Hazırda səkkiz fənn üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsi prosesi gedir. Onlardan biri də Fizika fənn kurikulumudur.
“Azərbaycan müəllimi” Təhsil İnstitutu tərəfindən hazırlanan “Fizika fənn kurikulumunun təkmilləşdirilməsi layihəsi”nin rəhbəri Yalçın İslamzadə ilə müsahibəni təqdim edir.
– Yalçın müəllim, bir qədər əvvələ nəzər salsaq, təbiət fənlərinin tədrisindəki əsas problem nə idi?
– Əsas problem şagirdlərə sadəcə faktoloji və prosedural biliklərin öyrədilməsi idi. Əslində, faktoloji və prosedural biliklər də vacib olmaqla yanaşı, məqsəd həm də konseptual biliklərin formalaşdırılması olmalıdır. Tədqiqatlar göstərirdi ki, mürəkkəb məsələləri həll edə bilən, yəni prosedural bilikləri uğurla tətbiq edən bacarıqlı şagird və tələbələr belə elmi mühakimə aparmağı bacarmırlar. Onlar təbiət elmlərinin başlıca konseptlərini situasiyalara tətbiq edərək açıq tipli suallara cavab verməkdə, ümumiyyətlə fiziki hadisələri izah etməkdə çətinlik çəkirdilər. Bir çox şagirddə təbiət elmlərinin çətin və ya alqoritmik olması qənaəti formalaşmışdı və bu fənləri ixtisas sahəsi kimi seçənlərin sayında stabil azalma müşahidə olunurdu.
– Bəs qloballaşma dövründə təbiət fənlərinin rolu necə dəyişdi?
– Qloballaşma ilə İKT alətləri daha əlçatan oldu və bilgi paylaşımı imkanları artdı. Ancaq qloballaşma özü ilə yeni problemlər də gətirdi – mötəbər bilgini saxtalaşdırılmış bilgidən ayırmaq çətinləşdi. Bunun üçün təbiət fənlərinin vəzifələrinə tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsi də əlavə edildi. Oxuyub-anlama, riyazi təfəkkür və elm savadı bacarıqlarının ölçüldüyü PISA qiymətləndirmə proqramının nəticələri də təbiət fənlərinin qarşısına yeni vəzifələrin qoyulmasını şərtləndirdi. Real həyatdakı real problemlər hər zaman dərslikdə təqdim olunan problemlərdən daha mürəkkəbdir. Təbiət fənləri elə tədris olunmalıdır ki, konseptual bilikləri yeni situasiyalara tətbiq edərək problem həll etmə bacarığını inkişaf etdirsin.
– Bu kontekstdə yeni fizika kurikulumu hansı dəyişiklikləri ehtiva edir?
– Yeni fizika kurikulumu altı məzmun xətti üzrə qruplaşdırılıb: “Fiziki kəmiyyətlər, ölçmə və eksperimental fizika”, “Klassik mexanikanın əsasları”, “Elektrik, maqnit və elektromaqnit sahələri”, “Molekulyar-kinetik nəzəriyyə və termodinamikanın əsasları”, “Rəqslər, dalğalar və optika” və “Maddənin atom nəzəriyyəsi, kvant fizikası və astrofizika”.
Məzmunun belə qruplaşdırılması tədris zamanı reallaşdırılan və meyarlarla ölçülən konkret təlim nəticələrinin əldə olunmasına imkan verir.
Bu yanaşma şagirdlərin biliklərinin tədricən dərinləşdirilməsi və proses bacarıqlarının formalaşdırılması məqsədini təmin edir. Kurikulum “spiral kurikulum” və konstruktivist yanaşma nəzərə alınaraq hazırlanıb. Yəni, məzmun yuxarı siniflərə doğru dərinləşdirilərək inkişaf etdirilir və mümkün olduqca yeni məzmun şagirdlərin əvvəlki bilikləri ilə əlaqələndirilərək təqdim olunur. Yeni kurikulumda köhnə məzmunun bir hissəsi ixtisar edilib. Məsələn, “səthi gərilmə və kapilyarlıq” mövzusu çıxarılıb. Bundan başqa, elektroliz mövzusu da, daha çox elektrokimya mövzusu olduğuna və kimya kurikulumunda nəzərdə tutulduğuna görə indiki kurikulumda yer almır.
– Köhnə kurikulumun hansı çatışmazlıqları vardı?
– Əvvəlki kurikulum məzmununun ağırlığı və şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınmamasına görə tənqid olunurdu. Məzmun xətləri çox ümumi şəkildə müəyyənləşdirilmişdi, bu da konkret təlim nəticələrinin əldə olunmasına mane olurdu. Məsələn, “Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar” məzmun xətti həddən artıq ümumidir və demək olar ki, bütün fizikanı əhatə edirdi. Nəticədə, belə kurkuluma görə hazırlanan dərslikdə fizika daha çox məlumat toplusu kimi təqdim olunurdu. Bu isə şagirdlərdə səbəb-nəticə əlaqələrini təhlil etmə bacarığının formalaşdırılmasına imkan vermir.
