Tənqidi düşünmə nədir, necə formalaşır və uşaqlara necə kömək edir?
Tənqidi düşünmə uşaqların erkən yaşlardan etibarən öyrənməli olduqları ən vacib bacarıqlardan biridir. Çünki bu bacarıq onların yetkinlik dövründə ehtiyac duyacaqları mühüm idrak “alətidir”.
Uşaqlar hər gün istər şəkillər, kitablar, televiziya və internet vasitəsilə, istərsə də valideynlər, yaşıdları və müəllimlərlə ünsiyyət zamanı böyük həcmdə informasiya ilə qarşılaşırlar.
Uşaqlar sinifdə müəllim və sinif yoldaşları ilə ünsiyyətdə olduqda, parkda dostları ilə oynadıqda və ya evdə internetdə vaxt keçirdikdə eşitdikləri, gördükləri və oxuduqları məlumatları düzgün qiymətləndirməyi bacarmalıdırlar ki, öz fikir və inanclarını formalaşdıra bilsinlər.
Onlar informasiyanı anlamağı, təhlil etməyi, müqayisə aparmağı və müstəqil fikir yürütməyi öyrənməlidirlər.
“Azərbaycan müəllimi” "Kinderpedia" platformasında ingilis dilində yayımlanan məqaləni dilimizə tərcümə edərək oxucuları ilə bölüşür.
Tənqidi düşünmə nədir?
Tənqidi düşünmə informasiyanı təsəvvür etmə, təhlil və qiymətləndirmə bacarığıdır. Bu bacarıq məlumatın doğruluğunu və etibarlılığını müəyyən etməyə kömək edir. Tənqidi düşünmə uşaqlara fikir və ideyalar formalaşdırmaqla yanaşı, insanları daha yaxşı anlamağa, kimlərin yaxşı dost ola biləcəyini, kimlərin isə ola bilməyəcəyini ayırd etməyə imkan verir.
Tənqidi düşünmə uşağa problemi müəyyən etməyə, fərziyyələri aşkar etməyə, ideyaları qiymətləndirməyə, müxtəlif mümkün səbəbləri sıralamağa, məntiqli həll yolları təklif etməyə və onların düzgünlüyünü məntiqi əsaslarla yoxlamağa kömək edir. Bu bacarıq həm də müxtəlif sahələrə aid ideyalar arasında yaradıcı əlaqələr qurmağı əhatə edir.
Amerikalı filosof və psixoloq Con Dyui “tənqidi düşünmə” anlayışını təhsilin əsas məqsədi kimi təqdim edərək onu elmi düşüncə tərzi ilə əlaqələndirib. O bu anlayışı “reflektiv düşünmə”, “düşünmə prosesi” və “təfəkkür” kimi də ifadə edib.
C.Dyuiyə görə, tənqidi düşünmə hər hansı bir inancın və ya bilik formasının fəal, davamlı və diqqətli şəkildə araşdırılmasıdır. Bu, ideyaların passiv qəbul edilməsindən fərqli olaraq, onların tənqidi təhlilini nəzərdə tutur. Tənqidi düşünmə bacarığına malik insan mümkün qədər məlumatlı olmaq üçün doğru suallar verir. Bu bacarıq uşaqlara hadisələri rasional şəkildə təhlil etməyə imkan yaradır.
Tənqidi düşünmə problemlərin həlli, qərarların qəbulu və məqsədlərin müəyyən edilməsi üçün vacibdir.
Tənqidi düşünmə necə formalaşır?
Tənqidi düşünmə gələcəkdə uşaqlar üçün ən vacib bacarıqlardan biri olacaq. Cəmiyyətin sürətlə dəyişdiyi və informasiyaya çıxışın məhdudiyyətsiz olduğu bir dövrdə uşaqlar sadəcə eşitdiklərini və ya oxuduqlarını təkrarlamaqla kifayətlənməməlidirlər. Onlar informasiyanı anlamağı, təhlil etməyi, qiymətləndirməyi və nəticə çıxarmağı bacarmalıdırlar.
Məktəblərdə uşaqlar çox zaman müəllimin dediklərini və ya dərsliklərdə yazılanları əzbərləməyə yönəlirlər. Bir çox təhsil müəssisəsində fəal öyrənmə kifayət qədər tətbiq olunmur. Nəticədə uşaqlar düşünməkdən çox, düzgün cavabı tapmaq üçün müəyyən addımları izləməyi öyrənirlər. Bu isə onların düşünmə deyil, yadda saxlamaya fokuslanmasına səbəb olur.
Valideynlər tənqidi düşünmənin inkişafında mühüm rol oynayırlar. Bu bacarığın öyrədilməsi çətin olsa da, valideynlər uşaqları daim maraqlı olmağa, problemlərin həlli üçün əlavə məlumat axtarmağa təşviq edə bilərlər.
Uşaqlarda tənqidi düşünməni inkişaf etdirən fəaliyyətlər
Tənqidi düşünmə maraq, çeviklik və açıq düşüncə ilə bağlıdır. Yaradıcı problem həlli bu bacarığa əsaslanır və nə qədər erkən formalaşarsa, uşaqlar bir o qədər yaxşı ünsiyyət qurar və həll yollarını daha asan taparlar.
Valideyn və müəllimlərin istifadə edə biləcəyi təsirli üsullar bunlardır:
•Suallar verməyə təşviq etmək. Uşaqların “niyə?” sualı geniş müzakirələr üçün başlanğıc olmalıdır.
•Uşaqları çətinliklərlə üz-üzə qoymaq. Oyun tənqidi düşünmənin əsasını təşkil edir.
•Problemlərin həllini öyrətmək. Bir problemin bir neçə mümkün həll yolu ola biləcəyini göstərmək.
•Fərziyyələr qurmağa təşviq etmək. “Bunu etsək, nə baş verər?” kimi suallar vermək.
•Fərqli mühitlərlə tanış etmək. Yeni təcrübələr uşaqların dünyagörüşünü genişləndirir.
Tənqidi düşünməni zəiflədən davranışlar:
•Uşaqlara qoyulan qaydaların səbəbinin izah edilməməsi
•Suallarına görə cəzalandırılmaları
•Uşaqların fikirlərinin əhəmiyyətsiz sayılması
•Müstəqil fikir bildirmələrinin qarşısının alınması
•İnformasiyanın tənqidsiz qəbuluna məcbur edilmələri
Uşaqlar sərbəst düşünməli və fikirlərini təzyiq olmadan ifadə edə bilməlidirlər.
Tənqidi düşünmə niyə vacibdir?
Uşağın təbii marağı tənqidi düşünmənin əsasını təşkil edir. Bu bacarıq informasiyanı təhlil etməyi və mühakimə yürütməyi öyrədir. Tənqidi düşünmə uşaqlara real dünyanı daha yaxşı anlamağa və yaradıcı ideyalar irəli sürməyə imkan verir.
Bu bacarığın üstünlükləri:
•Liderlik keyfiyyətlərinin inkişafı
•Hadisələrə aydın baxış
• Çətin vəziyyətlərdən çıxış yolu tapmaq
• Düzgün qərarlar vermək
•Yaradıcılığın inkişafı
•Məntiqli və inandırıcı ünsiyyət bacarığı
Nəticə olaraq, tənqidi düşünmə uşaqların mümkün qədər erkən yaşlardan inkişaf etdirməli olduqları həyati bacarıqdır və bu prosesdə valideyn və müəllimlərin rolu əvəzsizdir.


