Birinci sinif şagirdlərində oxu bacarığının formalaşdırılması – Müəllimin pedaqoji gündəliyindən

12 İyun, 2026 - 12:53
Birinci sinif şagirdlərində oxu bacarığının formalaşdırılması

1-ci sinifdə uşaqların oxu bacarığının inkişafı onların təhsil həyatının ən əsas mərhələlərindən biridir. Bu bacarıq həm mətnləri düzgün və ardıcıl oxumağı, həm də oxuduqlarını anlamağı əhatə edir. Üzdən oxu bacarığı səsləri və hərfləri tanımaqla başlayır və tədricən heca, söz, cümlə oxumağa doğru inkişaf edir. Oxuyub-anlama bacarığı isə uşaqların oxuduqları mətnin mənasını dərk etməsi və fikirlərini ifadə etməsidir. Müəllimlər dərslərdə heca kartları, müəllimlə birlikdə oxu, qrup işləri və oyunlar kimi müxtəlif metodlardan istifadə edir. Valideynlərin də evdə uşaqlarla oxuma məşğələlərinə qoşulması uşaqların motivasiyasını artırır. Praktik nümunə olaraq “Bozqulağın bahar sevinci” mətninin tədrisi həm oxu, həm də anlama bacarıqlarının inkişafına xidmət edir. Ümumilikdə, müəllim və valideyn əməkdaşlığı uşaqların oxu bacarıqlarının möhkəmlənməsində və gələcəkdə təhsil uğurlarının təmin edilməsində mühüm rol oynayır.
1-ci sinifdə uşaqların oxu bacarığını inkişaf etdirmək onların təhsil həyatında ən vacib mərhələdir. Bu bacarıq uşaqların digər fənlərdə uğur qazanması üçün əsas təməl rolunu oynayır. Oxu bacarığı təkcə mətnləri sətirdən- sətirə oxumaq deyil, həm də oxuduqlarını anlamaq və şərh etmək qabiliyyətidir. Bu iki bacarığın mərhələli şəkildə, diqqətlə və ardıcıl inkişaf etdirilməsi uşaqların təhsil uğurunun açarıdır.
Üzdən oxu bacarığı uşağın səsləri və hərfləri tanımaqdan başlayır. İlk mərhələdə uşaqlar hecaları oxumağa öyrədilir, daha sonra isə bu hecalar birləşərək sözlərə çevrilir. Nəhayət, sadə cümlələrin oxunması ilə bacarıq tam formalaşır. Burada əsas məqsəd uşağın tələsmədən, diqqətlə, ardıcıl və düzgün oxumasını təmin etməkdir. Mənim dərslərimdə uşaqların üzdən oxu bacarığını inkişaf etdirmək üçün müxtəlif üsullardan istifadə edirəm. Məsələn, heca kartları vasitəsilə uşaqlar səsləri və hecaları tanıyır, onları birləşdirərək yeni sözlər formalaşdırırlar. Bu üsul onların səsləri daha yaxşı ayırd etməsinə kömək edir və oxuma prosesini asanlaşdırır.

Bundan əlavə, müəllimlə birlikdə oxumaq metodunu tətbiq edirəm. Bu metod uşaqlara oxuma zamanı özlərinə inam qazandırır, oxuma qorxusunu azaldır və səhvlərin düzəldilməsinə şərait yaradır. Uşaqların kollektiv şəkildə, müəllimin müşayiəti ilə oxuması onlarda motivasiya yaradır və oxuma bacarıqlarını daha sürətli inkişaf etdirmələrinə kömək edir.

Uşaqların oxu bacarığının inkişafında valideynlərin dəstəyi olduqca vacibdir. Evdə uşaqların oxuma məşqlərini davam etdirməsi və valideynlərin onlarla birlikdə vaxt keçirməsi uşaqların təhsil motivasiyasını artırır. Mən valideynlərə tapşırıram ki, uşaqlar evdə oxuduqları mətni video şəklində çəksinlər və mənə göndərsinlər. Bu üsul valideynlərin övladlarının təhsilinə daha fəal şəkildə qatılmasını təmin edir və uşaqların oxuma vərdişlərini möhkəmləndirir. Eyni zamanda, video tapşırıqlar uşaqların düzgün oxuma vərdişlərini izləmək və onlara fərdi tövsiyələr vermək üçün müəllimə imkan yaradır.

