Bütün xəbərlər
22 yanvar, 17:23

Zəlzələlər təbiətin ən güclü və dağıdıcı hadisələrindən biridir. Hər il dünya miqyasında baş verən yüzlərlə zəlzələ minlərlə insanın həyatını itirməsinə, yaşayış binalarının, mühüm infrastruktur obyektlərinin və iqtisadiyyatın ciddi şəkildə zərər görməsinə səbəb olur. Xüsusilə 2023-ci ildə Türkiyədə baş verən dəhşətli zəlzələ bu reallığı bir daha bütün dünyaya xatırlatdı. Bu faciə nəticəsində minlərlə insan həyatını itirdi, yüz minlərlə insan evsiz qaldı və milyonlarla dollar dəyərində maddi zərər dəydi. Belə hadisələrdə tikililərin dayanıqlılığının, zəlzələlərə qarşı hazırlığın və mühəndis yanaşmasının vacibliyi xüsusi vurğulanır.

“Azərbaycan müəllimi” bu kontekstdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika kafedrasının professoru və Zəlzələ mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru, texniki elmlər doktoru Azər Qasımzadə ilə müsahibəni təqdim edir.

Professor Azər Qasımzadə, zəlzələlərin tikililər üzərindəki təsirlərini araşdıran tanınmış alimdir. O, zəlzələ mühəndisliyi sahəsində bir sıra beynəlxalq layihələrdə iştirak edərək müxtəlif ölkələrdə baş verən zəlzələlərin mühəndislik aspektlərini dərindən öyrənib. Tədqiqatları zəlzələlərə qarşı dayanıqlı qurğuların yaradılması, tikililərin gücləndirilməsi, seysmik izolyasiya, zədələnməsi idarə olunan qurğular, performans əsaslı seysmik layihələndirmə, ən hündür və ən yüngül qurğuların əldə edilməsi sahələrində mühüm yeniliklər gətirib. Strateji əhəmiyyətli bina və qurğuların seysmik qorunması üçün struktural seysmik izolyasiya metodunun və sisteminin müəllifidir. Azər Qasımzadənin AzMİU-da apardığı elmi araşdırmalar və həyata keçirdiyi layihələr, zəlzələlərə qarşı dayanıqlı qurğuların inkişaf etdirilməsinə böyük töhfə verib, regionda və dünyada mühəndislik sahəsində tətbiq olunan ən yaxşı təcrübələrə əsaslanmış yeni metod və yanaşmaların tətbiqinə imkan yaradıb. 

Azər müəllim, ilk olaraq zəlzələlərin tikililərə və insan həyatına təsiri barədə fikirlərinizi bizimlə bölüşmənizi xahiş edirik.

Zəlzələlərin tikililərə və insan həyatına təsiri çox mürəkkəbdir. Günümüzdə dünyadakı mövcud tikinti normalarına əsasən, binalar zəlzələyə qarşı layihələndirilərkən üç əsas amil nəzərə alınır: binada yaşayan insanların həyatı, binanın iqtisadi dəyəri və binanın funksiyası. Kiçik və orta şiddətli zəlzələlər baş verəndə bu amillərin binanın istismar müddətində təmin ediləcəyi vəd edilir. Lakin böyük zəlzələlərdə yalnız insan həyatının qorunacağı bildirilir. Bu zaman bina iqtisadi dəyərini və funksiyasını itirir, insanlar isə həyatda qalmaqlarına minnətdar olaraq binanı tərk edirlər. Bina istismara yararsız olur və yenidən inşa edilir. Beləliklə, böyük zəlzələlərdən sonra insanların, şəhər və ölkənin iş davamlılığı və dayanıqlılığı itirilir.

Sizcə, zəlzələ riski yüksək olan bölgələrdə tikinti normalarına necə yanaşılmalıdır?

Əlbəttə ki, ən ciddi şəkildə əməl olunmalı, yüksək keyfiyyətli materiallardan istifadə edilməli və layihələr peşəkar mühəndislər tərəfindən hazırlanmalıdır. Tikinti başlamazdan əvvəl ərazinin seysmik riski geoloji tədqiqatlarla qiymətləndirilməli, müasir texnologiyalar tətbiq olunmalı və keyfiyyətə daim nəzarət edilməlidir. Azərbaycan dünyada ikinci seysmik aktivlik zonasında yerləşir və ərazisi yüksək seysmik risk altındadır. Bölgələrimizdə zəlzələ riski dərəcəsindən asılı olmayaraq tikinti normalarına riayət olunması vacib amildir və buna Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət olunur. Məsələn, tikinti normalarına riayət olunmadığı təqdirdə ölkə sərhədləri xaricində baş verən uzun periodlu zəlzələlərin təsirindən zəlzələ riski az olan bölgələrdə də tikililər zərər görə bilər. Bu məqamlar bizdən tikinti normalarına daha məsuliyyətlə yanaşmağı tələb edir.

Türkiyədə baş verən 2023-cü il zəlzələsi mühəndislik yanaşmaları baxımından bizə hansı dərsləri öyrətdi?  

Hər bir zəlzələ ondan əvvəlki zəlzələlərdə rastlanmayan ən azı bir yeni xüsusiyyətlə qarşımıza çıxır. Biz də bu yeni xüsusiyyətə qarşı qurğuların müqavimətini saxlamaq üçün araşdırmalar aparır və əldə etdiyimiz mühəndislik tədbirlərinin növbəti inşa ediləcək qurğuların layihələndirilməsində tətbiqini təklif edirik.

