Orta məktəblərdə idrak səviyyələrinə görə şagirdlərin qruplaşdırılması
Bu gün orta məktəblərdə müəllimləri düşündürən əsas problemlərdən biri fərqli idrak səviyyəsinə malik uşaqların eyni qruplarda təhsil almasıdır. Belə olduğu təqdirdə idrak səviyyəsi yüksək olan şagirdlər mövzunu asanlıqla mənimsədikləri halda, orta və zəif göstəricilərə sahib olan şagirdlər isə mövzunun dəfələrlə təkrar olunmasına ehtiyac duyurlar. Bu da müəllimin bir dərs saatı ərzində bütün şagirdlərə istənilən səviyyədə dərs deməsinə, eyni zamanda, nəzərdə tutulan təlim nəticələrinin əldə olunmasına maneə törədir. Azərbaycan Respublikası təhsil sistemində fərqli təcrübələr müşahidə olunmaqdadır. Belə ki, orta məktəblərdə “Pilot siniflər” müəyyən olunur. Burada məqsəd yüksək təhsil səviyyəsinə malik şagirdlərin göstəricilərinin daha da yüksəlməsidir. Belə olduğu təqdirdə “Pilot sinif” layihəsi müxtəlifsəviyyəli şagirdlərin heç də hamısını əhatə edə bilmir. Belə bir sual ortaya çıxır. Aşağı idrak səviyyəsinə malik şagirdlərin təhsili və karyera planlaması necə olacaq?
38 illik müəllimlik fəaliyyətimdə bu qənaətə gəldim ki, müxtəlif qavrama qabiliyyətinə malik şagirdləri bir sinifdə yerləşdirmək o qədər də düzgün qərar deyil. Məsələn: dərsə girib yeni mövzunun izahına başlayıram və ya uşaqlarla sual-cavab edirəm. Müşahidə edirəm ki, bəzi şagirdlər yeni dərsi çox tez qavradıqları halda digər şagirdlər üçün bu o qədər asan olmur. Yalnız eyni mövzunu bir neçə dəfə təkrar izah etdikdən sonra başa düşə bilirlər. Növbəti dərsdə dərsi təhvil almaq istədikdə isə sanki heç dərs izah olunmamış kimi cavablar verirlər. Belə olduğu halda dərsi yenidən izah etməli oluram. Bu zaman isə idrak səviyyəsi yüksək olan şagirdlərin dərsə olan maraqlarının azaldığını, yeni mövzular öyrənmək istədiklərini müşahidə edirəm. Müəllim iki seçim arasında qalır: ya idrak səviyyəsi yüksək olan şagirdlərin ehtiyyacına və qabiliyyətlərinə müvafiq metodlardan istifadə etməli, ya da aşağı idrak səviyyəsinə malik şagirdlərin maraqlarına uyğun metodlardan istifadə edilməlidir. Mənim fikrimə görə, 45 dəqiqə dərs müddəti ərzində bu iki fərqli qrupa eyni dərsi izah etmək və yüksək nəticə əldə etmək qeyri mümkündür. Müəllimlik fəaliyyətimə başladıqda özümə söz verdim ki, sinifdə oxumayan qalmayacaq, hər kəsi nəyin bahasına olursa olsun həvəsləndirib oxutduracağam. Bu amal uğrunda özümü çox yorurdum. Zəif şagirdlərin inkişafı üçün əlimdən gələni əsirgəmirdim. Bəzi şagirdlərin zəif oxumalarını həzm edə bilmirdim. Lakin sonra bu cür işləmənin mümkün olmadığı qənaətinə gəldim. Yaxşı müəllim olmaq sadəcə çox zəhmət çəkmək demək deyil. Bəzən az zəhmətlə də yüksək nəticələr əldə etmək mümkündür.
İdrak səviyyəsinə görə şagirdlərin qruplaşdırılmasının üstünlükləri qismində sadəcə yüksək nəticəli deyil, eyni zamanda, aşağı nəticəyə sahib şagirdlər üçün də müsbət tərəflər qeyd olunmalıdır. Yuxarıda qeyd olunan nüanslardan əlavə aşağı göstəriciyə sahib şagirdlər qruplaşdırmadan sonra müəyyən olan qruplar üzrə özünü daha rahat hiss edəcək və eyni zamanda daha yaxşı öyrənə bilməmənin diskomfortunu yaşamayacaq. Qruplaşdırmadan sonra eyni zamanda müəllimlərin də öyrətmə meyarları artıq yavaş-yavaş daha da təkmilləşməyə başlayacaq və hər qrup üzrə yüksək nəticələr əldə oluna biləcək. Nəticə etibarı ilə müəllim hər səviyyədəki uşağa dərsi sonadək izah eləməsinə sərf etdiyi zamanı qruplaşmadan sonra keyfiyyətin yüksəlməsinə sərf edə biləcək. Bu qruplardakı heç bir şagirdin diqqətdən kənarda qalmamasına səbəb olacaq. Ali məktəblərdə təhsil alan tələbələr bu qruplaşmaya görə müəyyən olunarkən orta məktəblərdə də bu qruplaşmanın olması məqsədə uyğun hesab olunmalıdır.
