“Ölkədə peşə təhsilinə marağın artırılması” layihəsi uğurla yekunlaşıb
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Ölkədə peşə təhsilinə marağın artırılması” layihəsini uğurla başa çatdırıb.
Agentlikdən "Azərbaycan müəllimi"nə bildirilib ki, layihənin rəsmi bağlanış mərasimi Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib.
Tədbirdə rəsmi qurumların nümayəndələri, müəllimlər, təlimçilər və layihə iştirakçıları iştirak ediblər.
Yekun tədbir çərçivəsində layihəni müvəffəqiyyətlə tamamlayan peşə təhsili tələbələrinə sertifikatlar təqdim olunub, onların layihə müddətində kommunikasiya və media sahəsində əldə etdikləri bilik və bacarıqlar xüsusi vurğulanıb.
Qeyd edək ki, layihə çərçivəsində 3–4 may tarixlərində aparıcı peşə təhsil müəssisələrində təhsil alan tələbələr üçün kommunikasiya və media bacarıqları üzrə təlimlər təşkil olunub. Təlimlərə Bakı şəhərində fəaliyyət göstərən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən ümumilikdə 18 tələbə cəlb edilib.
İki gün davam edən təlimlər zamanı peşələrin tanıdılmasında kommunikasiyanın rolu, müasir PR alətləri, effektiv kommunikasiya kanalları, şəxsi brendinq və influenser marketinqi mövzularında praktiki biliklər təqdim olunub. Təlimlərin davamı olaraq iştirakçılar üçün onlayn tapşırıqlar və mentorluq sessiyaları təşkil edilib.
Layihə çərçivəsində tələbələr, həmçinin tanınmış influenserlərlə görüşlərdə və müxtəlif özəl və dövlət qurumlarına təşkil olunan tanışlıq səfərlərində iştirak ediblər. Peşə təhsilinin cəlbediciliyinin artırılması məqsədilə influenserlərin iştirakı ilə hazırlanan 8 videoçarx sosial media platformalarında yayımlanıb.
Layihənin əsas məqsədi peşə təhsili alan tələbələrin kommunikasiya bacarıqlarını inkişaf etdirmək, onların öz ixtisaslarını ictimaiyyətə daha effektiv şəkildə tanıtmaq, şəxsi brend formalaşdırmaq və müasir media alətlərindən düzgün istifadə imkanlarını genişləndirmək olub.