Türkiyə də Azərbaycan kimi dünyanın ikinci seysmik aktivlik zonasındadır. Maqnitudası 6-dan böyük olan zəlzələlərin 10,5%-i bu zonada baş verir. Keçmiş zəlzələlərin statistik məlumatlarına əsaslansaq, orta hesabla Türkiyədə hər 7 ildən bir dağıdıcı zəlzələ baş verir. Bu dağıdıcı zəlzələlərdən biri də 6 fevral 2023-cü il saat 04:17-də baş verdi. Zəlzələnin episentri Kahramanmaraş şəhərinin Pazarcık rayonunda, yerin 8,6 km dərinliyində yerləşirdi. 75 saniyə müddətində baş verən 7,7 maqnitudalı zəlzələdən təxminən 9 saat sonra, saat 13:24-də ondan 95 km uzaqlıqda, eyni şəhərin Elbistan rayonunda 7,6 km dərinliyində 50 saniyə müddətində baş verən ikinci zəlzələ baş verdi. Onun magnitudası isə 7,6 olub. Bir ay ərzində həmin ərazilərdə minlərlə afterşoklar – magnitudası 7,6-dan ən az bir vahid (7,6-1=6,6)  kiçik  təkanlar qeydə alındı. Bunlardan 3-nün magnitudası 6, 44-nün 5, 510-nun magnitudası isə 4 olan zəlzələlərdir. Bu zəlzələlər nəticəsində Türkiyənin 83 vilayətindən 11 vilayətdə təxminən 225000 bina dağılıb, 50000 insan həyatını itirib və 107000 insan yaralanıb. Buna baxmayaraq həmin bölgədəki izolyatorlu xəstəxanalar öz performansını saxlayaraq fəaliyyətini davam etdirib. Dünyada 7-7,9 maqnitudada zəlzələlərin illik ortalama sayı 18-dir. Qeyd edim ki, iki nöqtədən yayılan zəlzələ dalğalarının interferensiyası, qrunt şərtləri və digər faktorlar zəlzələnin təsirini həmin ərazilərdə daha da gücləndirib. 

Beləliklə,  zəlzələ bölgəsində aparılan araşdırmalar qurumların bir çox məqamları gözdən keçirməyini şərtləndirdi. Bunlar arasında ən vaciblərini sadalamaq istərdim. İlk olaraq istismar müddəti bitmiş binaları vaxtında yenidənqurma layihələri ilə yeniləmək vacibdir, inşaat normalarına cavab verməyən binalar mütəmadi olaraq gücləndirilməli, eyni zamanda izolyasiya edilmiş binanın ətrafındakı seysmik boşluqların doldurulmaması və ya bağlanmamasına xüsusi diqqət yetirilməlidir. Zəlzələdən sonra fasiləsiz xidmət üçün seysmik izolyasiya olunmuş xəstəxananın izolyasiya mərtəbəsində elektrik şəbəkəsi, santexnika, havalandırma və digər sistemlərin müvafiq normalara uyğun hərəkətinin davamlılığı təmin olunmaqla layihələndirilməlidir. Xüsusən, strateji əhəmiyyətli bina və qurğuların sağlamlığı davamlı olaraq izlənməli, monitorinq edilməlidir. Biz strateji əhəmiyyətli bina və qurğular dedikdə dövlət və cəmiyyətin təhlükəsizliyi, iqtisadiyyatı və idarəetməsi üçün vacib olan obyektləri nəzərdə tuturuq. Bunlara yüksəkmərtəbəli binalar, unikal bina və qurğular, səhiyyə obyektləri (hündür mərtəbəli xəstəxanalar), enerji infrastrukturu (neft qaz platformaları, zavodlar və elektrik stansiyaları), nəqliyyat infrastrukturları (körpülər, hava limanları, dəniz limanları, yollar), rabitə qurğuları (telekommunikasiya qüllələri və data mərkəzləri), idarəetmə binaları (prezident sarayı, parlament, nazirliklər, məhkəmələr), hərbi obyektlər (hərbi bazalar, radarlar, silah anbarları), maliyyə qurumları  (Mərkəzi bank, birjalar), su infrastrukturu (su anbarları, təmizləmə qurğuları) misal gətirilə bilər. 

Yuxarıdakı təkliflərin effektivliyini dünyanın birinci zəlzələ zonasındakı zəlzələ zərərləri və bu bölgədəki izolyatorlu binaların performansı ilə müqayisə etmək üçün 11 mart 2011-ci il, yerli vaxtla saat 14:46-da Yaponiyanın Oşika yarımadasının 72 km şərqində, 29 km dərinlikdə, 6 dəqiqə müddətində davam etmiş, 9.1 maqnitudada olan zəlzələ ilə əlaqələndirə bilərik. Zəlzələdən sonra 129426 bina tamamilə dağılıb, 265240 bina qismən dağılıb, 727054 bina isə qismən zərər görüb. Onu da deyim ki, dünyada 8 baldan böyük zəlzələlərin illik ortalama sayı 1-dir. Zəlzələdən sonra Yaponiyada 327 ədəd izolyasiya edilmiş bina və 130 ədəd vibrasiyaya nəzarət sistemi olan binanın zədələnməsi və performansı ilə bağlı qurumlar araşdırmalar aparıb. Nəticə etibarı ilə Tokio metropolitenindəki hündür mərtəbəli dəmir-beton binalarında quraşdırılmış seysmik mühafizə cihazları kifayət qədər yaxşı performans göstərib, lakin onlar 6 dəqiqədən çox çəkən uzunmüddətli və uzun periodlu hərəkətlərdən təsirləniblər. 