1. Qruplaşdırma meyarlarının müəyyən olunma mexanizmləri
Zənnimə görə, 1-ci sinfə daxil olan şagirdlərin eyni sinifdə təhsil alması məqsədə uyğundur. Çünki onlardan hansının zəif, hansının daha güclü zəkaya sahib olması bu dövrdə formalaşır. Artıq 3-4 aydan sonra şagirdlərin zəka fərqləri açıq bir şəkildə müşahidə olunur. Bununla belə, şagirdlərin 4-cü sinfin sonunadək birlikdə təhsil almaları mütləqdir. Məlum olduğu kimi, Təhsil Nazirliyi tərəfindən hər 4-cü sinfin sonunda şagirdlərin səviyyələrini müəyyən edən test imtahanları keçirilməkdədir. Bu da çox əhəmiyyətli və vacib bir prosesdir. Hansı şagirdin hansı təhsil səviyyəsinə sahib olduğu müəyyən olduqdan sonra qənaətimə görə, 3 qrupa bölünməsi böyük əhəmiyyət daşıyacaq. 80-100% şagirdlər bir qrupda, 60-80% bir qrupda, daha aşağı göstəricilərə sahib şagirdlər isə bir qrupda birləşməlidirlər. Bu zaman müəllimlərin işi daha da asanlaşar və istədiyi səviyyədə dərsini tədris edə bilər.
Ən ümumi formada isə şagirdlərin qruplaşdırma meyarları müxtəlif ola bilər. Bunları aşağıdakı kimi təsnifləşdirmək mümkündür:
Dünya təcrübəsinə görə şagirdlərin qruplaşdırılma meyarları müxtəlif ola bilər. Bu meyarlar təhsil müəssisəsinin siyasətindən, tədris proqramından və şagirdlərin ehtiyaclarından asılı olaraq müəyyən edilir. Aşağıda əsas qruplaşdırma meyarları verilmişdir:
- Yaş qrupu: Şagirdlər yaşlarına görə qruplaşdırıla bilər. Məsələn, ibtidai sinif şagirdləri orta məktəb şagirdlərindən ayrı qruplarda ola bilər.
- Akademik performans: Şagirdlər akademik nailiyyətlərinə görə qruplaşdırıla bilər. Məsələn, yüksək nailiyyətli şagirdlər ayrı qrupda, orta və aşağı səviyyəli şagirdlər isə digər qruplarda ola bilər.
- Xüsusi ehtiyaclar: Xüsusi təhsil ehtiyacı olan şagirdlər ayrı qruplarda təhsil ala bilərlər. Bu, məsələn, fiziki, zəka və ya emosional xüsusiyyətlərə görə ola bilər.
- Maraq və bacarıqlar: Bəzi təhsil müəssisələrində şagirdlər maraq dairələrinə və ya xüsusi bacarıqlarına görə qruplaşdırıla bilər. Məsələn, idman, incəsənət, riyaziyyat və ya elm kimi sahələr üzrə.
- Təhsil proqramı: Fərqli təhsil proqramlarına (məsələn, IB, AP və ya peşə təhsili) qoşulan şagirdlər ayrı qruplarda ola bilərlər.
- Cins: Bəzi təhsil sistemlərində qız və oğlan şagirdlər ayrı qruplarda təhsil ala bilərlər.
Bu meyarlar təhsil müəssisəsinin məqsədlərindən və şagirdlərin ehtiyaclarından asılı olaraq fərqlənə bilər. Qruplaşdırma zamanı şagirdlərin fərdi inkişafını və təhsil nailiyyətlərini maksimum dərəcədə dəstəkləmək məqsəd daşıyır.
Elmi-tədqiqat işində əsas meyar kimi akademik performans əsas götürülmüşdür. Bundan əlavə, akademik performansına görə şagirdlərin qruplaşdırılması da müxtəlif formalarda həyata keçirilməkdədir.
