Firudin Qurbanov: Bəzən rəqəmsal mühitdə yanlış məlumatlar yayılır
“Süni intellekt dünyada yeni imkanlar yaradıb. Artıq müxtəlif ölkələrdə yaşayan insanlar dil fərqlərinə baxmayaraq, süni intellekt vasitəsilə bir-biri ilə ünsiyyət qura bilirlər. Bu texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” adlı panel sessiyasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
Onun sözlərinə görə, müasir texnologiyalar müxtəlif xalqların tarixini, mədəniyyətini və irsini öyrənmək üçün də geniş imkanlar yaradır:
“Bu gün süni intellekt və digər rəqəmsal texnologiyalar vasitəsilə istənilən ölkənin tarixi, mədəniyyəti, maddi və qeyri-maddi irsi ilə tanış olmaq mümkündür. Virtual mühitdə dünyanın müxtəlif muzeylərini, o cümlədən Luvr muzeyini ziyarət etmək, həmin ölkələrin mədəniyyətini daha yaxından öyrənmək olar”.
F.Qurbanov bildirib ki, süni intellektin yaratdığı imkanlarla yanaşı, məlumatların düzgün qiymətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır:
“Bəzən rəqəmsal mühitdə yanlış məlumatlar yayılır və müxtəlif məqsədlərlə manipulyasiyalara yol verilir. Buna görə də xüsusilə gənclərdə tənqidi təfəkkürün formalaşdırılması vacibdir. Onlar məlumatları təhlil etməyi, düzgün informasiyanı seçməyi və müstəqil nəticə çıxarmağı bacarmalıdırlar”.
Nazir müavini müasir dövrdə biliklərin daim yenilənməsinə ehtiyac olduğunu da qeyd edib. O vurğulayıb ki, texnologiyaların sürətlə inkişaf etdiyi şəraitdə insanların öz üzərində davamlı çalışması və yeni biliklər qazanması mühüm əhəmiyyət daşıyır.




