Professor Fateh Mansouri: Müəllimlər mədəni müxtəlifliyin artdığı dünyaya uyğun hazırlanmalıdır

28 Oktyabr, 2026 - 10:58
Professor Fateh Mansouri: Müəllimlər mədəni müxtəlifliyin artdığı dünyaya uyğun hazırlanmalıdır

“Müasir dünyada ekstremizm, populizm, irqçilik və ayrı-seçkilik kimi problemlər hələ də aktualdır. Bu çağırışların həllində təhsilin mühüm rolu var. Əsas məsələlərdən biri uşaqlara hansı biliklərin verilməsi, hansı pedaqoji yanaşmaların tətbiq olunması və müəllimlərin getdikcə daha çox mədəni müxtəlifliyin müşahidə edildiyi dünyaya necə hazırlanmasıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda Avstraliyanın Dikin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri, professor Fateh Mansouri bildirib.

Onun sözlərinə görə, cəmiyyətlərdə qarşılıqlı etimadın və həmrəyliyin gücləndirilməsi sosial inkişafın əsas şərtlərindəndir:

“XIV əsrdə yaşamış İbn Xəldun ictimai həmrəyliyin cəmiyyətlərin inkişafı və rifahının təməlini təşkil etdiyini vurğulayıb. Onun digər mühüm fikri isə ədalətin insan tərəqqisinin əsası olmasıdır. Müasir dövrdə bu prinsiplər sosial birlik, sülh və fikir ayrılıqlarının dinc yollarla həlli baxımından xüsusi əhəmiyyət daşıyır”.

Professor qeyd edib ki, təhsillə bağlı yanaşmaların yenilənməsi ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiyanın yaratdığı imkanlar da nəzərə alınmalıdır.

“Müasir dövrün əsas vəzifələrindən biri təhsillə cəmiyyətin ehtiyacları arasında əlaqənin gücləndirilməsi, gənclərin mədəni müxtəlifliyə və qarşılıqlı anlaşmaya əsaslanan mühitə hazırlanmasıdır”, - deyə o vurğulayıb.