Bu dərslərin verdiyi təcrübədən faydalanaraq AzMİU olaraq hansı yeni yanaşmalar təklif edirsiniz?

Dünyamızda baş verən zəlzələlər fonunda belə hallarla qarşılaşmamaq üçün layihələndirmədə əlaqəli normalara riayət olunması vacib amillərdəndir. Buna görə layihələndirilmiş binaların tikintisində layihəyə uyğunluğuna nəzarət edən orqanların müstəqil olmasını təmin etmək vacibdir. Paralel olaraq hər beş ildən bir əlaqəli normaların yenilənməsi həyata keçirilməlidir.

Azərbaycanın zəlzələ riski daşıyan bir bölgədə yerləşməsi nəzərə alınaraq mövcud tikililərin dayanıqlılığı barədə nə deyə bilərsiniz?

Ölkəmizin zəlzələ riski daşıyan bölgədə yerləşməsi nəzərə alındıqda, mövcud tikililərin dayanıqlılığı müxtəlif dövrlərdə tətbiq edilən tikinti metodlarına əsaslanır. Azərbaycanda mövcud binalar həm tikinti dövrlərinə, həm də konstruktiv xüsusiyyətlərinə görə fərqlənir və onun təsnifatını aparsaq, ilk olaraq 1500-1920-ci,  illərə aid bina konstruksiyaları ağla gəlir. Orta əsrlər və XIX əsrin sonu XX əsrin əvvəllərində inşa edilən binalar əhəng daşı süxurlarından yonulmuş daşlarla ucaldılıb. Orta əsrlərə məxsus binalar bir-iki mərtəbəli,  XIX əsrin sonu XX əsrin əvvəllərinə aid binalar isə üç-dörd mərtəbəli tikilib. Çox nadir hallarda beş-altı mərtəbəli binalara da rast gəlinir, mərtəbələrin hündürlüyü 3,5-4,5 m arasında dəyişir, hörgü məhlulu kimi əhəng məhlulundan istifadə olunub. 

Sovet dövrünə aid bina konstruksiyaları isə iki mərhələdə təhlil edilir: 1920-1950-ci illər və 1950-1990-cı illər. Birinci mərhələ hesab olunan 1920-1950-ci illəri əhatə edən binalar, əsasən, daş binalar idi. Bu illərdə binaların zəlzələyə davamlılığına az önəm verilib. İkinci mərhələ isə 1950-1990-cı illərdə, xüsusilə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə binaların zəlzələyə davamlılığı məsələsi ön plana çəkilib. Səbəb isə 1948 və 1966-cı illərdə Aşqabad və Daşkənd zəlzələləri olub. Qeyd etdiyim mərhələdə, Ulu Öndərin diqqəti və xüsusi tapşırıqları ilə istər daş binaların, istərsə də dəmir-beton və metal konstruksiyalarından inşa olunmuş binaların zəlzələyə davamlılığı elmi şəkildə öyrənildi və tətbiq edildi. 1988-ci ildə Qərbi Azərbaycanda baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan hökumətinin qərarı ilə zəlzələ bölgələrində zəlzələ şiddəti 1 bal artırıldı.  Belə qəbul olundu ki, əgər ərazi 6 ballıqdırsa, gərək hesablamalar 7 bala uyğun aparılsın ki, zəlzələ bölgəsində olan tikili öz dayanıqlılığını saxlaya bilsin.

Sovet dövründə tikilən əsas bina konstruksiya növlərinə daş, iri panelli demir-beton, yığma karkas konstruksiyalı dəmir-beton, sənaye, monolit dəmir-beton binalar aiddir. Azərbaycanda Sovet dövründə binaların konstruksiya növlərinə görə faiz nisbətləri təxminən 45% iripanelli dəmir-beton binalar, 25% yığma karkas konstruksiyalı dəmir-beton binalar, 25% daş binalar, 5% monolit dəmir-beton binalardır. Bakıda bu dövrdə dəmir-beton konstruksiya elementləri təxminən 6-dan çox dəmir-beton və ev tikmə kombinatlarında istehsal olunurdu. Bu yanaşma bina konstruksiyası elementlərinin istehsal texnologiyasına nəzarəti saxlamaqla maksimum müqavimətin əldə edilməsini təmin edirdi. 

1992-ci ildən bu günə qədər tikilən binalar isə ağırlıqlı olaraq yerində tökmə dəmir-beton konstruksiyalardır. Əlbəttə, bu konstruksiyalarda konstruksiya elementlərinin müqaviməti, dəmir-beton və ev tikmə kombinatlarında istehsal olunan konstruksiya elementlərinin müqavimətindən aşağıdır və istehsal texnologiyasına nəzarət bir qiymətli deyil. Müasir dövrdə tikilmiş binaların mərtəbə sayına görə faiz nisbətini qeyd etsək təxmini rəqəmlər belədir.  30% az mərtəbəli (1-3); 17% çox mərtəbəli (4-8); 45% uca (9-25); 8% çox uca (25 və daha) binalardır. 
Dövrlərinə görə sadaladığım bina konstruksiya növləri zəlzələ təsiri zamanı davranış xüsusiyyələri-dayanıqlılıq vəziyyətlərini gözlər önünə gətirir. Azərbaycan ərazisi aktiv Alp-Himalay qurşağının bir hissəsi olduğundan burada vaxtaşırı güclü və dağıdıcı zəlzələlər (427, 1139, 1235, 1667, 1902, 1961, 1963, 1989, 2000, 2007, 2012 və s. zəlzələlər) baş verir. Respublika ərazisində hər il ortalama 4000-ə yaxın zəlzələ qeydə alınır ki, onlar arasında şiddəti 3 baldan yüksək olan 20-25 zəlzələ hiss olunur. 

