ÖSYM prezidenti: Türk dövlətləri arasında ortaq imtahan sistemi formalaşa bilər

10 Aprel, 2026 - 11:20
ÖSYM prezidenti: Türk dövlətləri arasında ortaq imtahan sistemi formalaşa bilər

“Dövlət İmtahan Mərkəzi qısa müddət ərzində inkişaf edərək regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib. Bu uğurun əldə olunmasında şəffaflıq, etibarlılıq və elmi əsaslara söykənən yanaşma mühüm rol oynayır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Türkiyənin Ölçmə, Seçmə ve Yerləşdirmə Mərkəzinin (ÖSYM) prezidenti Bayram Ali Ersoy Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

Bayram Ali Ersoy bildirib ki, Azərbaycan ilə əməkdaşlıq 1990-cı illərdən başlayıb və bu əməkdaşlıq təkcə texniki dəstək deyil, həm də ortaq keyfiyyət anlayışının və peşəkar etimadın formalaşmasına töhfə verib.

O, rəhbərlik etdiyi qurumun yarım əsrdən artıq təcrübəyə malik olduğunu qeyd edərək ali təhsilə qəbuldan dövlət qulluğuna qədər geniş sahələri əhatə edən milyonlarla namizəd üçün etibarlı imtahan sistemləri qurulduğunu diqqətə çatdırıb.

ÖSYM prezidentinin sözlərinə görə, hazırda bu təcrübə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir, xüsusilə rəqəmsallaşma və dil bacarıqlarının qiymətləndirilməsi istiqamətində yeni yanaşmalar tətbiq olunur. Bu çərçivədə dörd əsas dil bacarığını ölçən yeni nəsil imtahan sistemlərinin hazırlandığı bildirilib.

Bayram Ali Ersoy vurğulayıb ki, bu imtahanların gələcəkdə digər türk dövlətlərində də keçirilməsi nəzərdə tutulur və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi vacibdir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq ölçmə standartlarının yaradılması, imtahanların qarşılıqlı tanınması və vahid akkreditasiya sisteminin qurulması mühüm addım kimi qiymətləndirilir.

O qeyd edib ki, bu cür əməkdaşlıq təhsil və qiymətləndirmə sahəsində yeni mərhələnin başlanmasına səbəb olmaqla yanaşı, tələbələr, akademiklər və müxtəlif peşə sahibləri üçün yeni imkanlar yaradacaq, həmçinin qarşılıqlı etimadı gücləndirəcək.

 Bayram Ali Ersoy bunu da əlavə edib ki, türk dövlətləri arasında ortaq imtahan sistemi də formalaşa bilər.