Okeanın 1 kilometr dərinliyində “sarı kərpic yol” aşkarlandı
Alimlər Sakit okeanın 1000 metrdən çox dərinliyində yerləşən və məşhur “sarı kərpic yol”u xatırladan qeyri-adi geoloji struktur aşkar ediblər.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, kəşf “Ocean Exploration Trust” təşkilatının Havay adaları yaxınlığındakı “Papahānaumokuakea” dəniz qoruğu ərazisində həyata keçirdiyi ekspedisiya zamanı qeydə alınıb.
Tədqiqatçılar əvvəllər heç vaxt araşdırılmayan “Nootka Seamount” zirvəsində uzaqdan idarə olunan sualtı aparat vasitəsilə müşahidələr apararkən çatlamış quru göl yatağını xatırladan səthlə qarşılaşıblar.
Alimlərin diqqətini xüsusilə düz xətlər və 90 dərəcə altında birləşən çatlar cəlb edib. Bu görüntü dəniz dibində sanki daş döşənmiş yol təsiri yaradıb.
Tədqiqat qrupu həmin strukturu zarafatla “Atlantisə aparan yol” və “sarı kərpic yol” adlandırıb.
Sonradan aparılan analizlər göstərib ki, bu formasiya qədim vulkanik fəaliyyət nəticəsində yaranıb. Alimlər onun sürətlə soyuyan lava axınlarından əmələ gələn “hialoklastit” adlı süxur növü olduğunu müəyyən ediblər.
Mütəxəssislərin sözlərinə görə, isti lavanın okeanın soyuq suyu ilə qəfil təması süxurun şüşə kimi parçalanmasına səbəb olub və nəticədə bu qeyri-adi həndəsi quruluş formalaşıb.
Araşdırma müəllifləri bildirirlər ki, okeanın dərinliklərinin öyrənilməsi həm iqlim sistemi, həm də yeni bioloji və tibbi kəşflər baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Papahānaumokuakea” dəniz qoruğu dünyanın ən böyük dəniz mühafizə ərazilərindən biri hesab olunur və burada əvvəllər elmə məlum olmayan bir çox canlı növü aşkarlanıb.



