Ölkələrdə müəllimlərin geyimi ilə bağlı hansı qaydalar var?
Müəllimlərin geyimi ilə bağlı qaydalar ölkələr üzrə fərqlənir. Bəzi dövlətlərdə müəllimlər üçün konkret geyim forması və ya müəyyən geyim elementləri nəzərdə tutulduğu halda, digər ölkələrdə yalnız səliqəli və peşəkar görünüş tələb olunur. Bir sıra ölkələrdə isə bu məsələnin tənzimlənməsi məktəblərin və yerli təhsil qurumlarının səlahiyyətindədir.
Bəzi ölkələrdə müəllimlərin geyimi ilə bağlı tələblər qanunvericilik və ya hökumət qərarları ilə müəyyənləşdirilir, bəzilərində isə təhsil nazirliklərinin təlimatları və daxili qaydaları əsas götürülür.
Fransa
Fransada müəllimlər üçün konkret vahid geyim forması tətbiq edilmir. Bununla belə, dövlət məktəblərində çalışan təhsil işçilərinin geyimi və xarici görünüşündə dünyəvilik və neytrallıq prinsipi əsas götürülür.
Fransa Təhsil Nazirliyinin məlumatına görə, dövlət məktəblərində bütün əməkdaşlar ciddi neytrallıq öhdəliyinə tabedir. Bu prinsip müəllimlərin öz dini və siyasi inanclarını vəzifələrini icra edərkən nümayiş etdirməməsini nəzərdə tutur. Müəllim məktəbin dünyəviliyini qorumaq məqsədilə öz geyimi, aksesuarları və ya digər görünüş elementləri vasitəsilə dini və ya siyasi mövqeyini ifadə edə bilməz.
Məsələn, müəllimin dini mənsubiyyətini açıq şəkildə göstərən simvol və ya geyimdən istifadə etməsi dövlət məktəbindəki neytrallıq öhdəliyi ilə ziddiyyət təşkil edə bilər.
Hindistan
Hindistanda bütün müəllimlər üçün ölkə üzrə vahid geyim forması tətbiq edilmir. Geyim qaydaları ştatlardan və məktəb sistemlərindən asılı olaraq dəyişə bilər.
Məsələn, Himachal Pradesh ştatında 2026-cı ildə qəbul edilmiş qaydalarda müəyyən dövlət məktəblərində müəllimlər və şagirdlər üçün geyim formasının standartlaşdırılması nəzərdə tutulub.
Qaydalara əsasən, hökumətlə razılaşdırmaqla məktəblərdə müəllim və şagirdlər üçün uniformanın müəyyən edilməsi mümkündür. Bu geyimlər yay, qış və idman geyimi olmaqla müxtəlif kateqoriyalara bölünə bilər. Qaydalarda geyimin rəng kombinasiyası və məktəb loqosu kimi elementlərin də olması nəzərdə tutulur.
Malayziya
Malayziyada müəllimlərin məktəbdə iş zamanı geyimi Təhsil Nazirliyinin ayrıca təlimatı ilə tənzimlənir.
“Garis Panduan Pakaian Guru Ketika Bertugas Di Sekolah” adlı sənəddə müəllimlərin iş zamanı səliqəli və peşəkar görünüşə malik olması ilə bağlı tələblər müəyyən edilir.
Təlimatda kişi müəllimlər üçün uzun şalvar və köynək kimi geyimlər nəzərdə tutulur. Qalstukdan istifadə də təşviq edilir. Bununla yanaşı, Malayziyanın ənənəvi kişi geyimlərindən biri olan “Baju Melayu” da müəllimlər üçün qəbul edilən geyim variantlarından biri kimi göstərilir.
Sənəd müəllimlərin müxtəlif rəsmi və məktəb tədbirlərində hansı geyimlərdən istifadə edə biləcəyinə dair daha konkret istiqamətlər verir.
Birləşmiş Ərəb Əmirlikləri
BƏƏ-də müəllimlər üçün konkret vahid uniformadan daha çox peşəkar görünüş standartı tətbiq olunur.
