Bütün xəbərlər
7 aprel, 15:14

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə qeydiyyat prosesi yekunlaşmaq üzrədir.

“Azərbaycan müəllimi”nin suallarını cavablandıran Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva proseslə bağlı geniş məlumat verib.

“Müraciətlərin əhəmiyyətli hissəsi sənəd qəbulu müddətinin son günlərində təqdim olunur”

- Proses necə gedir, iştirakçılıq hansı səviyyədədir? Müraciət edənlər çoxdurmu?

- Hazırda Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin sənəd qəbulu mərhələsi aktiv şəkildə davam edir. Qeyd edim ki, bu mərhələyə martın 4-dən start verilib və sənəd qəbulu aprelin 10-da tamamlanacaq. Müsabiqə elan olunduğu gündən təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və artıq xeyli sayda müraciət qeydə alınıb. Lakin yekun iştirak göstəricilər haqqında dəqiq fikir bildirmək üçün bir qədər tezdir. Çünki əvvəlki illərin təcrübəsi göstərir ki, müraciətlərin əhəmiyyətli hissəsi məhz sənəd qəbulu müddətinin son günlərində təqdim olunur. Bu isə əsasən iştirakçıların layihələrini son günədək təkmilləşdirmələri, sənədlərin hazırlanmasında və sistemə yüklənməsində maksimum diqqət göstərmələri, son günədək bütün imkanlardan istifadə etmək istəkləri ilə bağlı olur. 

- Bəs müraciət üçün son günü gözləmələri problem yaratmır?  Ümumiyyətlə, müsabiqə elan olunandan hansı problemlərlə üzləşmisiniz?

-  Şübhəsiz yaranır. Bunu nəzərə alaraq, müsabiqə elan olunandan iştirakçılara müraciət edir, texniki problemlərlə üzləşməmələri üçün layihələrini mümkün qədər tez təqdim etmələrini tövsiyə edirik. Çünki hər kəsin müraciətini son günə saxlaması texniki problemlərə səbəb olur. Məsələn, sistem üzərindən eyni anda çoxsaylı müraciətlərin göndərilməsi, internet bağlantısında kəsintilər və digər texniki səbəblər son anda sənəd təqdim etməyə çalışan istifadəçilər üçün müəyyən çətinliklər yarada bilər. Bu riskləri nəzərə alaraq, müraciətlərin vaxtında təqdim olunması həm müsabiqənin gedişi, həm də iştirakçıların uğurlu nəticə əldə etməsi baxımından olduqca vacibdir.

Müəllimlər həyati bacarıqların inkişaf etdirilməsi istiqamətinə daha çox maraq göstərir

- Ən çox aktivlik hansı istiqamətlər üzrə müşahidə olunur?

- Bu il Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində altı prioritet istiqamət müəyyən olunub. Bunlar “Həyati bacarıqların inkişaf etdirilməsi”, “Məktəb göstəricilərinin yüksəldilməsi”, “Müxtəlif məzmunlu intellektual müsabiqələrə hazırlıq”, “Onlayn platformalar və tətbiqlər vasitəsilə öyrənmə”, “Təhsilalanların fiziki inkişafı və təhsilverənlərin peşəkar inkişafı”dır. Bu prioritet istiqamətlərin hər biri təhsilin keyfiyyətinə, şagird və müəllimlərin inkişafına yönəlmiş mühüm məsələləri əhatə edir və iştirakçılara geniş mövzu seçimi imkanı yaradır. Doğrudur, hazırda sənəd qəbulu prosesi hələ davam edir və bu mərhələnin sonuna qədər hansı istiqamətlər üzrə daha çox müraciətin daxil olacağı ilə bağlı fikir yürütmək bir qədər tezdir. Vurğuladığım kimi, bir çox iştirakçılar layihələrini son günlərdə təqdim etməyə üstünlük verirlər və buna görə də mövcud mənzərə dəyişə bilər.

