Ölkəmi təmsil etməyə davam edəcəyəm - Türkiyənin gündəmində olan azərbaycanlı

16 Aprel, 2026 - 12:22
Ölkəmi təmsil etməyə davam edəcəyəm

Bu günlərdə azərbaycanlı tələbənin beynəlxalq elmi arenadakı uğuru böyük maraqla qarşılanıb. Türkiyənin Ondokuz Mayıs Universitetinin Tibb Fakültəsinin IV kurs tələbəsi Ümid Hüseynzadə Avropanın ən nüfuzlu elmi tədbirlərindən biri olan Avropa Radiologiya Konqresində (ECR) mühüm nailiyyət əldə edib. Gənc həmyerlimizin süni intellektin tibb sahəsində tətbiqinə həsr olunan 4 elmi təqdimatının hamısı konqres tərəfindən qəbul olunub.

4–8 mart tarixlərində Vyanada keçirilən bu mötəbər konqresdə universitetini və ölkəsini uğurla təmsil edən tələbənin əldə etdiyi nəticə həm elm ictimaiyyəti, həm də gənclər üçün ilhamverici nümunə hesab olunur. 

“Azərbaycan müəllimi” tələbə Ümid Hüseynzadə ilə həmsöhbət olub.

- Avropa Radiologiya Konqresində 4 elmi təqdimatın qəbul olunması xəbərini ilk eşidəndə nə hiss etdiniz?

- Çox xoşbəxt oldum, çünki dörd elmi posterlə müraciət etmişdim və onların hamısının qəbul olunacağını heç gözləmirdim. Hətta yalnız birinin belə qəbul olunması mənim üçün böyük bir uğur sayılardı. Lakin dördünün də qəbul olunması məni inanılmaz dərəcədə sevindirdi və gördüyüm əməyin qarşılığını aldığımı hiss etdim.

- Bu uğura gedən yolda sizi ən çox motivasiya edən nə oldu?

- Mənim ən böyük motivasiyam tibb sahəsində bizə təqdim olunan standart, qəlibləşmiş tələbə modelindən çıxaraq yeni şeylər etmək, fərqli yollarla irəliləmək və həmin yollar üzərindən öz karyeramı qurmaqdır. Tibb tələbəsi olaraq bizə adətən yalnız bir yol təqdim olunur: tibb fakültəsində təhsil almaq, daha sonra ixtisas imtahanına hazırlaşmaq, ixtisas qazanmaq və ömrümüz boyu yalnız həkim kimi fəaliyyət göstərmək. Bu yolda isə çox vaxt yeniliklərə və fərqli yanaşmalara yer verilmir.

Lakin mənim məqsədim bundan fərqlidir. Mən ətrafımda baş verənləri görən, dünyaya daha geniş baxmağa çalışan biriyəm. Təəssüf ki, tibb tələbələri olaraq dərs yükü ilə o qədər məşğul oluruq ki, bəzən ətrafımızda baş verənləri görmək imkanımız belə olmur.

Bu səbəbdən mən əlimdən gəldiyi qədər elmi tədqiqatlarda iştirak etməyə, özümü inkişaf etdirməyə və yeni təcrübələr qazanmağa çalışıram. Bu yolda məni ən çox motivasiya edən amillərdən biri də ölkəmi təmsil etməkdir — həm Türkiyəni, həm də Azərbaycanı, eyni zamanda universitetimi beynəlxalq platformalarda layiqincə təmsil etmək.

- Təqdim etdiyiniz elmi işlər əsasən hansı mövzuları əhatə edir?

- Təqdim etdiyim dörd elmi posterin mövzuları aşağıdakı kimi idi. İlk olaraq Bosniak 2019 təsnifatında, xüsusilə kistik renal kütlələrin bu təsnifata görə qiymətləndirilməsində süni intellektin rolundan bəhs etdim. Daha sonra süni intellektin prostat şişlərinin qiymətləndirilməsində istifadə olunan PI-RADS skorlaşdırma sisteminə əsasən necə tətbiq oluna biləcəyini və bu sahədə necə fayda verə biləcəyini izah etdim.

Üçüncü mövzum təcili yardım şöbəsinə müraciət edən akut insultlu xəstələrdə süni intellektin diaqnoz və proqnozun müəyyənləşdirilməsində rolu ilə bağlı idi və bu texnologiyanın klinik praktikada necə kömək edə biləcəyini açıqladım.
Son olaraq isə kompleks radioloji hesabatların daha sadə və anlaşılan formada, yəni gündəlik dilə uyğun şəkildə təqdim olunmasında süni intellektin rolunu izah etdiyim bir poster təqdim etdim.

