Bütün xəbərlər
10 iyun, 12:55

Hər bir insan həyat səhnəsinə öz istedadı ilə çıxır. Biri ağ xalat geyinib həyat xilas etmək üçün həkim, digəri bilik öyrətmək üçün müəllim olur. Kimisi sözün sehrinə düşərək şair kimi tanınır və ya rənglərin dili ilə danışıb rəssama çevrilir. Bu istedadların parlaması üçün ilk zəmin, ilk nəfəs, ilk işıq isə məktəbdən gəlir. Və məktəb yalnız bilik verilən yer deyil, eyni zamanda istedadların kəşf edildiyi, şəxsiyyətin formalaşdığı bir məkandır. Orada bəzən bir müəllimin səmimi sözü, bəzən bir fırça, bir səhnə, bir kitab və ya bir misra insan taleyinin axarını dəyişə bilir.

“Azərbaycan müəllimi” qəzetinin “Mənim məktəbim” rubrikasının budəfəki qonağı dünyaşöhrətli rəssam Sakit Məmmədovun həyat və yaradıcılıq yolu da məhz belə başlanğıclarla zəngindir. O, təhsilin gücü ilə istedadını kəşf edib, zəhmətin və inamın nəticəsində öz dünyasını yaradıb. Rənglərin arxasında bir ürək, bir ruh daşıyan Azərbaycanın Xalq rəssamı, professor, UNESCO Rəssamlar İttifaqının üzvü, Avropa Təbii Elmlər Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü və adlarını saymaqla bitməyən digər müxtəlif nüfuzlu beynəlxalq incəsənət qurumlarının həqiqi və fəxri üzvü olan ustad sənətkar bizimlə müsahibəsində məktəbin, təhsilin, müəllim və valideynin insan həyatındakı əvəzolunmaz rolundan, istedadlı gənclərin inkişafından danışıb.

İnsan öz içində nə qədər istedad daşısa da, onu kəşf edən, şəxsiyyətə çevirən ilk əllər məhz müəllimlərə məxsusdur

– Sakit müəllim, hər bir insanın həyat yolunda iz qoyan insanlar olur. Sizin taleyinizdə müəllimin rolu nə qədər önəmli olub?

– Mənə görə, müəllim təkcə bir peşəni deyil, bir ömür yolunu, bir işıq mənbəyini ifadə edir. Obrazlı desək, müəllim insan taleyinə toxunan, onun gələcəyini yoğuran görünməz bir əldir. Mən hər zaman düşünmüşəm ki, insan içində nə qədər istedad daşısa da, onu kəşf edən, cilalayan, şəxsiyyətə çevirən ilk əllər məhz müəllimlərə məxsusdur. Ancaq onu da deyim insanın özündən də çox şey asılıdr. Əgər uşağın içində öyrənməyə maraq və istək yoxdursa, bu bir qədər çətin məsələdir. 

Bilirsiniz, istedadlı olmaq hələ tanınmaq deyil. Bunun üçün illərlə zəhmət çəkib özünü cəmiyyətdə təsdiq etməyi bacarmalısan. Əgər bu gün mən tanınıramsa, bunun kökündə, ilk növbədə, öz zəhmətim, atamın mənə dəstəyi, istər məktəb müəllimlərim, istərsə də rəssamlıq yolumu istiqamətləndirən ustadlarımın baxışındakı inam və peşəkarlıqları durur. Rəssamlığa marağımı ilk görən və bunu dəstəkləyən müəllimlərimin təsiri ilə bu gün olduğum yerə gəlmişəm. Mənim üçün müəllim həm yol göstərən çıraq, həm də arxamda dayanan dağ olub. Bu gün də onların səsi qulağımda, öyrətdikləri zehnimdə, ruhumdadır. 

Bizim müəllimlərimiz tamam başqa idilər. Onlara müqəddəs bir varlıq kimi baxırdıq. Biz elə bilirdik ki, müəllim nə yatır, nə də çörək yeyir. Müəllimlərimiz heç vaxt yanımızda siqaret çəkməzdilər. Müəllimlərimiz öyrədən olmaqla yanaşı, həm də əxlaq nümunəsi idilər. Və mənim həyatımda müəllimlərimin rolu danılmazdır. Onlar yalnız dərs demirdilər, bizi həm də həyata hazırlayırdılar. 