Burada təqdim etdiyim Azərbaycanda binaların dayanıqlılıq vəziyyəti respublikadakı 2000-ci il noyabrın 25-də,  21:30 radələrində Bakıdan 50 km məsafədə dənizdə,  dərinliyi 12 km olan 6.8 maqnitudalı zəlzələnin nəticələrinə əsaslanmışdır. Bu zəlzələdə ölkə üzrə 7350 bina müxtəlif dərəcələrdə zədələnib, onlardan 36-sı tamamilə dağılıb. Dağılan binalar arasında 34 yaşayış evi, 1 məktəb və bir mədəniyyət idarəsinin binası var idi. Ümumiyyətlə, baş vermiş zəlzələdən Azərbaycan respublikasına 21.66 milyon ABŞ dolları həcmində ziyan dəyib. Zədələnən 7350 binanın 70%-i daş, 25%-i iripanelli dəmir-beton, 5% isə karkas konstruksiyalı dəmir-beton bina olub.

Azər müəllim, AzMİU qeyd olunan riskləri azaltmaq üçün tikinti normalarında xüsusi təlimatlar və metodlar təklif edirmi? 

2009-cu ildə Dövlət Şəhərsalma və Memarlıq Komitəsi nəzdindəki İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış "Əlaqəli Seysmik Rayonlar üçün Tikinti Normaları" zəlzələyə davamlı binaların layihələndirilməsi üçün əsas qaydaları müəyyən etdi. Bu normalar, digər ölkələrdən fərqli olaraq, zəlzələ bölgələri xəritəsini MKS-64 zəlzələ intensivliyi cədvəlinə əsaslanaraq hazırlanmışdı. Bugünkü gündə norma birbaşa performans əsasında layihələndirmə metodunu əhatə etmir. Bu normalarda seysmik qüvvət digər əlaqəli normalara nisbətən ortalama 2-4 dəfə daha yüksək müəyyən edilib və ehtiyat əmsalı olduqca böyükdür. Buna görə bu normanın (AZDTN 2.3-1) yenilənməsi vacibdir. Bu dəyişiklik, binaların seysmik dayanıqlılığını artırmaq və zəlzələ nəticəsində yaranan riskləri daha da azaltmaq məqsədini güdür. Universitetimizin təklif etdiyi metodlar və təlimatlar bu normanın təkmilləşdirilməsi ilə yanaşı, zəlzələyə davamlı tikinti və müasir layihələndirmə yanaşmalarını təşviq etməyə yönəlib.

AzMİU-nun Zəlzələ mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi (ZMETM) bu sahədə hansı əsas tədqiqatları həyata keçirir?  

AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi (ZMETM) bu sahədə müxtəlif mühüm tədqiqatlar həyata keçirir. Mərkəzin əsas hədəfi, zəlzələlərə qarşı tikililərin dayanıqlılığını artırmaq və şəhərlərin təhlükəsizliyini təmin etməkdir. Günümüzdə dünya üzrə zəlzələ bölgələrində tikinti normalarının əsas layihələndirmə fəlsəfəsi, böyük zəlzələlərdən sonra binaların funksional itkisini və zərərini nəzərə alaraq insanların həyatını qorumaq məqsədini güdür. Böyük zəlzələyə qarşı şəhəri təhlükəsiz və dayanıqlı hala gətirmək, şəhər və ölkənin iş davamlılığını təmin etmək, əvvəlkindən daha yüksək seysmik performansa və strukturlara malik binalar inşa etmək vacibdir. Müasir dövrümüzdə seysmik izolyasiya və zədələnməsi idarə olunan qurğularda istifadə olunan söndürücülər əvvəlkindən daha etibarlı və daha ucuzdur, bu texnologiyalar bir çox qurğulara rahatlıqla tətbiq edilməkdədir. Növbəti vacib addım isə insanlar üçün yüksək seysmik performanslı bu cür qurğuları seçmək və istifadə etməkdir. Zəlzələ mühəndisliyinin və mərkəzimizin tədqiqat məqsədi budur. Plastik deformasiya bu yeni qurğularda istifadə olunan seysmik izolyasiya və söndürücülərində baş verə bilər. Bu xüsusiyyət sayəsində tikililəri xilas etmək və böyük zəlzələlərdən sonra istifadəsini saxlamaq mümkün olur.

Faktiki konstruktiv layihələndirmə hesabatlarına görə zədələnməsi idarə olunan kimi layihələndirilən metal konstruksiya binalarda metalın ümumi çəkisi 10%-20% arasında azaldıla bilər. Bu azalma nisbəti, söndürücülərin maliyyətini artıqlaması ilə qarşılayır. Seysmik izolyasiya edilmiş binalarda isə kəsmə seysmik qüvvələri azaldığından, bina elementlərinin en kəsikləri mütənasib olaraq azalacaq. Nəticədə bina ümumi maliyyətinin 5-10%-ni təşkil edən seysmik izolyasiyanın qoyulması xərci, bina en kəsiklərinin azalması ilə artıqlaması ilə kompensasiya edilmiş olur.