Bununla belə, bu günə olan ilkin göstəricilər əsasında deyə bilərik ki, ən yüksək aktivlik “Həyati bacarıqların inkişaf etdirilməsi” prioritet istiqaməti üzrə müşahidə olunur. Bu, çox sevindirici haldır, çünki müasir dövrdə şagirdlərin sosial-emosional bacarıqları, qərarvermə, əməkdaşlıq, tənqidi düşünmə və özünütənzimləmə kimi həyat üçün zəruri olan bacarıqlara yiyələnməsi cəmiyyətin dayanıqlı inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, hazırda ən az aktivlik “Məktəb göstəricilərinin yüksəldilməsi” prioritet istiqamətində müşahidə olunur. Təbii ki, bu göstəricilər sənəd qəbulu tamamlandıqdan sonra dəyişə bilər. Lakin bu mərhələdə belə bir mənzərə bizə ilkin tendensiyaları qiymətləndirməyə imkan verir. Ümid edirik ki, növbəti günlər ərzində bütün prioritet istiqamətlər üzrə daxil olan layihə təklifləri artacaq və hər bir istiqamətdə maraqlı təşəbbüslər ortaya çıxacaq.

Layihə verən müəllim işdən çıxarsa…

- Prosesdə şəffaflığı təmin etmək üçün hansı addımlar atılır?

- Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin təşkili, sənəd qəbulu, bütün texniki və məzmun ekspertizası mərhələləri tamamilə elektronlaşdırılmış şəkildə grants.edu.az platforması üzərindən həyata keçirilir. Müsabiqəyə müraciət etmək istəyən hər bir şəxs öncə həmin platformada qeydiyyatdan keçməli və özünə şəxsi kabinet yaratmalıdır. Məhz bu şəxsi kabinet vasitəsilə iştirakçı öz layihəsini təqdim edir, eyni zamanda müsabiqə prosesi boyunca statusunu izləyə bilir.

Təqdim olunan bütün layihələr ilkin olaraq texniki ekspertiza mərhələsindən keçirilir. Bu mərhələdə layihənin və iştirakçının müsabiqə elanında qeyd edilmiş şərtlərə uyğunluğu yoxlanılır. Yəni layihənin icra müddəti, büdcəsi, təqdim olunan sənədlərin tamlığı, eyni zamanda iştirakçının pedaqoji statusu və əvvəlki layihələrinin səmərəliliyi nəzərdən keçirilir. Texniki meyarlara tam cavab verən layihələr növbəti mərhələyə – məzmun ekspertizasına buraxılır.

Burada bir vacib məqamı xüsusilə vurğulamaq istərdim, çünki bu bizə tez-tez ünvanlanan suallardan biridir. İştirakçı layihəni təqdim etdiyi zaman pedaqoji işçi olsa da, sonradan bu statusunu itirərsə, məsələn, işdən ayrılsa və ya fəaliyyətini dayandırsa, o zaman layihə məzmun qiymətləndirməsi mərhələsinə buraxılsa belə, yenidən texniki ekspertizaya qaytarılır və həmin mərhələdən keçmiş sayılmır. 

Məzmun ekspertizası mərhələsində layihələr 100 ballıq şkala üzrə, 9 müxtəlif meyar əsasında qiymətləndirilir. Qiymətləndirmə prosesi isə bu sahədə ixtisaslaşmış, yüksək təcrübəyə malik müstəqil ekspertlər tərəfindən həyata keçirilir. Müsabiqənin keçid balı 50-dir, yəni 50 və daha yüksək bal toplayan layihələr qrant almağa namizəd hesab olunurlar. Bununla belə, müsabiqənin ümumi büdcəsi 1 900 000 manat olduğuna görə, yalnız ən yüksək bal ardıcıllığı ilə büdcəyə sığan layihələr qrantla təmin olunur. Bütün bu mərhələlər ərzində iştirakçılar öz layihələrinin statusunu şəxsi kabinetlərindən real vaxtda izləyə bilirlər. Məsələn, əgər iştirakçı texniki ekspertiza mərhələsindən keçməzsə, bunun səbəbi həmin iştirakçının şəxsi kabinetində ətraflı şəkildə göstərilir. Eyni şəkildə, məzmun qiymətləndirməsi mərhələsində hər bir meyar üzrə iştirakçının topladığı ballar da onun şəxsi kabinetində əks olunur. Bu yanaşma bizə prosesin hər addımında iştirakçının məlumatlılığını və şəffaflığı təmin etməyə imkan yaradır.

