən mənimsənilmə səviyyəsini müəyyən etmək üçün biliyə nəzarət, şagirdlərə isə materialı ümumiləşdirmək, ondan əsas məqamları müəyyən etmək və fərdi bilikləri düzəltmək üçün biliyə nəzarət lazımdır. 

Buradan da göründüyü kimi, şagirdlərin bilik, bacarıq və səriştələrinin yoxlanılması təhsil prosesinin mühüm hissəsidir, onun düzgün təşkili təlimin uğurunu böyük ölçüdə müəyyən edir. Bu, şagirdlərin bilik və bacarıqlarındakı üstün və mənfi cəhətləri müəyyən etməyə imkan verir, müəllimlər isə həmin məlumatlar əsasında tədris prosesini idarə edir, iş üsullarını təkmilləşdirir. Düzgün aparılan qiymətləndirmə şagirdlərin akademik dərs yükünü azaltmağa imkan verir, çünki bu onlarıtədris materialındakı əsas məqamları mənimsəməyə istiqamətləndirir və onların yaddaşını ikinci dərəcəli məlumatlarla yükləməkdən azad edir.

Məktəbdə idarəetmə fəaliyyətinə nəzarətin əsas məqsədlərindən biri də məktəbdə təlimtərbiyə prosesinin səmərəliliyini müəyyənləşdirmək, növbəti tədris ilinin fəaliyyət istiqamətlərini planlaşdırmaq, məktəbdaxili nəzarətin təşkili, tənzimlənməsi, idarəolunması üzrə tövsiyələri işləyib hazırlamaqdır. Bunlar həm təhsilin məzmununun və texnologiyalarının təkmilləşdirilməsi, həm də yeni təhsil standartlarının reallaşdırılması hesabına təmin oluna bilər (Cabbarov, 2015).

Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə nəzarət metodları və onlardan istifadə texnologiyaları araşdırılaraq müəyyənləşdirilib. Keyfiyyətli təhsil dedikdə aşağıdakılar başa düşülür: 

• şagirdlərin sağlam olması, yaxşı qidalanması, onların ailələri və yerli icmalar tərəfindən dəstəklənməsi; 
• şagirdlərə sağlam, təhlükəsiz və müvafiq tədris-təlim ehtiyaclarını təmin edən mühitin yaradılması; 
• müvafiq tədris materiallarının məzmununda xüsusilə gender, sağlamlıq, qidalanma və sülh kimi sahələrdə savadlılığa dair əsas həyati bilik və bacarıqların əldə edilməsinə xidmət edən məsələlərin öz əksini tapması; 
• şagirdyönlü tədris yanaşmalarından məharətlə istifadə edən, öyrənməni asanlaşdıran prosesləri, məktəbi və sinfi yaxşı idarə edən müəllimlərin hazırlanması; 
• təhsil prosesinin yalnız bilik, bacarıq və münasibətlərin formalaşdırılması ilə məhdudlaşmaması, şagirdlərin əldə etdikləri nəticələrin onların cəmiyyətə fəal və məsuliyyətli şəkildə qoşulmasına, həmçinin bu zaman milli-mənəvi və ümumbəşəri dəyərlərin balanslı şəkildə nəzərə alınmasına xidmət etməsinin təmin olunması. 

Yuxarıda sadalanan meyarlar göstərir ki, ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə nəzarət meyarı kimi şagirdlərin təlim nailiyyətlərinin obyektiv qiymətləndirilməsi, onların bilik, bacarıq və səriştələrinin inkişaf səviyyəsinin müəyyən olunması, eləcə də bu nəticələrin tədris prosesinin təkmilləşdirilməsi və idarəetmə qərarlarının qəbulunda əsas göstərici kimi istifadə olunması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, daha səmərəli təlim nəticələrinin əldə olunması üçün təlimtərbiyə prosesinə fiziki, psixoloji, sosial və mədəni aspektləri əhatə edən kompleks və sistemli yanaşma tələb olunur. Bu baxımdan, təhsilin keyfiyyətinin artırılması üçün məktəbdaxili nəzarət sisteminin məqsədyönlü şəkildə qurulması, idarəetmə fəaliyyətinin elmi əsaslarla planlaşdırılması və müəllim-şagird-valideyn üçbucağında sağlam əməkdaşlığın təmin olunması mühüm əhəmiyyət kəsb edir. Beləliklə, keyfiyyətli təhsil yalnız səmərəli tədris metodlarının tətbiqi deyil, həm də inklüziv, təhlükəsiz və öyrənməyə təşviqedici mühitin yaradılması ilə mümkündür.

Mənbə: Cavadov İ. (2025). Ümumi təhsil pilləsində şagird nailiyyətləri təhsilin keyfiyyətinə nəzarətin əsas vasitəsi kimi. Azərbaycan məktəbi. № 3(712), səh. 47–52

Şərhlər

Xəbər lenti

29 sentyabr, 22:09

Tələbələrin sahibkarlıq bacarıqlarının inkişafı üçün yeni platforma yaradılıb – Nazir

29 sentyabr, 19:56

Nazir: Yeni sənəddə süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi vurğulanacaq

29 sentyabr, 19:45

Nazir: Sahibkarlığın inkişafı təhsilin mahiyyətinin dəyişməsi ilə də mümkündür

29 sentyabr, 19:37

Bu tarixdən məktəbli avtobusları fəaliyyətə başlayacaq

29 sentyabr, 19:26

Müəllimlərin peşəkar inkişafı ilə bağlı təşəbbüslər: məktəb direktorlarının mövqeyi

29 sentyabr, 18:51

Özbəkistan TİFT-in tələbəsi mübadilə proqramı çərçivəsində BMU-da təhsil alır

29 sentyabr, 18:50

“Rəqəmsal bacarıqlar” layihəsi yarım milyon şagirdi əhatə edir

29 sentyabr, 18:50

Nazir: Səhvlərdən öyrənmək və açıq müzakirə vacibdir

29 sentyabr, 18:40

Çinin sürətli yüksəlişinin arxasında nə dayanır?

29 sentyabr, 18:38

Nazir: Əsas məsələ yalnız bilik əldə etmək deyil

29 sentyabr, 18:36

“Şagirdlərin üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır” – Nazir

29 sentyabr, 18:32

Emin Əmrullayev: İnnovasiya üçün fundamental biliklər və STEAM təhsili vacibdir

29 sentyabr, 18:15

“BYD-nin 100 min işçisi fəlsəfə doktorudur” – Harvardın professoru

29 sentyabr, 17:58

Tarun Xanna: Çin 14 sahə üzrə patent müraciətlərində ABŞ-ni geridə qoyub

29 sentyabr, 17:34

Ozon qatı bərpa olunur

29 sentyabr, 17:24

Leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

29 sentyabr, 17:23

ADPU rəhbərliyi doktorantlarla görüşüb

29 sentyabr, 17:19

İRİA proqramlarını bitirənlərin 78%-i iş həyatına başlayıb

29 sentyabr, 17:08

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

29 sentyabr, 16:59

Yüzyaşlı məktəbdən kitab yazıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.