Mərkəzimizdə aparılan bu tədqiqatlar çərçivəsində, uzun periodlu güclü zəlzələ təsirlərinə qarşı əvvəlki dövrlərdə inkişaf etdirdiyimiz və yüksək mərtəbəli binalara, atom reaktorlarına tətbiq etdiyimiz struktural seysmik izolyasiya metodunu hazırda qüllə tipli qurğulara tətbiq etməkdəyik. Bu tədqiqat, eyni zamanda ən hündür və yüngül qurğuların layihələndirilməsi üçün uğurlu imkanlar yaradır.

Azərbaycanda zəlzələ riskinə qarşı sizin tərəfinizdən innovativ həllər təklif olunurmu?

Əvvəlcə, seysmik izolyasiya edilmiş və zədələnməsi idarə olunan yeni qurğulardan daha çox istifadə etməliyik. Bu qurğular, zəlzələ zamanı binaların və infrastrukturun təhlükəsizliyini artırmağa kömək edəcək və tikililərin zərər görməsinin qarşısını alacaq. Seysmik izolyasiya, tikililərin zəlzələ dalğalarına qarşı daha dayanıqlı olmasına imkan verir. Bu xüsusiyyət sayəsində böyük zəlzələlərdən sonra insanların həyatını qorumaqla bərabər, tikililərin istifadəsini saxlamaq mümkün olur.

Bir digər vacib təklif isə yüksək təhlükəsizlikli binaların və qurğuların davranışını izləmək üçün bir Monitorinq Mərkəzinin yaradılmasıdır. Bu layihə artıq qrant qazanmışdır və bu ildən etibarən AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzində qurulacaqdır.  Monitorinq Sistemi  bina və qurğuların istismarı zamanı zəlzələ, fırtına, partlayış,  güclü yağışlar və eyni zamanda  digər fiziki-kimyəvi xarici təsirlər nəticəsində baş verən konstruktiv dəyişiklikləri mütəmadi izləməyi, təhlil etməyi və önləyici tədbirlər almağı təmin etməkdədir. Bu yanaşma zəlzələ  və diğər xarici təsirlərə qarşı hazırlıqlı olmağa və zərərlərini minimuma endirməkdə kömək edəcəkdi. Bunu biraz aydınlaşdırmaq istərdim. AzMİU-da bu ildən etibarən yaradılacaq Monitorinq Mərkəzimiz, strateji əhəmiyyətli binaların təhlükəsizliyi və dayanıqlılığını təmin etmək məqsədilə innovativ texnologiyalar tətbiq edəcək. Mərkəzimizdə aparılacaq işlər binaların reaksiyalarını ölçmək, layihədəki vəziyyətə uyğunluğunu müəyyən etmək və bu vəziyyəti hər zaman izləmək üzərində qurulacaq. 7/24 monitorinq sistemimiz vasitəsilə binanın davranışında hər hansı bir dəyişiklik – layihədəki vəziyyətinə uyğunsuzluq müşahidə edildikdə bina sahibinə dərhal xəbərdarlıq ediləcək. Dəyişikliklərin yaranma səbəbləri və onların necə aradan qaldırılacağı barədə lazım gələrsə, quruma təkliflər təqdim olunacaq. İnanırıq ki, bu layihə ölkəmizin elmi-tədqiqat potensialının ve təhsilin keyfiyyətinin yüksəldilməsinə, eləcə də bina və qurğuların istismarının təhlükəsizliyinə və istismar müddətinin artırılmasına xidmət edəcə.  Fürsətdən istifadə edərək deyim ki, bu işlərin həyata keçirilməsində universitetimizin rektoru professor Gülçöhrə Məmmədovanın rolu böyükdür. 

Siz bir çox beynəlxalq layihələr və elmi araşdırmalarda iştirak etmisiniz. Bu təcrübələr Azərbaycan üçün hansı praktiki dəyəri gətirib?

Öncəki sualınızda bəhs etdiyim mərkəzimizdə aparılan tədqiqatlar, Azərbaycanda zəlzələ riskinə qarşı təklif etdiyimiz innovativ metodlar hər biri iştirak etdiyim beynəlxalq layihələr və təcrübələrin məhsuludur.
Mənim beynəlxalq layihələrdə və elmi araşdırmalarda iştirakım, əsasən üç mühüm sahədə özünü göstərir: Beynəlxalq tərəfdaşlıq layihələri üçün zəmin yaradacaq tədqiqat mərkəzinin yaradılması; Tədqiqat infrastrukturunun müasir metodlar əsasında inkişafı;  Tədqiqat nəticələrinin beynəlxalq konfranslarda, elmi mətbuatda işıqlandırılması, təbliğ edilməsi, nəşr edilməsi; 