Təhsil Nazirliyinin “Code of Conduct for Education Professionals” sənədində təhsil işçilərindən təmiz, səliqəli, iş mühitinə uyğun geyim tələb edilir. Geyim ölkənin mədəni və ictimai dəyərlərinə hörmət etməli və təhsil işçisinin peşəkar statusuna uyğun olmalıdır.
Türkiyə
Türkiyədə müəllimlərin geyimi ilə bağlı diqqətçəkən nümunələrdən biri müəllim xalatıdır.
Milli Təhsil Nazirliyi 2026-cı ildə “Öğretmen Önlüğü Standartları Kılavuzu”nu hazırlayaraq müəllim xalatının standartlarını müəyyən edib.
Nazirliyin məlumatına görə, xalat müəllimlərin peşəkar görünüşünü dəstəkləmək və məktəb mühitində müəllimlərin rolunu daha aydın şəkildə ifadə etmək məqsədi daşıyır.
Müəllim xalatının tətbiqi 2023 -2024-cü tədris ilində gündəmə gətirilib və sonrakı illərdə standartları müəyyənləşdirilib. 2026 -2027-ci tədris ili ilə bağlı göstərişlərdə də müəllimlərin vəzifələrini yerinə yetirərkən önlükdən istifadə etməsi nəzərdə tutulur.
ABŞ
ABŞ-də müəllimlər əsasən işgüzar gündəlik üslubda geyinirlər. Məktəb qaydalarında müəllimlərdən peşəkar görünüş tələb edilsə də, bu, mütləq kostyum və qalstuk demək deyil.
Məktəbdə köynəksiz idman üslubu, şort, idman kostyumu, çox açıq və ya cırılmış geyimlər ümumiyyətlə, uyğun hesab edilmir.
ABŞ-dəkı başqa bir məktəb dairəsində isə kişi müəllimlərin klassik şalvar, yaxalı köynək və səliqəli ayaqqabı, qadın müəllimlərin don, yubka, şalvar, köynək və ya sviter nümunə geyinməsi tələb edilir. Lakin qalstuk məcburi deyil. Cins şalvara isə həftənin son iş günündə icazə verilir.
Finlandiya
Finlandiyada müəllimlərin geyimində daha sərbəst və praktik yanaşma müşahidə olunur. Ölkədə müəllimlər üçün forma tələb edilmir, lakin hər bir məktəb özü geyimlə bağlı qaydaların tətbiqində sərbəstdir.
Almaniya
Almaniyada da müəllimlər üçün konkret forma yoxdur. Amma burada müəllimlərin gündəlik görünüşü daha çox səliqəli və peşəka olmalıdır. Kişi müəllimlərin klassik və ya gündəlik üslübda şalvar, köynək, sviter və pencək, qadın müəllimlərin isə şalvar, köynək, sviter, don və ya yubka kimi geyimlər geyinməsinə daha çox rast gəlinir.
Almaniyada geyimlə bağlı hüquqi müzakirələr daha çox dini simvollar ətrafında aparılıb. Federal qanunvericilikdə dövlət qulluqçularının görünüşünə dair müəyyən məhdudiyyətlər nəzərdə tutula bilər.
Böyük Britaniya
Böyük Britaniyada, xüsusilə İngiltərədə də müəllimlər üçün vahid forma yoxdur. Buna görə müəllimlər məktəblərdə əsasən öz peşəkar geyimlərini seçirlər. Praktikada klassik şalvar və köynək, bluz, don, yubka, pencək və sviter kimi geyimlər professional məktəb görünüşünün bir hissəsidir.
Beynəlxalq təcrübə göstərir ki, müəllimlərin geyiminin tənzimlənməsi müxtəlif formalarda həyata keçirilir. Bu səbəbdən beynəlxalq müqayisədə “müəllimlər üçün geyim qaydası” ifadəsi müxtəlif məna daşıyır: bəzi ölkələrdə bu, konkret uniforma, digərlərində peşəkar geyim standartı, başqa ölkələrdə isə məktəbin daxili qaydalarıdır.




