Müasir dünya sürətlə dəyişən əmək bazarının və ekoloji problemlərin təzyiqi altında formalaşır. Bu şəraitdə ali təhsil müəssisələri yalnız akademik biliklərin tədrisi ilə kifayətlənməməli, həm də cəmiyyətin davamlı inkişafını dəstəkləyən innovativ bacarıqların və həll yollarının mərkəzinə çevrilməlidir.
“Azərbaycan müəllimi” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının SDG Akademiyasının direktoru professor Patrik Pol Uolş universitetlərin əmək bazarının yaşıl və dayanıqlı bacarıqlara olan tələblərinə necə uyğunlaşmalı olduğu və onların bu prosesdə üzləşdiyi əsas çətinliklər haqqında araşdırıb. Araşdırmada təhsil proqramlarının transformasiyası, multidisiplinar yanaşmanın gücləndirilməsi və dövlət, özəl sektor və texniki təhsil müəssisələri ilə əməkdaşlıq yollarını diqqət mərkəzinə gətirir.
Professor Patrik Pol Uolş qeyd edir ki, ali təhsil müəssisələri əmək bazarının ehtiyaclarına uyğunlaşmaqda çətinlik çəkir. Xüsusilə universitetlərin texniki və peşə təhsili, dövlət və özəl sektor təlimləri ilə daha sıx əməkdaşlıq etməsi, birgə təhsil məzmununun yaradılması və sertifikatların qarşılıqlı tanınması kimi həll yollarını tətbiq etməsi vacibdir.
Araşdırmada qeyd edilir ki, “yaşıl” iş yerləri üçün tələb olunan bacarıqlar sürətlə dəyişir. Lakin universitetlər öz ənənəvi strukturlarını dəyişdirməkdə yavaşdır. Mikrosertifikatlar və qısa kursların akkreditasiyası kimi “sürətli həll yolları” təklif olunur, belə ki, bu yollar tələbələrin bilik və bacarıqlarını artıraraq akademik və peşəkar inkişaflarını davam etdirmələrinə imkan yaradır.
Universitetlərin daha geniş əməkdaşlıq və inteqrasiya təşəbbüsləri göstərməsi, multidisiplinar yanaşmanı təşviq etməsi və davamlı inkişaf məqsədlərinə uyğun şəkildə təhsil proqramlarını yeniləməsi tələb olunur. Məqalədə həmçinin ali təhsilin davamlılıq məsələlərində liderlik rolunu oynamaq və əmək bazarında dəyişikliklərə uyğunlaşmaq üçün daha çevik yanaşma sərgiləməli olduğu vurğulanır.
Müəllif nəticə olaraq qeyd edir ki, universitetlər iqlim dəyişikliyi, sosial bərabərlik və davamlı iqtisadi inkişaf kimi sahələrdə mühüm rola malikdir, lakin bu rolu yerinə yetirmək üçün təhsil proqramlarında və idarəetmədə ciddi dəyişikliklərə ehtiyac var.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)