Şagirdlərin akademik performansına görə qruplandırılması, təhsil müəssisələrində tələbələrin müxtəlif kriteriyalara əsasən qruplara ayrılması prosesidir. Qruplandırılma həm məktəb, həm də Təhsil Nazirliyi səviyyəsində aparıla bilər. Bu yanaşma təlim prosesini daha effektiv və fərdiləşdirilmiş etmək məqsədi daşıyır. Aşağıda bu prosesin əsas mərhələləri və üsulları verilmişdir:
1. Məlumat toplanması
– Şagirdlərin akademik nəticələri (imtahan baları, ortalama qiymətlər, proyektlər, və s.) toplanır, bundan əlavə, davamiyyət, iştirak və digər performans göstəriciləri də nəzərə alınır.
2. Şagirdlərin kriteriyalarının müəyyənləşdirilməsi
- Yüksək performans: Yüksək bal toplayan şagirdlər.
- Orta performans: Orta səviyyədə nəticə göstərən şagirdlər.
- Zəif performans: Təlim proqramına uyğunlaşmaqda çətinlik çəkən şagirdlər.
3. Şagirdlərin qruplandırma üsulları
- Manual qruplandırma: Müəllim və ya təhsil koordinatoru tərəfindən əl ilə qrupların formalaşdırılması.
- Avtomatik qruplandırma: Statistik metodlar və ya alqoritmlərlə şagirdlərin qruplara ayrılması.
- Qiymət aralıqları: Məsələn, 0-30 bal qeyri-kafi, 30-60 bal kafi, 60-80 bal yaxşı, 80-100 əla.
Qrupların Təhlili
Qruplaşdırmadan sonra düzgün təhlilin aparılmasını əsas mərhələ kimi qeyd etməliyik. Belə ki:
Zəif qruplar üçün əlavə dəstək proqramları hazırlanır. Dərsləri çətin qavrayan, ya da fərqli səbəblərdən çətinlik yaşayan şagirdlər üçün fərqli tədris metodları və proqramları tətbiq etmək mümkündür. Eyni zamanda zəif qruplara repetitorluq, mentorluq, bundan əlavə, ehtiyac duyularsa, psixoloji dəstəklər də göstərilə bilər.
Nəticələrə görə qruplaşdırılmış şagirdlər lazım gəldikdə yenidən qruplandırıla bilər. Bu zaman mövcud qrupa adaptasiya olmuş şagirdlər üçün müəyyən çətinliklər ortaya çıxa bilər. Bu zaman yenə məktəb psixoloqlarına müraciət oluna bilər. Psixoloqların artan iş yükünü nəzərə alaraq onların ixtisas artımı, lazım olduqda isə digər mütəxəssisləri dəvət etmək məqsədə uyğun hesab edilir.
2. Müxtəlif ölkələrdə şagirdlərin qruplaşdırılması təcrübələri
Dünya təcrübəsində şagirdlərin təhsil səviyyəsinə görə qruplaşdırılması müxtəlif ölkələrdə fərqli yanaşmalarla həyata keçirilir. Bu yanaşmalar təhsil sisteminin məqsədlərindən, şagirdlərin ehtiyaclarından və təhsil siyasətindən asılı olaraq dəyişir. Aşağıda bəzi əsas yanaşmalar və nümunələr verilmişdir:
1. Akademik səviyyəyə görə qruplaşdırma – bəzi ölkələrdə qruplaşdırma şagirdlərin akademik performansına görə aparılmaqdadır. Bu yanaşmaya orta məktəb və liseylərdə tətbiq olunmaqdadır. Misal olaraq: Böyük Britaniyada şagirdlər "streaming" və ya "setting" adlanan sistemlə akademik səviyyələrinə görə qruplaşdırılır. Məsələn, riyaziyyat və ingilis dili kimi fənlərdə yüksək, orta və aşağı səviyyəli qruplar yaradılır.
2. Bacarıq və maraq qrupları – burada əsasən şagirdlərin maraq və bacarıqları əsasənda qruplaşdırılma aparılmaqdadır. Bu qruplaşdırılma texniki və peşə məktəblərində aparılmaqdadır. Misal olaraq: Finlandiya təcrübəsində şagirdlər müxtəlif maraq sahələrinə, layihələrə əsasən qruplaşdırıla bilir. Bu zaman maraq dairəsi ortaq olan şagirdlər özlərini bu mühitdə daha yaxşı hiss edir və tez adaptasiya olur, bu da öz növbəsində şagirdin akademik performansına müsbət təsir göstərir.
