Okeanın dərinliklərində yeni təhlükə: Alimlər xəbərdarlıq edir

9 İyul, 2026 - 18:13
Okeanın dərinliklərində yeni təhlükə: Alimlər xəbərdarlıq edir

Okeanın dibində indiyədək məlum olmayan 73 vulkan sistemi aşkar edilib ki, bu vulkanların bir hissəsi gələcəkdə yenidən püskürə və ciddi fəlakətlərə səbəb ola bilər.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədqiqatçılar okean dibində vulkan mənşəli çökəklikləri xəritələşdirərkən yeni vulkan sistemlərini müəyyən ediblər. Kəşf əvvəllər Mars səthində meteorit kraterlərini aşkar etmək üçün istifadə olunan texnologiya vasitəsilə mümkün olub. Araşdırmanın nəticələri "Nature Communications Earth & Environment" jurnalında dərc edilib.

Mütəxəssislər əvvəlcə okean dibində 87 mindən çox mümkün vulkan çökəkliyi müəyyənləşdiriblər. Sonrakı təhlillər nəticəsində onların sayı 78-ə endirilib. Bunlardan beşinin əvvəllər məlum olduğu nəzərə alınaraq, ümumilikdə 73 yeni vulkan sistemi qeydə alınıb. Onların bir hissəsi sualtı dağ silsilələrində, bir hissəsi vulkan qövslərində, əksəriyyəti isə tektonik plitələrin mərkəzi hissələrində yerləşir.

Alimlərin sözlərinə görə, vulkan çökəklikləri adətən vulkan püskürməsindən sonra maqma kamerasının boşalması və vulkanın çökməsi nəticəsində yaranır. Bu cür strukturlar uzun müddət sönmüş hesab edilsə də, onların bəziləri yenidən aktivləşə bilər.

Tədqiqat müəllifləri bildirirlər ki, Yer kürəsində vulkanik fəaliyyətin böyük hissəsi məhz okeanların altında baş verir. Bununla belə, sualtı vulkanlar hələ də ən az öyrənilmiş geoloji obyektlərdəndir və indiyədək cəmi 30 belə vulkan ətraflı tədqiq olunub. Yeni kəşf okean dibinin geoloji quruluşunun öyrənilməsi baxımından mühüm addım hesab edilir.

Araşdırmada qeyd olunur ki, bütün vulkanlar yalnız bir dəfə püskürmür. Buna nümunə kimi uzun illər fəaliyyətsiz qaldıqdan sonra qəfil püskürən Tonqa sualtı vulkanı göstərilir. Həmin püskürmə son onilliklərin ən güclü vulkan hadisələrindən biri hesab olunur, zərbə dalğaları hətta kosmosda belə qeydə alınıb, yaranan sunami isə Sakit okeanın müxtəlif ölkələrinə qədər yayılıb.

Tədqiqatçılar hələlik yeni aşkar olunan vulkanlardan hansının yaxın gələcəkdə püskürəcəyini müəyyən edə bilmədiklərini bildirirlər. Bununla belə, yeddi vulkan çökəkliyi potensial təhlükə baxımından daha riskli hesab olunur və onların üzərində əlavə geoloji araşdırmaların aparılması planlaşdırılır.