– Məktəb illərinə qayıtsaq... Rəssamlığa marağınızı ilk kim görmüşdü?

– Mən Neftçala rayonunda doğulmuşam. Uşaq vaxtı evdə müxtəlif şəkillər çəkirdim. İlk böyük əsərim Molla Pənah Vaqifin portreti olub. Orta təhsilimi 8-ci sinfə qədər Neftçala şəhər 1 nömrəli tam orta məktəbdə almışam. Məktəbin rəhbərliyi və müəllimlərim rəssamlıq qabiliyyətimi bildiklərindən həmişə divar qəzetlərinin hazırlanmasını mənə tapşırardılar.

Qonşular evlərinin divarlarını əhəngləyirdilər, mən də gedib kömürlə evlərin divarlarında şəkillər çəkirdim. Onlar narazılıq edərək valideynlərimə şikayətlənsələr də, qovsalar da, yenə gedib çəkirdim. Təbii ki, uşaq idim və rəssamlıq bacarığımı haradasa nümayiş etdirməli idim. Məktəbdə artıq hamı deyirdi ki, sən mütləq rəssam olmalısan. Onu da deyim ki, dərslərimi “əla” qiymətlərlə oxuyurdum. 

“Pionerlər evi”ndə işləyən qonşumuz mənim rəssamlığa olan həvəsimi görürdü və bir gün valideynlərimə dedi ki, bu uşağın istedadı var, gəlin onu rəsm dərnəyinə yazdırın. Həmin vaxt 6-cı sinifdə oxuyurdum və ailəmin razılığı ilə rəsm dərnəyinə getdim. Orada rəsmlə məşğul olmağa başladım.

Bilirsiniz, nə evimizdə bir rəssam, nə də ailəmin bu sənətlə əlaqəsi vardı. Həmin gündən sonra həyatım dəyişdi və rəssamlığa daha ciddi yanaşmağa başladım. O dərnək mənim üçün içimdəki rəngləri kəşf etdiyim məkan idi. Orada sadə kağızlar üzərində arzularımı rəngləməyə başladım. 

Sizə məktəb illərimlə bağlı bir əhvalat danışmaq istəyirəm. Deməli, tarix dərsi idi. Mən sinifdə şəkil çəkirdim və bütün uşaqların diqqətini özümə cəlb etmişdim. Dərsə qulaq asan yox idi. Müəllim məni dərsdən çıxardı. Bunun səbəbini soruşanda dərsə qulaq asmadığımı söylədi. Mən ona dedim ki, nəinki bugünkü dərsi, sabahınkını, hətta bir ay sonrakını da bilirəm. O məni sual-cavab elədi və gördü ki, həqiqətən, bütün mövzuları bilirəm. Dedi ki, sən dərsdən azadsan, get arxada otur şəklini çək.

Sonra bu hadisə ədəbiyyat dərsində də təkrarlandı. Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Əjdər müəllim də məni sorğu-sual etdi və gördü ki, mən bütün keçiləcək mövzuları belə bilirəm. 13 yaşında Drayzeri, Balzakı oxuyurdum. Məndə belə bir adət var idi. Rayonumuzdakı “Pionerlər evi”ndəki rəssamlıq dərnəyində rahat məşğul olmaq, eləcə də evdə rəsm çəkmək üçün, həmçinin futbol oynamağa vaxtım olsun deyə yay tətilində bütün dərslikləri oxuyur, mövzuları öyrənirdim. 

Artıq məktəbimizin müəllimləri həm biliyimə həm də rəssamlıq istedadıma hörmətlə yanaşırdılar. Hər zaman dərslərimə hazır olmağım, içimdə alovlanan sənət sevgisi müəllimlərimi heyrətləndirirdi. Təbii ki, onlar bu sevgini boğmadılar, əksinə, ona nəfəs verdilər.

– İstedadlı uşaqların özünəməxsus xarakterləri, fərqlilikləri olur. Siz necə idiniz? 

– Mənim bir sıra qəribəliklərim və komplekslərim var idi. Məsələn, məni evdən nəsə almağa göndərirdilər, ya pulu itirirdim, ya da nəsə almalı olduğumu düzgün seçə bilmirdim. Adıma qarşı da kompleksim var idi. 