3. Dil və mədəniyyət qrupları - adətən çoxmədəniyyətli cəmiyyətlərdə şagirdlər ana dillərinə və mədəniyyətlərinə görə qruplaşdırıla bilərlər. Bu yanaşma şagirdlərin öz mədəniyyətlərini qoruyub saxlamağına və ana dillərində təhsil almasına şərait yaradır. Kanadada fransız və ingilis dilli şagirdlər üçün ayrıca məktəblər və ya siniflər mövcuddur.
Müxtəlif ölkələrdə şagirdlərin qruplaşdırma meyarları fərqli formalarda müəyyən olmaqdadır. Bu gün dünyanın qabaqcıl təhsil sistemləri adətən Skandinaviya və Avropa ölkələrində yüksək standartlara görə müəyyən olmaqdadır. Bunlara misal olaraq:
- Finlandiya təhsil sistemi daha çox fərdiləşməyə söykənməkdədir. Adətən şagirdlər yaş və bacarıq səviyyələrinə görə qruplaşdırıla bilirlər. Belə ki, məqsəd şagirdlərin bir-birinə dəstək olmasını təmin etməkdən ibarətdir. Finlandiya təhsil sistemi şagirdlərin bir-birindən öyrənməsinə və əməkdaşlıq etməsinə böyük əhəmiyyət verir.
- ABŞ təhsil sistemində də özlüyündə fərqli qruplaşdırma təcrübələri tətbiq edilməkdədir. ABŞ-da şagirdlərin qruplaşdırılması müxtəlif ola bilər. Bəzi məktəblərdə şagirdlər bacarıq səviyyəsinə görə qruplaşdırılır (məsələn, "honors" və ya "advanced placement" sinifləri). Digər məktəblərdə isə qarışıq səviyyəli qruplar tətbiq olunur ki, bu da şagirdlərin bir-birindən öyrənməsini təşviq edir. ABŞ-da həmçinin "magnet schools" və ya "charter schools" kimi xüsusi proqramlar vasitəsilə şagirdlər maraqlarına uyğun qruplarda təhsil ala bilirlər. Bu təcrübələr özlüyündə şagirdlərin performans və məhsuldarlıqlarının artmasına səbəb ola bilir.
- Almaniya öz növbəsində təhsil səviyyəsinin yüksək olduğu ölkələr qismində dəyələndirilir. Belə ki, qruplandırma orta məktəblərdən etibarən başlayır və meyar olaraq şagirdlərin akademik performansları əsas götürülür. Akademik performanslarına görə şagirdlər fərqli məktəb tiplərinə (Hauptschule, Realschule, Gymnasium) yönləndirilirlər. Bu sistem şagirdlərin gələcək peşə seçimlərinə uyğun təhsil almalarını təmin edir.
- Çində də qruplaşdırma şagirdlərin akademik səviyyələrinə, yəni təhsil səviyyələrinə görə müəyyən olunur. Çin təhsil sistemi yüksək rəqabətə əsaslanır və bu da öz növbəsində şahirdlərin akademik səviyyəsinin daha da yüksəlməsinə səbəb olur. Yüksək nailiyyət göstərən şagirdlər "elit" siniflərdə təhsil alırlar, digərləri isə standart siniflərdə təhsillərini davam etdirirlər.
- Hindistan öz növbəsində dünyada ən çox doktorantura məzununa sahib ölkələr sırasında gəlməkdədir və təhsil sistemi imtahan nəticələrinə görə qruplaşdırma ilə xarakterizə olunur. Belə ki, yüksək nailiyyət göstərən şagirdlər daha prestijli məktəblərə və ya siniflərə yönləndirilirlər. Hindistan təhsil sistemi yüksək rəqabət və imtahanlara əsaslanır.
- Birləşmiş Krallıq (İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya) - Birləşmiş Krallıqda şagirdlərin qruplaşdırılması "streaming" və "setting" kimi üsullarla həyata keçirilir. "Streaming" zamanı şagirdlər ümumi akademik performanslarına görə qruplaşdırılır, "setting" isə müəyyən fənlər üzrə bacarıq səviyyəsinə əsaslanır. Bu sistem şagirdlərin fərdi ehtiyaclarına uyğun təhsil almasını təmin edir.
- Cənubi Koreyada da qruplaşdırma meyarı olaraq digər ölkələrin bir çoxunda olduğu kimi idrak səviyyəsi əsas götürülməkdədir. Yüksək rəqabət əsas xarakterik göstərici kimi ön plana çıxmaqdadır.
Bəhriyyə AĞAYEVA



