“Olimpiada qalibi olmaq gələcəyə açılan qapıdır” – Qaliblərlə söhbət
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri Respublika fənn olimpiadalarında uğurlu nəticələri ilə diqqət çəkiblər. Region məktəblilərinin qazandığı medallar arasında riyaziyyat üzrə bürünc, biologiya üzrə qızıl və coğrafiya üzrə gümüş medallar yer alıb. Medalçılar “Azərbaycan müəllimi”nə hazırlıq prosesindən, final mərhələsində yaşadıqları həyəcan və gələcək hədəflərindən danışıblar.
“Kənd şəraitində hazırlaşmaq ikiqat iradə tələb edirdi”
Lerik rayon B.Pələngov adına Züvüç kənd tam orta məktəbinin X sinif şagirdi Ünal Sucalı riyaziyyat fənni üzrə Respublika fənn olimpiadasının bürünc medalçısı olub. O bildirib ki, indiyədək müxtəlif bilik yarışlarında iştirak edib və bir sıra uğurlar qazanıb: “V sinifdə Lütfi Zadə adına məntiq olimpiadasında, VI sinifdə riyaziyyat, VII sinifdə kimya, VIII sinifdə isə riyaziyyat üzrə respublika fənn olimpiadalarında final mərhələsinə qədər irəliləmişəm. Həmçinin iki dəfə ARTİ-nin təşkil etdiyi “Kenquru” beynəlxalq riyaziyyat, “BilBacar” müsabiqələrində və “Milli Hakaton” kimi alqoritmik yarışlarda iştirak etmişəm”.
Ünal Sucalı qeyd edib ki, final mərhələsinə hazırlıq xüsusilə çətin olub:
“İlk iki tura tam hazır idim. Lakin final mərhələsi əvvəlki mərhələlərdən tam fərqlənirdi. Rayon və yarımfinal turlarında 20-25 qapalı sual verilirdisə, final mərhələsində iki gün ərzində hər gün 3 sual təqdim olunurdu və cavablandırmaq üçün 3 saat vaxt ayrılırdı. Olimpiada problemləri məktəb proqramını tam aşır və xüsusi hazırlıq tələb edir. Kənd şəraitində, rayon mərkəzindən uzaqda hazırlaşmaq isə ikiqat iradə tələb edirdi”.
O bildirib ki, final mərhələsində ölkənin ən güclü riyaziyyatçı şagirdləri ilə eyni mühitdə yarışmaq onun üçün böyük təcrübə olub: “Qazandığım bürünc medal mənim üçün çox dəyərlidir. Bu medal həm böyük zəhmətin nəticəsidir, həm də gələcəyə açılan qapıdır. Çünki olimpiada qaliblərinə müsabiqədənkənar qəbul imkanı yaradılır. Gələn ilki hədəfim qızıl və ya gümüş medal qazanmaqdır. Gələcəkdə BANM-in “Kompüter elmləri” ixtisasında təhsil almaq istəyirəm”.
Ünal Sucalı digər şagirdlərə də çətinlik qarşısında ruhdan düşməməyi tövsiyə edib: “Suala cavab tapa bilməyəndə ruhdan düşmək olmaz. Məqsədə çatmaq üçün əzmlə çalışmaq lazımdır. Yolun sonunda nəticənin necə olmasından asılı olmayaraq, olimpiada böyük təcrübə qazandırır”.
“Uğurun əsas sirri səbirli və məqsədyönlü olmaqdır”
Cəlilabad şəhər 8 saylı Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Əli Qasımov isə Respublika fənn olimpiadasında coğrafiya üzrə gümüş medal qazanıb. O bildirib ki, ötən il final mərhələsinə qədər yüksəlsə də, medal əldə edə bilməyib: “Bu il isə “Xarıbülbül” olimpiadasında I yerə layiq görüldüm və Respublika fənn olimpiadasında gümüş medal qazandım”.
Əli hazırlıq prosesinin həm maraqlı, həm də məsuliyyətli keçdiyini deyib: “Hər gün müəyyən vaxtımı dərs çalışmağa və testlər həll etməyə ayırırdım. Mövzuları daha dərindən öyrənməyə çalışırdım. Hazırlıq müddətində müəllimim Cəbrayıl Ağazadənin dəstəyi mənim üçün çox önəmli oldu. Müxtəlif kitablar, test topluları və internet resurslarından istifadə edirdim. Bu hazırlıq prosesi mənə həm yeni biliklər qazandırdı, həm də özünəinamımı artırdı”.
Onun sözlərinə görə, final mərhələsində iştirak unudulmaz təcrübə olub: “Suallar maraqlı və düşündürücü idi. Bəzi suallar isə daha çətin idi və xüsusi diqqət tələb edirdi. Yarış atmosferi çox motivasiyaedici idi və mənə daha çox çalışmaq həvəsi verdi”.
Əli gələcəkdə daha böyük uğurlar qazanmaq arzusundadır: “Yeni olimpiadalarda iştirak etmək və XI sinifdə 600-dən yuxarı bal toplamaq istəyirəm. Olimpiadalara hazırlaşan şagirdlərə tövsiyəm budur ki, daim çalışsınlar, özlərinə inansınlar və çətinliklərdən qorxmasınlar. Uğurun əsas sirri səbirli və məqsədyönlü olmaqdır”.
“Çəkilən əziyyətin qarşılığını görmək çox gözəldir”
Astara rayon Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Rəsul Şahverdiyev isə biologiya fənni üzrə qızıl medal qazanıb. O, artıq bir neçə nüfuzlu yarışın qalibi olduğunu bildirib: “Lütfi Zadə adına məntiq olimpiadasında gümüş, respublika fənn müsabiqəsində biologiya üzrə qızıl, respublika fənn olimpiadalarında isə bürünc və qızıl medal qazanmışam. Həmçinin Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO) gümüş medal əldə etmişəm”.
Rəsul Şahverdiyev bildirib ki, olimpiada hazırlığı böyük zəhmət və vaxt tələb edir: “Bu yolda hədəfə çatmaq üçün digər işlərə daha az vaxt ayırmalı, günün böyük hissəsini hazırlığa sərf etməlisən. Fənn müəllimim, olimpiada mərkəzindəki komanda rəhbərimiz və olimpiadaçı dostlarım bu prosesdə mənə böyük dəstək olublar”.
O qeyd edib ki, artıq son 4 ilini olimpiada hazırlığına sərf etdiyi üçün final mərhələsində iştirak onun üçün adi hala çevrilib: “Suallar beynəlxalq biologiya olimpiadası – IBO tipində, olduqca düşündürücü idi. Burada yalnız biliq yox, vaxtın düzgün idarə olunması da mühüm rol oynayırdı”.
Rəsul Şahverdiyev gələcək hədəfinin beynəlxalq biologiya olimpiadasında ölkəsini təmsil etmək olduğunu bildirib: “Çəkilən əziyyətin qarşılığını görmək çox gözəldir. Gələcəkdə beynəlxalq biologiya olimpiadasında iştirak edib ölkəmizə medal qazandırmaq istəyirəm. Olimpiadaya hazırlaşan şagirdlərə tövsiyəm budur ki, vaxtlarını düzgün planlaşdırsınlar və öyrəndikləri məlumatların məntiqini anlamağa çalışsınlar”.