Bir dəfə özümüz üçün yeni ev tikirdik, atam mənə dedi ki, get, vedrə ilə su gətir. Mən də lap kiçik bir fincanla başladım vedrəyə su tökməyə. Atam baxdı ki, su vedrənin dibini belə tutmayıb. Məni danlamadı, əvəzində bir vərəq və qələm gətirməyimi istədi. Dedi, hesabla gör, neçə fincanla bu vedrə dolacaq. Mən də hesabladım. Təxminən 200-300 dəfə bu fincana su tökməli idim. Atamın bu yanaşması mənə düşünməyi, dəyərləndirməyi, planlamağı öyrətdi. 

Qəribəliklərimdən biri o idi ki, məni axtaranda təbiətin qoynunda tapırdılar. Saatlarla göyə, ulduzlara, ağaclara baxardım. İnsanlar elə bilirdilər ki, başıma hava gəlib. Və mən həmin fərqliliyimi uzun illərdən sonra rəssam kimi göstərdim.

Rəssamlıq məktəbinə sənədlərimi gizlincə hazırladım…

– Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə (hazırkı Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) qəbul olunanda ailənizin reaksiyası necə oldu?

– Bilirsiniz, mən uşaqlıqdan sərbəst, öz fikri olan biri olmuşam. Amma atamdan çəkinirdim. Dərsdən “4” qiymət alanda ondan gizlənirdim. Bizim evimiz zəngin kitabxanası ilə tanınırdı. Kim kitab aparırdısa, imza atırdı, vaxtında gətirməsə, bir daha ona kitab verilmirdi. Bu atamın qoyduğu qayda idi. Anam da evdar xanım idi. 

Ailəmizdə kitaba, elmə, təhsilə sevgi var idi. Atam balıqçı olmaqla yanaşı, həm də yaxşı sənətkar kimi tanınırdı, əlindən hər şey gəlirdi. Uşaqlığı müharibə dövrünə düşdüyündən ali təhsil ala bilməmişdi. Amma güclü mütaliəsi var idi, ədəbiyyatı, tarixi gözəl bilirdi. Biliyinə görə ədəbiyyat, tarix müəllimlərindən heç də geri qalmırdı. Kitabları o qədər sevirdi ki, səhifəsini əzilmiş görən kimi götürüb ütüləyirdi. 

Demək, mən 8-ci sinfi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə sənədlərimi gizlincə hazırladım. Ona görə yox ki, atam mənə icazə verməyəcək. Sadəcə fikirləşdim ki, birdən qəbul olmaram və atamın yanında pərt vəziyyətə düşərəm. Ona dedim ki, müəllim bizi Bakıya muzeylərə aparır. Və Rəssamlıq Məktəbinə imtahanları uğurla verərək daxil oldum. Mənim üçün artıq yolun başlanğıcı bəlli idi. Evə qayıdanda dedim ki, Rəssamlıq Məktəbinə daxil olmuşam. Atam sevinərək məni qucaqladı. Amma ondan niyə gizlətməyimin səbəbimi söyləyəndə kövrəldi. 

Beləcə, mənim ilk tələbəliyim həmin məktəbdə keçdi, orada dövrümüzün ən tanınan müəllimlərindən İbrahim Rzayevdən, Bağır Maratlıdan, Eyyub Məmmədovdan dərs aldım. Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirdim.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra 4 ay Neftçala rayonunun Xıllı qəsəbəsindəki məktəbdə rəsm müəllimi işlədim. Təsəvvür edin, dərs dediyim şagirdlərlə aramda cəmi iki-üç yaş fərq vardı. Şagirdlərim məni sevirdilər, əsgərliyə gedəndə kövrəlmişdilər.

– Müəllimliklə bağlı xatirəniz çox maraqlı səsləndi…

– Adımla bağlı zarafatlar çox olurdu. Elə ki dərsdə deyirdim “Uşaqlar, sakit olun”, gülməyə başlayırdılar. Adıma qarşı kompleksim yaranmışdı. Axırda deyirdim “dinc oturun”, ya da “danışmayın”. Atmacalar atırdılar ki, adımı tez-tez işlədim. Mən onda anladım ki, müəllimlik peşəsi səbir və anlayış tələb edir. Təbii ki, özümü müəllimlikdə yox, rəssamlıqda görürdüm. Həm də müəllimlikdə çərçivə var, proqramdan kənara çıxmaq olmaz. Rəssamlıq isə azadlıqdır.

– Sizcə, yaxşı müəllim necə olmalıdır?