- Süni intellektin tibb sahəsində tətbiqi ilə bağlı araşdırmalarınızın əsas məqsədi nədir?

 - Xüsusilə süni intellekt mövzularını seçməyimin əsas səbəbi gələcəyin böyük ölçüdə bu texnologiya üzərində qurulacağına və həyatımızda getdikcə daha çox yer alacağına inanmağımdır. Xüsusilə tibb sahəsində, daha dəqiq desək, radiologiyada süni intellekt çox sürətlə inkişaf edir və hesab edirəm ki, biz bu yeniliklərə uyğunlaşmalıyıq.

Bir tibb tələbəsi olaraq artıq indidən düşünürəm ki, bu texnologiyalarla necə işləmək, onlardan necə daha səmərəli və faydalı şəkildə istifadə etmək olar. Gələcəkdə həkim kimi süni intellekti öz xeyrimizə necə tətbiq edə biləcəyimizi araşdırıram və bu yanaşmanı elmi posterlərimdə də əks etdirməyə çalışmışam.

- Elmi işlərin hazırlanması prosesi nə qədər vaxt apardı?

 - Bu proses sentyabr ayında başladı və dörd elmi posterin hazırlanması həmin dövrdən etibarən həyata keçirildi. Sentyabr ayında başlayan bu hazırlıq prosesi yanvar ayının əvvəlində təqdimat mərhələsi ilə yekunlaşdı. Yəni təxminən dörd aylıq bir elmi hazırlıq prosesindən bəhs edirik.

- Hazırlıq zamanı hansı çətinliklərlə qarşılaşdınız?

- Ən böyük çətinlik, əlbəttə ki, məlumatların toplanması və çoxsaylı məqalələrin oxunması idi. Çünki əgər elmi sahəyə yeni bir töhfə vermək istəyirsinizsə, mütləq şəkildə əvvəlki tədqiqatları diqqətlə nəzərdən keçirməli və məlumatları düzgün şəkildə süzgəcdən keçirməlisiniz. Əks halda yanlış bilgilərə və dezinformasiyaya yer vermək riski yaranır.
Məni ən çox çətinləşdirən məqam da əldə etdiyim məlumatları diqqətlə analiz edib, öz elmi süzgəcdən keçirmək zərurəti oldu. 

- Konqresdə iştirak sizə hansı yeni təcrübə və bilikləri qazandırdı?

- İlk olaraq qeyd etmək istəyirəm ki, bu konqresdə bir çox mütəxəssis həkimlə tanış olmaq imkanı əldə etdim. Dünyanın müxtəlif ölkələrindən gəlmiş çoxsaylı radioloqlar və sahənin aparıcı mütəxəssisləri bu tədbirdə iştirak edirdi. Nəticə etibarilə bu konqres Avropanın ən böyük radiologiya konqreslərindən biri, eyni zamanda dünyanın da ən nüfuzlu elmi platformalarından biridir.
Eyni zamanda mənim kimi dünyanın müxtəlif ölkələrindən gəlmiş çoxlu tibb tələbələri də öz layihə və təqdimatlarını təqdim edirdilər. Onların işlərini görmək, eləcə də digər professor və həkimlərin elmi layihələri ilə tanış olmaq mənim baxış bucağımı xeyli genişləndirdi.

Onlarla ünsiyyət qurmaq və gələcəkdə mümkün ortaq layihələr barədə fikir mübadiləsi aparmaq da həm professional şəbəkələşmə (networking), həm də gələcək karyera baxımından çox dəyərlidir. Mənim fikrimcə, həyatda insanı irəli aparan əsas amillərdən biri zəhmətdir, lakin bununla yanaşı şəbəkələşmə də çox önəmli rol oynayır. Bu cür beynəlxalq tədbirlər isə şəbəkə qurmaq üçün ən yaxşı imkanlardan biridir.

- Xarici alimlər və mütəxəssislərlə fikir mübadiləsi aparmaq necə hiss idi?

