Firudin Qurbanov: Mədəniyyətlərarası dialoqun inkişafında təhsilin rolu mühümdür

28 Oktyabr, 2026 - 10:07
Firudin Qurbanov: Mədəniyyətlərarası dialoqun inkişafında təhsilin rolu mühümdür

“Müasir dünyada ksenofobiya, münaqişələr və müharibələrin qarşısının alınmasında mədəniyyətlərarası dialoq mühüm əhəmiyyət daşıyır. Bu baxımdan təhsilin rolu xüsusilə böyükdür. Çünki məhz təhsil vasitəsilə insanlar arasında qarşılıqlı anlaşmaya və dialoqa nail olmaq mümkündür”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” adlı panel sessiyasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, təhsil insanların fərqli mövqeləri anlamasına, qarşılıqlı razılığa gəlməsinə və yanlış məlumatların təsirindən qorunmasına kömək edir:

“Təhsil səviyyəsinin aşağı olması insanların müxtəlif manipulyasiyalara və zərərli təsirlərə daha asan məruz qalmasına şərait yarada bilər. Buna görə də əsas məsələlərdən biri insanlar arasında ünsiyyətin və dialoqun qurulmasına kömək edən yolların müəyyənləşdirilməsidir”.

F.Qurbanov dünyada davam edən müharibə və münaqişələrin mədəniyyətlərarası dialoqun əhəmiyyətini daha da artırdığını vurğulayıb.

Nazir müavini eyni zamanda Mahatma Qandinin sülhə nail olmaq üçün uşaqların təhsil və tərbiyəsindən başlamağın vacibliyi barədə fikirlərini xatırladaraq, gələcək nəsillərdə qarşılıqlı anlaşma və sülh mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətinə də diqqət çəkib.