Birincisi mənim iştirak etdiyim beynəlxalq layihələr, xüsusilə seysmik izolyasiya və zədələnməsi idarə olunan qurğular, eləcə də performans əsaslı seysmik layihələndirmə sahəsində qazandığım təcrübələr, Azərbaycanda zəlzələ riskinin azaldılması istiqamətində innovativ metodların tətbiqinə imkan yaratmışdır. Bu təcrübələr AzMİU-nun doktorantları və tələbələrinə tədris və tədqiqat materialları kimi təqdim edilib. Kanada və İsveçrə ilə aparılan ortaq layihəm Türkiyənin OnDokuz Mayıs Universitetinin İnşaat mühəndisliyi bölümündə, 2002-ci ildə qurduğumuz Qurğuların Təxribatız Dəyərləndirilməsi Laboratoriyası və nəzdindəki Mobil Qurğu Monitorinq Sisteminin elmi nəticələri, hazırlanan kadr potensialı ilə inkişaf etdirilərək yeni seysmik norma və təcrübələr, xüsusilə Türkiyənin 2019-cu ildə qəbul etdiyi zəlzələ normativlərinin tətbiqinə mühüm təsir göstərib. Beləliklə, yüksək təhlükəsizlikli qurğuların və binaların monitorinqinin məcburi hala gəlməsinə səbəb olub. Biz bu müasir yanaşmaları Azərbaycan mühitinə də inteqrasiya edəcəyik. 

İkincisi, günümüzdə bütün mühəndislik qurğularının modellənməsi, layihələndirilməsi, təlimi, tədrisi və ədədi simulyasiyasında tətbiq olunan Sonlu Elementlər Metodu (SEM) fənnindən bəhs etmək istərdim. 1995-ci ildən OnDokuz Mayıs Universiteti və digər universitetlərdə tədrisini verdiyim, proqram təminatlarını hazırladığım və türk dilində ilk dərsliyini yazdığım bu fənn bütün universitetlərin mühəndislik ixtisaslarında vacib yer tutmuş və dərs vəsaiti kimi 3 dəfə çap olunub. Bu tədris vəsaiti müəllim, tələbə, mühəndis, tədqiqatçı  və aspirantların SEM modelləmələrini etməyə böyük fürsət yaradıb.

Bu kitab və əlavəsindəki proqram təminatları, həmçinin Azərbaycan dilinə də tərcümə olunub. ZMETM nəzdində qurduğumuz Sonlu Elementlər Metodu əsasında Qurğuların Modellənməsi və Analizi Laboratoriyasının tərkib hissəsini təşkil edib. AzMİU-nun İnşaat fakültəsində 2022-ci ildən etibarən İnşaat mühəndisliyinin informasiya texnologiyaları dərsi altında tədris etdiyim SEM fənni, adını çəkdiyim laboratoriyada interaktiv olarak keçirilir. Qurğuların analizi və layihələndirilməsi istiqamətində tədris etdiyim İnşaat Mexanikası, Qurğular Dinamikası, Zəlzələ Mühəndisliyi fənləri də Sonlu Elementlər Metodu əsasında bu laboratoriyada interaktiv olaraq tədris olunur. Bu mövzuda əlaqəli kitablarım da azərbaycan dilinə tərcümə edilib. Bunların paralelində xaricdə yayınlanmış digər kitablarım da oxucuların istifadəsi üçün AzMİU, yerli və xarici kitabxanalara verilib. Bu nəşrlərdən olan “Earthquake Resistant Design, Protection and Performance Assessment in Earthquake Engineering” və “Seismic Isolation, Structural Health Monitoring, and Performance Based Seismic Design in Earthquake Engineering: Recent Developments ” adlı kitablarım zəlzələ mühəndisliyi üzrə müasir yanaşmaları təqdim edir. “Structural Design and Analysis: Based on FEM with SAP2000” kitabı isə SAP2000 proqram təminatı əsasında qurğuların sonlu elementlər metodu ilə analizini və layihələndirilməsini izah edir. “Differential Equations in Engineering: Based on FEM with Matlab” kitabım isə mühəndislikdə diferensial tənliklərin sonlu elementlər metodu əsasında həllərinin Matlab proqram təminatı ilə tətbiqlərinə həsr olunub.  Üçüncüsü, AzMİU-da işə başladığım təxminən iki il ərzində 7-dən çox beynəlxalq elmi konfransda sədr, elm və təşkilat komitəsinin üzvü, sessiya sədri, eləcə də dəvətli məruzəçi olduğum mötəbər tədbirlərdə doktorant və tələbələrimlə iştirak etmişəm. 

Onlar arasında AzMİU tərəfindən təşkil edilən və dünyanın müxtəlif ölkələrindən iştirakçıları cəlb edən beynəlxalq konfranslar da var. 

Xüsusilə, 2023-cü ildə Bakıda keçirilən “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS-2023) … 

Bəli, AzMİU-nun təşkilatçılığı ilə “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS-2023) adlı Beynəlxalq Konqres buna yaxşı nümunə ola bilər. Konqres zəlzələ mühəndisliyinin əsas hədəfləri istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunması, qurğuların seysmik həssaslıq dərəcəsinin azaldılması, mövcud inşaat norma və qaydalarında zəlzələ mühəndisliyinin əsas hədəflərindən olan üç dizayn amilinin hər birinə diqqətin artırılması, gələcək zəlzələlərin təsirinin qarşısının alınmasında müasir yeni qurğu sistemlərindən istifadəyə diqqət çəkib. Azərbaycanın elm adamları, istehsalat nümayəndələri ilə yanaşı, Türkiyə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən nüfuzlu alimləri və tədqiqatçıları ətrafında birləşdirib. Bu və digər beynəlxalq tədbirlər nəticəsində Azərbaycan elmi mərkəzləri ilə dünya elmi cəmiyyətləri arasında əməkdaşlıq əlaqələri güclənib. Əməkdaşlığın uğurlu tərəfi olaraq müxtəlif ölkələrin zəlzələ araşdırma mərkəzləri ilə müqavilələr və təcrübə mübadiləsi təmin olunub.