Bir məqamı da qeyd edim ki, qrant qalibləri elan olunduqdan sonra bütün nəticələr ictimaiyyətə açıq şəkildə təqdim olunur. Bu zaman həm layihənin adı, həm ayrılmış büdcə, həm də qrant qalibi barədə əsas məlumatlar açıqlanır. Daha sonra isə qrant qazanmış layihələrin icrası və əldə olunan nəticələr müsabiqənin rəsmi səhifələrində geniş şəkildə işıqlandırılır. Biz hesab edirik ki, bu, həm prosesin şəffaflığını təmin edir, həm də növbəti müsabiqələrə müraciət etmək istəyən təhsil işçiləri üçün ilhamverici nümunə və yol göstərici rolunu oynayır.

Maksimal qrant məbləği 100 000 manatdır

- Namizədin qrant müsabiqəsinə neçə dəfə qatılması ilə bağlı məhdudiyyət qoyulmayıb. Bəs ayrılan qrantın məbləği ilə bağlı hər hansı məhdudiyyət tətbiq edilmirmi? Layihənin maliyyələşdirilməsi üçün ayrılan maksimum məbləğ nə qədər ola bilər?

- Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi istər dövlət ümumi təhsil müəssisələri, istərsə də bütün növ təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün açıqdır. Müsabiqədə iştirak etmək istəyən namizədlər üçün iki kateqoriya müəyyən olunub. Onlardan biri “Ümumi təhsil müəssisələri” kateqoriyasıdır ki, bu kateqoriya üzrə təqdim olunan layihələr üçün maksimal qrant məbləği 100 000 manatdır. Digər kateqoriya isə “Fərdi layihələr” kateqoriyasıdır və burada iştirak edən pedaqoji işçilər üçün maksimal qrant məbləği 10 000 manat olaraq müəyyən edilib. Burada qeyd edilməli vacib məqam ondan ibarətdir ki, “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət qeydiyyatı haqqında şəhadətnaməyə, nizamnaməyə, VÖEN-ə və ona bağlı bank hesabına malik olan dövlət tam orta ümumi təhsil müəssisələri, “Fərdi layihələr” kateqoriyası üzrə isə təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində çalışan pedaqoji işçilər bu müsabiqəyə qoşula bilərlər. Kateqoriyalar üzrə qrant qazana bilmənin maksimal məbləği həm də layihələrin miqyası və icra imkanları nəzərə alınaraq müəyyənləşdirilib. Məktəb tərəfindən təqdim olunan layihələr, adətən, daha geniş auditoriyanı – şagird, müəllim heyəti və bəzən valideyn icmasını əhatə etdiyi üçün daha böyük maliyyə resursuna ehtiyac duyur. Pedaqoji işçilərin təqdim etdikləri fərdi layihələr isə adətən konkret bir istiqamət üzrə innovativ yanaşmaları özündə ehtiva edir.

Qeyd etməliyik ki, bu şərtlər istisna olmaqla, müsabiqə iştirakçıları üçün əlavə heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Yəni pedaqoji işçilər yaşından, stajından, vəzifəsindən və ya regionundan asılı olmayaraq, sadəcə müsabiqənin əsas meyar və tələblərinə cavab verən bir layihə təqdim etməklə bu prosesdə iştirak edə bilərlər. Bu da müsabiqənin əlçatanlığını artırır və təhsil ictimaiyyətindən innovativ ideyaların toplanmasına şərait yaradır. Əsas məqsədimiz faydalı təsirə malik layihələri dəstəkləmək, təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət formalaşdırmaq, müəllim və məktəblərin innovativ inkişafına təkan verməkdir.

Layihələrdə tez-tez rast gəlinən yanlışlar

- Hansı layihələrə qrant ayrılır? Layihə hazırlayan müəllimlərə nə tövsiyə edirsiz?

- Müsabiqəyə təqdim edilən layihələrin uğur qazanması bir neçə mühüm amildən asılıdır. Təcrübə göstərir ki, layihələrin keyfiyyətini müəyyən edən əsas faktor onun nə dərəcədə real ehtiyacdan doğması, sistemli şəkildə planlaşdırılması və praktiki faydasının aydın olmasıdır. 
Qrant ayrılan layihələr, əsasən, məktəbdə real ehtiyaclara cavab verən, məqsədi, fəaliyyəti və nəticələri bir-biri ilə əlaqəli olan və bütün mərhələləri düzgün planlaşdırılmış təşəbbüslərdir. Burada təkcə maraqlı bir ideya kifayət etmir. Layihənin uğurlu olması üçün onun konkret problemi necə həll etdiyi, bu həllin necə həyata keçiriləcəyi, hansı nəticələri verəcəyi və nə qədər davamlı olacağı çox önəmlidir.

