Nəzəriyyədən praktikaya: Emalatxanada öyrənir, tətbiq edir, peşəkarlaşırlar - REPORTAJ
Peşə təhsilində nəzəri biliklərin praktik bacarıqlara çevrilməsi əsas şərtlərdən biridir. Gənclərin öyrəndiklərini real iş prosesində tətbiq etmələri isə onların gələcək peşə fəaliyyətinə hazırlığında mühüm rol oynayır.
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılan yeni emalatxanalar da məhz bu məqsədə xidmət edir. Burada gənclər nəzəri dərslərdə qazandıqları bilikləri praktik məşğələlər zamanı möhkəmləndirir, müxtəlif iş proseslərini əyani şəkildə öyrənir və peşə vərdişlərinə yiyələnirlər.
“Azərbaycan müəllimi” olaraq həmin emalatxanalara baş çəkdik, dərs prosesi və gənclərin peşə öyrənmə təcrübəsi ilə tanış olduq.
100-dən çox tələbə yeni emalatxanaların imkanlarından istifadə edəcək
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində burada yaradılan iki yeni “Elektronika və kommunikasiya sistemlərinin istismarı” və “Avtoservis” emalatxanaları müasir avadanlıqları ilə diqqət çəkir. Bu avadanlıqlar tələbələrə öyrəndiklərini real iş prosesinə yaxın şəraitdə tətbiq etmək, peşə bacarıqlarını formalaşdırmaq və əmək bazarının tələblərinə uyğun təcrübə qazanmaq imkanı yaradır.
Burada keçirilən hər bir praktiki məşğələ gələcəyin ixtisaslı kadrlarının hazırlanmasının bir hissəsidir. Müasir texnologiyalarla təchiz olunan emalatxanalar tələbələrin peşəyə hazırlığını gücləndirməklə yanaşı, onların məzun olduqdan sonra iş həyatına daha hazırlıqlı başlamasına zəmin yaradır.
Emalatxanalarda müəllimlər üçün iş masaları, yanacaq sistemi, hidravlik və mexaniki sükanlar, elektromaqnit, birbaşa cərəyan mühərriki və birfazalı transformator modelləri, elektrik quraşdırma təlim dəstləri, elektrik quraşdırmasına nəzarət-test cihazları, iş dəzgahları, günəş və külək enerjisi, dövrə analizi üzrə təlim dəstləri və digər müasir avadanlıqlar quraşdırılıb.
2026–2027-ci tədris ilinin qəbul planında nəzərdə tutulan müvafiq ixtisaslar üzrə təhsil alacaq 100-dən çox tələbənin təcrübə dərslərində yeni emalatxanaların imkanlarından istifadə etməsi nəzərdə tutulur.
“Emalatxanada tələbə artıq yalnız müşahidəçi deyil, birbaşa prosesin iştirakçısıdır”
Dərs prosesində iştirak edən Mərkəzin direktor müavini Cəmilə Hüseynova deyir ki, peşə təhsilində əsas məqsəd nəzəri biliklərin praktik bacarıqlara çevrilməsidir:“Peşə təhsilinin əsas üstünlüklərindən biri nəzəri biliklə praktiki bacarığın vəhdətidir. Tələbənin seçdiyi ixtisas üzrə yalnız nəzəri məlumatlara yiyələnməsi onun gələcək peşə fəaliyyəti üçün kifayət etmir. Əsl peşəkarlıq isə öyrənilən biliklərin praktikada tətbiqi zamanı formalaşır”.
Cəmilə Hüseynovanın sözlərinə görə, emalatxanalar tələbənin seçdiyi peşəni yaxından tanıdığı və öz bacarığını sınadığı əsas məkanlardan biridir:
“Emalatxanada tələbə artıq yalnız müşahidəçi, dinləyici deyil, birbaşa prosesin iştirakçısıdır. O, müəllim və istehsalat təlimi ustasının rəhbərliyi ilə tapşırıqları yerinə yetirir, gördüyü işin nəticəsini qiymətləndirir, səhvlərini müəyyənləşdirir və onları aradan qaldırmağı öyrənir”.
Direktor müavini qeyd edir ki, emalatxanalarda yaradılan şərait tələbələrin gələcək real iş mühitinə uyğunlaşmasına imkan verir:“Burada istifadə olunan avadanlıq və iş alətləri tələbələrin seçdikləri ixtisasın xüsusiyyətlərinə uyğun bacarıqlar əldə etməsinə xidmət edir. Texniki istiqamətlər üzrə təhsil alan tələbələr mexanizmlərin quruluşunu, avadanlıqların iş prinsipini və texniki prosesləri praktik şəkildə öyrənirlər. İnşaat və istehsalat istiqamətlərində isə materiallarla işləmək, ölçmə aparmaq, müxtəlif alətlərdən düzgün istifadə və əməyin təhlükəsizliyi qaydalarına riayət etmək kimi bacarıqlar formalaşdırılır”.