– Yaxşı müəllim yaradıcı, peşəkar olmalıdır, uşağın beyninə, qəlbinə nüfuz etməyi, standartlardan kənara çıxmağı bacarmalıdır. Məsələn, bizim Səlimxanov soyadlı müəllimimiz vardı. Dərsi elə keçirdi ki, heyran qalırdıq. Bəzən proqramdan da kənara çıxırdı, amma dedikləri yaddaşımıza hopurdu. Mənim fikrimcə, şagird çərçivəyə salınanda o sıxılır. Müəllimlik gözəldir, amma hər adamın bacaracağı sənət deyil. Mən də bütün bunları nəzərə alaraq müəllim olmağı seçmədim. Hətta təhsil sahəsində yüksək vəzifə təklif olunanda belə, imtina etdim. Sənətimin azadlığını hər şeydən üstün tutdum.
       
“Çünki ruhum da, istedadım da Vətənimlə bağlıdır”

– İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasını da fərqlənmə ilə bitirdiniz... 

– Tale elə gətirdi ki, 1978-1980-ci illərdə hərbi xidmətimi Rusiyada Petrozavodskidə ucqar bir kənddə çəkdim və əsgərlik dövrümdə oradakı Zabitlər Evində əsərlərimdən ibarət sərgi təşkil edildi. Əsərlərim bir generalın diqqətini çəkdi və onun qərarı ilə məni şəhərə qərargaha apardılar. Və burada çox böyük bir hədəfə doğru yol aldım. Qərara gəldim ki, ali təhsilimi İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasında almalıyam. Əsgərliyi bitirdikdən sonra adıçəkilən akademiyanın Rəngkarlıq fakültəsinə daxil oldum. Həmin vaxtlar orada oxumaq asan deyildi. Hələ “Lenin təqaüdü”nə layiq görülmək. Azərbaycanlılardan bu təqaüdlə həmin akademiyanı bitirən ilk və hələ də yeganə tələbə olmaq mənim üçün təkcə fəxarət yox, həm də bir məsuliyyət idi. Ölkəmi layiqincə təmsil etmək, içimdəki sənət yanğısını əsərlərə çevirmək arzusundaydım. Akademiyanı da fərqlənmə ilə bitirdim. 

– Leninqrad mühitində təhsil almaq rəssamlığınızda nə kimi rol oynadı?

– Mən başda Bakıdakı ilk sənət müəllimim Adil Hacıyev və Leninqrad Rəssamlıq Akademiyasında ustadım olan SSRİ Xalq rəssamı Yevsey Moiseyenko olmaqla hamısına borcluyam. Moiseyenko çox böyük sənətkar idi. O artıq 2 və 3-cü kurslardan ən yaxşı tələbələri öz sinfinə qəbul edirdi və gənclər akademiyanı bitirənə qədər orada yaradıcılıq fəliyyətini davam etdirirdilər. Seçimi isə şəxsən özü aparırdı. Bilirsiniz, bu hər tələbəyə nəsib olmayan bir xoşbəxtlik idi. O cəmi 5 nəfər seçirdi. Və həmin seçilən şanslı tələbələrdən biri də mən oldum.

O vaxt tələbələr arasında Moiseeyenkonun təsiri altına düşənlər çox idi. Sənət belədir, güclü rəssamın təsiri altına düşənlər həmişə çox olur. Mən Moiseyenkonun sinfinə düşəndə fikirləşdim ki, ya onun kimi olmalı, ya da Ermitajı seçməliyəm. Mən Ermitajı seçdim. Orada Rembrandt, Vinsent van Qoq, Leonardo da Vinçi kimi dahilərin əsərləri vardı. Mütəmadi öyrənirdim və günümü orada keçirirdim. Hər zaman öz istəklərimə uyğun, müstəqil şəkildə hərəkət etməyi sevirdim. Moiseyenko haqqımda deyirdi ki, bu bizim üçün tapıntıdır. 

Leninqrad Rəssamlıq Akademiyasını bitirdikdən sonra həmin ali təhsil ocağının prezidenti Boris Sergeyeviç Uqarov mənə orada müəllim kimi qalmağı təklif etdi. Dedi ki, səni evlə də təmin edərik. Razılaşmadım və Vətənimi seçdim. Çünki ruhum da, istedadım da Vətənimlə bağlıdır. 

– Ən çox hansı janrda və hansı mövzular üzərində işləməyi sevirsiniz? 