Hazırki məzmun daha konkret və ölçülə bilən nəticələrə yönəldilib. Ümumiyyətlə, indiyə qədərki fən kurikulumlarının problemlərini məzmun yüklü və yaşa uyğun olmaması, təbiət fənlərinin sadəcə məlumat-məzmun kolleksiyası kimi öyrədilməsi, məzmunun yaradılmasında istifadə olunan proses bacarıqlarından bəhs edilməməsi və təbiət fənlərinin izah etmə imkanlarına yer verilməməsi kimi sadalana bilər.
– Yeni kurikuluma hansı mövzular əlavə olunub və hansı mövzular çıxarılıb?
– Fizikanın eksperimental elm olması nəzərə alınaraq, “Fiziki kəmiyyətlər, ölçmə və eksperimental fizika” ayrıca məzmun xətti kimi əlavə edilib. Bu məzmun xətti fizika tarixindəki vacib eksperimentlərin müzakirəsini, sərbəst və asılı dəyişənləri müəyyən etməyi, ölçmə xətalarını hesablamağı və eksperimentin nəticəsinin qrafik üsulla təsvir edilməsini öyrətməyi nəzərdə tutur. Bu isə yeni kurikulumda proses bacarıqlarının öyrədilməsi mənasına gəlir.
Həmçinin “Astrofizika və astronomiya” mövzuları əlavə olunan mövzulardandır. Bu mövzular yaxın gələcəkdə kosmik fəzanın fəth edilməsi və yaxın planetlərə insanlı uçuşların aktuallaşması və şagirdlərdə kainatın mənşəyinə və quruluşuna dair təbii marağın olması nəzərə alınaraq əlavə edilib.
Onu da deyim ki, köhnə kurikulumdakı “səthi gərilmə və kapilyarlıq” kimi bəzi mövzular ixtisar olunub. Hazırda qlobal tendensiya məzmunu azaltmaq və təqdim olunan mövzunu daha dərindən öyrətməkdir. İxtisar olunan mövzular arasında həm riyazi çətinliyi, həm də şagirdlərin gələcək ixtisas sahələri baxımından tətbiq sahəsinin məhdud olmasına görə “xüsusi nisbilik nəzəriyyəsi” də var.
Bunlarla yanaşı, kvant kompüterlərinin uzaq olmayan gələcəkdə artıq aktual olması və ölkəmizdə kompüter elmlərinə marağın yüksək olması nəzərə alınaraq kvant fizikasının müəyyən anlayışlarına daha çox yer verilib.
Müasir texnologiyalar baxımından vacibliyi nəzərə alınaraq “elektromaqnit dalğalar spektri” mövzusunun da daha geniş təqdim olunması nəzərdə tutulub.
– Terminoloji dəyişikliklər haqqında nə deyə bilərsiniz?
– Mövzularla yanaşı, bəzi terminoloji dəyişikliklər edilib. Məsələn, “ümumdünya cazibə qanunu” ifadəsi, “universal cazibə qanunu” ifadəsi ilə, “at qüvvəsi” ifadəsi mahiyyətcə daha doğru olduğu və orijinala yaxınlığı baxımından “at gücü” ifadəsi ilə, “elektromaqnit dalğalar şkalası” ifadəsi isə “elektromaqnit dalğalar spektri” ifadəsi ilə dəyişdirilib.
– Maraqlıdır, yeni kurikulumun ən əsas qeyd etmək istədiyiniz fərqi nədir?
– Yeni kurikulumun yaddaşa əsaslanan əvvəlki kurikulumdan əsas fərqi “araşdırma və sorğu” əsaslı olmasıdır. Bu üsul şagirdlərə yalnız faktları və hazır nəticələri öyrətmir, həm də bu faktlar və nəticələr üzərində düşünmək və onları tətbiq etmək bacarığı qazandırılır. Nəticədə, şagirdlər mühakimə apara və müasir problemlərin həllinə daha məhsuldar yanaşa biləcəklər. Kurikulum məzmunun fəaliyyətlərlə və bu fəaliyyətləri reallaşdırarkən şagirdlərin refleksiya etmələri üçün nəzərdə tutulmuş suallarla öyrədilməsini nəzərdə tutur. Bundan başqa, mümkün olduqca elmin cəmiyyət, texnologiya və tarix kontekstində öyrədilməsini, onun tətbiq sahəsinin sinif otağı və imtahanla məhdudlaşmadığını əks etdirir.
– Sizcə, bu yanaşma təhsildə hansı dəyişikliklərə səbəb olacaq?
– Şagirdlər elmin nəticələrini, yəni məzmunu öyrənəcəklər. Həmçinin məzmunun əldə edilməsində istifadə olunan sual vermək, təcrübə aparmaq və nəticələri şərh etmək kimi proses bacarıqlarını mənimsəyəcəklər. Bundan əlavə, onlar elmin vacib konseptlərini real həyatda qarşılaşdıqları fiziki hadisələri izah etmək üçün istifadə edə biləcəklər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)