Təqdim edilən layihələrdə tez-tez rast gəldiyimiz yanlışlardan biri layihənin adlandırılması ilə bağlıdır. Bəzən müəllimlər layihəyə uzun və mürəkkəb adlar qoyurlar. Tövsiyə edirik ki, layihə adı qısa, konkret və yadda qalan olsun. Ən əsası, ad onun əsas ideyasını ifadə etsin.
Müəllimlərdən gözləntimiz odur ki, problemi təqdim edərkən onun aktual olub-olmadığını sübut edə bilsinlər. Məsələn, bu problem neçə nəfərə təsir edir, hansı səbəblərdən qaynaqlanır, onu aradan qaldırmaq üçün daha əvvəl hansı cəhdlər olub və bu layihə həmin çərçivədə nəyi fərqli edəcək. Problemin təsviri nə qədər real və əsaslandırılmış olsa, təqdim olunan həll o qədər inandırıcı görünür.

Məqsəd və vəzifələr layihənin istiqamətini düzgün müəyyən edir. Burada əsas diqqət edilməli məqam odur ki, məqsəd ümumi istiqaməti, vəzifələr isə bu istiqamətə çatmaq üçün konkret addımları göstərsin. Vəzifələr nə qədər ölçülə bilən, real və vaxt baxımından uyğun olarsa, layihənin nəticə əldə etməsi də bir o qədər mümkün olur.

Layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlər ümumi və qeyri-müəyyən ifadələrlə deyil, aydın, konkret, mərhələli və məntiqi ardıcıllıqla təqdim olunmalıdır. Hər bir fəaliyyətin icra vaxtı, yeri, müddəti, məsul şəxsi və məqsədlə əlaqəsi dəqiq şəkildə göstərilməlidir. Yəni hər bir fəaliyyət layihənin ümumi məqsədinə necə töhfə verəcəyini əsaslandırmalıdır.
Bununla yanaşı, layihənin uğurla icrası üçün komandanın təcrübəsi, bacarıqları və ixtisas uyğunluğu xüsusi əhəmiyyət daşıyır. Layihəni həyata keçirəcək şəxslərin bu sahədəki bilik və təcrübəsi, daha əvvəl oxşar fəaliyyətlərdə iştirakı və ümumilikdə kadr potensialı layihənin icraetmə imkanlarını birbaşa müəyyən edir. Komandanın düzgün seçimi təkcə layihənin uğur şansını artırmır, eyni zamanda, onun etibarlılığını və dayanıqlılığını da gücləndirir. Qeyd etmək yerinə düşər ki, eyni fəaliyyətləri təklif edən layihələr belə, onları icra edəcək komandanın peşəkarlığına, funksional bölgüsünə və təqdim olunmuş tərəfdaşlıq imkanlarının keyfiyyətinə görə qiymətləndirmədə fərqli nəticələr ala bilirlər. Yəni təkcə ideya deyil, onu necə və kiminlə həyata keçirmək istədiyiniz də vacib qiymətləndirmə meyarıdır. Bu səbəbdən müəllimlərə tövsiyə edirik ki, fəaliyyətləri yazarkən real və əsaslandırılmış icra planı təqdim etsinlər, komanda üzvlərinin CV-lərini düzgün və dolğun şəkildə hazırlasınlar və layihənin məqsədinə uyğun güclü tərəfdaşlıqlar qurmağa çalışsınlar.

Büdcə tərtib olunarkən texniki səhvlər, şişirdilmiş qiymətlər və ümumi ifadələrdən qaçmaq lazımdır. Layihənin xərcləri onun məqsədi və fəaliyyətləri ilə uzlaşmalı, hər bir xərcin izahı və zəruriliyi əsaslandırılmalıdır. Eyni zamanda, idarəetmə xərclərinin ümumi büdcədə nisbəti çox yüksək olmamalıdır.