– Mən xaraktercə azad ruhlu insanam. Və bu azadlıq, sərbəstlik hər zaman sənətimə yön verib. Mövzu məhdudiyyəti tanımamışam. Məni daha çox portret janrı özünə cəlb edir. Təbii ki, hər rəssamın içində hansısa ideyalar, çağırışlar olur, amma mənim üçün həm də ən böyük müəllim Allah, bir də təbiətin özüdür. Biz, əslində, təbiətdən öyrənirik. Təbiət sanki deyir ki, bax, bu rəng, bu işıq, bu sükut. Bunlar sənə nə deyir? Rəssamlıq öyrədilmir, öyrənilir. 

– Emalatxananızda müxtəlif musiqi alətlərini – royal, saz, tar görürük. Görünür ki, istedadınız təkcə rəssamlıqla məhdudlaşmır.

– Bəli, hansı musiqi aləti olsa, ifa edirəm. Ən çox sazda ifa etməyi xoşlayıram. Bilirsiniz, çalmağı harada öyrənmişəm? Bəhs etdiyim Neftçaladakı “Pionerlər Evi”ndə. Rəssamlıq dərnəyinə gedəndə digər otaqlarda musiqi ilə məşğul olan uşaqları görürdüm. Qulağım daim musiqidə idi. Qaçıb sazda, tarda və digər musiqi alətlərində çalmağı öyrənirdim. Bu mənim musiqiyə olan həvəsim və marağım  idi. Və bu həvəs nəticəsində bir neçə musiqi alətlərində ifa etməyi öyrəndim. Atam da mənim bu həvəsimi görərək bir çox musiqi alətləri aldı. 

Mənim üçün incəsənət yalnız rənglərdən ibarət deyil. Musiqini də sevirəm, hansı musiqi alətini əlimə alıramsa, onunla danışmağı bacarıram. Konsertlərdə çıxışlarım olub, televiziyalarda da ifa etmişəm. Bu da mənim içimdəki ifadə ehtiyacının başqa bir yoludur. Çünki rəssam üçün forma azaddır. O, rənglə danışa, səs ilə ağlaya, fırça ilə gülə bilər. Musiqi ilə də iç dünyamı dilləndirirəm. Hər not, hər melodiya mənim üçün ayrı bir rəngdir, ayrı bir duyğudur.
 
Onlar şəkil çəkəndə “get, dərs oxu” deyirik, dərs oxuyanda isə “get şəkil çək”

– Siz çoxsaylı beynəlxalq akademiyaların üzvüsünüz, fərqli ölkələrin təhsil və incəsənət mühiti ilə yaxından tanışsınız. Bu sahədə üstünlüklərimiz və çatışmazlıqlar barədə nə deyə bilərsiniz?

– Bilirsiniz, bizdə qəribə bir yanaşma var. Daim kiməsə baxmağa, oxşamağa çalışırıq. Bu isə bəzən bizi öz kimliyimizdən uzaqlaşdırır. Xaricdə belə deyil. Mən Avstriyada olarkən bir məktəbdə master-klas keçdim. Sinfə girəndə gördüm ki, uşaqlar yerdə üzüüstə uzanıb şəkil çəkirlər. Tam sərbəstdirlər. Rəsm dərsində hər kəs fərqli fəaliyyətlə məşğuldur. Uşaqlar orada “nizam-intizam” adı altında boğulmur. Rəsm dərsi onlara maraq oyatmaq üçündür. Bizdə isə hamı sakit oturur, müəllim nə deyəcək, onu gözləyirlər. Rəssamlıq bu deyil. Rəsm dərslərinin formatı dəyişməlidir, dərslər açıq havada, təbiətin füsunkar mənzərəsini görməklə, bu gözəllikləri duymaqla, müşahidə etməklə keçilməlidir. Uşaqlara rəsm bacarıqları öyrədilməlidir. Müəllim daha yaradıcı olmalı, şagirdlərə rəsmi sevdirməlidir.

Bizdə övladlarımız uşaqlıqlarını yaşamırlar. Onlara 2 yaşında uzun-uzadı şeir əzbərlətdirir, xarici dil öyrədirik. Valideynlər erkən yaşlarından uşaqlarını təhsillə çox yükləyirlər. Mənim fikrimcə, iki yaşındakı balaca oyuncaqları ilə oynamalıdır. Almaniyada belə deyil. Orada uşağın beynini yükləmirlər, ona sərbəstlik verilir. Biz isə vaxtından əvvəl yükləyirik. Bu isə uşağın oxumağa marağını öldürür. Onu dərs oxumağa deyil, sanki məcburiyyətə sürükləyirik.

