Firudin Qurbanov: Təhsilin vəzifəsi yalnız bilikli mütəxəssis hazırlamaq deyil 

28 Oktyabr, 2026 - 10:12
Firudin Qurbanov: Təhsilin vəzifəsi yalnız bilikli mütəxəssis hazırlamaq deyil 

“Təhsil yalnız bilik verməklə kifayətlənməməlidir. Gənclərdə peşəkar bacarıqlarla yanaşı, düzgün davranış, məsuliyyət və digər şəxsi keyfiyyətlər də formalaşdırılmalıdır. Müasir dövrdə işəgötürənlər üçün yalnız insanın hansı sahədə mütəxəssis olması deyil, onun şəxsi keyfiyyətləri də əhəmiyyət daşıyır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” adlı panel sessiyasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Nazir müavini bu məsələyə münasibət bildirərkən təxminən 15 il əvvəl İstanbulda iştirak etdiyi konfransdan bir nümunə gətirib:

“Həmin konfransda Honkonqdan olan professor danışırdı ki, qızı ixtisasına uyğun olmayan sahədə, nüfuzlu bankların birində işə qəbul edilib. Professor bunun səbəbini soruşduqda bank rəhbərliyi ona bildirib ki, onlar ilk növbədə uyğun şəxsi keyfiyyətlərə malik əməkdaş axtarırlar. Peşəkar bilikləri isə həmin şəxsə altı ay ərzində öyrətmək mümkündür”.

F.Qurbanov başqa bir bank rəhbərinin çıxışından da nümunə gətirərək yüksək peşəkarlığın məsuliyyətli davranışla tamamlanmasının vacibliyinə diqqət çəkib. O bildirib ki, həmin nümunədə bankın ən yaxşı mütəxəssislərindən birinin qanunsuz əmələ cəhd göstərməsi peşəkar biliklərin təkbaşına kifayət etmədiyini göstərir.

Nazir müavininin sözlərinə görə, gələcəyin mütəxəssislərinin hazırlanmasında təlimlə yanaşı, tərbiyə məsələlərinə də diqqət yetirilməlidir:

“Əsas sual budur ki, biz gələcək üçün necə gənclər hazırlamalıyıq? Onlar yalnız ixtisas biliklərinə deyil, həm də dəyişən şəraitə uyğunlaşmaq, insanlarla ünsiyyət qurmaq, müstəqil və yaradıcı düşünmə bacarıqlarına malik olmalıdırlar. Bu baxımdan təhsil sisteminin üzərinə böyük məsuliyyət düşür”, - deyə F.Qurbanov qeyd edib.