“Onun oxumağı mənə güc, mənim oxumağım isə ona örnəkdir” – Tələbə ana-oğul
Zamana, yaşa və müxtəlif maneələrə baxmayaraq, peşə məktəbləri oxumaq arzusu olanlara tələbə olmaq imkanı yaradır və onların peşə sahibi olmaq, təhsil almaq arzularını reallaşdırır.
“Azərbaycan müəllimi” növbəti dəfə yolunu Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə salıb. Bu dəfə eyni təhsil ocağında təhsil alan ana -balanı oxucularla tanış etmək üçün.
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində “qənnadıçı-şirniyyatçı” ixtisası üzrə təhsil alan Xatirə Əhmədova həm ana, həm də tələbədir.
Bəs maraqlıdır Xatirə xanım illər sonra yenidən oxumaq qərarını necə verib? Deyir ki, oğlu üçün sənəd verəndə burada ona da uyğun olan ixtisasların olduğunu bilib: “Şirniyyatları evdə özüm üçün bişirirdim, hamı da bəyənirdi. Əvvəldən bu sahəyə marağım var idi. İlk növbədə aşpazlıq ixtisasını seçməyi düşünsəm də, sonra “qənnadıçı-şirniyyatçı” olmağa qərar verdim. Bura qəbul olanda çox sevindim və təhsilin birillik olmağı isə vaxt baxımından mənim üçün daha sərfəli oldu.
Bu mərkəzi seçməyimin səbəbi buradakı təhsilin həyata yaxın, praktik və real bacarıqlara əsaslanmasıdır. Burada insan yalnız resept öyrənmir, eyni zamanda məsuliyyət, səbir və peşə sevgisi qazanır”.
O, burada tələbə olsa da, evdə anadır və müəyyən öhdəlikləri var.
20 ildir məktəbi bitirsə də, öyrənmək istəyi onu yenidən parta arxasına gətirib. Deyir ki, insanın içində öyrənmək istəyi varsa, onun vaxtı olmur: “İlk vaxtlar bir az çətin idi, amma indi hər şey qaydasına düşüb. Uzun illər ailəmə, övladıma vaxt ayırmışam. Amma hər zaman özüm üçün də nəsə etmək, peşə sahibi olmaq, ayaq üstə dura bilmək istəmişəm. Bu istək məni yenidən təhsilə gətirdi. Bu mərkəzdə təhsil almaq mənə sübut etdi ki, oxumaq üçün gec deyil. Əksinə, insan öyrəndikcə özünə daha çox inanır, cəmiyyətdə yerini tapır və özünü faydalı hiss edir”.
Oğlu ilə eyni təhsil müəssisəsində oxumaq, səhər evdən bir yerdə çıxıb, bir yerdə də peşə məktəbinə yollanmaq necə bir hissdir? Xatirə xanım sualımıza cavab olaraq deyir ki, bu onun üçün ən qürurverici məqamlardan biridir: “Bu, təkcə ana-bala münasibəti deyil, həm də bir-birinə dəstək olmaq, motivasiya verməkdir. Onun oxuduğunu görmək mənə güc verir, mənim oxumağım isə ona örnək olur”.
Burada dərslər də maraqlı keçir. İllər sonra yenidən kitab oxumaq, tapşırıq yazmaq onun üçün çətin deyil. Çünki ikiuşaqlı ana evdə də uşaqlarına müəllim olub, onlara dərslərini hazırlamaqda kömək edib. İndi də burada həm ana, həm də bir tələbə yoldaşı kimi oğluna dərsləri hazırlamaqda kömək edir, ona yön verir.
“Peşə təhsili insanın həyatında yeni bir səhifə aça bilir”,- deyən Xatirə xanımın peşəsi ilə bağlı gələcək arzu və planları da var: “Buranı bitirəndən sonra özüm üçün balaca bir şirniyyat evi açıb orada işləmək istəyirəm. Bacarığımı orada göstərmək niyyətindəyəm”.
Onun kimi ürəyində oxumaq arzusu qalan və bacarığı olsa da, bunu göstərməkdən çəkinən qadınlara tövsiyə edir ki, ana olmaq oxumağa mane deyil: “Mən təhsil almaqla həm də cəmiyyətə çıxmışam. Yeni şeylər görüb-götürəm, dünyagörüşümü artırıram. Özünəgüvənim daha da artıb. Analar deməsin ki, mənim körpə uşağım var, təhsil almaq üçün gecikmişəm. Hər yaşda sənət, peşə öyrənmək gözəldir”.
Oğlunu da bura Xatirə xanım yönləndirib. Oğlu Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində “Kombi və kondisioner ustası” ixtisası üzrə təhsil alır. Söhbətimizə qoşulan Cəbrayıl Əhmədov deyir ki, anası ondan ancaq yaxşı oxumaq, çalışmaq tələb edir: “Peşə təhsilini seçməyimin əsas səbəbi qısa müddətdə bir bacarıq qazanmaq, öz zəhmətimlə pul qazanmaq və gələcəyimi qurmaq istəməyimdir. Bu mərkəzdə biz dərsi sadəcə dinləmirik, onu praktikada tətbiq edirik. Avadanlıqlarla işləyir, real iş prosesini öyrənirik. Bu da bizi birbaşa həyata hazırlayır. Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi bizə təkcə peşə yox, özünəinam və məqsəd qazandırır”.
Cəbrayıl deyir ki, həm də bu peşənin seşməyinin səbəblərindən biri kombi və kondisioner ustasının bu gün ən çox ehtiyac olan peşələrdən olmasıdır: “Mən inanıram ki, burada qazandığım bilik və bacarıqlar gələcəkdə öz işimi qurmağıma imkan yaradacaq. Hamının yaxşı mənada barmaqla göstərdiyi ustalardan olacağam”.
Bəs onun üçün anası ilə bir yerdə təhsil almaq necə hissdir? Sualımızı eşidən kimi sifətində gülüş yaranır, görünür ki, bundan çox məmnundur: “Anamla birlikdə bu mərkəzdə oxumaq mənim üçün böyük motivasiyadır. Onun əzmini görmək mənə daha çox çalışmaq gücü verir”.
Ayrı qruplarda olsalar da, burada tələbə yoldaşı, evdə isə ana-baladırlar. Bu münasibətləri isə qoruyub saxlaya bilirlər. Bir-birlərinə dəstək, ətrafdakılara isə örnəkdilər.
Onları təkcə qan bağı deyil, eyni yolu getmək, təhsil almaq və peşə sahibi olmaq da birləşdirir.


