Mədəniyyətlərarası dialoq inkişaf üçün əhəmiyyətlidir – Fransalı professor 

28 Oktyabr, 2026 - 11:27
Mədəniyyətlərarası dialoq inkişaf üçün əhəmiyyətlidir – Fransalı professor 

“Mədəni müxtəlifliyə hörmət beynəlxalq sülhün və təhlükəsizliyin ən mühüm təminatlarından biri hesab olunur. Mədəniyyətlərarası dialoq sülhün və fundamental insan hüquqlarının təşviqinə, xalqların və cəmiyyətlərin yaxınlaşmasına xidmət edir. Bu həm də dünyanın iqtisadi, sosial və mədəni inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda Fransanın Lion Katolik Universitetinin beynəlxalq hüquq professoru Roje Kude bildirib.

Professorun sözlərinə görə, əsas məsələlərdən biri mədəniyyətlərarası dialoqun sülhə, sabitliyə və beynəlxalq təhlükəsizliyə real töhfə verməsi üçün praktik imkanların müəyyənləşdirilməsidir:

“Qarşımızda duran əsas sual mədəniyyətlərarası dialoqun necə daha səmərəli təşkil olunmasıdır. Sülhün, sabitliyin və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət edən həqiqi mədəniyyətlərarası dialoq üçün hansı praktik imkanların mövcud olduğunu müəyyənləşdirməliyik”.

R.Kude müxtəlif mədəniyyətlərin bəşəriyyətin inkişafındakı roluna da diqqət çəkib:

“Hər bir mədəniyyət bəşəriyyətin gələcəyinə və ümumi mədəni irsinə töhfə verir. UNESCO da dünyanın müxtəlif mədəniyyətlərinin bəşəriyyətin irsinə verdiyi töhfələri tanıyır. Bu baxımdan heç bir fərq qoymadan bütün dünya mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətində çalışmaq vacibdir”.