- Xaricdən gəlmiş həkimlərlə fikir mübadiləsi aparmaq mənim üçün xüsusilə çox dəyərli oldu. Onların baxış bucağından yeni biliklər əldə etmək və uzunmüddətli perspektivdə onlarla birgə layihələrdə iştirak etmək böyük bir fürsətdir.
Eyni zamanda ABŞ, Böyük Britaniya və Avropa ölkələrindən gəlmiş professor və həkimlərlə tanış olmaq, onların səhiyyə sistemlərindəki üstünlükləri öyrənmək və bu təcrübələrin öz ölkəmizə necə tətbiq oluna biləcəyi barədə düşünməyimə də səbəb oldu. Mənim üçün bu cür konqreslər məhz bu baxımdan çox böyük əhəmiyyət daşıyır.

- Universitet rəhbərliyinin və müəllimlərinizin dəstəyi bu uğurda hansı rolu oynadı?

- Müəllimlərimin mənə olan dəstəyi hər zaman tam olub. Xüsusilə Prof. Dr. Fatih Temoçin, Prof. Dr. Ahmet Tevfik Sünter və Dos. Dr. Hüseyn Sina Coşkun müəllimlərimin göstərdiyi dəstəyi heç vaxt unuda bilmərəm və onların haqqını ödəmək mənim üçün mümkün deyil.

Digər bütün müəllimlərim də həyata keçirdiyim elmi fəaliyyətlərdə mənə dəstək olublar. Müəllimlərimin mənə dəstək göstərməsi və mənimlə qürur duymaları məni ayrıca çox sevindirir. Buna görə hər birinə ayrıca təşəkkürümü bildirirəm.

- Azərbaycanlı tələbə kimi beynəlxalq elmi platformada ölkəmizi təmsil etmək sizin üçün nə ifadə edir?

- Ölkəmi belə beynəlxalq bir platformada təmsil etmək məni həqiqətən çox qürurlandırır və sevindirir. Biz əhali və ərazi baxımından kiçik bir ölkə ola bilərik, lakin ölkəmizdə çox keyfiyyətli və yüksək ixtisaslı insanlar yetişir.

Bu yalnız mənim şəxsi fikrim deyil — müxtəlif sahələrdə ölkəmizi təmsil edən çox sayda həkim və peşəkar insanlar mövcuddur. Mənim ən böyük arzum bu insanların sayının daim artmasıdır. Hər yerdə ölkəmizin bayrağını ucaldan, bizi layiqincə təmsil edən insanların olması mənim üçün çox önəmlidir.

Bu cür bir konqresdə mənim də ölkəmi bir qədər də olsa təmsil etməyim həm böyük qürur, həm də böyük sevinc mənbəyidir.

- Gələcəkdə elmi fəaliyyətinizi hansı istiqamətdə davam etdirməyi planlaşdırırsınız?

- Karyera fəaliyyətlərimi həm milli, həm də beynəlxalq səviyyədə davam etdirməyi planlaşdırıram. Təbii ki, ölkəmi təmsil etməyə də davam edəcəyəm. Bu məqsədə çatmaq üçün çox ciddi və davamlı şəkildə çalışıram.
Eyni zamanda tibb təhsilinin intensivliyi ilə yanaşı, boş vaxtlarımda müəllimlərimlə birlikdə elmi tədqiqat işlərində də iştirak etməyə davam edirəm.

- Tibb sahəsində təhsil alan digər azərbaycanlı tələbələrə nə tövsiyə edərdiniz?

- Tibb fakültəsində təhsil alan digər tələbələrə verə biləcəyim ən vacib tövsiyə gözlərini açıq tutmalarıdır. Konqreslərdə aktiv iştirak etməli, bu tədbirlərə qatılmalı, yeni biliklər əldə etməli və oxumalıdırlar. Tibb fakültəsi yalnız dərs oxumaqdan ibarət deyil; bunun xaricində də görülə biləcək çoxlu işlər var.

Əslində biz çox vaxt yalnız müəyyən bir çərçivəyə salınırıq: dərs oxumaq, ixtisas imtahanını qazanmaq və daha sonra həkim kimi fəaliyyət göstərmək. Lakin bu, yeganə yol deyil. Tibb sahəsində yeni layihələr hazırlamaq, müxtəlif təşəbbüslər irəli sürmək, elmi tədqiqatlar aparmaq, konqreslərdə iştirak etmək və staj proqramlarına qatılmaq mümkündür.

Mənim əsas mesajım budur ki, tələbələr yalnız kitablara qapanmasınlar. Ətraflarında baş verənləri görsünlər, dünyanı daha geniş baxışla izləsinlər və imkanlardan maksimum istifadə etsinlər.