Norveçdə əcnəbi tələbələr üçün 9 təqaüd proqramına qəbul başlayıb

16 İyul, 2026 - 12:38
Norveçdə əcnəbi tələbələr üçün 9 təqaüd proqramına qəbul başlayıb

Norveçdə magistratura və doktorantura təhsili almaq istəyən xarici tələbələr üçün 2026-2027-ci tədris ili üzrə tam maliyyələşdirilən 9 təqaüd proqramına müraciət qəbul edilir. Təqaüdlər proqramdan asılı olaraq təhsil haqqını, yaşayış xərclərini, aylıq təqaüdü, yol və viza xərclərini əhatə edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, təqaüd imkanları Norveç universitetləri və beynəlxalq təhsil proqramları tərəfindən təqdim olunur.

Bunlara BI Norveç Biznes Məktəbinin Prezident Təqaüdü, ABŞ vətəndaşları üçün nəzərdə tutulan NORAM (Norveç-Amerika Assosiasiyası) təqaüdü, Peru və Kolumbiyadan olan tələbələr üçün BiGTREE proqramı, Erasmus+, NORPART tam magistratura təqaüdü, Fulbrayt təqaüdü, Erasmus Mundus Birgə Magistr Proqramı, Norveç Həyat Elmləri Universitetinin "Norstip" təqaüdü və A. Vilhelmsen Fondunun təqaüdü daxildir.

Proqramlar arasında ən geniş imkanlardan biri BI Norveç Biznes Məktəbinin Prezident Təqaüdüdür. Bu təqaüd magistratura üzrə iki il müddətində təhsil haqqını tam qarşılayır, akademik göstəricilərini qoruyan xarici tələbələrə isə hər semestr 50 min Norveç kronu məbləğində yaşayış təqaüdü verilir. A. Vilhelmsen Fondunun təqaüdü də BI Norveç Biznes Məktəbində təhsil alan xarici magistrantlar üçün ildə 250 min Norveç kronunadək maliyyə dəstəyi təqdim edir.

Erasmus Mundus Birgə Magistr Proqramı çərçivəsində seçilmiş tələbələrin təhsil haqqı, səyahət və viza xərcləri ödənilir, əlavə olaraq iki il müddətində aylıq 1 400 avro təqaüd ayrılır. Erasmus+ proqramı isə bakalavriat, magistratura və doktorantura tələbələrinin 3-12 ay müddətində Norveçdə təhsil almasını dəstəkləyir.

NORPART proqramı Norveç universitetləri ilə tərəfdaş ali təhsil müəssisələrinin tələbələri üçün təhsil və yaşayış xərclərini qarşılayır. Norveç Həyat Elmləri Universitetinin "Norstip" təqaüdü tam təhsil haqqı ilə yanaşı, aylıq 13 min 297 Norveç kronu təqaüd, birdəfəlik 15 min kron başlanğıc ödənişi, yol və tədqiqat xərclərini də əhatə edir. Fulbrayt proqramı ABŞ vətəndaşlarının Norveçdə magistratura təhsili və elmi tədqiqat aparmasını maliyyələşdirir, NORAM təqaüdü isə ABŞ-də yaşayan tələbələrə ilk magistratura təhsili üçün 10-40 min Norveç kronu həcmində dəstək verir.

BiGTREE proqramı biomüxtəlifliyin genomikası sahəsində təhsil alan Peru və Kolumbiyadan olan magistr və doktorantlar üçün nəzərdə tutulub. Müraciət tarixləri proqramdan asılı olaraq dəyişir. BI Norveç Biznes Məktəbinin Prezident Təqaüdü və A. Vilhelmsen Fondunun təqaüdü üçün son müraciət tarixi 1 mart, NORAM proqramı üçün isə 1 aprel müəyyən edilib. Digər proqramlarda qəbul tarixləri universitetlər və ya layihələr üzrə ayrıca elan olunur.

Qeyd edək ki, Norveçdə 2023-cü ildən Avropa İttifaqına və Avropa İqtisadi Məkanına daxil olmayan ölkələrin vətəndaşları üçün dövlət universitetlərində təhsil ödənişlidir. Rəsmi məlumata görə, 2026-2027-ci tədris ilində xarici tələbənin yaşayış xərclərini qarşılaya bilməsi üçün ən azı 170 min 368 Norveç kronu (təxminən 17,4 min ABŞ dolları) məbləğində maliyyə vəsaiti olduğunu təsdiqləməsi tələb olunur.