Mən görürəm ki, uşaq həvəslə şəkil çəkir, onu dartıb aparırlar ki, dərs oxusun. Uşaq ağlaya-ağlaya kitabı əlinə alır. Və biz ondan gözləyirik ki, özümüzün ola bilmədiyimiz sahədə gələcəkdə uğurlu insan kimi tanınsın. Bu, mümkün deyil. Siz ac adama deyirsiniz ki, get işlə, sonra yemək verəcəyik. O həmin anda sadəcə şəkil çəkmək istəyir. Əgər etməsə, rahat ola bilməz. Biz isə uşaqların bu ehtiyacını anlamırıq. Onlar şəkil çəkəndə “get, dərs oxu” deyirik, dərs oxuyanda isə “get şəkil çək”. Bu düzgün yanaşma deyil. Biz övladlarımıza nəyisə məcbur etməli deyilik. Onun marağını tapmalıyıq, yönləndirməyi bacarmalıyıq.

Biz təhsilimizi heç bir ölkənin təhsili ilə tam eyniləşdirə bilmərik. Bizim öz ailə dəyərlərimiz, mentalitetimiz var. Zəngin tariximiz, milli kimliyimiz, musiqimiz, ədəb-ərkanımız var. Məsələn, muğam kimi heç bir ölkənin musiqisində təkrarlanmayan bir sənət incimiz var, çox istedadlı xalqıq. Daim yeniliyə açığıq. Ancaq bəzən pisi də örnək götürürük. Bu isə çox təhlükəlidir. Fikrimcə, bu gün televiziyalarda baş alıb gedən səviyyəsiz verilişlər, ailə faciələrinin “şou"ya çevrilməsi də həmin yanlış örnəklərin nəticəsidir. Niyə kiməsə oxşayaq axı? Biz özümüzük və özümüz kimi qalaq.

Bizim, eyni zamanda, ən böyük üstünlüyümüz odur ki, övladlarımızla bağlı böyük arzularımız var. İstəyirik ki, gözəl təhsil alsınlar, yaxşı karyera qursunlar, xoşbəxt ailə həyatı yaşasınlar. Və buna görə əlimizdən gələni edirik. Övladımız üçün can yandıran xalqıq. Sadəcə, o arzuları reallaşdırmaq üçün bəzən səhvlərə yol veririk. Əsas odur ki, qeyd etdiyim kimi, uşağın istedadına, marağına uyğun düzgün istiqamət verək.

– Siz ancaq valideynlərini itirmiş, maddi imkanı olmayan tələbələrlə məşğul olursunuz. Niyə məhz belə seçim edirsiniz? 

– Bəli, mənim tələbələrim valideynlərini itirmiş uşaqlar, qaçqın və məcburi köçkün ailələrindən olan gənclərdir. Həyatım boyu heç bir tələbəm deyə bilməz ki, Sakit müəllim mənimlə pul qarşılığında məşğul olub. Mən özüm seçim edirəm. Həmin gəncin istedadını görəndə onunla məşğul olmağı təklif edirəm. Hər zaman bu prinsipi rəhbər tuturam: “İstedadlıya kömək etmək lazımdır. İstedadsız onsuz da bir yol tapacaq”.

Övladlarım da rəssamdırlar. Onlara emalatxanamda “ata” deməyə icazə vermirəm. Övladlarımla tələbələrim arasında fərq qoymuram. Hansının çəkdiyi rəsm yaxşısıdırsa, onun işini seçib xaricə göndərirəm. Müəllim hər bir tələbəsinə övladı kimi yanaşmalıdır. Elə ki, ayrı-seçkilik edirsən, bədbəxtçilik ordan başlayır.

Uşaq 1-2 ay şəkil çəkəndən sonra başlayırlar soruşmağa: “Bunun sərgisini nə vaxt təşkil edək”

– Bəzən valideynlər övladlarının istedadını görür, onları dəstəkləmək istəyirlər. Bu dəstək həmişə doğrumu istiqamətlənir?

