Nicat Məmmədli: Süni intellektin milli-mədəni dəyərlərə uyğunluğu araşdırıla bilər

28 Oktyabr, 2026 - 12:44
Nicat Məmmədli: Süni intellektin milli-mədəni dəyərlərə uyğunluğu araşdırıla bilər

“Süni intellektin təqdim etdiyi cavabların milli-mədəni dəyərlərə nə dərəcədə uyğun olduğunu müəyyənləşdirmək üçün xüsusi qiymətləndirmə mexanizmi yaradıla bilər. Bu prosesə dilçilər, tədqiqatçılar və digər mütəxəssislər cəlb olunaraq eyni sualların Azərbaycan, rus və ingilis dillərində süni intellekt modellərinə ünvanlanması, cavabların müqayisəli şəkildə təhlili mümkündür”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib.

Onun sözlərinə görə, süni intellektin müxtəlif mədəniyyətlərə münasibəti ilə bağlı aparılan araşdırmalar diqqətçəkən məqamları üzə çıxarır:

“Bəzi tədqiqatlarda Dünya Dəyərlər Sorğusunda istifadə olunan suallar süni intellekt modellərinə də ünvanlanıb. Nəticələr göstərir ki, modellərin cavabları Qərb mədəniyyətinə aid dəyərlərlə daha çox uyğunluq təşkil edir. Digər mədəniyyətlərə münasibətdə isə bu uyğunluq eyni səviyyədə deyil. Bu, süni intellekt modellərinin əsasən Qərb ölkələrində hazırlanması və onların təlimində istifadə olunan məlumatların əhəmiyyətli hissəsinin həmin mədəni mühitdən qaynaqlanması ilə əlaqəli ola bilər”.

N.Məmmədli bildirib ki, əsas məsələlərdən biri süni intellektin gələcək nəsillərin düşüncə tərzinə və mədəni dəyərlərinə necə təsir göstərəcəyidir:

“Hər bir mədəniyyətin özünəməxsus dəyərləri və müəyyən qərəzli yanaşmaları mövcuddur. Cəmiyyətdə bunları tənzimləyən sosial mexanizmlər var. Lakin süni intellektin təqdim etdiyi məlumatlarda belə nəzarətin necə həyata keçiriləcəyi mühüm sual olaraq qalır”.

TİF rəsmisi bu istiqamətdə müxtəlif ölkələrdə müzakirə olunan milli süni intellekt modellərinin yaradılması yanaşmasına da toxunub:

“Əgər eyni suallara müxtəlif dillərdə fərqli cavabların verildiyini müəyyən etsək, modellərin təkmilləşdirilməsi və ya müvafiq məlumatlar əsasında hazırlanması imkanlarını nəzərdən keçirə bilərik. Məqsəd hansı yanaşmanın mütləq doğru olduğunu müəyyənləşdirmək deyil, gələcək nəslin süni intellektdən istifadə edərkən müstəqil düşünmək, məlumatları qiymətləndirmək və həqiqəti axtarmaq bacarığını qorumasına şərait yaratmaqdır”.