Musiqi irsinin rəqəmsallaşdırılması elmi araşdırmalarla müşayiət olunmalıdır - Rektor

28 Oktyabr, 2026 - 11:24
Musiqi irsinin rəqəmsallaşdırılması elmi araşdırmalarla müşayiət olunmalıdır

“Azərbaycan Milli Konservatoriyasında ənənəvi mədəni irsin rəqəmsal arxivləşdirilməsinə həsr olunmuş layihə üzərində işləyirik. Rəqəmsal arxivlər və müasir texnologiyalar musiqi irsinin sənədləşdirilməsi, tədqiqi və beynəlxalq səviyyədə tanıdılması üçün yeni imkanlar yaradır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə bildirib.

Onun sözlərinə görə, musiqi irsinin rəqəmsallaşdırılması yalnız materialların elektron mühitdə təqdim olunması ilə məhdudlaşmamalı, elmi araşdırmalar və düzgün şərhlərlə müşayiət edilməlidir:

“Əsas məqsəd milli musiqi ənənələrini özünəməxsus xüsusiyyətlərini qorumaqla beynəlxalq auditoriyaya çatdırmaqdır. Bunun üçün rəqəmsal imkanlarla yanaşı, elmi tədqiqatlara və mədəni irsin məsuliyyətli şəkildə təqdim olunmasına xüsusi diqqət yetirilməlidir”.

K.Dadaş-zadə muğamın beynəlxalq səviyyədə tədqiqi istiqamətində əməkdaşlığın əhəmiyyətinə də toxunub:

“Azərbaycan Milli Konservatoriyasının tərəfdaşlığı ilə təşkil olunan “Sərhədləri aşan Azərbaycan muğamı” beynəlxalq elmi simpoziumu muğamın həm milli, həm də beynəlxalq müstəvidə araşdırılması üçün imkan yaradıb. Bu cür əməkdaşlıq müxtəlif elmi yanaşmalara malik tədqiqatçıların və musiqiçilərin birgə fəaliyyətinə şərait yaradır”.

Rektor qeyd edib ki, beynəlxalq elmi əməkdaşlıq və birgə yaradıcılıq layihələri gələcək musiqiçilərin hazırlanmasında da mühüm rol oynamalıdır. Onun fikrincə, bu fəaliyyətlər yalnız ayrı-ayrı konfranslarla məhdudlaşmamalı, ali musiqi təhsilinin ayrılmaz hissəsinə çevrilməlidir.

K.Dadaş-zadə onu da vurğulayıb ki, milli musiqi ənənələrinin qorunması ilə onların müasir incəsənət istiqamətləri ilə əlaqələndirilməsi bir-birini tamamlamalıdır.