Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib

10 İyun, 2026 - 16:12
Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib

“UNICEF-in 2025-ci il üzrə hesabatına əsasən, dünyada uşaqlara qarşı zorakılıq halları ciddi problem olaraq qalır. Hər dörd dəqiqədən bir uşaqlara qarşı zorakılıq və ya qətl halı baş verir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.

Baş prokurorun sözlərinə görə, milyonlarla uşaq müxtəlif zorakılıq formalarının qurbanına çevrilir, çox sayda uşaq isə mütəmadi olaraq fiziki və psixoloji təzyiqlərlə üzləşir: “Təbii ki, bunlar kifayət qədər ciddi rəqəmlərdir və vəziyyətin dünya miqyasında narahatedici olduğunu göstərir. Bu da öz növbəsində profilaktik tədbirlərin daha da gücləndirilməsini zəruri edir.

Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət nisbətən qənaətbəxş hesab oluna bilər. Lakin bu, arxayınlaşmağa əsas vermir. Çünki istənilən neqativ hal, hər hansı cinayət hadisəsi baş verdikdə, bu, hamımızı narahat etməlidir və biz çalışmalıyıq ki, gələcəkdə fəaliyyətimiz daha da səmərəli olsun”.

Kamran Əliyev bildirib ki, 2025-ci ilin statistikasına görə, Azərbaycanda 478 nəfər yetkinlik yaşına çatmayan şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, 784 nəfər yetkinlik yaşına çatmayan şəxs isə zərərçəkmiş qismində tanınıb: “Digər ölkələrlə müqayisədə bu rəqəmlər yüksək görünməsə də, hər bir fakt diqqətlə araşdırılmalı və profilaktik tədbirlər gücləndirilməlidir”, - deyə o qeyd edib.