Nəticədə, beynəlxalq layihələrdəki təcrübələrim, Azərbaycanın mühəndislik və elmi potensialının inkişafına, zəlzələ riskinin azaldılmasına, elmi tədqiqatların təkmilləşdirilməsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib. 

Zəlzələdən sonra binaların dayanıqlılığını qiymətləndirmək və təhlükəsizliyi təmin etmək istiqamətində proses necə həyata keçirilməlidir? Universitetin bu sahədə icra etdiyi layihələrdən misal gətirməyinizi istərdik

Hər zəlzələdən sonra yüksək təhlükəsizlikli bina və qurğuların davranış sərhəddini aşma durumu yoxlanılmalı və hədd aşılarsa vəziyyət sahibinə bildirilməlidir. Aşma səbəbi araşdırılmalı və təmiri zəruri olduqda təmir layihəsi hazırlanaraq sahibinə təqdim edilməlidir. Bizim monitorinq məqsədinin əsasında bu durur. Zəlzələdən sonra Monitorinq Mərkəzinə bağlı yüksək təhlükəsizlikli bina və qurğuların davranış sərhəddini aşma durumu yoxlanılır, aşanların vəziyyəti sahibinə bildirilir. Onun icazəsi ilə aşma səbəbi araşdırılır, təmiri zəruri olduqda təmir layihəsi hazırlanaraq sahibinə verilir. Digər bina və qurğular isə bağlı olduğu təşkilatlar tərəfindən vəziyyəti incələnərək binanın istifadəsini əngəlləyəcək hallar mövcud olduqda aradan qaldırılması üçün layihə hazırlanaraq təqdim olunur.

ZMETM tərəfindən incələnməsi istənərsə, mərkəzimizdə mövcud mobil monitorinq sistemi, tarama alətləri və digər avadanlıqlarımızla əlaqəli qurğu məlumatları alınır və vəziyyəti lazım olduqda təmir layihəsi ilə birlikdə sahibinə təqdim edilir. Bina və qurğuların növbəti ildə sığorta qiymətləri əvvəlki ilin sonu bina davranış hesabatı nəticələrinə əsasən qiymətləndirilir. İnkişaf etmiş ölkələrdə strateji əhəmiyyətli binaların monitorinqi xüsusi qaydalarla tənzimlənir və inşaat normalarında yer alır. Bu ölkələrdə bəhs edilen binalara monitorinq alətləri qoyularaq monitorinq mərkəzinə birləşdirilməsi mütləq məcburidir, əks halda binanın istismarına, istifadəsinə icazə verilmir. 

Biz də Azərbaycanda bu prosesi həyata keçirmək üçün çalışırıq. Məqsədimiz heç kimi məcbur etmədən bunun faydalı olduğunu göstərməkdir. Maraqlanan qurumlara kömək edərək bu işin davam etdirilməsinə dəstək veririk.

Bu sahədə ixtisaslaşmaq istəyən gənc mühəndislərə nə tövsiyə edərdiniz? Onlara zəlzələ mühəndisliyi sahəsində uğur qazanmaq üçün hansı bilik və bacarıqlar lazımdır?

Zəlzələ mühəndisliyində ixtisaslaşmaq istəyən gənc mühəndislərə tövsiyəm, qabaqcıl ölkələrin bu sahədəki normalarını izləsin, xüsusilə hər 5 ildən bir bu normaları təcrübələrə əsaslanaraq yeniləyən ölkələrdən ən az birinin normasını öz ölkələrinə paralel şəkildə tətbiq etsinlər. Gənc mütəxəssislər eyni zamanda hər əhəmiyyətli zəlzələdən sonra əlaqəli hesabatları dəyərləndirsin, mövcud qaynaqları izləsin və real qurğu davranışı testlərini və monitorinqləri diqqətlə araşdırsınlar. Bu addımların zəlzələ mühəndisliyində uğur qazanmaq üçün minimum ehtiyac olduğunu düşünürəm.

Sahəmizdə uğur qazanmaq üçün tələb olunan əsas bilik və bacarıqlar arasında seysmik izolyasiya, zəlzələ zamanı qurğuların davranışının təhlili və müasir inşaat metodlarının tətbiqi yer alır. Gənc mühəndislər bu sahədə inkişaf edən texnologiyaları və metodları öyrənməli, qabaqcıl ölkələrin təcrübələrini öz ölkələrinə tətbiq etməlidirlər.

Azər Müəllim, əlavə fikirləriniz varsa müsahibənin sonunda sizin bu fikirlərinizi də dinləmək maraqlı olardı

Elmin və mühəndisliyin müxtəlif sahələrində olduğu kimi, tikinti və infrastruktur sahəsində də müxtəlif regionlarda təzadlı yanaşmalar və praktikalara rast gəlinir. Bu fərqliliklər həm təbii hadisələrin təsiri, həm də yerli infrastruktur, texnologiya və mədəniyyət fərqliliklərindən irəli gəlir. Məsələn, yüksək mərtəbəli binaların inşası və onların seysmik davranışı ilə bağlı dünya miqyasında tətbiq olunan müxtəlif yanaşmalar mövcuddur. ABŞ-də zəlzələ bölgələrində xəstəxana və məktəb binalarında seysmik izolyasiya məcburi, çox mərtəbəli binalarda tətbiqi isə layihəçinin sərəncamındadır. Zəlzələ qırılma xətlərindən uzaq ərazilərdə isə hündür (50 və üzəri) mərtəbəli binalar adətən seysmik izolyatorlardan istifadə edilmədən nüvə membran divarlı olaraq inşa edilir. Yaponiyada isə bütün ölkə ərazisində zəlzələlərin daha intensiv baş verməsi səbəbindən hündür (60 və üzəri) mərtəbəli binaların inşasında seysmik izolyasiya texnologiyalarının geniş tətbiqi önə çıxır. Bu yanaşmalar, həmçinin hər iki ölkənin mühəndislik və tikinti sahəsindəki təcrübələrinin fərqli mənzərəsini ortaya qoyur.