Üzdən oxu bacarığı formalaşdıqdan sonra növbəti mərhələ oxuyub-anlama bacarığının inkişaf etdirilməsidir. Uşaqlar mətnləri oxuyarkən onların məzmununu, əsas ideyalarını, hadisələrin ardıcıllığını dərk etmələri vacibdir. Bu bacarıq onların mətnə qarşı marağını artırır, düşünmə və məntiqi əlaqə qurma qabiliyyətlərini inkişaf etdirir.

Mən oxuma prosesini üç mərhələyə bölürəm:
• Oxudan əvvəl: Bu mərhələdə uşaqlarla mətndən əvvəl mövzu haqqında danışırıq, şəkillərə baxırıq və onların mövzu ilə bağlı əvvəlki biliklərini yoxlayırıq. Bu, uşaqlarda maraq oyatmağa və diqqəti mətndə saxlamasına kömək edir.
• Oxu zamanı: Mətn hissə-hissə oxunulur, çətin sözlərin mənasını izah edir və mətnin əsas məqamlarına diqqət yetirilir. Uşaqların suallarını cavablandırır və onları fikirlərini bölüşməyə təşviq edirəm.
• Oxudan sonra: Uşaqlara mətni başa düşmələrinə kömək etmək üçün sadə suallar verirəm. Məsələn, “Kimdən danışılır?”, “Nə baş verdi?”, “Hadisələr necə inkişaf etdi?” kimi suallar uşaqların mətnə dair fikirlərini ifadə etməsini asanlaşdırır.
1-ci sinif şagirdlərinin oxu bacarığını inkişaf etdirmək üçün müxtəlif interaktiv və əyləncəli metodlardan istifadə etmək vacibdir. Mənim ən çox tətbiq etdiyim metodlar bunlardır:
• Heca kartları: Uşaqlar hecaları tanıyır, onları birləşdirərək sözlər oxuyurlar. Bu üsul səslərin və hecaların öyrənilməsini sürətləndirir.
• Müəllimlə birlikdə oxu: Müəllimlə birgə oxuma uşaqlarda özünəinam yaradır və oxuma prosesini dəstəkləyir.
• Qrup işi: Şagirdlər cüt-cüt qruplara bölünür, bir-birinə oxuyur və səhvləri birlikdə düzəldirlər. Bu, həm sosiallaşma, həm də daha çox təcrübə üçün şərait yaradır.
• Oyunlar: “Tap və oxu”, “Heca yarışı” kimi oyunlar dərsi maraqlı edir, uşaqları motivasiya edir və oxuma bacarıqlarını əyləncəli şəkildə inkişaf etdirir.
• Valideynlərlə əməkdaşlıq: Ev tapşırıqları vasitəsilə uşaqların evdə oxu məşqlərini artırmaq, valideynləri prosesə cəlb etmək.

Bir dərsdə “Bozqulağın bahar sevinci” adlı mətn üzərində işləmişik. Əvvəlcə uşaqlarla birlikdə mətnin mövzusu və şəkli müzakirə olundu. Onlardan bahar mövzusunda biliklərini bölüşmələri xahiş edildi. Daha sonra mətn hecalara bölünərək tədricən oxundu: “boz-qu-laq”, “ba-har”, “se-vin-ci”. Hecalar birləşdirilərək sözlər, sözlər isə cümlələr şəklində oxundu. Çətin sözlərin mənaları açıqlanıb, düzgün tələffüzü üzərində dayanıldı. Son mərhələdə uşaqlara mətni anlamağa kömək edən suallar verildi: “Bozqulaq nə üçün sevinirdi?”, “Bahar necə təsvir olunub?” Bu suallar uşaqların mətnə dair düşünməsini və fikirlərini ifadə etməsini təmin etdi.

1-ci sinifdə uşaqların oxuyub-anlama bacarığının inkişafı uzunmüddətli və mərhələli prosesdir. Təcrübəm göstərir ki, uşaqların üzdən oxu bacarığı möhkəm olduqda, onların oxuduqlarını anlama qabiliyyəti də daha yaxşı formalaşır. Bu prosesdə müəllimin səbirli, mərhələli yanaşması və müxtəlif metodlardan istifadəsi, eyni zamanda valideynlərin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Sinif və ev arasında əlaqənin möhkəmləndirilməsi uşaqların oxu bacarıqlarının sürətli və keyfiyyətli inkişafına böyük töhfə verir. Beləliklə, uşaqlar gələcək təhsil həyatlarında daha uğurlu olurlar və oxumağa qarşı sevgi formalaşdırırlar.

Vüsalə İbrahimzadə,
Bakı şəhəri 216 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.