“Oksfordda oxuyan ilk azərbaycanlı futbolçu mən olacağam” – 6 dil bilən məktəbli
Bəzən istedad özünü təkcə yüksək qiymətlərlə deyil, erkən yaşlardan formalaşan maraq, güclü intizam, əzmkarlıq və davamlı zəhmətlə göstərir. Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Barış Abbaslı da məhz belə gənclərdəndir. 6 xarici dili sərbəst öyrənməsi, elmi bilik yarışları və olimpiadalarda iştirakı, futbol və şahmatda qazandığı nailiyyətlər Barışın məqsədyönlü və çoxşaxəli inkişaf yolunun bariz nümunəsidir. O, bu uğurlara əlavə müəllim və ya xüsusi kurslar olmadan, şəxsi marağı və özünə qoyduğu ciddi nizam-intizam sayəsində nail olub.
“Azərbaycan müəllimi” 14 yaşlı məktəblini oxuculara təqdim edir.
“Balaca olanda dilləri öyrənməkdə mənə əsasən cizgi və uşaq filmləri kömək edirdi”
Barış Abbaslının dillərə marağı bağça illərində yaranıb. O deyir ki, hər şey rus bölməsindəki müəlliminin uşaqlara 10 dildə “salam” deməyi öyrətməsi ilə başlayıb. Həmin an balaca Barış üçün adi bir dərs yox, gələcək yolunun ilk işarəsi olub. O, dillərin səslənməsindən zövq aldığını hiss edib və bu marağı itirməmək qərarına gəlib.
İlk addımı da özü atıb. Belə ki, anasından onu rus bölməsinə yazdırmağı xahiş edib. Rus dilində mahnılar və şeirlər ona daha yaxın gəlib və beləliklə, ilk öyrəndiyi xarici dil rus dili olub: “Açığı, bu yol əvvəlcədən planlaşdırılmış bir məqsəd olmayıb. Sadəcə birinci sinifdə oxuyanda hiss etdim ki, ingilis dilini yaşıdlarımdan daha yaxşı başa düşürəm. Elə o vaxtdan bu sahəyə daha ciddi yanaşmağa başladım. Hesab edirəm ki, dövlətim və valideynlərim qarşısında məsuliyyətim var və bu məsuliyyət məni daim çalışmağa vadar edir. Ona görə də bütün gücümü qarşıma qoyduğum məqsədlərə çatmağa sərf edirəm.
Balaca olanda dilləri öyrənməkdə mənə əsasən cizgi və uşaq filmləri kömək edirdi. Bir az böyüdükdən sonra isə artıq dilləri daha dərindən mənimsəmək üçün kitablara və xüsusi tətbiqlərə müraciət etdim. Ana dilimi isə valideynlərimdən öyrənmişəm. Biz evdə həmişə Azərbaycan dilində danışırıq və düşünürəm ki, bu, mənim dil düşüncəmin formalaşmasında çox önəmlidir”.
“Gələcəkdə özümü Azərbaycan Milli Komandasının qapıçısı kimi görürəm”
Barışın fikrincə, intizamsız uğur mümkün deyil. Məhz gündəlik plan və özünə qoyduğu qaydalar ona bu qədər fərqli sahəni paralel şəkildə inkişaf etdirməyə imkan verir: “Özümü dərk etdiyim yaşlardan futbol oynayıram –təxminən 4 yaşımdan. Eyni dövrlərdə babamdan şahmat öyrənmişəm. Futbola peşəkar şəkildə 6 yaşımdan başlamışam və artıq 8 ildir ki, bu sahə ilə davamlı məşğul oluram.
Şahmatda isə vəziyyət bir qədər fərqlidir. Ailə daxilində mütəmadi oynasam da, rəsmi şahmat dərəcəmi yalnız bu il almışam. Hər iki sahədə – həm futbolda, həm də şahmatda beynəlxalq uğurlar qazanmağı çox istəyirəm. Futbol sahəsində isə gələcəkdə özümü Azərbaycan Milli Komandasının qapıçısı kimi görürəm. Tərtib etdiyim gündəlik cədvələ əsasən futbol dərslərimə qətiyyən mane olmur. Bəzən yorulduğum anlar olur, amma bu, məni yolumdan ayırmır”.
Hazırda rus, türk, ingilis, fransız və Ukrayna dillərini bildiyini deyən məktəbli, dil öyrənməyi həyatının ayrılmaz hissəsi hesab edir və bu bacarıqları futboldan ayırmağı düzgün saymır. Onun fikrincə, bilik və idman bir-birini tamamlayır, biri digərinə mane olmur.
O deyir ki, bəzən ətrafındakılar ona eyni anda bu qədər sahə ilə məşğul olmağın mümkün olmadığını deyiblər: “Bəzən mənə deyirlər ki, altı dil bilirsənsə, futbolu burax, yalnız dərslərinlə məşğul ol. Guya hər ikisini bir yerdə aparmaq mümkün deyil. Amma mənim üçün bu tamamilə realdır”.
Barış bir çox yerli bilik yarışları və olimpiadalarda heç bir əlavə müəllim dəstəyi olmadan yarımfinal və final mərhələlərinə qədər yüksəlib. Onun növbəti məqsədi həm yerli, həm də beynəlxalq olimpiadalarda medal qazanmaqdır. Onun futbolda da yerli turnirlərdə qazandığı bir sıra uğurları var.
Kembric imtahanlarından uğurla keçməsini intensiv çalışması və müəllimi Zeynəb xanımın təmənnasız dəstəyi ilə əlaqələndirir. Bu imtahanın ona təkcə bilik yox, həm də təcrübə və özgüvən qazandırdığını deyir. IELTS sertifikatını isə planlı şəkildə almağı düşünür. Sertifikatın müddətli olmasını nəzərə alaraq, 2026-cı ildə yüksək bal toplamağı hədəfləyib: “Düşünürəm ki, bu yolda ən böyük şansım məni hər sahədə düzgün istiqamətləndirən valideynlərimin olmasıdır. Qarşıma qoyduğum bütün məqsədlərə çata biləcəyimə inanırlar və hər zaman məni dəstəkləyirlər. Bu da mənə əlavə motivasiya verir. Müəllimlərə gəldikdə isə hesab edirəm ki, bu yaşıma qədər qarşılaşdığım hər bir müəllimin üzərimdə böyük əməyi var. Hər birindən nəsə öyrənmişəm.
Gələcəkdə özümü IT sahəsində görürəm, amma hələlik konkret olaraq hansı istiqaməti seçəcəyimi dəqiqləşdirməmişəm. Xaricdə təhsil almaq planım var, lakin orada yaşamaq niyyətim yoxdur”.
Hazırda 9-cu sinifdə oxuduğu üçün valideynlərinin bədii ədəbiyyat oxumasına müvəqqəti məhdudiyyət qoyduğunu gülümsəyərək qeyd edir. Bunun dərslərinə daha yaxşı fokuslanmaq üçün edildiyini anlayır. Son oxuduğu bədii əsər isə Fyodor Dostoyevskinin “Karamazov qardaşları” olub.
Barış gələcəyə böyük inamla baxır. O öz hədəfini belə ifadə edir: “İnanıram ki, Oksfordda oxuyan ilk azərbaycanlı futbolçu mən olacağam”.


