Bütün xəbərlər
11 fevral, 16:14

Xocalı sinəsində çalın-çarpaz yaraları olan sükut şəhəri idi dünənə qədər, məktəbindən, sosial həyatından, uşaqlarının gülüşündən uzaq düşmüşdü. Bu məqaləni yazarkən cümləmin içərisində “dünənə qədər” ifadəsini işlətdim. Bəli, dünənə qədər. Bu gün isə tamam başqadır... Sabah açıldımı, insanlar işə tələsir, uşaqlar məktəbə, körpələr bağçaya. Evlərdə işıqlar yanır, həyət-bacada insanların səsi eşidilir. Düz 32 ildən sonra uşaqlar yenə xoşbəxtdir bu coğrafiyada, baxmayaraq ki, yenə də qışdır. Havanın buz kimi soyuq olmasına baxmayaraq, al-əlvan rəngli bağçanın həyətində övladlarının əlindən tutub bağçaya gətirən anaların sayı hər gün çoxalır. Analar arxayındırlar ki, körpələri əmin əllərdədir, bağça da istiliklə tam təmin olunub, uşaqlar özlərini ana qucağındakı kimi hiss edəcəklər. 

Yolumu Xocalıda açılmış 1 saylı uşaq bağçasından saldım, yenicə açılıb. Bağçanın yaxınlığında bir avtobus dayanmışdı. Öyrəndim ki, uşaqları hər sabah rahat bir şəkildə bağçaya gətirmək üçün avtobus xidməti təşkil olunub. Qeyd edim ki, burada tərbiyə alan uşaqların çoxu hərbçi ailələrin körpələridir. Hər gün onlara ayrılan avtobus uşaqları həm bağçaya, həm də məktəbə aparıb-gətirir. Tərbiyəçi-müəllimlər uşaqları gülərüzlə qarşılayır, onları otaqlara ötürür, çox keçmədən uşaqların gülüş səsi otaqları başına götürür. 

Əvvəlcə Azərbaycanın Dövlət himni səslənir sonra uşaqlar musiqi sədaları altında idman edirlər. Hələlik qarışıq qrupda 15 uşaq var. Əlbəttə, Xocalıya köçən ailələrin sayı artdıqca bağçanın fəaliyyəti də, müəllimlərin sayı da çoxalacaq. Tərbiyəçi-müəllimlər uşaqları darıxmağa qoymur, onlara masa başında oyunlar öyrədir, əyləndirir, fiqurlardan ev düzəldir, bənövşə oyunu, topu səbətə atmaq və başqa oyunlar oynayırlar. 

Uşaqlar musiqi sədaları altında idman edir və 20 dəqiqə məşğələ keçirlər. Ardından da şeir, nağıllar və rəqslər öyrənirlər. Tibb bacısı İlahə Əliyeva yeməklərə nəzarət edir. Soruşdum ki, uşaqlar bu gün nə yeyəcəklər? Elnarə Allahverdiyeva bildirdi ki, yayma, kartof, salat, kök, çuğundur, kompot. Səhər yeməyimiz südlə hazırlanmış xörək, yumurta, kərə yağı və pendir olur. Ərzaqlar şirkət tərəfindən paketlənmiş halda gətirilir. Nərgiz Mahmudova qeyd edir ki, gətirilən tərəvəzlər, meyvələr və digər ərzaqlar təzə-tər olur. Bağçada istilik, qaz, su olsa da, internet xətti hələ çəkilməyib.  

Valideynlərlə də görüşdüm. Emelya xanım hərbçi yoldaşıdır. Xocalının sərt havasına necə öyrəşə bildiklərini soruşdum. O, “Xocalı haqqında yalnız kitablardan oxumuşdum, indi orada yaşamaq çox maraqlıdır”, - deyir. Həyat yoldaşı Bəxtiyar Salmanlı təyinatını Xocalıya alanda əvvəlcə narahat olub, indi Xocalıya təkcə öyrəşməyib, həm də Xocalını sevir. Deyir ki, Bakıda yaşayırdıq, orada özəl bağçaya hər uşağa görə 250 manat ödəyirdik, xidmət səviyyəsi istədiyimiz şəkildə də deyildi. Burda isə başqadır, uşaqlara çox diqqətlə yanaşırlar, qidalarına xüsusi diqqət göstərirlər. 

Şəbnəm Knyazova 2 övladını – Onur və Knyazı bağçaya gətirmişdi, orada qarşılaşdıq, söhbət etdik. Yoldaşı Mətin Knyazov da Xocalıda xidmətə göndərilib. Onlar köçkünlüyün hər əzabını görüblər, odur ki, heç narahat olmayıblar, əksinə, yoldaşının bu təyinatına çox sevindiklərini bildirir. Şəbnən etiraf edir ki, Xocalıda körpələrin hər cür istirahətinə, qidalanmasına və tərbiyəsinə xüsusi diqqət yetirilir.

