Firudin Qurbanov: Elm, təhsil sülhün təminində mühüm vasitədir
“Müasir dövrdə elm, təhsil və mədəniyyətlərarası dialoq sülhün təmin olunmasında mühüm vasitələrdir. Elm vasitəsilə hadisələrə obyektiv yanaşmaq, təhsil vasitəsilə isə əldə olunan bilikləri gənc nəslə çatdırmaq mümkündür. Mədəniyyətlərarası dialoq da bu prosesdə mühüm rol oynayır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” adlı panel sessiyasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
Onun sözlərinə görə, dünyada baş verən münaqişələr və müharibələr mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini daha da aktuallaşdırır:
“Bu gün münaqişələrin yaranmasında mədəniyyətlər arasında mövcud olan ziddiyyətlər də rol oynayır. Belə halların qarşısının alınması üçün yüksək mədəniyyətə malik, fərqli mövqeləri anlayan və qarşılıqlı razılığa gəlməyi bacaran insanların yetişdirilməsi olduqca vacibdir”.
F.Qurbanov qeyd edib ki, bu istiqamətdə təhsil sisteminin qarşısında mühüm vəzifələr dayanır:
“Gələcək nəsillərdə tənqidi təfəkkürün, dialoq aparma və ortaq məxrəcə gəlmə bacarığının formalaşdırılması təhsilin əsas vəzifələrindən biri olmalıdır. İnsanlar yalnız özləri haqqında deyil, başqalarının rifahı və xoşbəxtliyi barədə də düşünməlidirlər”.