Xidmət və yaradıcılıq istiqamətlərində də emalatxanaların imkanlarından geniş istifadə olunur. Tələbələr praktiki tapşırıqları yerinə yetirməklə yanaşı, öz ideyalarını məhsula çevirmək imkanı əldə edirlər: “Emalatxanaları yalnız texniki işlərin görüldüyü məkan kimi qiymətləndirmək düzgün olmaz. Burada həm də yaradıcılıq, təşəbbüskarlıq və yeni ideyalar üçün imkanlar yaranır. Tələbənin hazırladığı ilk məhsul onun üçün sadəcə tədris tapşırığı deyil. Bu, öz əməyinin nəticəsini görməsi, bacarığına inamının artması və gələcək peşəsinə motivasiyasının güclənməsi deməkdir.
Emalatxanada tələbə yalnız işi görməyi deyil, işə münasibəti də öyrənir. Dəqiqlik, məsuliyyət, səliqə, təhlükəsizlik qaydalarına əməl etmək, avadanlıqlardan düzgün istifadə və kollektivdə çalışma kimi keyfiyyətlər məhz praktiki fəaliyyət zamanı daha yaxşı formalaşır”.
Cəmilə Hüseynova vurğulayır ki, emalatxanalarda qazanılan praktiki bacarıqlar tələbənin gələcəkdə əmək bazarına çıxışı baxımından da mühüm əhəmiyyət daşıyır:“İşəgötürən üçün müəyyən işi praktiki olaraq bacaran, avadanlıqla işləyə bilən və istehsalat intizamına uyğunlaşmış məzun daha hazırlıqlı əmək qüvvəsi hesab olunur. Buna görə də emalatxanalarla əmək bazarı arasında əlaqənin gücləndirilməsi peşə təhsilinin qarşısında duran əsas məsələlərdəndir”.
Mərkəzdə 30 ixtisas qrupu üzrə 538 tələbənin təhsil aldığını bildirən Cəmilə Hüseynova qeyd edir ki, bu tələbələrin əldə etdikləri nəzəri biliklərin praktik bacarığa çevrilməsində emalatxanalar mühüm rol oynayır:“Bizim əsas məqsədimiz tələbəyə yalnız bir ixtisasın nəzəri əsaslarını öyrətmək deyil. İstəyirik ki, o, seçdiyi peşəni praktik olaraq bacarsın, real iş mühitində özünü sınaya bilsin və gələcəkdə əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşsın”.

Emalatxana ona praktiki imkan yaradır
Emalatxanada avtomobillərin hissələri, alətlər və müxtəlif texniki avadanlıqlar diqqəti cəlb edir. Burada nəzəri biliklərdən daha çox, onları praktikada tətbiq etmək mümkündür. Tələbələr avtomobillərin quruluşunu öyrənir, onların necə quraşdırıldığını və texniki qulluğunun necə aparıldığını əyani şəkildə görürlər.
Bu tələbələrdən biri də Məhəmməd Qalabəylidir. Avtomobillərə olan marağı onu “Avtonəqliyyat” ixtisasına gətirib. 9-cu sinfi bitirdikdən sonra təhsilini peşə məktəbində davam etdirmək qərarına gələn Məhəmməd üçün bu emalatxana xüsusi əhəmiyyət daşıyır. Etdiyi seçim isə onu uşaqlıqdan maraq göstərdiyi sahəyə bir addım daha yaxınlaşdırıb.
Məhəmməd peşə məktəbi haqqında sosial şəbəkələr vasitəsilə məlumat əldə edib. Buradakı imkanlarla tanış olduqdan sonra qərarını verib. Qəbul zamanı 186 bal toplayıb. Qarşısında gələcəkdə universitetdə təhsil almaq imkanı olsa da, o, öz marağına uyğun istiqaməti seçib.

Məhəmmədin nəqliyyat sahəsinə marağı yalnız avtomobilləri sevməklə məhdudlaşmır. O, maşınların quruluşunu, texniki xüsusiyyətlərini və onlara qulluq qaydalarını öyrənmək istəyir. Təhsil aldığı emalatxana isə bunun üçün ona praktiki imkan yaradır:“Maşınların necə quraşdırıldığını, onlara necə qulluq edildiyini bizə öyrədirlər. Əyani şəkildə görürük və öyrənirik. Burada müəllimlər biz tələbələrə xüsusi diqqət göstərir və köməklik edirlər”.
Məhəmməd gələcəkdə nəqliyyat sahəsində yaxşı mütəxəssis olmaq istəyir. Onun planları yalnız bir müəssisədə işləməklə məhdudlaşmır. Gələcəkdə öz işini qurmaq və qazandığı təcrübəni başqa gənclərlə bölüşmək arzusundadır.
O düşünür ki, avtomobillərə marağı olan gənclər peşə təhsilini də seçim kimi nəzərdən keçirməlidirlər. Çünki burada yalnız kitabdan oxumaqla kifayətlənmirsən – avtomobilin quruluşunu, texniki xidmət prosesini və müxtəlif avadanlıqlardan istifadə qaydalarını əyani şəkildə öyrənirsən.
Qeyd edək ki, adıçəkilən əməkdaşlıq sazişi çərçivəsində həmçinin Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində də yeni laboratoriyalar yaradılıb. Sazişə əsasən muxtar respublikanın ümumtəhsil müəssisələrində çalışan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlb olunması, eləcə də riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilir.




