
Yeni tədris ilində minlərlə gənc tələbə kimi ali təhsil ocaqlarına qədəm qoyur. Amma onların arasında biri var ki, universitetə daha böyük həyəcanla yollanır.
“Azərbaycan müəllimi” Gəncə şəhərində yerləşən 4 nömrəli Uşaq Evi sosial xidmət müəssisəsinin sakini, Gəncə Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olan Ayşən Quliyevanın sevincini bölüşür.
Ayşənin uğuru sadəcə bir təhsil nailiyyəti deyil. Bu həm də həyatın çətinliklərini aşaraq arzularına sarılmaq, inadla irəliləmək hekayəsidir. O, 2011-ci ildən uşaq evinin sakini olub. 2015-ci ildə Gəncə şəhəri 34 nömrəli tam orta məktəbin qapısından içəri addımlayanda hədəfi aydın idi – universitet tələbəsi olmaq.
“Məktəb illərim çox maraqlı keçdi”, – deyə Ayşən xatırlayır. “Dərslərimə xüsusi diqqət ayırmağa çalışırdım. Elə vaxt olurdu ki, mövzular yadımda qalmırdı. Həmin anlarda müəllimlərim “narahat olma, hər şey yaxşı olacaq” deyə məni ruhlandırırdılar. Onların dəstəyi mənim üçün böyük motivasiya idi”.
Bu il isə onun arzusu gerçəkləşib, artıq Ayşən “tələbə” adını daşıyır. O, qəbul olduğu ixtisası təsadüfi seçməyib:
““Biznesin idarə edilməsi” ixtisasını oxumaqla gələcəkdə bank sektorunda və ya sosial iş sahəsində fəaliyyət göstərmək istəyirəm. Gələcəkdə özümü daha çox sosial işçi kimi görürəm və bunun üçün əlimdən gələni edəcəyəm. Ən böyük arzum yaxşı bir işdə çalışmaqdır”.
Onun uğuru yalnız şəxsi deyil. Bu, həm də uşaq evində böyüyən dostları üçün nümunədir. Ayşən fəxrlə deyir: “Mənim universitetə qəbul olmağım buradakı uşaqları daha çox həvəsləndirdi. Çünki hər kəs öz ayaqları üstündə dayanmağı bacarmalıdır”.
Tələbə adını qazanmış gənc minnətdarlığını da dilə gətirir: “Dövlətimizin bizə göstərdiyi qayğıya görə minnətdaram. Çalışacağam ki, dövlətimə layiqli bir vətəndaş olum”.
Ayşənin ilk dərs günündəki sevinci və həyəcanı digərlərindən fərqlidir. Çünki onun universitet yolu təkcə imtahanlardan keçməyib, həm də həyatın sərt sınaqlarından keçib. Bu yolun sonunda isə bir gənc qızın ümidlərlə işıqlanan gələcəyi dayanır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər