Deviant davranış göstərən şagirdə münasibət necə olmalıdır?

10 Dekabr, 2025 - 16:22
Deviant davranış göstərən şagirdə münasibət necə olmalıdır?

Məktəbdə sağlam psixoloji iqlimin formalaşması tədris prosesinin uğurlu və səmərəli həyata keçirilməsinin ən mühüm şərtlərindən biridir. Rahat, emosional cəhətdən təhlükəsiz mühitdə şagirdin potensialı daha dolğun üzə çıxır, öyrənməyə marağı artır və sosial münasibətləri möhkəmlənir.

Lakin bəzən məktəb mühitində bu mühiti pozan hallar müşahidə olunur: qaydalara tabe olmayan, aqressiv davranış sərgiləyən, mübahisədən qidalanan, zərərli vərdişlərə meyilli, sosial normaları qəbul etməkdə çətinlik yaşayan, ünsiyyət çətinliyi olan şagirdlərlə qarşılaşırıq. Belə şagirdlər “deviant davranışlı uşaqlar” adlanırlar və onların davranışlarının arxasında çox zaman ciddi psixoloji və sosial səbəblər dayanır.

Deviant davranış çox zaman uşağın sosial mühitə uyğunlaşa bilməməsinin, emosional ehtiyaclarının qarşılanmamasının, ailədaxili gərginliklərin və ya laqeydliyin nəticəsidir. Belə uşaqlar diqqət, sevgi, qəbul və anlayış axtarışındadırlar. Onların davranışında müşahidə olunan aqressiya, inadkarlıq və qaydalara qarşı üsyan çox vaxt iç dünyasında yaşadığı gərginliyin, qorxunun və anlaşılmama hissinin ifadəsidir.

Deviant davranış göstərən uşaqlara yalnız qaydaları pozan fərdlər kimi baxmaq düzgün olmaz. Çünki çox vaxt belə uşaqların daxili dünyasında duyğularını ifadə edə bilməyən, başa düşülmədiyini hiss edən, sevgiyə və diqqətə ehtiyacı olan yaralı bir uşaq yaşayır. Onlar bəzən uşaqlığını yaşaya bilmədən böyüyür, daxili ağrılarını aqressiya və ya laqeydlik pərdəsi arxasında gizlədirlər. Aqressiv davranışların arxasında çox vaxt anlaşılmaq və dəyərləndirilmək istəyi dayanır.

Bu səbəbdən bizim əsas vəzifəmiz belə uşaqları mühakimə etmək deyil, anlamaq və empatiya hissi ilə yanaşmaqdır. Belə şagirdlərlə korreksiyaedici iş zamanı uşağın emosional ehtiyaclarını, ailə münasibətləri və sosial mühitini nəzərə alır, fərdi söhbətlər, qrup məşğələləri, emosional sfera və empatiya, özünüifadəetmə, özünüidarəetmə bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlər tətbiq edirəm, valideyn, müəllim əməkdaşlığının inkişafı bu yöndə mühüm rol oynayır. Maarifləndirici görüşlər, interaktiv seminarlar, məşğələlərdə rollu oyunlar, empatiya, özünüifadə təlimləri effektli olur.

Bu işin məqsədi yalnız neqativ davranışları azaltmaq deyil, uşağın daxili sabitliyini, özünəinamını və sosial münasibətlərdə normanı bərpa etmək, ünsiyyət çətinliyini aradan qaldırmaqdır. Uşağın davranışı dəyişdikcə onun məktəbə, müəllimə və dostlarına münasibətində də müsbət dönüş yaranır.

Bəzən zərərverici və neqativ davranışların arxasında sadəcə bir cümlə gizlənir: “Mən buradayam, məni görün”.
Bəli, hər aqressiv baxışın, hər kobud sözün, hər qaydanı pozan hərəkətin arxasında duyulmaq, fərq edilmək, dəyərləndirilmək istəyən bir uşaq dayanır. O uşaq bəlkə də heç vaxt “məni anlayın” deməyi bacarmayıb, amma davranışları ilə bunu səssizcə hayqırır.

Deviant və ya zərərverici davranış həm də emosional müdafiə mexanizmidir, uşaq özünü qorumaq üçün üsyan edir, çünki başa düşülmədiyi yerdə sakit qala bilmir. Onun davranışı bəzən qorxu, bəzən etiraz, bəzən də sadəcə “diqqət mərkəzində olmaq istəyi” formasında üzə çıxır. Psixoloqlar bilirlər ki, hər neqativ davranışın arxasında bir hekayə, hər aqressiyanın dərinliyində isə anlaşılmaq istəyən bir uşaq var. Əsl dəyişiklik o zaman baş verir ki, biz o səsi cəza ilə deyil, anlayışla eşidirik.

Beləliklə, deviant davranış göstərən uşaqlarla aparılan psixoloji işin mahiyyəti onları anlamaqdan başlayır. Bəzən bir uşağın həyatına yön vermək üçün anlayışlı baxış, səbirli yanaşma, “səni başa düşürəm” kəlməsi kifayətdir. Sağlam psixoloji iqlim də elə o zaman formalaşır.. 

Afaq HACILI ƏLİYEVA,
112 nömrəli tam orta məktəbin psixoloqu