Nigeriyada qaçırılan müəllimlərdən biri öldürülüb
Nigeriyanın Oyo ştatında silahlı şəxslər tərəfindən qaçırılan müəllimlərdən birinin öldürüldüyü açıqlanıb.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, Oyo ştatının qubernatoru Seyi Makinde silahlı şəxslərin qaçırdığı yeddi müəllimdən birinin — riyaziyyat müəlliminin öldürüldüyünü təsdiqləyib.
Hadisə Ogbomoso bölgəsinin Oriire Yerli İdarəetmə Ərazisində yerləşən üç məktəbə silahlı hücum zamanı baş verib. Motosikletlə hərəkət edən silahlılar məktəblərə daxil olaraq müəllim və şagirdləri qaçırıblar.
Yerli mənbələrin məlumatına görə, hadisə zamanı ümumilikdə 46 nəfər — 7 müəllim və 39 şagird girov götürülüb.
Qubernator bildirib ki, hökumət girovların azad edilməsi üçün həm təhlükəsizlik əməliyyatlarından, həm də alternativ vasitələrdən istifadə edəcək. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri qalan girovların xilas edilməsi üçün intensiv fəaliyyət göstərir.
Seyi Makinde dini icma rəhbərlərinə və yerli əhaliyə müraciət edərək vəziyyətin ciddi nəzarətdə saxlanıldığını və bütün imkanlardan istifadə ediləcəyini bildirib.
Oyo ştatının polis nümayəndəsi Ayanlade Olayinka silahlı hücumun cümə günü səhər saatlarında baş verdiyini açıqlayıb.
Hadisədən sonra Oyo Ştatı Universal Əsas Təhsil Şurası bölgəyə yaxın ərazilərdə yerləşən ibtidai məktəblərin fəaliyyətini müvəqqəti dayandırıb.
Rəsmi açıqlamada bu qərarın təhlükəsizlik risklərinin qarşısını almaq və vəziyyətin sabitləşdirilməsi məqsədilə verildiyi bildirilib.