Nəticələrin aydın və ölçülə bilən şəkildə yazılması vacibdir. Layihənin sonunda nə əldə ediləcəyi, bu nəticələrin necə ölçüləcəyi və hansı göstəricilərlə izlənəcəyi konkret şəkildə göstərilməlidir. Bu məqsədlə müəllimlərə nəticələri ölçmək üçün göstəricilər (indikatorlar) müəyyən etməyi və onları izləmək üçün sadə üsullar planlaşdırmağı tövsiyə edirik.
Layihənin davamlılığı məsələsi də çox önəmlidir. Qrant müddəti bitdikdən sonra fəaliyyətlərin necə davam etdiriləcəyi, əldə olunan nəticələrin necə qorunacağı, bu istiqamətdə nə kimi addımlar atılacağı layihə daxilində izah olunmalıdır. Məsələn, məktəbin daxili resursları ilə işin davam etdirilməsi, tərəfdaş qurumların dəstəyi, mövcud resursların təkrar istifadəsi və s.

Şəffaflıq və hesabatlılıq məsələsinə də xüsusi diqqət yetirilməlidir. Hər bir layihə öz nəticələri barədə hesabat verə, əhatə etdiyi fəaliyyətləri əsaslandıra bilməlidir. Bu, həm ictimaiyyət qarşısında cavabdehlik, həm də gələcəkdə yeni təşəbbüslərin dəstəklənməsi baxımından vacibdir.

Ümumilikdə müəllimlərə tövsiyəmiz odur ki, layihə yazmazdan əvvəl planlı şəkildə düşünərək problemin dərinliyinə varsınlar, təklif etdikləri həll yollarının praktik olub-olmadığını götür-qoy etsinlər, fəaliyyət və nəticələri əvvəlcədən ölçə bilsinlər və hər addımda aydınlıq və sistemlilik prinsipini rəhbər tutsunlar. Bu halda layihələr həm qiymətləndirmə mərhələsində uğur qazanır, həm də icra zamanı real təsir göstərir.

- Layihələrin həyata keçirilmə prosesinə nəzarət varmı? Qalib layihələrin nəticəsini əks etdirən hesabatlar nə göstərir?  Məsələn, qrant qazanmış ideyalar başqa məktəblərdə də reallaşdırılır?

- Əlbəttə, qrant qazanmış bütün layihələrin icrası ciddi şəkildə izlənilir və davamlı monitorinq prosesi həyata keçirilir. Layihə sahibləri yalnız ilkin mərhələdə deyil, bütün icra dövrü ərzində hesabat vermə öhdəliyi daşıyırlar. Bu hesabatlar layihənin yalnız texniki və maliyyə tərəflərini deyil, həm də fəaliyyətlərin faktiki icra vəziyyətini, əldə olunan nəticələri və qarşıya çıxan çətinlikləri əhatə edir. Bu, layihənin şəffaf, məsuliyyətli və keyfiyyətli şəkildə həyata keçirilməsinə xidmət edən əsas mexanizmlərdən biridir.

Bununla yanaşı, biz ictimaiyyətin məlumatlandırılmasını da prioritet məsələlərdən biri hesab edirik. Hər bir qrant qalibi və onun layihəsi barədə ətraflı məlumat müsabiqənin rəsmi səhifələrində təqdim olunur. Bu məlumatları açıq şəkildə paylaşmaq yuxarıda da qeyd etdiyim kimi, həm şəffaflığı təmin edir, həm də digər təhsil işçilərinə nümunəvi modellər təqdim edir. Maraqlıdır ki, uğurla icra olunmuş layihələrin nüfuzu və təsiri gələcək müsabiqələrdə də özünü göstərir. Biz çox zaman görürük ki, bir məktəbdə həyata keçirilmiş innovativ və effektiv bir layihənin oxşarı sonrakı müsabiqələrdə digər məktəblər tərəfindən təqdim olunur. Bu hal bizə onu deməyə əsas verir ki, uğurlu təcrübə öz ardıcıllarını yaradır, müəllimlər bir-birindən öyrənməyə, uğurlu modeli öz icmasında tətbiq etməyə çalışırlar. Təbii ki, bu yanaşma müsbət və təqdirəlayiqdir. Amma eyni zamanda bu cür layihələrin sırf təkrarlanması deyil, yerli kontekstə uyğunlaşdırılaraq yenidən düşünülməsi və zənginləşdirilməsi daha faydalı nəticələr verə bilər. Çünki hər bir məktəbin və icmanın ehtiyacları fərqlidir və bu ehtiyaclara uyğunlaşdırılmış layihələr daha təsirli olur. Bu baxımdan uğurlu layihələrin nümunə kimi götürülməsi, onların ideya və strukturundan ilham alınması çox gözəl haldır. Lakin layihənin sadəcə surətini çıxarmaq deyil, onun əsas ideyasını təhlil edib, mövcud ehtiyaclara uyğun fərdi bir yanaşma ilə təqdim etmək müəllimlər üçün daha böyük uğurların yolunu aça bilər.