Hələ ki, Xocalıya ailələr tam köçmədiyindən hərbçi ailələrin uşaqları çoxluq təşkil edir. Onlardan biri də Selyanə Paşayevadır. Körpə yaşlı Riçard və Ayanı bağçaya gətirmişdi. Ana deyir ki, biz hərbçi ailəsi olduğumuz üçün yoldaşımı hara göndərsələr ora gedirik. Amma Xocalıdakı bağça çox nümunəvidir.

Ləman bundan əvvəl Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon 2 nömrəli Körpələr evi-uşaq bağçasında işləyib. Xocalı onun ata-baba yurdudur. Deyir ki, buradan çıxanda cəmi 3 yaşım olub, amma xəyal kimi xatırladıqlarım var. Çiçək nənəm Xocalı soyqırımının qurbanıdır, atamı da vaxtsız itirdik, tək təskinliyim, bu gün burada, vətənimin, yurdumun uşaqlarına xidmət etməkdir. 

Bağçanın müdiri Bahar Ataşova əmək fəaliyyətinə Oğuz rayonunda məskunlaşan Xocalı rayon Qaragav kənd orta məktəbində başlayıb, orada ibtidai sinif müəllimi işləyib. Xocalı şəhər 1 nömrəli Körpələr evi-uşaq bağçasının müdiri olmaqdan qürurla danışır. Xocalılı övladların təlim-tərbiyəsi ilə məşğul olmaq çox məsuliyyətlidir, deyir: “Xocalı uşaqlarının psixologiyası, davranışları, uşaq dünyaları fərqlidir, bundan əvvəl işlədiyim bağçalarda da bunun şahidi olmuşam. Xocalı mənim vətənimdir, burada çalışmaq bir başqa duyğudur. Mən də bu uşaqlar kimi sabahlarımı Xocalıda açıram. Xocalının axşamları çox fərqlidir, soyuq, hüznlü, düşündürücü. Şəhidlərimizə, qazilərimizə borcumuz ödənilməz: “Yeni pilot layihəsi çərçivəsində uşaqlara gündə 3 dəfə yemək veririk. 5 günlük, 9 saatlıq iş rejimində çalışırıq. 2 tərbiyəçi-müəllimimiz, 9 texniki işçimiz var. Tərbiyəçi-müəllimlərimiz proqrama uyğun olaraq məşğələlər keçir.  

Budəfəki bağça ziyarətim burada bitsə də, arzu edirəm ki, Xocalıdakı həyat heç vaxt bitməsin. Uşaqların üzündən təbəssüm əskik olmasın. Bir daha ilikləri donduran qış yox, həmişə Bahar gəlsin! 

Uzun illər uşaq səsinə həsrət qalan həyat axarına düşür. Körpə gülüşün heç vaxt tükənməsin Xocalı...

Səriyyə Müslüm qızı                                                 

1 /4

Şərhlər

Xəbər lenti

14 mart, 18:08

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qalibləri mükafatlandırılıb

14 mart, 17:52

Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya keçiriləcək

14 mart, 17:50

Qiymətləndirmə ilə bağlı görüş keçirilib

14 mart, 16:03

Nazir müavini: Şagirdlərin istedadını vaxtında aşkarlamaq olduqca vacibdir

14 mart, 15:58

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

14 mart, 15:58

“Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir” - RƏY

14 mart, 15:33

Rəqəmsal məktəb: Müasir təhsilin sərhədsiz imkanları

14 mart, 15:10

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə qeydiyyat davam edir

14 mart, 15:00

Görülməyəcək işlərin siyahısı da vacibdir

14 mart, 14:49

Qarabağda infosessiyalar keçiriləcək

14 mart, 14:42

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

14 mart, 14:35

“Heç vaxt o yola əl atmaram, bunun necə pis olduğunu bilirəm” - Video

14 mart, 14:24

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

14 mart, 14:01

Elmin təbliği: Türkiyədən maraqlı təşəbbüs

14 mart, 13:51

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BANM-də olublar

14 mart, 12:59

UNEC-də “İş yeri axtarma, iş yeri yarat!” adlı təlim keçirilib

14 mart, 12:51

AzMİU-nun 50 illik yubileyi ərəfəsində növbəti seminar keçirilib

14 mart, 12:37

“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə keçirilib

14 mart, 12:36

SABAH qruplarından bu günədək 7 minə yaxın tələbə məzun olub

14 mart, 12:23

Ötən il 4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.