– Təəssüf ki, hər zaman yox. Uşağın rəssamlıq qabiliyyəti varsa, çox gözəl. Amma bəzi valideynlər bu prosesi düzgün başa düşmürlər. Uşaq 1-2 ay şəkil çəkəndən sonra başlayırlar soruşmağa: “Bunun sərgisini nə vaxt təşkil edək?”. Axı bu belə olmur. Uşaq da bir müddət sonra özünü artıq “rəssam” saymağa başlayır. Bu, olduqca yanlış bir yanaşmadır. 

Bir hadisəni danışım. Yanıma bir dəfə 13 yaşında bir uşaq gətirmişdilər. Atası dedi: “Sakit müəllim, istəyirik övladımız sizin tələbəniz olsun”. Dedim, yaxşı. Gözləyirəm ki, uşağın çəkdiyi rəsmləri göstərsinlər. Onun əvəzinə qalın bir broşür uzatdılar. Uşağın aldığı fəxri fərmanlar, diplomlar, müxtəlif yerlərdə tutduğu yerlər – nə desən, var. Zarafatla dedim ki, bu qədər mükafat məndə belə yoxdur. Bunu niyə mənim yanıma gətirmisiniz ki? O artıq “tanınmış rəssam”dır.

– Sizcə, gənclər peşə seçimində nə dərəcədə sərbəst olmalıdırlar?

– Əgər mənim övladım riyaziyyatı yox, rəssamlığı, yaxud musiqini seçmək istəyirsə, qoy seçsin. O, sevdiyi sahədə daha uğurlu olacaq. Biz çox vaxt uşaqları özümüz ola bilmədiyimiz sənət sahibi kimi görmək istəyirik. Bu, yanlışdır. Hər bir uşağın daşıya biləcəyi qədər bir yük var. Ondan artığını ona yükləmək zülmdür.

Mən düşünürəm ki, uşağa hər hansı fənni, peşəni sevdirən, ilk növbədə, müəllimdir. Valideynlərdən daha çox müəllim uşağın potensialını, bacarığını görə bilir. Buna görə də valideyn-məktəb-müəllim əməkdaşlığı olduqca vacibdir. Valideyn məktəbin övladının gələcəyinin təməlini qoyan yer olduğunu anlamalıdır. Müəllimlərlə mütəmadi əlaqə saxlamalı, övladının təhsili və tərbiyəsi ilə maraqlanmalıdır.

– Uşaqların bədii-estetik zövqü necə formalaşdırılmalıdır?  

– Çox vacib sualdır. Valideynlər övladlarının bədii-estetik zövqünün formalaşdırılması üçün onları sərgilərə, muzeylərə, operaya, teatra, kinoya aparmalıdırlar. Bəziləri deyəcək ki, bunun üçün vəsait lazımdır. Mən də deyirəm ki, biz hamımız ailəvi şənliklərdə, istirahət mərkəzlərində pul xərcləyirik. Hətta valideynlər çox vaxt övladlarını da bu məclislərə aparırlar. Olmazmı ki, belə ailəvi vaxtları incəsənət ocaqlarına da həsr etsinlər? Bu, istəyə bağlı məsələdir. Sadəcə prioritetləri düzgün seçmək lazımdır.

– Sizcə, savadlı olmaq kifayət edirmi?

– Yox, insan savadlı ola bilər, amma əxlaq yoxdursa, hər şey puçdur. Əxlaq insanın içində olur. O, ailədən gəlir. Uşağın ilk tərbiyə məktəbi evdir. Məsələn, yəhudilər uşağı heç vaxt söyüb-danlamırlar. Əgər uşaq səhv edibsə, deyirlər ki, “axı sən ağıllısan, bunu niyə belə etdin?”. Yəni uşağı sındırmırlar, düşünməyə vadar edirlər.

“Mən alın yazımı öz alın tərimlə silərək yenidən yazdım”

– Uğur və məşhurluq haqqında nə düşünürsünüz?

– Bu gün hamı məşhur olmaq istəyir. Həm də çox tez. Amma məşhurluğa gedən yolda zəhmət, əziyyət, göz yaşı, inam və dözüm var. Mən Sakit Məmmədov olana qədər, bilirsiniz, nə qədər əziyyət çəkmişəm. Bəlkə də qullar heç mənim qədər işləmirdilər, gecə-gündüz çalışırdım. Bəzən məndən alın yazısına inandığımı soruşurlar. Zarafatla deyirəm: “Mən alın yazımı öz alın tərimlə silərək yenidən yazdım”.

