Ötən il Bakının 1000-ə yaxın məzunu ali məktəbə 600-dən çox balla daxil olub
Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, ötən il Bakının məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Bakı şəhərinin 2024-cü il məzunlarının buraxılış və qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlarda qeyd edilib.
Məlumata görə, Bakı məzunlarının 14.08 faizi imtahanda 500-dən yuxarı bal toplayıb.
Bakı məzunları arasında 200-300 intervalında 21.83% (4763 nəfər), 300-500 intervalında 32.03% (6988 nəfər) nəticə göstərib. Beləliklə, şəhərin abituriyentlərinin yalnız 46.11%-i 300-dən yuxarı bal toplayıb.
Qəbul imtahanlarının nəticələrinə əsasən, Bakının 14225 məzunu (imtahanlarda iştirak edənlərin 54.71%-i) tələbə adını qazanıb. Onların 53.08%-i (7551 nəfəri) dövlət, 3.53%-i (502 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 31.36%-i (4461 nəfəri) dövlət, 12.03%-i (1711 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olub.
Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.