- Qrant müsabiqəsi neçə ildir davam edir? Ölkəmizdə bu istiqamətdə təcrübə olubmu?

- Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi artıq ölkəmizdə oturuşmuş, pedaqoji ictimaiyyət tərəfindən tanınan və gözlənilən bir təşəbbüsə çevrilib. Bu müsabiqə ilk dəfə 2017-ci ildə həyata keçirilib və o zamandan etibarən hər il mütəmadi olaraq ildə bir dəfə təşkil olunur. Geridə qalan mərhələlər ərzində yüzlərlə müəllim və ümumi təhsil müəssisəsi qrant mexanizmindən faydalanaraq təhsilin müxtəlif sahələrində innovativ təşəbbüslər irəli sürüb, yeni ideyaları reallaşdırır, şagirdlərin və pedaqoqların inkişafına mühüm töhfələr verib. Hər bir mərhələ özündə yeni təcrübələr, maraqlı yanaşmalar və fərqli ehtiyaclara cavab verən layihələri birləşdirib. İllər keçdikcə biz daha çox müəllimin, daha çox məktəbin bu prosesə qoşulduğunu və təqdim edilən layihələrin, yanaşmaların keyfiyyətcə daha da yüksəldiyini müşahidə edirik.

Şərhlər

Xəbər lenti

8 aprel, 13:14

Emin Hüseynov: Füzuli ilə Ağdamda yeni məktəb və bağça inşa olunur

8 aprel, 13:12

Rektor: Biz startapları, biznes layihələrini dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq

8 aprel, 13:09

Fariz İsmayılzadə: Qarabağ Universitetinin böyük hədəfləri və planları var

8 aprel, 13:08

Şahin Bayramov: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur

8 aprel, 12:47

AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

8 aprel, 12:37

DİM valideynlərə müraciət etdi: Aldanmayın!

8 aprel, 12:29

"Məktəbli avtobusu" yeni tədris ilindən tətbiq olunacaq

8 aprel, 12:22

Nazir: İbtidai sinif müəllimliyinə qəbul olanların sayı xeyli artıb

8 aprel, 12:20

AzMİU və POLİMİ arasında ikili diplom proqramının tələbələri məzun olublar

8 aprel, 12:01

UNEC-də “Elm Festivalı 2025” keçirilir – FOTOLAR

8 aprel, 11:50

Gələn həftədən meteor yağışı müşahidə olunacaq

8 aprel, 11:43

DİM: Hər şagirdin ümumi işi ən azı 20 müxtəlif marker tərəfindən yoxlanılır

8 aprel, 11:33

Buraxılış imtahanlarının nəticələrinin açıqlanacağı vaxt bəlli oldu 

8 aprel, 11:24

ADNSU-da doktorantların elmi seminarı keçirilib

8 aprel, 11:23

DİM: Markerlər qazandıqları təcrübəni məktəbdə tətbiq edə bilərlər

8 aprel, 11:21

I sinfə müsabiqəsiz qəbul aparacaq liseylərin adları açıqlanıb

8 aprel, 11:15

Nazir: Əsas vəzifələrdən biri elm və təhsil arasındakı uçurumu aradan qaldırmaqdır

8 aprel, 11:05

Nazir: Elmi müəssisələrdə ixtisarlar olmayacaq

8 aprel, 10:43

Bakıda vakant bağça müəllimi yerlərinin siyahısı açıqlandı

8 aprel, 10:31

ADNSU-da Geoloqlar Gününə həsr olunmuş tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.