Hər gün səhərdən-axşama qədər emalatxanadayam. Mənim əllərim illərlə rəsm çəkməkdən qabar bağlayırdı. Amma bu zəhmətin bəhrəsini indi görürəm. Vaxt qızıldan da qiymətlidir. Gənclər bir saniyə belə vaxt itirməsinlər.

– Geriyə dönsəydiniz, yenə də rəssam olardınızmı?

– Əgər eyni ailədə, eyni tərbiyədə böyüsəydim, bəli, olardım. Amma başqa mühitdə doğulsaydım, məsələn, Gədəbəydə yox, Almaniyada, bəlkə də, başqa bir sahənin adamı olardım. İstedad insana ruhla birlikdə verilir. Məncə, istedad və mühit – bu iki amil insanın taleyini müəyyənləşdirir.

– Gənclərə nə tövsiyə edərdiniz? 

– Qarşınıza məqsəd qoyun. Və ona çatmaq üçün gecə-gündüz çalışın. Uğura gedən yolda bəzən büdrəyə, yıxıla bilərsiniz. Bu tamamilə təbiidir. Əsas məsələ yıxıldıqdan sonra qalxmaq, irəli getməkdə israrlı olmaqdır. Əgər dayanmadan çalışsanız, bir gün uğur özü gəlib sizi tapacaq. 

Rəssamlığı seçən gənclərimiz öz yolunu tapmalıdır. Kimisə təqlid etməklə deyil, içindən gələn səslə hərəkət etməklə sənətə töhfə vermək olar. Rəssam, ilk növbədə, özünü tanımalıdır. Bir də onu xüsusi qeyd edim ki, öncə insana professionallıq lazımdır. Professionallıq ruhu da, öz növbəsində şəxsiyyəti də ortaya çıxarır.

Gənclərimiz tənbəllik etməsinlər, hər gün yaratsınlar, səhv etsinlər, öyrənsinlər, özlərinə güvənsinlər. İstedad hər kəsdə ola bilər, amma onu görmək, qorumaq və inkişaf etdirmək üçün düzgün istiqamətləndirməyi bacaran insanlar, müəllimlər və çalışqanlıq lazımdır. Və ən əsası, heç vaxt arzularından vaz keçməsinlər.

Şərhlər

Xəbər lenti

10 iyun, 18:20

STEAM'ool olimpiadasında 2400-dən çox şagird iştirak edir

10 iyun, 18:12

MDU-nun rektoruna yeni müşavir təyin olunub

10 iyun, 18:02

11 may tarixində keçirilmiş imtahanların nəticələri elan olunub

10 iyun, 17:25

Əsas məsələ yıxıldıqdan sonra qalxmaq, irəli getməkdə israrlı olmaqdır – Sakit Məmmədov

10 iyun, 16:55

Sakit Məmmədov: Rəsm dərslərinin formatı dəyişməlidir

10 iyun, 16:42

Kəmalə Aşumova: Uşaqlar təhsil mühitində daha aktiv iştirakçıya çevrilirlər

10 iyun, 16:36

Azərbaycanda beynəlxalq bazalarda indekslənən 25 elmi jurnal var

10 iyun, 16:27

RFO qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək

10 iyun, 16:20

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün onlayn imtahan keçirilib

10 iyun, 16:08

Avstriyada məktəbdə atışma olub, 11 nəfər ölüb

10 iyun, 15:50

ADNSU Albaniyanın ali məktəbləri ilə əməkdaşlıq edəcək

10 iyun, 15:29

LDU və Rumıniyanın Qalati Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

10 iyun, 15:20

Təhsil təbiətin tərəfindədir

10 iyun, 15:12

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

10 iyun, 15:05

Təhsilini kredit hesabına bitirdi, indi məhkəmədə çalışır

10 iyun, 15:02

SDU-da Məzun Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

10 iyun, 15:00

Naxçıvan məktəblisi Bebras müsabiqəsində 2-ci yeri tutub

10 iyun, 14:28

388 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb

10 iyun, 14:28

Övladları məktəbəhazırlıq qruplarının rus bölmələrində oxuyanların NƏZƏRİNƏ!

10 iyun, 14:08

Yanıma bir uşaq gətirmişdilər, heç mənim o qədər mükafatım yox idi... – Xalq rəssamı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.