Zəlzələlərin təsiri və bina davranışı müxtəlif coğrafi bölgələrdə fərqliliklər göstərir. Meksika şəhərindəki 1985-ci il zəlzələsinin təsirindən episentirden 350 km məsafədəki binaların reaksiyası, İran-Pakistan sərhədindəki 2013-cü il zəlzələsinin təsirindən episentirden 900 km məsafədəki binaların reaksiyası və digər bənzər hadisələr, ölkə daxilindəki binaların layihələndirilməsində ölkənin xaricindəki baş verə biləcək zəlzələlərin xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini ortaya qoyub.

Bundan əlavə, dəmir-beton konstruksiyaların ömrü haqqında qeyd etmək olar ki, bu, yalnız konstruksiyanın materialına deyil, həm də onun istismar şəraitinə bağlıdır. Dəmir-beton konstruksiyalarının ümumi ömrü 50 il olaraq qəbul edilsə də, düzgün istismar və mütəmadi texniki xidmət nəticəsində bu ömür 100-150 ilə qədər uzana bilər. Fransanın paytaxtı Parisdə 1903-cü ildə inşa edilmiş 8 mərtəbəli monolit dəmir-beton bina hələ də istifadə olunur. Bununla yanaşı, Yaponiyada zəlzələlərin daha yüksək intensivlikdə baş verməsi səbəbindən binaların orta ömrü insanların orta ömründən qısadır.  

Təbii ki, belə nümunələri misal gətirməklə bildirmək istəyirəm ki, sahəmizdə davamlı tədqiqatlar və araşdırmalar aparmaq vacibdir. Bu nümunələrdən çıxarılacaq əsas nəticə odur ki, qurğular dinamikası-zəlzələ mühəndisliyi sahəsindəki davamlı tədqiqatlar və inkişaflar gələcək nəsillər üçün daha təhlükəsiz və dayanıqlı binaların inşasına şərait yaradacaqdır. İnnovativ texnologiyaların tətbiqi binaların uzunmüddətli istismarını təmin edəcək və təbii fəlakətlərə qarşı dayanıqlı konstruksiyaların inkişafına təkan verəcəkdir. Bu istiqamətdə aparılacaq elmi araşdırmalar, tikinti mühəndisliyində yeni yanaşmaların tətbiqini və mövcud texnologiyaların təkmilləşdirilməsini stimullaşdıracaq.

Xəbər lenti

22 yanvar, 18:05

Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı tədqiqatına start verilib

22 yanvar, 17:49

Azərbaycanlı alim: Ölkələrin gələcəyini müəyyənləşdirən sahə mühəndislikdir

22 yanvar, 17:36

“Elmlə məşğul olan istedadlı gənclərimiz var” – Professor 

22 yanvar, 17:31

Abdulla Sofiyev: Pedaqoji fəaliyyət alimi püxtələşdirən əvəzolunmaz mühitdir

22 yanvar, 17:29

UNEC tələbəsi badminton üzrə ölkə çempionu olub

22 yanvar, 17:29

AzMİU-da xarici dili tədris edən müəllimlər üçün təlim keçirilib

22 yanvar, 16:50

Alimlər zəlzələnin qarşısını almağı bacaran cihaz ixtira ediblər

22 yanvar, 16:49

Tədqiqatları kosmik sənayedə, atom reaktorlarında tətbiq olunur – Azərbaycanlı alimlə MÜSAHİBƏ

22 yanvar, 16:32

2027-ci ilə qədər Arktikanın buzlaqları tamamilə əriyə bilər

22 yanvar, 16:32

Fənn olimpiadalarının seçilənləri – Onlar gələcəkləri barədə nə düşünürlər?

22 yanvar, 16:24

“Elm üçün elmmi, yoxsa cəmiyyət üçün elmmi?” mövzusunda vebinar keçiriləcək

22 yanvar, 16:21

Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO

22 yanvar, 16:18

ADAU yeməli göbələklərin birgə tədqiqi istiqamətində Çinin ali təhsil müəssisələri ilə əməkdaşlıq edəcək

22 yanvar, 15:18

Təhlükəsiz məktəb üçün çağırışlar - Uşaqların gözündən

22 yanvar, 14:52

Türkiyənin kollec direktorları Hədəf Liseyində olublar

22 yanvar, 14:40

BMU Çin universitetləri ilə ikili diplom proqramına başlayır

22 yanvar, 14:30

BDU ötən illə müqayisədə fiziki və mühəndislik elmləri sahəsində nəticələrini artırıb

22 yanvar, 14:16

Ortaq türk ədəbiyyatı və coğrafiyası dərslikləri hazırlanır

22 yanvar, 13:36

“Parla” məzunu: “Yeni fürsətlər məni gözləyirdi”

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.